Məhkəmə qərarları › İş №2(036)-2563/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2563/2025

08.10.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2563/2025 08.10.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağakişiyeva Lətafət Almazxan qızının sədrliyi, Tağıyev Rasət Şaiq oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh İmişli Su X1 İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh İmişli Su X1 İdarəsinə qarşı borcun silinməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh İmişli Su X1 İdarəsinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin sudan istifadəyə görə əsassız olaraq ona hesabladığı 488,87 manat məbləğində borcun ləğv edilməsinə dair qətnamə qəbul etməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, qeydiyyatı İmişli şəhəri, F.Şahbazov (Kəpəz) küçəsi 1 ünvanı olsa da, 10 ildir ki Bakı şəhərində yaşayır. Bununla əlaqədar olaraq sudan istifadə etməmidir. 2025-ci ilin iyul ayında evinə gedib baş çəkəndə görmüşdür ki, sudan istifadəyə görə haqqın ödənilməsi ilə bağlı bildiriş gəlib və ona sudan istifadə etmədiyi halda 488,87 manat məbləğində borc hesablanmışdır. Həmin borcun hesablanması tamamilə əsassızdır, istifadə etmədiyi suya görə pul ödəməli deyildir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, o, sözü gedən ünvanda yaşamadığı halda əsassız olaraq ona cərimə yazılmışdır. Cavabdeh İmişli Su X1 İdarəsinin nümayəndəsi X3 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddiaçı izahatında bildirmişdir ki, həyətini su basmışdır. Buna baxmayaraq axıntının necə yarandığını araşdırmamışdır. Hesablanmış borcdan 100 manat ödəniş də etmişdir. Bundan əlavə bildirmişdir ki, qonşusu onlar evdə olmayan zaman həyətindəki gülləri sulamışdır. Bu faktlar sudan istifadə edildiyini təsdiq edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli Fərmanına əsasən, “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində aşağıdakı publik hüquqi şəxslər yaradılmışdır: 5.1. bu Fərmanın 3-cü hissəsi və 5.3 – 5.5ci bəndləri nəzərə alınmaqla, tabeliyindəki Azərbaycan Meliorasiya və X7 Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə X4 Xidməti; 5.2. bu Fərmanın 5.5-ci bəndi nəzərə alınmaqla, tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti (…) Həmin Fərmanının 6.2-ci bəndində əsasən, X4 Xidməti meliorasiya və irriqasiya sahəsində xidmətlər göstərən, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarını və mühafizəsini, balansında (istifadəsində) olan su təsərrüfatı obyektlərinin (su anbarlarının, kanalların, boru xətlərinin və s.) istismarını həyata keçirən, həmçinin Azərbaycan Respublikasının rayon və şəhərlərində (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərləri istisna olmaqla) istehlakçıların məişət (təsərrüfat) – içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini göstərən publik hüquqi şəxsdir; Həmin Fərmanının 6.3-cü bəndində əsasən, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərlərində istehlakçıların məişət (təsərrüfat) – içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini göstərən publik hüquqi şəxsdir. Fərmanın 6.7-ci maddəsinə əsasən, bu Fərmanın 5.1-ci və 5.2-ci bəndlərində nəzərdə tutulan publik hüquqi şəxslər “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatına alındığı günədək Azərbaycan Meliorasiya və X7 Səhmdar Cəmiyyəti və "xxxx" Açıq Səhmdar Cəmiyyəti öz fəaliyyətini davam etdirmişdir. Azərbaycan Respublikası MPM-in 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Həmin Məcəllənin 54.1-ci maddəsinə əsasən, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən, iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Hazırkı işdən görünür ki, iddiaçıya borc "xxxx" ASC tərəfindən yazılmışdır. “Azərsu ASC hazırda fəaliyyət göstərmədiyindən və istehlakçıların içməli su ilə təmin olunmasını rayonlarda X4 Xidməti, Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərlərində İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti publik hüquqi şəxsi şəxsi həyata keçirdiyindən hazırkı iddiaya cavab verməli olan şəxs X4 Xidməti publik hüquqi şəxsidir. Məhkəmə iclasında iddiaçıya cavabdehin əvəz olunması təklif edilsə də, iddiaçı razı olmadığından məhkəmə irəli sürülmüş tələbə baxmışdır. Məhkəmə hesab edir ki, məhkəmə işə mahiyyəti üzrə baxmazdan əvvəl ilk növbədə iddianın ona cavab verməli olan cavabdehə qarşı qaldırılıb-qaldırılmadığını müəyyən etməli olduğundan və hazırkı halda iddia ona cavab verməli olan cavabdehə qarşı qaldırılmadığından iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Hakim: Lətafət Ağakişiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar