Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-328/2021 18.02.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əhmədova Günel Mirzə qızının katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi: X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktın etibarsız hesab edilməsi və akt əsasında elektrik enerjisi sərfinə görə hesablanmış debitor borc məbləğinin silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktın etibarsız hesab edilməsi və akt əsasında elektrik enerjisi sərfinə görə hesablanmış debitor borc məbləğinin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, o, ailəsi birlikdə İmişli rayonu, Qulubəyli kəndində yaşayır. 29 iyul 2020-ci il tarixdə "xxxx" ASC-nin X6 Təhcizatı və Satışı İdarəsinin əməkdaşları onun yaşadığı fərdi yaşayış evinə gələrək, elektrik sayğacına baxış keçirmişlər. Baxış zamanı elektrik sayğacından kənar xətt aşkar edildiyi üçün "xxxx" ASC-nin X6 Təhcizatı və Satışı İdarəsinin əməkdaşları tərəfindən R 188173 saylı, 29 iyul 2020-ci il tarixli akt tərtib edilmişdir. Akt əsasında elektrik sayğacından kənar xətt aşkar edildiyi üçün ümumilikdə 614.54 (altı yüz on dörd, əlli dörd) AZN məbləğində debitor borc hesablanmışdır. "xxxx" ASC-nin X6 Təhcizatı və Satışı İdarəsinin əməkdaşları onun yaşadığı fərdi yaşayış evində elektrik sayğacına baxış keçirən zaman o, evdə olmamışdır. Lakin onun ailə üzvləri evdə olmuşdur. Buna baxmayaraq, nə onun özü, nə də onun ailə üzvləri müvafiq akt tərtib edilən zaman orada iştirak etməmişdir. Ümumiyyətlə, İdarənin əməkdaşları tərəfindən akt tərtib edilən zaman onun iştirakı təmin edilməmiş və aktlaşdırma prosesinə dəvət edilməmişdir. Hesab edir ki, "xxxx" ASC-nin X6 Təhcizatı və Satışı İdarəsinin əməkdaşları tərəfindən akt qanunvericiliyin tələblərinə əməl edilmədən düzgün tərtib edilməmişdir. O, məişət abonenti kimi vaxtaşırı sərf etdiyi elekrik enerjisi haqqını ödəyir. Ümumiyyətlə, nə onun özü nə də ailə üzvləri yaşadıqları fərdi yaşayış evinin həyətində quraşdırılmış elektrik sayğacından kənar xətdən istifadə etmişlər.. "xxxx" ASC-nin X6 Təhcizatı və Satışı İdarəsinin ona qarşı əsassız tələbi və İdarənin əməkdaşlarının ona qarşı qərəzli mövqeyi onun bir istehlakçı kimi hüquqlarını kobud şəkildə pozur. Heç bir əsas olmadan haqsız yerə "xxxx" ASC-nin X6 Təhcizatı və Satışı İdarəsi tərəfindən yüksək məbləğdə borc yazılması bir insan kimi ona çox ağır təsir edir. Bu səbəbdən də, o, cavabdeh "xxxx" ASC-yə qarşı “aktın etibarsız hesab edilməsi və akt əsasında hesablanmış borc məbləğinin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bütün bunları nəzərə alaraq, R 188173 saylı, 29 iyul 2020-ci il tarixli aktın etibarsız hesab edilməsi və akt əsasında qanunsuz hesablanmış 614.54 (altı yüz on dörd, əlli dörd) AZN məbləğində debitor borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında "xxxx" ASC-nin nümayəndəsi X4 tələbini rədd edərək izahatında bildirmişdir ki, İddiaçı yaşadığı fərdi yaşayış evində 29 iyul 2020-ci il tarixdə elektrik enerjisindən istifadə qaydaları yoxlanılan zaman "xxxx" ASC-nin X6 Təhcizatı və Satışı İdarəsinin əməkdaşları tərəfindən sayğacdan kənar xətt vasitəsi ilə elektrik enerjisindən istifadə edilməsi faktı aşkar edilmişdir. Bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 saylı, 02 fevral 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.32-ci bəndinə əsasən fakt əsasında R 188 173 saylı, 29 iyul 2020ci il tarixli akt tərtib edilmişdir. Akt əsasında yenidən hesablaşma keçən yükün ampermaşa adlı cihaz vasitəsi ilə ölçülməsi əsasında aparılmışdır. Bununla da, istehlakçı İddiaçı “(1.80 kvt x 24 saat x 0.7 manat x 210 gün = 6350 kvts (4250 kvts x 0.11 man=467.54 manat, 2100 kvts x 0,07 manat = 147 manat) ümumilikdə 614.54 manat” məbləğində əlavə ödəniş hesablanmaqla, müəssisəyə vurulmuş maddi ziyan kimi itirilmiş elektrik enerjisinin dəyəri bərpa edilmişdir. Hesab edir ki, aşkar edilmiş fakt üzrə R 188173 saylı, 29 iyul 2020-ci il tarixli aktın tərtib edilməsi və yenidən hesablaşma aparılması qaydası tam qanuna müvafiqdir. Eyni zamanda, bildirir ki, "xxxx" ASC-nin X6 Təhcizatı və Satışı İdarəsinin əməkdaşları tərəfindən R 188173 saylı, 29 iyul 2020-ci il tarixli akt tərtib edilən zaman tərəflər arasında heç bir mübahisə və ya narazılıq olmadığı üçün məişət abonentinin və hal-şahidlərinin iştirakı təmin edilməmişdir. Bütün bunları nəzərə alaraq, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı irəli sürdüyü “aktın etibarsız hesab edilməsi və akt əsasında hesablanmış debitor borcun silinməsi” tələbinə dair iddianın rədd edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan “Abunə haqqında” məlumatın surətindən görünür ki, İmişli rayonu, Qulubəyli kəndi sakini İddiaçı ilə "xxxx" ASC arasında “Elektrik enerjisindən istifadə haqqında” müqavilə bağlanmış və o, elektrik enerjisindən istifadə edən istehlakçıdır (məişət abonenti). İş materiallarında olan R 188173 saylı, 29 iyul 2020-ci il tarixli aktın surətindən görünür ki, "xxxx" ASC-nin X6 Təhcizatı və Satışı İdarəsinin əməkdaşları tərəfindən İmişli rayonu, Qulubəyli kəndi sakini məişət abonenti İddiaçı yaşadığı fərdi yaşayış evində quraşdırılmış elekrik sayğacına baxış keçirilən zaman elektrik sayğacından kənar xətt aşkar edilmişdir. İş materiallarında olan “Abunə haqqında” məlumatın surətindən görünür ki, **********00159 №-li məişət abonenti İddiaçı R 188 173 saylı, 29 iyul 2020-ci il tarixli akta əsasən itirilmiş elektrik enerjisinin 6350 kvts.na 614.54 (altı yüz on dörd, əlli dörd) AZN məbləğində debitor borc hesablanmışdır. Məhkəmə irəli sürülmüş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, İmişli rayonu, Qulubəyli kənd sakini İddiaçı ilə "xxxx" ASC arasında “Elektrik enerjisindən istifadə haqqında” müqavilə bağlanmış, o elektrik enerjisindən istifadə edən istehlakçıdır və məişət abonenti statusuna malikdir. Məhkəmə hesab edir ki, məhkəmə tədqiqi zamanı müəyyən edilmiş həmin hallar mülki işin “mübahisəsiz faktiki halları” kimi qiymətləndirilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, məhkəmə tədqiqi zamanı müəyyən edilmiş...1. Məişət abonenti kimi İddiaçı yaşadığı fərdi yaşayış evində quraşdırılmış elekrik sayğacına "xxxx" ASC-nin X6 Təhcizatı və Satışı İdarəsinin əməkdaşları baxış keçirilən zaman elektrik sayğacından kənar xəttin aşkar edilməsi, ümumiyyətlə, sayğaca müdaxilənin olub-olmaması; 2. "xxxx" ASC-nin X6 Təhcizatı və Satışı İdarəsinin əməkdaşları tərəfindən R 188173 saylı, 29 iyul 2020-ci il tarixli aktın qanunvericiliyə əsasən düzgün tərtib edilib-edilməməsi; 3. "xxxx" ASC-nin X6 Təhcizatı və Satışı İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş məhz R 188173 saylı, 29 iyul 2020-ci il tarixli akta əsasən “1.80 kvt x 24 saat x 0.7 manat x 210 gün = 6350 kvts (4250 kvts x 0.11 man=467.54 manat, 2100 kvts x 0,07 manat = 147 manat)” itirilmiş elektrik enerjisinə görə 614.54 (altı yüz on dörd, əlli dörd) AZN məbləğində debitor borcun hesablanması kimi hallar mülki işin “mübahisəli faktiki halları” kimi qiymətləndirilməlidir. Məhkəmə ilk əvvəl irəli sürülmüş iddia tələbi ilə bağlı hesab edir ki, "xxxx" ASC-nin X6 Təhcizatı və Satışı İdarəsinin əməkdaşları tərəfindən R 188173 saylı, 29 iyul 2020-ci il tarixli akt Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən aktın tərtib edilməsi qaydalarına düzgün əməl edilmədən tərtib edilmişdir. Belə ki, tərəflərin izahatında qeyd edildiyi kimi akt tərtib edilən zaman məişət abonenti İddiaçı və hal-şahidlərinin iştirakı təmin edilməmişdir. Eləcə də, “aktın hal şahidləri...” hissəsində hal-şahidlərinin adı, soyadı, atasının adı və imza etməsi barədə (şəxsiyyətini təsdiq edən sənəd) müvafiq qeyd aparılmamışdır. Bundan başqa, “aktın məişət abonenti...” hissəsində İddiaçı aktı imza etməsi və ya imza etməkdən imtina etməsi, onun izahatı və mülahizəsi barədə müvafiq qeydlər aparılmamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 saylı, 02 fevral 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nda məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin məsul əməkdaşları tərəfindən “aktın tərtib edilməsi qaydası” tənzimlənmişdir. Bununla yanaşı, akt ciddi hesabat sənədi olmaqla, nömrələnmiş formada tərtib olunur, aktın forması və tərtib edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 148-ci maddəsinin İ hissəsinin 5-ci bəndinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan aktdır. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin V hissəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və Azərbaycan Respublikası Prezidentinin fərmanlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları yalnız dərc edildikdə onların tətbiqi və icrası vətəndaşlar, mərkəzi və yerli icra hakimiyyəti orqanları, hüquqi şəxslər üçün məcburidir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 1.0.1-ci maddəsinə əsasən normativ hüquqi akt – tənzimlənməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə, qanunla və ya fərmanla dövlət orqanının səlahiyyətlərinə aid edilən məsələlər üzrə həmin dövlət orqanı tərəfindən və ya referendum yolu ilə qəbul edilmiş, hamı üçün məcburi davranış qaydalarını əks etdirən, qeyri-müəyyən subyektlər dairəsi üçün və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəddir. X3 1.0.2-ci maddəsinə əsasən qanunvericilik aktları-Azərbaycan Respublikasının qanunvericilik sistemini təşkil edən normativ hüquqi aktlardır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 saylı, 02 fevral 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Bundan başqa, məhkəmə irəli sürülmüş iddia tələbi ilə bağlı hesab edir ki, "xxxx" ASC-nin X6 Təhcizatı və Satışı İdarəsinin əməkdaşları tərəfindən prosessual pozuntulara yol verilməklə tərtib edilmiş R 188173 saylı, 29 iyul 2020-ci il tarixli akt əsasında məhz məişət abonenti İddiaçı və ya onun ailə üzvləri tərəfindən elektrik sayğacına müdaxilə etməsi və ya elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədilə hər hansı pozuntuya yol verməsi məhkəmə tədqiqi zamanı öz təsdiqini tapmamışdır. Belə ki, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 iddia tələbinə qarşı etirazının əsası kimi istinad etdiyi və işin mübahisəli faktiki hallarını əsaslandıra bilməmiş və bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Ümumiyyətlə, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 izahatında məhz tərtib edilmiş akta əsasən işıq sayğacına müdaxilə faktının aşkar edilməsi ilə bağlı istinad etdiyi hallar formal mülahizələrə əsaslanmış və gətirdiyi dəlillər əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinin İİ hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsini 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişinə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Kovnensiya prosedurları çərçivəsində sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hakimə bütövlükdə işin faktiki hallarını təqdim etmək və qarşı tərəfin məruzəsinə öz fikirlərini birdirmək tərəflərin vəzifəsidir. Bir qayda olaraq, tərəflər özü üçün əlverişli olan halları sübut etməlidir. Sübut etməli olan tərəf özü üçün əlverişli olan halları sübut edə bilmirsə, bu, onun ziyanınadır. Bu, üzərinə sübutetmə vəzifəsi düşən tərəfin, ümumiyyətlə, sübut təqdim etmədiyi və ya təqdim etdiyi sübutların hakimi inandıra bilmədiyi hallarda baş verir. Belə olduğu təqdirdə, hakim irəli sürülmüş iddianı təmin edəcək. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsaslanaraq hesab edir ki, 1. "xxxx" ASC-nin X6 Təhcizatı və Satışı İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş R 188173 saylı, 29 iyul 2020-ci il tarixli akt Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 saylı, 02 fevral 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”na əsasən düzgün tərtib edilmədiyi; 2. Məhz İddiaçı və ya onun ailə üzvləri tərəfindən elektrik sayğacına müdaxilə etməsi və ya elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədilə hər hansı pozuntuya yol verməsi faktı məhkəmə tədqiqi zamanı öz təsdiqini tapmadığı üçün iddia tələbi təmin edilməlidir. Bu səbəbdən də, "xxxx" ASC-nin X6 Təhcizatı və Satışı İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş R 188173 saylı, 29 iyul 2020-ci tarixli akt etibarsız hesab edilməli və həmin akta əsasən hesablanmış 614.54 (altı yüz on dörd, əlli dörd) AZN məbləğində debitor borc silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" ASC-nin X6 Təhcizatı və Satışı İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş R 188173 saylı, 29 iyul 2020-ci il tarixli akt etibarsız hesab edilsin və akta əsasən hesablanmış 614.54 (altı yüz on dörd, əlli dörd) AZN məbləğində debitor borc silinsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə X1 Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №2(036)-328/2021
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-328/2021
18.02.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver