Məhkəmə qərarları › İş №2(036)-3709/2022

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-3709/2022

22.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Döyüş əməliyyatlarında iştirak faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-3709/2022 22.12.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək onun Əfqanıstan müharibəsi veteranı olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi izahatında göstərdi ki, 1978-ci ildə Ukrayna SSR-də olan zaman Çerniqov vilayətinin Şors şəhəri hərbi komissarlığı tərəfindən Əfqanıstan müharibəsinə N nömrəli hərbi hissəyə göndərilmiş, həmin ilin iyun ayından 1979-cu ilin dekabr ayına kimi Əfqanıstan Demokratik Respublikasında öz beynəlmiləl borcunu yerinə yetirmişdir. Döyüşdə isə qəlpə yarası və kontuziya almışdır. Daha sonra isə öz torpaqlarımıza erməni təcavüzü başlayarkən işğalçılara qarşı döyüş əməliyyatlarında, erməni dilini bildiyi üçün əsasən ermənilərin arxasında kəşfiyyat qruplarında iştirak edərək partizanlıq etmiş və hazırda İİ qrup müharibə əlilidir. Bir sıra orden və medallarla təltif edilmişdir. Hazırda “Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyi” İmişli rayon şöbəsinin sədr müavini və Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvüdür. Ukraynada ona veteranlıq vəsiqəsi verilmiş, lakin o həmin vəsiqəni itirmişdir. Hazırda isə Ukraynada müharibə getdiyindən o, vəsiqəni bərpa etdirə bilmir. Ona görə də məhkəməyə müraciət etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləssinin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşdə olan NZ ******* nömrəli hərbi biletin surətindən görünür ki, Ərizəçi 1978-ci ilin iyun ayından 1979-cu ilin dekabr ayınadək Əfqanıstan Demokratik Respublikasında həbi xidmətdə olmuşdur. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İmişli rayon Komissarlığının 09 dekabr 2010-cu il tarixli, 4/774 saylı arayışından görünür ki, Ərizəçi 13 may 1978-ci il tarixdən 27 iyun 1980-ci il tarixədək keçmiş Sovet ordusunda, 1978-ci ilin iyun ayından 1979-cu ilin dekabr ayınadək Əfqanıstan Demokratik Respublikasında öz Beynəlmiləl borcunu yerinə yetirmişdir. Xidmət illərinə görə 1988-ci ildə “İgidliyə görə” medalı, “SSRİ SQ 70 illiyinə görə” medalı, “Əfqanıstan SSRİ Dostluq” ordeni, “Sovet SQ-nin Əfqanıstandan çıxarılmasının 20 illiyinə görə” medalları ilə təltif edilmişdir. İşdə olan Azərbaycan Əfqanıstan Müharibəsi X1 İmişli Rayon Filialı yığıncağının 16 may 2015-ci il tarixli iclas protokolundan görünür ki, Ərizəçi həmin təşkilatın sədr müavini seçilmişdir. İşdən görünür ki, Ərizəçi 30 avqust 2017-ci il tarixdə “Vətənə xidmət” orden, “İgidliyi görə” medal verilmiş, 20 fevral 2014-cü ildə “Döyüş əməliyyatları iştirakçısı” şəhadətnaməsi, “Veteranlar birliyinin vəsiqəsi” verilmiş, “Əfqanıstan müharibəsinin 20 illiyi, 25 illiyi və 30 illiyi” medalları, 06 iyun 2017-ci ildə “Fədai” medalı ilə və 09 fevral 2017-ci ildə “Vətən naminə” medalları ilə təltif edilmişdir. Göründüyü kimi Ərizəçi Əfqanıstan müharibəsi veteranı olmasını təsdiq edən kifayət qədər sübutlar mövcuddur. Lakin o, bu faktı təsdiq edən sənədi Ukrayna-Rusiya müharibəsi ilə əlaqədar olaraq bərpa edə bilmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi Əfqanıstan müharibəsi veteranı olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 311 və 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi Əfqanıstan müharibəsi veteranı olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar