Məhkəmə qərarları › İş №2(036)-426/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-426/2025

03.03.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-426/2025 03.03.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair mülki mübahisə (açar sözlər: borcun silinməsi) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki mübahisənin mahiyyəti

1. İddiaçı cavabdehə qarşı cavabdeh tərəfindən iddiaçının mərhum atasının adına tərtib edilmiş X2ydalarının pozulması haqqında xx.xx.2024-cü il tarixli 330124 saylı aktın etibarsız hesab edilməsi və qanunsuz hesablanmış borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli 330124 saylı akt əsasında qanunsuz hesablanmış 523.59 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İmişli Rayonu, Buludlu kəndində yaşayır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları 08 aprel 2024-cü il tarixdə vəfat etmiş atasının adına 330124 nömrəli akt tərtib etmişlər. İddiaçı xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-nin Aran RETSl-nin X6 rəisinə yazılı müraciət edərək bildirmişdir ki, yaşadığı evə quraşdırılmış sayğac kartı qəbul etmir nümayəndə göndərib sayğaca düzəliş edilməsini bildirmişdir. Əlavə olaraq "xxxx" ASC-nin Aran RETSİ-nin X6 satış müdiri olan Ruslan müəllimə telefon ilə zəng edərək bildirmişdir ki, evdə xəstə anası, orta məktəbli 2 övladı var işıqsız qalmışlar. Ondan sonra nümayəndə gələrək sayğaca baxış keçirmiş lakin təmir etməmişlər. Hələdə yaranmış nasazlıq aradan qaldırılmayıb. Satışın müdiri Ruslan müəllimin tapşırığı ilə kənd üzrə nəzarət edən mantyor iddiaçının evinə gələrək işıqsız qaldığı üçün müvəqqəti işıq xətti vermişdir. Sonradan ona məlumat verildi ki, sayğaca baxış keçirilən zaman müəyyən olunub ki, guya abonet sayğac sxemində müdaxilə edərək kənar xətdən istifadə edir. Halbuki, o, akt tərtib edilməmişdən öncə dəfələrlə sayğacın sıradan çıxması ilə bağlı məlumat vermiş və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri tərəfindən sayğaca baxış keçirilən zaman onun iştirakı olmadan nöqsan aşkar edib akt tərtib etmişlər. Həmin aktla razı deyildir. Belə ki, iddiaçı sayğaca heç bir müdaxilə etməmiş, heç bir qanun pozuntusuna yol verməmişdir. Qanunsuz aktlar nəticəsində cəri mə olunmuşdur ki, bu da onun istehlakçı hüquqlarını pozur.

4. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, etirazı onunla əsaslandırmışdır ki, iddia tələbi əsassız və qüvvədə olan qanunvericiliyin göstərişlərinə zidd olduğu üçün məhkəmə tərəfindən rədd edilməlidir. İddiaçı barəsində X2ydalarının pozulması haqqında hər hansı akt və ya protokol tərtib edilməmişdir. Ümumiyyətlə belə bir abonent X6 qeydiyyatında durmur. İddiaçı iddia ərizəsindən görünür ki, mübahisələndirdiyi 08 aprel 2024-ci il tarixli R 330124 nömrəli akt X5 barəsində tərtib olunmuş və X5 **********00774 kod ilə “Azərişıq’ ASC-nin X6 Oracle proqram bazasında qeydiyyatdadır. İddiaçı iddia ərizəsinə X1 onun vərəsəsi və ya hüquqi varisi olmasını təsdiq edən sənədləri əlavə etməmişdir. Belə olduğu halda iddiaçı ancaq öz hüquqlarının pozulduğu halda məhkəməyə şikayət edə bilər. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Yəni hazırkı vəziyyətdə hazırkı iddia tələbi üzrə yalnız iddiaçı qismində **********00774 kod ilə "xxxx" ASC-nin. Oracle proqram bazasında qeydiyyatda olan X1 özü ola bilərdi. Belə olan halda İddiaçı prosessual hüquq varisi qismində hazırkı iş üzrə iddiaçı qismində iştirak etməsi yol verilməzdir. Hazırkı iş üzrə iddia tələbi X5 ilə birbaşa bağlı olan hüquq olduğundan və İddiaçı hüquq varisliyinə yol verilməsi mümkün olmadığından iddia ərizəsi rədd edilməlidir. İş materiallarından görünür ki, 08 aprel 2024-ci il tarixli R 330124 nömrəli akt X8 barəsində tərtib olunmuş, lakin həmin aktların etibarsız hesab edilməsi barədə iddia ərizəsi X5 tərəfindən məhkəmə verilmişdir. Hesab edir ki, iddia ərizəsi səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69.1-1-ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri. Qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Belə bir etibarnamə isə iddia ərizəsinə əlavə edilməmişdir. Ona görə də İddiaçı məhkəmədə hazırkı tələbi üzrə iddiaçı qismində iştirak etməsi qeyri müəyyənlik yaradır və tələb mülki prosessual qanunvericiliyin tələbinə ziddir.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

6. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən nümayəndəsi məhkəməyə gəlməmişdir.

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

8. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmiş və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

9. .

III. Məhkəmə baxışının hədləri:

10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

11. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin ,onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «X2ydaları»: 1.1-ci bəndinə əsasən elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrik qəbulediciləri vasitəsi ilə istifadə edən hüquqi və ya fiziki şəxsdir. 7.11-ci bəndinə əsasən Yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. 8.1-ci bəndinə əsasən Dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. 8.17-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-2. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. 8.20-ci bəndinə əsasən yaşayış binasının mənzil kirayəçisi, yaxud mülkiyyətçisi ilə, həmçinin xüsusi yaşayış evinin mülkiyyətçisi (məişət abonenti) ilə enerjitəchizatı müəssisəsi arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılır.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

13. İşin müəyyən edilən halları ondan ibarətdir ki, iddiaçının yaşadığı İmişli rayonunun Buludlu kəndində yerləşən evində X2ydaları yoxlanılarkən sayğacın sxeminə müdaxilə olunması barədə akt tərtib olunmuş və iddiaçının vəfat etmiş atasının adına əlavə enerji ödənişi hesablanmışdır.

14. Lakin, enerji təchizatı müəssisəsinin əməkdaşları tərəfindən həmin akt tərtib olunarkən iddiaçının və ya onun ailə üzvlərindən heç kimin iştirakı təmin edilməmiş və aktın bir nüsxəsi iddiaçıya və ya ailə üzvlərinə təqdim edilməmişdir.

15. İş materiallarına əlavə olunmuş Abunə haqqında çıxarışdan görünür ki, cavabdeh tərəfindən 08 aprel 2024-ci il tarixli 330124 nömrəli akta əsasən ümumilikdə 528,49 manat cərimə hesablanmışdır.

16. Təchizatçı və istehlakçı arasında elektrik enerjisinin alqı-satqı münasibətlərini tənzimləyən qanunvericilikdə istehlakçı tərəfindən X4də pozuntuya yol verildiyi aşkar edildikdə, aktın məişət abonentinin və iki nəfər hal şahidinin iştirakı ilə tərtib edilməli olduğu barədə birbaşa göstəriş verilmiş və bu tələbin icrası enerjitəchizatı müəssisəsinin nümayəndəsinin üzərinə qoyulmuşdur.

17. Bundan başqa, iş materiallarından görünür ki, "xxxx" ASC ilə iddiaçı arasında elektrik enerjisinin alqı-satqısına dair müqavilə bağlanmamışdır.

18. Mövcud qanunvericiliyin tələblərinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

19. Cavabdeh tərəfindən akt X1 adına tərtib edilmişdir ki, halbuki, həmin şəxs 11 avqust 2014-cü il tarixdə ölmüşdür.

20. İddiaçının nümayəndəsi iddia ərizəsinə etirazda iddiaçının hazırki iddia tələbi ilə baglı subyektiv hüququnun olmamasını, iddia ərizəsinə vərəsəlik hüququ haqqında şəhadətnamənin əlavə edilmədiyini bildirmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin bu dəlili ilə baglı bildirir ki, iş materiallarına əlavə olunmuş, İmişli rayon İHB-nin Sarıxanlı və Buludlu kəndləri üzrə nümayəndəsinin arayışından görünür ki, İddiaçı atası X1 vəfatınnan sonra atasının təsərrüfatında yaşayır. Başqa sözlə iddiaçı faktiki olaraq atasından miras qalmış əmlakı qəbul edib onu idarə edir.

21. Bundan başqa cavabdeh etirazında bildirmişdir ki, 08 aprel 2024-ci il tarixli 330124 nömrəli akt X8 barəsində tərtib olunmuş, lakin həmin aktın etibarsız hesab edilməsi barədə iddia ərizəsi X5 tərəfindən məhkəməyə verilmişdir. Hesab edir ki, iddia ərizəsi səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Məhkəmə iddiaçının bu dəlili ilə baglı bildirir ki, 08 aprel 2024-ci il tarixli 330124 nömrəli akt X8 barəsində deyil, X5 barəsində tərtib olunmuş, X8 adlı şəxsin isə hazırki iddiaya heçbir aidiyyatı yoxdur.

22. Göründüyü kimi iş üzrə tərəflər arasında müqavilə bağlanmadığından istehlakçının enerji təchizatı müəssisəsi qarşısında öhdəliyi də yaranmamışdır.

23. Cavabdeh tərəf tərtib olunan aktda əks olunan pozuntunun mövcudluğunu təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı və ya onun ailə üzvlərinnən hər-hansı bir şəxs aktın tərtibində iştirak etməmiş və tərtib edilmiş aktda iddiaçının imzası yoxdur, həmçinin akt cavabdeh tərəfin əməkdaşlarının iştirakı ilə birtərəfli qaydada tərtib olunmuşdur.

24. İşin obyektiv həli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır. 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

25. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsini məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

26. Beləliklə, qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdeh tərəfindən tərtib edilmiş X2ydalarının pozulması haqqında xx.xx.2021-ci il tarixli 231936 saylı akt üzrə hesablanmış 36,84 manat və və xx.xx.2022-ci il tarixli 268806 saylı akt üzrə hesablanmış 523.59 manat borc silinməlidir.

VI. Nəticə:

27. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. "xxxx" Аçıq Səhmdаr Cəmiyyəti tərəfindən tərtib edilmiş X2ydalarının pozulması haqqında 08 aprel 2024-ci il tarixli 330124 nömrəli akt üzrə X3 hesablanmış 523.59 manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar