Məhkəmə qərarları › İş №2(036)-2760/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2760/2025

16.02.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2760/2025 16.02.2026 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağakişiyeva Lətafət Almazxan qızının sədrliyi, məhkəmə iclasının katibi Tağıyev Rasət Şaiq oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, vərəsələrin dairəsinin müəyyən edilməklə miras əmlakda payların müəyyən edilməsi və s. tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, vərəsələrin dairəsinin müəyyən edilməklə miras əmlakda payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X3ndan miras qalmış İmişli şəhəri, Heydər Əliyev prospekti 147 saylı ünvanda (çıxarışa əsasən yeni qaydalarla İmişli şəhəri Az 3000 İmişli rayonu, İmişli şəhəri Heydər Əliyev prospekti giriş 303 ünvanında yerləşən ümumi sahəsi 134,8 kvadrat metr olan fərdi yaşayış evi və 0,0492 ha torpaq sahəsi ilə bağlı) yerləşən fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi ilə bağlı İmişli regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən tərtib edilmiş 27 dekabr 2024-cü il tarixli, V-374/2024 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, vərəsələrin dairəsi müəyyən edilməklə miras əmlakda payların müəyyən edilməsi, onun həmin miras əmlakda payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X3nun İmişli şəhəri, H.Əliyev prospekti 147 saylı ünvanda 4 otaqlı fərdi yaşayış evi olmuşdur. O, həmin evdə doğulmuş və həmin evdə qeydiyyatdadır. Həyat yoldaşı X11, uşaqları X19, X15 atası Xanoğlana məxsus evdə qeydiyyatdadırlar. X3 1934-cü ildə anadan olmuş, 12 yanvar 2017-ci ildə vəfat etmişdir. X8 01 iyul 1941-ci ildə anadan olmuş, 01 noyabr 2011-ci ildə vəfat etmişdir. Onun və uşaqlarının qeydiyyatda olduğu İmişli şəhəri, H.Əliyev prospekti ev 147 və (çıxarışa əsasən yeni qaydalarla İmişli şəhəri Az 3000 İmişli rayonu, İmişli şəhəri Heydər Əliyev prospekti giriş 303 ünvanında yerləşən ümumi sahəsi 134,8 kvadrat metr olan fərdi yaşayış evi və 0,0492 ha torpaq sahəsi ilə bağlı) həmin evin torpaq sahəsi ilə bağlı vəsiyyətnamə olmamışdır və o mirası qəbul etməmişdir. Sonradan bilmişdir ki, qardaşı Cavabdeh onun xəbəri olmadan atalarından miras qalmış evi və həmin evə aid torpaq sahəsini qanun üzrə vərəsəlik əsasında öz adına keçirmişdir və ona aid torpaq sahəsini satmışdır. Buna səbəb isə İmişli Rayon İcra Hakimiyyəti Başçısının İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 3673 nömrəli İmişli regional ‘ASAN Xidmət” mərkəzində notariat ofisinə təqdim etdiyi arayış olmuşdur. Belə ki, həmin arayışda X3nun öldüyü günədək və ya öldüyü gündən altı ay ərzində mərhumun yaşadığı evdə qeydiyyatda olmaqla və ya faktiki yaşamaqla, mirasın tərkibinə daxil olan əmlaka sahiblik edərək faktiki qəbul edənlərin siyahısında yalnız qardaşı Cavabdeh adı qeyd edilmişdir. Onun, nə də ailə üzvlərinin adı isə qeyd olunmamış, miras qoyanın öldüyü gündən əvvəl qeydiyyatdan çıxan və ayrı yaşayan ailə üzvlərindən bacıları X2 və X7 adları qeyd olunmuşdur. Fərdi yaşayış evinin və ona aid torpaq sahəsinə dair miras məsələsi həll edilərkən onlardan razılıq alınmışdır. O isə faktiki olaraq miras əmlakına dair payının müəyyən edilməsi hissəsindən kənarda qalmışdır. Qardaşı Davud mirasa faktiki sahiblik edən kimi fərdi yaşayış evini və ona aid torpaq sahəsini əmlak idarəsində qanunsuz olaraq öz adına keçirib alqı-satqı etmişdir. X27 Rayon İcra Hakimiyyəti Başçısının İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 3673 nömrəli İmişli regional “ASAN Xidmət” mərkəzində notariat ofisinə təqdim etmək üçün aldığı arayış əsasında onu miras payının müəyyən edilməsində kənarda saxlamış, bundan sonra mirasa daxil olan fərdi yaşayış evinin və ona aid topraq sahəsini öz adına sənədləşdirib satmışdır. O, bunu biləndən sonra qardaşı Davuddan mirasda payının nə qədər olmasını öyrənmək istəsə də, sonuncu ona 40000 manat pul vermişdir. O, həmin pulu qəbul etsə də qardaşı Davudun miras payında əmlakın dəyəri barədə düzgün məlumat verməməsindən narazıdır. Ona görə də, vəkili vasitəsi ilə notariat orqanında mərhum atasına məxsus olan fərdi yaşayış evinin və ona aid torpaq sahəsinin qardaşı Davud tərəfindən sənədləşdirilməsi ilə bağlı ilkin sənədləri əldə etmişdir. Hesab edir ki, qardaşı, Cavabdeh miras payında onu aldatmış, bu səbəbdən onun mirasın açılmasında iştirak etməsindən bilərəkdən kənarda saxlamışdır. Mirasın açılmasında cavabdeh tərəfindən vərəsə siyahısına daxil edilməməsinə görə, o, atasından miras qalmış fərdi yaşayış evinin və onun yerləşdiyi torpaq sahəsi ilə bağlı İmişli regional “ASAN Xidmət” mərkəzində notariat ofisində tərtib edilmiş 27 dekabr 2024-cü il tarixli, V-374/2024 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, vərəsələrin dairəsi müəyyən edilməklə miras əmlakda payların müəyyən edilməsi, mənim həmin miras əmlakda payının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonra İddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək, Cavabdeh adına mərhum X3ndan miras qalmış İmişli şəhəri, Heydər Əliyev prospekti 147 saylı ünvanda (çıxarışa əsasən yeni qaydalarla İmişli şəhəri Az 3000 İmişli rayonu, İmişli şəhəri Heydər Əliyev prospekti giriş 303 ünvanında yerləşən ümumi sahəsi 134,8 kvadrat metr olan fərdi yaşayış evi və 0,0492 ha torpaq sahəsi ilə bağlı) yerləşən fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi ilə bağlı İmişli regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən tərtib edilmiş 27 dekabr 2024-cü il tarixli, V-374/2024 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, cavabdehin adına verilmiş çıxarışın ləğv edilməsi, miras əmlakda payların müəyyən edilməsi və 2/1 miras payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı tərəfindən yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək, Cavabdeh adına mərhum X3ndan miras qalmış İmişli şəhəri, Heydər Əliyev prospekti 147 saylı ünvanda (çıxarışa əsasən yeni qaydalarla İmişli şəhəri Az 3000 İmişli rayonu, İmişli şəhəri Heydər Əliyev prospekti giriş 303 ünvanında yerləşən ümumi sahəsi 134,8 kvadrat metr olan fərdi yaşayış evi və 0,0492 ha torpaq sahəsi ilə bağlı) yerləşən fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi ilə bağlı İmişli regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən tərtib edilmiş 27 dekabr 2024-cü il tarixli, V-374/2024 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, 24 yanvar 2025-ci il tarixli, AN № ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, cavabdehin adına 22 yanvar 2025-ci il tarixli, ********** qeydiyyat nömrə ilə verilmiş çıxarışın ləğv edilməsi, miras əmlakda payların müəyyən edilməsi və 2/1 miras payının müəyyən edilməsi barədə qətnamə edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, İddiaçı atasından miras qalmış İmişli şəhəri, H.Əliyev prospekti, giriş 303 ünvanında yerləşən ümumi sahəsi 134.8 kv/m olan fərdi yaşayış evi və ümumi sahəsi 0.0492 ha torpaq sahəsi ilə bağlı İmişli regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş 27 dekabr 2024-cü il tarixli, V-374/2024 reyestr nömrəli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin, xx.xx.2025-ci il tarixli, AN ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və cavabdehin adına rəsmiləşdirilmiş xx.xx.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli verilmiş çıxarışın ləğv edilməsini, miras payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək, bildirmişdir ki, mübahisəli evdə uzun illərdir ailəsi ilə birgə yaşayır. Qardaşının ayrı evi olmuşdur və ailəsi ilə birgə orda yaşamışdır. Atası vəfat edəndən sonra miras əmlakı faktiki olaraq qəbul etmiş və ona sahiblik etmişdir. Qardaşının və bacılarının buna etirazı olmamışdır. Bu səbəbdən, evi öz adına sənədləşdirmişdir. Ev satılarkən qardaşı evin dəyərindən pul almışdır. Hazırda qardaşı daha çox pul tələb etdiyi üçün və aralarında razılıq əldə edilmədiyi üçün hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində dindirilmiş X16 izahatında qanunvericiliyin tələblərin uyğun alqı-satqı etdiyini, tərəfləri əvvəlcədən tanımadığını, əmlakla bağlı hər hansı mübahisənin mövcudluğundan məlumatlı olmadığını, vicdanlı alıcı olduğunu və bu səbəbdən də iddianın təmin olunmamasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər: İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan ərazi idarəsinin hüquqların ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestri tərəfindən verilmiş arayışın surətindən görünür ki, əsasən İmişli şəhəri, Yeni qaydalarla Az 3000 İmişli rayonu, İmişli şəhəri, H.Əliyev prospekti, giriş 303 ünvanında yerləşən fərdi yaşayış evi üzrə xüsusi mülkiyyət hüququ X6 adına **********48- 10301 reyestr nömrəli, ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, yeni qaydalarla Az 3000 İmişli rayonu, İmişli şəhəri, H.Əliyev prospekti, giriş 303 ünvanında yerləşən fərdi yaşayış evi üzrə xüsusi mülkiyyət hüququ X6 adına daşınmaz əmlakın dövlət reyestrində 30 nömrəli reyestr kitabının 9 nömrəli vərəqində xx.xx.2024-cü il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan İmişli rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, AZ-İ № 822856 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X12 xx.xx.2017-ci il tarixdə ağciyər ödəmi, ağciyər ürək çatışmazlığı xəstəliyindən ölmüşdür. İş materiallarında olan İmişli rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, AZ-İ № 463315 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X20 xx.xx.2011-ci il tarixdə kəskin hemorragik insult xəstəliyindən ölmüşdür. İş materiallarında olan X7 imzaladığı və Bakı şəhəri, 28 saylı notariat ofisinin xüsusi notariusu X17 təsdiq etdiyi ərizənin surətindən görünür ki, xx.xx.2017-ci il tarixdə vəfat etmiş X3 ölümündən sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq miras qalmış bütün əmlaklardan ona çatası olan payı qəbul etmir və etmək niyyətində də deyildir. Adının qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə salınmasını istəməmiş və gələcəkdə miras əmlaka dair heç bir şikayət və tələbi olmayacaqdır. İş materiallarında olan X2 imzaladığı və İmişli regional “ASAN Xidmət” notariat ofisinin xüsusi notariusu X4 təsdiq etdiyi ərizənin surətindən görünür ki, xx.xx.2017-ci il tarixdə vəfat etmiş X3 vəfatından sonra vərəsəliyə dair miras əmlakı nə faktiki, nə də notariat ofisinə ərizə verməklə qəbul etməmişdir. İş materiallarında olan İmişli Rayon İcra Hakimiyyəti Başçısının yanında İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş arayışdan görünür ki, xx.xx.2017-ci il tarixdə vəfat etmiş X6 öldüyü günədək və ya öldüyü gündən altı ay ərzində Cavabdeh həqiqətən mərhumun yaşadığı evdə qeydiyyatda olmaqla və ya faktiki yaşamaqla, mirasın tərkibinə daxil olan əmlaka sahiblik edərək faktiki qəbul etmişdir. xx.xx.2024-cü il tarixli, reyestrdə 2V-623 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2017-ci il tarixdə vəfat etmiş X6 vərəsəsi Cavabdeh miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDR-nin publik hüquqi şəxsinin 6 saylı Beyləqan ərazi idarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə X9 verilmiş **********48-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli reyestrindən çıxarışa əsasən İmişli şəhəri, Yeni qaydalarla Az 3000 İmişli rayonu, İmişli şəhəri, H.Əliyev prospekti, giriş 303 ünvanında yerləşən ümumi sahəsi 134.8 kv/m olan fərdi yaşayış evindən və ümumi sahəsi 0.0492 ha torpaq sahəsindən ibarətdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, İmişli şəhəri, Yeni qaydalarla Az 3000 İmişli rayonu, İmişli şəhəri, H.Əliyev prospekti, giriş 303 ünvanında yerləşən fərdi yaşayış evi üzrə xüsusi mülkiyyət hüququ Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 30 nömrəli reyestr kitabının 9 nömrəli vərəqində xx.xx.2025-ci il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan AN-İ seriyalı ******* nömrəli xx.xx.2025-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq olunmuş sürətindən görünür ki, İmişli şəhəri, H.Əliyev prospekti, giriş 303 ünvanında yerləşən fərdi yaşayış evini və 0,0492 ha torpaq sahəsini xx.xx.2025-ci il tarixdə satıcı Cavabdeh 29000 manata alıcı X1. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1246. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, və 1273-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 26 dekabr 2023-ci il tarixli Qərarı dərc edildiyi günədək qüvvədə olan) vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından müəyyən edildi ki, miras qoyan X12 xx.xx.2017-ci il tarixdə ölmüşdür. Onun ölümündən sonra İmişli şəhəri, H.Əliyev prospekti, giriş 303 ünvanında yerləşən ümumi sahəsi 134.8 kv/m olan fərdi yaşayış evi və ümumi sahəsi 0.0492 ha torpaq sahəsi miras qalmışdır. X6 ölümündən sonra ondan qalmış mirası Cavabdeh faktiki sahiblik və idarə etməklə qəbul etmişdir. xx.xx.2024-cü il tarixli, reyestrdə 2V-623 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə xx.xx.2017-ci il tarixdə vəfat etmiş X6 vərəsəsi Cavabdeh miras əmlakdan tam hissədə pay almalı olduğu və miras əmlakın İmişli şəhəri, H.Əliyev prospekti, giriş 303 ünvanında yerləşən ümumi sahəsi 134.8 kv/m olan fərdi yaşayış evindən və ümumi sahəsi 0.0492 ha torpaq sahəsindən ibarət olduğu müəyyən edilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. (Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarları). Məhkəmə qeyd edir ki, ilk növbədə cavabdehə vərəsə kimi verilmiş şəhadətnaməni mübahisələndirən iddiaçının buna subyektiv hüququ olub-olmadığı, miras əmlakın iddiaçı tərəfindən qəbul edilib-edilmədiyi araşdırılmalıdır. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı miras əmlakı nə qanunda müəyyən edilmiş müddətdə notariat kontoruna mirasın qəbul edilməsi barədə ərizə verməklə rəsmi qaydada, nə də ki, miras əmlaka sahiblik etməklə, onu idarə etməklə faktiki olaraq mirası qəbul etməmişdir. İddiaçı cavabdeh olan qardaşının mirası qəbul edərkən, onun hansı səbəbdən mirası qəbul edə bilməməsinə dair sübut təqdim edə bilməmişdir. Cavabdeh isə mirası həm faktiki, həm də rəsmi qaydada qəbul etmişdir. Cavabdeh miras əmlakı qəbul edərkən iddiaçının bundan məlumatı olmuş, cavabdehin miras əmlakı qəbul edib ona sahiblik etməsinə etirazı olmamışdır. Xanoğlan Bəylərovun mirası 2017-ci ilin yanvar ayında açılmasına və mirasın açıldığı vaxtdan səkkiz ildən çox vaxt keçməsinə baxmayaraq iddiaçı qanunla müəyyən edilmiş müddətdə mirasın qəbul edilməsi üçün heç bir hərəkət etmədiyindən, iddiaçının hazırkı iddianı irəli sürməyə subyektiv hüququ olduğu (mirasın faktiki və ya qanunla müəyyən edilmiş üç aylıq müddət ərzində notariat orqanına ərizə verilməsi yolu ilə qəbul edilməsi) müəyyən edilmədiyindən onun iddiası əsasında qarşı tərəfə verilmiş şəhadətnamənin qanuniliyinə hüquqi qiymət verilə bilməz. “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 mart 2022-ci il tarixli Qərarı ilə formalaşdırılmış hüquqi mövqeyə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri-müəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Məhkəmə həmçinin qeyd edir ki, qanun üzrə vərəsəlik hüququ haqqından şəhadətnamənin ləğvi üçün əsaslar müəyyən edilmədiyindən, iddia tələblərinin digər hissəsi olan alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, cavabdehin adına 22 yanvar 2025-ci il tarixli, ********** qeydiyyat nömrə ilə verilmiş çıxarışın ləğv edilməsi, miras əmlakda payların müəyyən edilməsi və 2/1 miras payının müəyyən edilməsi tələbləri də əsassız olduğundan təmin edilməməlidir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı Cavabdeh adına mərhum X3ndan miras qalmış İmişli şəhəri, Heydər Əliyev prospekti 147 saylı ünvanda (çıxarışa əsasən yeni qaydalarla İmişli şəhəri Az 3000 İmişli rayonu, İmişli şəhəri Heydər Əliyev prospekti giriş 303 ünvanında yerləşən ümumi sahəsi 134,8 kvadrat metr olan fərdi yaşayış evi və 0,0492 ha torpaq sahəsi ilə bağlı) yerləşən fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi ilə bağlı İmişli regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən tərtib edilmiş 27 dekabr 2024-cü il tarixli, V-374/2024 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, 24 yanvar 2025-ci il tarixli, AN № ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, cavabdehin adına 22 yanvar 2025-ci il tarixli, ********** qeydiyyat nömrə ilə verilmiş çıxarışın ləğv edilməsi, miras əmlakda payların müəyyən edilməsi və 2/1 miras payının müəyyən edilməsi tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmə bu nəticəyə gələrkən o halı da nəzərə alır ki, iddia ərizəsi məhkəməyə 25 avqust 2025-ci il tarixdə, yəni, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarı qəbul edildikdən sonra daxil olmuşdur və həmin qərarın təsiri dairəsinə düşmür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 26 dekabr 2023cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Həmin qərarda göstərilmişdir ki, bu Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır. Digər tərəfdən Konstitusiya Məhkəməsinin Plenumu Ali Məhkəmənin sorğusuna səbəb olmuş mülki işlər üzrə mübahisələrin yekunlaşmadığını, eləcə də sorğuya baxılan zaman digər məhkəmələrin icraatında olan oxşar mübahisələr üzrə işlərin də dayandırıldığını nəzərə alaraq hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarı qüvvəyə minməsinədək məhkəmələrin icraatında olan mübahisələrə də tətbiq olunmalıdır. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Lətafət Ağakişiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar