Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-263/2025 27.02.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki mübahisə (açar sözlər: borcun silinməsi) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı qanunsuz hesablanmış ziyan məbləğinin silinməsi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki mübahisənin mahiyyəti
1. İddiaçı cavabdehə qarşı cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ******* nömrəli akta əsasən hesablanmış 961 manat borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İmişli şəhəri 28 may küçəsində yerləşən fərdi yaşayış evi iddiaçıya məxsusdur və O, ailə üzviləri ilə birlikdə həmin evdə yaşayır. Fərdi yaşayış evinə quraşdırılmış İtron tipli **********8 №li qaz sayğacının giriş hissəsini guya özbaşına açaraq rezin boru vasitəsilə təbii qazdan istifadə etmişdir. 13 yanvar 2022ci il tarixdə ‘Azəriqaz” X1 X5 İdarəsi iddiaçının atası X2 adına ******* nömrəli akt tərtib etmişdir. Atası xx.xx.2021-ci ildə kəskin respirator çatışmamazlığından vəfat etmişdir. Sayğacda müəyyən zədələnmə faktları mövcud olsa da, sayğac onun və ailə üzvülərimin təqsiri üzündən zədələnməmişdir. Buna baxmayaraq Cavabdeh Salyan X5 İdarəsi sayğacın zədələnməsi faktına görə qanunsuz borc (dəymiş ziyan) hesablamışdır. X8 idarəsi sayğacın iddiaçının təqsiri üzündən zədələnməsini hansı sübutlara əsaslanaraq müəyyən etdiyini bildirməmişdir. Qaz sayğacı iddiaçının həyətində deyil, küçədə təhlükəsizlik üçün nəzərdə tutulmuş qutusuz, açıq şəkildə quraşdırılmışdır. Küçədən keçən istənilən bir iddiaçı ilə ədavəti olan şəxs və ya məsuliyyəti dərk etməyən istənilən bir uşaq həmin sayğaca daş və ya bərk metal parçası atmaqla zədələyə bilər. Bunun məsuliyyətini isə iddiaçı daşımır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Əvvəl keşirilmiş məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddiaya etiraz edərək, izahatında bildirmişdir ki, qeyd olunan ünvana Cavabdeh İB-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə baxış keçirilən zaman ünvana quraşdırılmış qaz sayğacının abonent tərəfindən açıldığı və daşıyıcı xəttlə fərdi evə gedən qaz xətti rezin boru ilə birləşdirilməklə sayğacdan kənar xəttən istifadə olunduğu aşkar olunmuşdur. Foro və video çəkilişlər aparılmaqla abonentin ünvanında ******* nömrəli akt tərtib edilmiş, itirilmiş qazın həcmi 7992 kub metr dəymiş ziyan hesablanmışdır. Hazırda abonent öldüyünə görə onun oğlu İmişli “Asan xidmət” mərkəzinə gedərək sayğacı adına keçirən zaman özü könüllü olaraq Cavabdeh İB-nin “Asan xidmət” mərkəzində olan nümayəndəsi arasında qeyd olunan borcun ödənilməsinə dair razılaşma protokolu tərtib edilmiş, iddiaçı borcun hissə-hissə ödənilməsi ilə bağlı öhdəlik götürmüşdür. Bundan sonra sayğac mərhum atasının adından iddiaçının adına dəyişdirilmişdir. Tərtib olunmuş akt qanunamüvafiqdir. Sonda cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
III. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
6. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin ,onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
7. İşin müəyyən edilən halları ondan ibarətdir ki, iddiaçının yaşadığı İmişli şəhəri, 28 may küçəsində yerləşən evində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılarkən sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunması barədə cavabdehin əməkdaşları tərəfindən 13 yanvar 2022-ci il tarixli ******* nömrəli akt tərtib olunmuş və iddiaçının mərhum atası X7 ogluna 959,04 manat əlavə borc hesablanmışdır.
8. Qaz təchizatı müəssisəsinin əməkdaşları tərəfindən həmin akt tərtib olunarkən iddiaçının və ya onun ailə üzvlərindən heç kimin iştirakı təmin edilməmiş və aktın bir nüsxəsi iddiaçıya və ya ailə üzvlərinə təqdim edilməmişdir.
9. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktlara istinad etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur.
10. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarının 2.2-ci bəndin əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qeyd olunan qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
11. Məhkəmə tədqiqatı zamanı iddiaçıya məxsus fərdi yaşayış evinə quraşdırılmış qaz saygacından kənar rezin boru ilə kənar xətdən istifadə olunması halı təsdiq olunmamış, cavabdehin nümayəndəsi, bu barədə video görüntünün oldugunu bildirsədə bu barədə sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdehin nümayəndəsinin məhkəməyə təqdim etdiyi bir ədəd fotoşəkildən isə qanunsuz qoşulma halının məhz iddiaçıya məxsus fərdi yaşayış evinə aid olmasını müəyyən etmək mümkün deyildir.
12. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının fərdi yaşayış evi ilə baglı akt əsasında dəymiş ziyan hesablanması əsassızdır.
13. İddiaçı 961 manat borcun silinməsini tələb edir, lakin X4 Dair Tələbnamədən görünür ki, dəymiş ziyanın məbləgi 959.04 (7992x0,12) manatdır.
14. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli ******* nömrəli akta əsasən hesablanmış 959.04 manat borc silinməli, iddia qalan hissədə rədd edilməlidir.
15. Beləliklə, qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
VI. Nəticə:
16. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli ******* nömrəli akta əsasən X7 ogluna hesablanmış 959.04 manat borc silinsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Zaur Pirverdiyev