Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-372/2025 27.01.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki mübahisə (açar sözlər: borcun silinməsi) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı cavabdeh tərəfindən tərtib edilmiş 27 aprel 2023-cü il tarixli ******* nömrəli akta görə qanunsuz hesablanmış 1555,20 manat borcun silinməsi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki mübahisənin mahiyyəti
1. İddiaçı cavabdehə qarşı cavabdeh tərəfindən tərtib edilmiş 27 aprel 2023-cü il tarixli ******* nömrəli akta görə qanunsuz hesablanmış 1555,20 manat borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İmişli rayonu, Mirili kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Evinə təbii qazdan istifadə üçün qaz sayğacı quraşdırılmışdır. Hər ay sayğac göstəricisinə əsasən bildiriş-xəbərdarlıq vasitəsilə ödənişlər edilmişdir. xx.xx.2023-cü il il tarixdə sayğacın plasmas qapağının alt hissəsi deşildiyi üçün cavabdehin əməkdaşları tərəfindən ******* saylı akt tərtib edilmişdir. Qaz sayğacı evin daxilində deyil, hasarından çöldə quraşdırılmışdır. Bu səbəbdən də həmin sayğacın hər hansı bir müdaxilədən qorunmasının ailə üzvləri tərəfindən təmin edilməsi heç bir məntiqə sığmır. İddiaçı həmin aktla razı deyildir. Əsassız olaraq cavabdeh tərəfindən qaz sayğacına müdaxilə olunması ilə günahlandırılmış və əsassız olaraq iddiaçıya borc hesablanmışdır. Həmin akt qanunsuzdur.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya etiraz edərək, izahatında bildirmişdir ki, qeyd olunan sayğac xx.xx.2022-ci il tarixdə abonentin iştirakı ilə çıxarılmış və abonentə izah olunmuşdur ki, sayğacın plasmas qapağının alt hissəsi deşildiyi üçün sayğac qaz sərfiyyatını qeydə almır. Qeyd olunan sayğac yenisi ilə əvəz olunaraq bu barədə akt tərtib olunmuş və abonent aktı imza etmişdir. Qeyd olunan sayğac laboratoriyada yoxlanılmış, xx.xx.2023-cü il tarixli laboratoriya rəyinə əsasən sayağacın plasmas qapağının alt hissəsi kənar təsir vasitəsi ilə deşildiyi üçün itirilmiş qazın həcmi 12960 kub.metr, 1555,20 manat müəyyən edilmişdir. Abonent saldosuna nəzər saldıqda onun təbii qazdan qeyri-qanuni istifadə etdiyi öz təsdiqini tapır. Sonda cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
III. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
6. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin ,onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
7. “Qaz təchizatı haqqında” Qanun: 13-cü maddəsinə əsasən qaz paylayıcısı müqavilə əsasında istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını və ötürülməsini təşkil etməlidir. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir.
8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»: 3.1.5-ci bəndinə əsasən, qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. 4.4 və 4.9-cu bəndlərinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Zədələnmiş qaz sayğacının (hesablama mexanizimlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. 4.7 və 4.8-ci bəndlərinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar..
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
9. İşin müəyyən edilən halları ondan ibarətdir ki, iddiaçının yaşadığı İmişli rayonu, Mirili kəndində yerləşən evində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılarkən sayğacın plasmas qapağının alt hissəsinin deşik olması aşkar olunduğundan cavabdehin əməkdaşları tərəfindən 27 aprel 2023-cü il tarixli ******* nömrəli akt tərtib olunmuş və iddiaçıya 1555,20 manat əlavə borc hesablanmışdır.
10. Lakin, qaz təchizatı müəssisəsinin əməkdaşları tərəfindən həmin akt tərtib olunarkən iddiaçının və ya onun ailə üzvlərindən heç kimin iştirakı təmin edilməmiş və aktın bir nüsxəsi iddiaçıya və ya ailə üzvlərinə təqdim edilməmişdir.
11. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktlara istinad etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur.
12. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarının 2.2-ci bəndin əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qeyd olunan qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
13. Qanunvericiliyin tələbləri baxımından fiziki şəxlərin mənzillərinə quraşdırılmış qaz sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısı cavabdehlik daşıyır.
14. İş materialları ilə müəyyən olur ki, istehlakçının istifadəsində olan qaz sayğacı evin daxilində deyil, küçədə quraşdırılmışdır (27 aprel 2023-cü il tarixli ******* nömrəli aktda göstərilmişdir).
15. Bundan başqa sayğaca məhz iddiaçı tərəfindən müdaxilə olunması məhkəmədə sübuta yetirilmədi.
16. Ona görə də, qaz sayğacının sayğacın plasmas qapağının alt hissəsinin deşik olması faktı istehlakçının təqsiri kimi qiymətləndirilib onun məsuliyyətinə səbəb ola bilməz.
17. Evdən kənarda quraşdırılmış sayğaca görə məsuliyyəti iddiaçı deyil, qaz paylayıcı olan cavabdeh daşıdığından, həmin sayğaca müdaxilə edilməsinə görə iddiaçı barəsində mülki hüquq məsuliyyətinin yaranmasına görə akt əsasında dəymiş ziyan hesablanması əsassızdır.
18. Beləliklə, qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. VI. Nəticə:
19. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh tərəfindən 27 aprel 2023-cü il tarixli ******* nömrəli akta əsasən İddiaçı hesablanmış 1555,20 manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Zaur Pirverdiyev