Məhkəmə qərarları › İş №2(036)-3852/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-3852/2025

18.02.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-3852/2025 18.02.2026 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağakişiyeva Lətafət Almazxan qızının sədrliyi, Məhkəmə iclasının katibi X4 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı aktın etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçının tələbi: İddiaçı Cavabdehnə qarşı aktın etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2023-cü il tarixli, ******* saylı aktının etibarsız hesab edilməsinə və hesablanmış 2073.60 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Salyan X3 İdarəsi tərəfindən ona qanunsuz olaraq ******* saylı, 13 dekabr 2023-cü il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmişdir. Həmin akta əsasən guya sayğacdan kənar xətdən istifadə edilmişdir. Həmin akta əsasən itirilmiş qazın bərpası üçün hesabat aparılmış və itirilmiş 17280 m3 qaza görə ona 2073,60 manat borc hesablanmışdır. Cavabdeh Salyan X3 idarəsinin əməkdaşları tərəfindən akt qanunvericiliyin tələblərinə əməl edilməməklə düzgün tərtib edilməmişdir. O, heç bir qanun pozuntusuna yol verməmiş, qaz sayğacına heç bir müdaxilə etməmiş və aylıq qaz sayğacının göstərdiyi miqdarda təbii qaz haqqını ödəmişdir. Cavabdeh Salyan X3 idarəsinin əsassız tələbi onun bir istehlakçı kimi hüquqlarını kobud şəkildə pozur. Heç bir əsas olmadan haqsız yerə borc yazılması ona çox ağır təsir edir. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus evdə sayğaca baxış keçirildi, abonent küçə xəttinə (qapı keçidi) qeyri-qanuni qoşularaq sayğacdan kənar xətlə təbii qazdan istifadə edir. Abonentin saldosundan görünür ki, İddiaçı yaşadığı İmişli rayonu, Araz küçəsində yerləşən fərdi yaşayış evinə 2023-ci ildə akt üzrə 2073,60 manat borc hesablanmışdır. Tətbiq edilən hüquq: “Qaz təchizatı haqqında” Qanun: Maddə 13. Qazın pаylаnmаsı, satılması və qazın verilməsinin dayandırılması 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»: 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.5-3. İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi: Məhkəmə tədqiq olunmuş sübutlara yuxarıda qeyd olunan hüquq normalarına əsasən qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İddia tələbinin aktın etibarsız hesab edilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı aktın etibarsızlığı üçün heç bir əsas yoxdur. Belə ki, həmin aktda qaz sayğacının hesablama mexanizminin keçən qazın həcmini qeyd etməməsi faktı öz əksini tapmışdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası MPM-nin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallar hesab olunur. İddia tələbinin borcun silinməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, istehlakçı (abonent) tərəfindən qaz sayğacına müdaxilə, qaz şəbəkəsinə qanunsuz qoşulma istənilən halda qazın qanunsuz talanması məqsədini daşıyır. Buna səbəbdən də talanan qazın həcmindən asılı olaraq həmin əməlin törədilməsinə görə qanunla inzibati və ya cinayət məsuliyyəti müəyyən edilmişdir. Bu baxımdan, sözügedən əməlin törədilməsində təqsirli bilinən şəxsin təqsirini müəyyən etmək müvafiq olaraq inzibati və ya cinayət məsuliyyətini tətbiq etmək səlahiyyətinə malik olan dövlət orqanlarının, yaxud məhkəmənin müvafiq qərarları olmadan qeyri-mümkündür. Bu səbəbdəndir ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinin 8-1-ci bəndinin və müvafiq olaraq “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinin tələblərinə əsasən, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı, sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün Azərbaycan Respublikasının Energetika Nazirliyinə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Göründüyü kimi, istehlakçı (abonent) tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə, cavabdehin əməkdaşları tərəfindən görülməli olan tədbirlərin ardıcıllığını qanunvericilik dəqiq müəyyən etmiş və həmin ardıcıllığa riayət olunmamasına əsas verən hər hansı istisna nəzərdə tutmamışdır. Hazırkı işdən məlum olur ki, cavabdeh həmin ardıcıllığa riayət etmədən, yəni aşkar olunduğu bildirilən qanunsuzluq faktı barədə qanunvericiliyin tələblərinə uyğun olaraq, əvvəlcə Energetika Nazirliyinə və ya cinayət təqibi orqanına müraciət etmədən və iddiaçının qazın talanmasında təqsirli olması həmin orqanların, yaxud da məhkəmənin qərarı ilə müəyyən edilmədən, birbaşa iddiaçıya borc hesablamışdır. Odur ki, məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə cavabdeh tərəfindən iddiaçıya hesablanmış mübahisəli borcun heç bir hüquqi əsası yoxdur. Beləliklə, qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçıya məxsus İmişli şəhəri, Araz küçəsində yerləşən 75 nömrəli fərdi yaşayış evinə dair Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-ci il tarixli, ******* saylı akta əsasən hesablanmış 2073,60 manat məbləğində borc silinməli, iddia qalan hissədə təmin edilməməlidir. Nəticə: Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli, ******* saylı akta əsasən İddiaçı (**********00080 abonent kodu) hesablanmış 2073,60 (iki yetmiş üç manat, altmış qəpik) manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Lətafət Ağakişiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar