Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-35/2024 06.06.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki mübahisə (açar sözlər: mülkiyyət hüququ, torpaq sahəsindən çıxarılma) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdehin İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrində 51 nömrəli reyestr kitabının 16 nömrəli vərəqində qeydə alınmış və AN781147 nömrəli Torpaq sahəsinin plan və ölçüsü sənədi ilə qeydə alınmış pay torpaq sahəsindən çıxarılması və cavabdehdən torpaq sahəsini zəbt etməsi nəticəsində iddiaçıya vurduğu maddi zərərin əvəzi 5000 manatın alınıb iddiaçıya verilməsi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki mübahisənin mahiyyəti
1. İddiaçı cavabdehə qarşı cavabdehin İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrində 51 nömrəli reyestr kitabının 16 nömrəli vərəqində qeydə alınmış və AN781147 nömrəli Torpaq sahəsinin plan və ölçüsü sənədi ilə qeydə alınmış pay torpaq sahəsindən çıxarılması və cavabdehdən torpaq sahəsini zəbt etməsi nəticəsində iddiaçıya vurduğu maddi zərərin əvəzi 5000 manatın alınıb iddiaçıya verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrində 51 nömrəli reyestr kitabının 16 nömrəli vərəqində qeydiyyata alınmış və çıxarışda göstərilən 4,5084 ha pay torpaq sahəsi vardır. Bu barədə A N 781147 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi var. Lakin cavabdeh tərəfindən torpaq sahəsinin xeyli hissəsi qeyri-qanuni olaraq zəbt edilmiş və cavabdeh həmin torpaq sahəsindən uzun müddətdir ki, qanunsuz olaraq istifadə edir. İddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsini boşaltmasını cavabdehdən dəfələrlə tələb etsə də, cavabdeh nəinki torpaq sahəsindən çıxmır, hətta iddiaçıya qarşı şantaj əməllərlə məşğul olur. Cavabdeh iddiaçını torpaq sahəsinin zəbt etdiyi hissəsinə buraxmır və torpaq sahəsini boşaldıb iddiaçıya təhvil verməkdən qəti olaraq imtina edir. Cavabdeh iddiaçıya məxsus torpaq sahəsini zəbt edib qanunsuz olaraq istifadə etdiyinə görə hazırda iddiaçı, Dövlət sənədinə əsasən, onun xüsusi mülkiyyətində olan torpaq sahəsindən tam və sərbəst şəkildə istifadə edib torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını həyata keçirə bilmir. İddiaçı məcbur olub İmişli rayon Bəhrəmtəpə Bələdiyyəsinin nümayəndəsini, Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞnin 6 saylı Ərazi idarəsinin mühəndisini, İmişli rayon Bəhrəmtəpə sakini X2 dəvət edib torpaq sahəsinə baxış keçirtdirdimiş və 29 dekabr 2022-ci il tarixli akt ilə müəyyən edilmişdir ki, həmin ərazidə yalnız iddiaçının adına qanuni sənədləri vardır. Aktda göstərilir ki, iddiaçıya məxsus olan torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilmişdir və faktiki olaraq həmin ölçülmüş torpaq sahəsinin bir hissəsi mübahisəlidir və onun istifadəsindədir. Cavabdehin torpaq sahəsinə dair heç bir hüquqmüəyyənedici sənədi mövcud deyildir. Faktiki olaraq iddiaçının İmişli rayonu Bəhrəmtəpə qəsəbəsində istifadə etdiyi torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilmişdir. Cavabdehin hərəkətləri barədə yerli orqanlara məlumat vermişdir. İddiaçıya bildirmişlər ki, mübahisə mülki xarakterli olduğuna görə məhkəməyə ərizə verməlidir. Cavabdeh torpağının bir hissəsini zəbt etməklə iddiaçıya 5000 manat maddi zərər vurmuşdur.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməylərinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmiş və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir.
9. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
10. 01.07.2022-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində yerləşən 4,5084 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə ümumi birgə pay üzrə iddiaçının və qeyrilərinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
11. A№ 781147 saylı “Torpaq sahəsinin planı və ölçüsü”ndən görünür ki, iddiaçının mülkiyyətində olan İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində yerləşən 4,5084 ha torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir.
12. Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi idarəsinin xx.xx.2023-cü il tarixli 3- 71-3-45/2-A-0186-8/2022 saylı məktubundan görünür ki, A№ 781147 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən 4.5084 ha torpaq sahəsi GPS aləti vasitəsilə ölçülərək döngə nöqtələrinin koordinatları göstərilmişdir. Lakin ərazinin bir hissəsi mübahisəlidir və başqa mülkiyyətçilər tərəfindən istifadə olunur.
13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/9424 nömrəli ekspert rəyindən görünür ki, iddaçı X4 məxsus A 781147 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə görə yeri təyin olunan imişli rayonu Bəhrəmtəpə qəsəbəsi ərazisində yerləşən 4.5084 ha (reyestr nömrəsi **********02) kənd təsərrüfatı təyinatlı torpaq sahəsi planda göstərilmiş koordinatlar əsasında yerə köçürülərək naturada sərhədləri müəyyən edilmişdir. Eyni zamanda Cavabdeh xüsusi mülkiyyətində olan 1.6835 ha (reyestr nömrəsi **********02) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin də sərhədləri müəyyən edilmişdir. Cavabdeh faktiki istifadəsində olan, iddaçı X3 iddia etdiyi mübahisəli ərazidə yerləşən 1.15 ha torpaq sahəsinin də yerləşdiyi ərazi müəyyən edilmişdir. İddiaçı X3 iddia etdiyi mübahisəli ərazidə yerləşən, Cavabdeh faktiki istifadəsində olan 1.15 ha torpaq sahəsi A 781147 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən, İmişli rayonu Bəhrəmtəpə qəsəbəsi ərazisində yerləşən 4.5084 ha (reyestr nömrəsi **********02) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə aiddir, iddaçı X4 məxsus A 781147 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə görə yeri təyin olunan İmişli rayonu Bəhrəmtəpə qəsəbəsi ərazisində yerləşən 4.5084 ha (reyestr nömrəsi **********02) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə olunan 1.15 ha hissəsinin ərazisi mütəxəssis rəyinə əlavə edilmiş ölçü planında fərqli ştrixlərlə göstərilmişdir. Eyni zamanda Cavabdeh xüsusi mülkiyyətində olan 1.6835 ha (reyestr nömrəsi **********02) kənd təsərrüfatı təyinatlı torpaq sahəsi adları qərardadda qeyd olunmayan digər şəxslər tərəfindən istifadə edilir.
14. Məhkəmə hesab edir ki, iddiaçının bu iddiası onun qanunvericiliklə qorunan mülkiyyət hüquqlarının müdafiəsindən irəli gəlir.
15. Belə ki, Azərbaycan Respublikası Konstitusiyası mülkiyyət hüququnu tanıyır və müdafiə edir. Konstitusiyada öz əksini tapmış əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında mülkiyyət hüququnu, o cümlədən xüsusi mülkiyyət hüququnu tənzimləyən 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
16. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkivyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
17. Həmin normanın İİİ hissəsinə görə mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
18. «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit elməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir.
19. Həmçinin məhkəmə qeyd edir ki, mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Mülkiyyət hüququnun ümum bəşəri dəyərlər sırasında olması qəbul edilmiş bir sıra beynəlxalq sənədlərdə öz əksini tapmışdır.
20. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «lnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı protokolunun l-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz».
21. «İnsan hüquqları haqqında Ümumi Bəyunnamə»nin 17-ci maddəsinə əsasən, hər bır insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir.
22. "Broniovski Polşaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki "mülkiyyət" anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlarda "mülkiyyət" hüquqları sayıla bilər,
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı madəsinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır.
24. Qeyd olunan Məcəllənin 8.2-ci maddəsinə əsasən mülki qanunvericilikdə nəzərdə tutulan hüquqlar Azərbaycan Respublikasının bütün ərazisində maneəsiz həyata keçirilə bilər və hökmən mühafizə edilməlidir.
25. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1 -ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər.
26. Məhkəmə qeyd edir ki, məhkəmə tədqiqatı zamanı mütəxəssis və ekspert rəyləri ilə müəyyən olunmuş hallardan, o cümlədən Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi idarəsinin xx.xx.2023-cü il tarixli 3-71-3-45/2-A-0186-8/2022 saylı məktubundan göründüyü kimi cavabdeh, iddiaçıya məxsus 4.5084 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1,15 ha hissəsini özbaşına zəbt etməklə qanunsuz sahibliyinə keçirmiş və oradan istifadə edir. Buna görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddələrinin tələblərinə əsasən iddiaçıya məxsus 4.5084 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdeh tərəfindən qanunsuz sahibliyə keçirilmiş 1,15 ha hissəsi iddiaçıya geri qaytarılmaqla iddia qismən təmin edilməlidir.
27. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsi ərazisində yerləşən iddiaçının mülkiyyətində olan 4.5084 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1,15 ha hissəsindən cavabdeh çıxarılmalı, iddia qalan hissədə rədd edilməlidir.
28. Eyni zamanda iş üzrə təyin edilmiş məhkəmə ekspertiza tədqiqatlarının dəyəri 50 manat məbləğində ekspertiza xərclərinin 25 manat məbləği cavabdehdən, qalan 25 manat məbləği iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.
VI. Nəticə:
1. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsi ərazisində yerləşən İddiaçı mülkiyyətində olan 4.5084 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1,15 ha hissəsindən Cavabdeh çıxarılsın. İddia qalan hissədə rədd edilsin. İş üzrə təyin edilmiş məhkəmə ekspertiza tədqiqatlarının dəyəri 50 manat məbləğində ekspertiza xərclərinin 25 manat məbləği Cavabdeh, qalan 25 manat məbləği İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN: **********, X1, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, AZ34CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Zaur Pirverdiyev