Məhkəmə qərarları › İş №2(036)-2735/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2735/2025

12.01.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2735/2025 12.01.2026 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair mülki mübahisə (açar sözlər: borcun silinməsi) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı cavabdeh tərəfindən tərtib edilmiş 31 iyul 2025-ci il tarixli 402136 saylı akt əsasında qanunsuz hesablanmış 655 manat məbləğində borcun silinməsi tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki mübahisənin mahiyyəti

1. İddiaçı cavabdehə qarşı “Azərişıq" ASC X5 və Satışı İdarəsi tərəfindən tərtib olunmuş 31 iyul 2025-ci il tarixli 402136 nömrəli akta əsasən hesablanmış 655 (altı yüz əlli beş) manat məbləğində borcun (dəymiş ziyanın) silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İmişli rayonu, Qaralar kəndində yerləşən fərdi yaşayış evi iddiaçıya məxsusdur və iddiaçı həmin evdə ailəsi ilə birlikdə yaşayır. Bir neçə il əvvəl "xxxx" ASC tərəfindən kartla işləyən elektrik sayğacı quraşdırılmış, həmin müddətdə karta pul yükləməklə X2 etmişdir. Yaşadığı evə quraşdırılmış sayğaca müxtəlif vaxtlarda baxış keçirilmiş və guya iddiaçının sayğacdan kənar xətt vasitəsilə X2 etməsi müəyən olunmuşdur. Bununla bağlı iddiaçıya 31 iyul 2025-ci il tarixdə 402136 nömrəli akt tərtib etmişlər. Həmin aktda yoxlama zamanı abonentin kənar xətdən istifadə etməsi göstərilmişdir. Akt tərtib olunduqdan sonra iddiaçıya 655 (altı yüz əlli beş) manat borc hesablanmışdır. Qeyd olunan akt əsasında həmin məbləğdə olan borc əsassız olaraq hesablanmışdır. 31 iyul 2025-ci il tarixdə 402136 nömrəli akt iddiaçının iştirakı olmadan tərtib edilmişdir. İddiaçı elektrik enerjisi xəttinə və elektrik sayğacına kənar müdaxilə etməmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən cavabdehin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin ,onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «X1ydaları»: 1.1-ci bəndinə əsasən elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrikqəbulediciləri vasitəsi ilə istifadə edən hüquqi və ya fiziki şəxsdir; 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində tabeliyindən, mülkiyyət formasından və maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, istehlakçılar, o cümlədən hüquqi və fiziki şəxslər tərəfindən elektrik enerjisinin istehsalı, saxlanılması, ötürülməsi, paylanması, satışı, istehlakı və enerji effektivliyi sahəsində, elektrik qurğularının layihələndirilməsində, tikintisində, yenidən qurulmasında, təmirində, həmçinin onların təhlükəsiz, qəzasız və etibarlı istismarında Azərbaycan Respublikasının qanunlarına, müvafiq qaydalara, təlimatlara və digər texniki normativ hüquqi aktlara əməl olunmasına dövlət nəzarətini Azərbaycan Respublikası Energetika Nazirliyinin X3 Agentliyi həyata keçirir; 6.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin “Sənaye, elektrik və istilik enerjisindən istifadə qaydaları əleyhinə olan inzibati xətalar” fəslində X3 Agentliyinin səlahiyyətinə aid maddələrə uyğun olaraq, pozuntuya yol vermiş fiziki şəxslərə, vəzifəli şəxslərə və hüquqi şəxslərə qarşı X3 Agentliyi tərəfindən inzibati tənbeh növləri tətbiq edilir; 7.11-ci bəndinə əsasən yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır; 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır; 8.17-1-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır; 8.17-2-ci bəndinə əsasən istehlakçı istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur; 8.20-ci bəndinə əsasən yaşayış binasının mənzil kirayəçisi, yaxud mülkiyyətçisi ilə, həmçinin xüsusi yaşayış evinin mülkiyyətçisi (məişət abonenti) ilə enerjitəchizatı müəssisəsi arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılır.

10. Elektroenergetika haqqında Azərbaycan Respublikasının qanunu: 19.16-cı maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində ötürücü və ya paylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir.

11. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının qanunu: 8.1.1-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur; 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 115.0.3-cü maddəsinə əsasən tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

13. İşin müəyyən edilən halları ondan ibarətdir ki, iddiaçının yaşadığı İmişli rayonunun Qaralar kəndində yerləşən evində X1ydaları yoxlanılarkən abonentin giriş xəttinə müdaxilə edərək kənar xəttdən istifadə etməsi aşkar olunduğundan enerji təchizatı müəssisəsinin əməkdaşları tərəfindən 31 iyul 2025-ci il tarixli 402136 saylı akt tərtib olunmuş və iddiaçının abunə koduna əlavə enerji ödənişi hesablanmışdır.

14. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib etməli və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə etməlidir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalı, istehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılmalı və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınmalıdır.

15. Enerji təchizatı müəssisəsinin əməkdaşları tərəfindən 31 iyul 2025-ci il tarixli 402136 saylı akt tərtib olunarkən iddiaçının iştirakı təmin edilməmiş, aktın bir nüsxəsi iddiaçıya təqdim edilməmiş, akta vurulmuş zərərin məbləği barədə ilkin məlumat əlavə edilməmiş, həmçinin akt iddiaçı tərəfindən imzalanmamışdır.

16. Məhkəmə qeyd edir ki, 31 iyul 2025-ci il tarixli 402136 saylı aktın iddiaçı tərəfindən imzalanmamasına baxmayaraq iddiaçının aktı imzalamaqdan imtina etməsi barədə aktda müvafiq qeyd aparılmamış, həmçinin yol verilmiş pozuntunun texniki vasitələrlə (foto və ya videogörüntü) qeydə alınması barədə məhkəməyə cavabdeh tərəfindən heç bir sübut təqdim edilməmişdir.

17. Məhkəmə qeyd edir ki, prosessual qanunvericilik sübutetmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, mübahisəyə tətbiq edilməli olan maddi hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Əgər sübutetmə yükü qanunla başqa tərəfin üzərinə qoyulubsa, yaxud şəxs qanuni və ya faktiki prezumpsiyaya istinad edirsə, fərqli qayda tətbiq edilir. Faktiki prezumpsiya hüquq normalarında əks olunmur. Bu ehtimal bir qayda olaraq həyatın təbii axarına, ağlabatan mühakiməyə və ya formalaşmış təcrübəyə söykənir. Prezumpsiya dedikdə, əksi sübut edilənədək həqiqi sayılan ehtimal başa düşülür.

18. Hazırkı iş üzrə yol verilmiş pozuntunun baş verməsini sübut etmək cavabdehin borcudur. Belə ki, qanunvericiliyin qeyd olunan müddəalarına əsasən cavabdehin üzərinə yol verilmiş pozuntunun texniki vasitələrlə qeydə alınması vəzifəsi qoyulmuşdur. Lakin məhkəməyə cavabdeh tərəfindən həmin halı təsdiq edən heç bir sübut təqdim edilməmiş, bununla da iddiaçının kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulması cavabdeh tərəfindən sübuta yetirilməmişdir.

19. Həmçinin qeyd edilməlidir ki, sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.

20. Məhkəmə tərəfindən yuxarıda qeyd edilən qanunvericilik normalarından aydın olur ki, qanunsuz qoşulma halları aşkar edildikdə, qanunsuz xətt dərhal elektrik şəbəkəsindən ayırılmaqla, elektrik enerjisinin verilməsini dayandırılmalı, sayğaca qanunsuz qoşulma halları aşkar edildikdə bu barədə akt tərtib edilməli və həmin aktın bir nüsxəsi barəsində akt tərtib edilmiş, bir nüsxəsi isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim edilməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə zərərin ödənilməsi istehlakçıdan tələb edilməlidir.

21. Məhkəmə qeyd edir ki, qanunvericiliyin istinad edilən normalarının tələbləri cavabdeh tərəfindən pozulmuş, istehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması müvafiq qərarla müəyyən edilmədən vurulmuş zərərin ödənilməsi iddiaçıdan tələb edilmişdir. Belə ki, cavabdehin nümayəndəsi məhkəməyə ünvanladığı ərizədə iddiaçı elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduğu üçün inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün 31 iyul 2025-ci il tarixli 402136 saylı aktın Azərbaycan Respublikası Energetika Nazirliyinin X3 Agentliyinin İmişli filialına göndərildiyini bildirsə də, bu barədə yekun qərarı məhkəməyə təqdim etməmişdir.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

23. İş materiallarına əlavə olunmuş Abunə haqqında çıxarışdan görünür ki, cavabdeh tərəfindən 31 iyul 2025-ci il tarixli 402136 saylı akta əsasən ümumilikdə 592,45 manat cərimə hesablanmışdır.

24. İşin obyektiv həli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır. 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

25. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsini məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

26. Beləliklə, qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, 31 iyul 2025-ci il tarixli 402136 saylı akt qanunun tələbləri pozulmaqla tərtib olunduğundan həmin akt əsasında hesablanmış borc silinməlidir. Belə ki, 31 iyul 2025-ci il tarixli 402136 saylı akta əsasən iddiaçıya 592,45 manat borc hesablandığı halda iddiaçı 655 manat borcun silinməsini tələb etmişdir.

27. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli 31 iyul 2025-ci il tarixli 402136 saylı akta əsasən hesablanmış 592,45 manat borc silinməlidir

28. Məhkəmə xərcləri ilə bağlı qeyd olunmalıdır ki, MPM-in 107, 115, 119.1 və 220.5ci maddələrinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir və işə baxılması ilə əlaqədar məsrəflərə tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər daxildir. Məhkəmə xərcləri işdə iştirak edən şəxsin bununla bağlı tələbinin və ya vəsatətinin olub-olmamasından asılı olmayaraq tələbin təmin olunan hissəsinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməlidir. Qanunun mənasına görə məhkəmə xərcinin həll edilməsi barədə məsələ hətta iddiaçı tərəfindən iddia tələbinin bir hissəsi kimi ifadə edilsə belə, prosessual qanunvericiliyə əsasən məhkəmənin xidməti vəzifəsinə görə həll edilməli olan məsələ olduğundan iddia tələbinin tərkibinə daxil olmur.

29. Mülki iş üzrə iddiaçının xəbərdar edilməsi və məhkəməyə çağırılması ilə əlaqədar üç ədəd sifarişli poçt göndərişi göndərilmişdir ki, həmin göndərişlərin dəyəri 5,4 manat təşkil edir.

30. Mülki Prosessual Məcəlləsinin 112.1.1-ci maddəsinə əsasən iddianın qiyməti 655 manat, həmin hissəsiyə mütənasib olaraq ödənilməli olan dövlət rüsumu isə 30 manat təşkil edir.

31. Məhkəmə xərclərinin bölüşdürülməsi ilə bağlı məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan və iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən iddiaçının xəbərdar edilməsi və məhkəməyə çağırılması ilə əlaqədar 5,4 manat xərc və 30 manat dövlət rüsumundan ibarət 35,4 manat məhkəmə xərci cavabdehdən tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir.

VI. Nəticə:

32. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. "xxxx" Аçıq Səhmdаr Cəmiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli 402136 saylı akt üzrə hesablanmış 592,45 manat borc silinsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçının xəbərdar edilməsi və məhkəməyə çağırılması ilə əlaqədar 5,4 manat xərc və 30 manat dövlət rüsumundan ibarət 35,4 manat məhkəmə xərci cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Zaur Pirverdiyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar