Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-476/2024 22.05.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs İmişli Rayon İcra Hakimiyyətinə qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair mülki mübahisə (açar sözlər: şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Nuranə Busat qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs İmişli Rayon İcra Hakimiyyətinə qarşı ərizəçinin oğlu X1 davranış pozuntusunun olmamasının və ya zəif dərəcədə təzahür etməsini göstərməklə üzvi mənşəli ağır əqli gerilik olması xəstəliyi diaqnozu ilə birinci dərəcəli fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki mübahisənin mahiyyəti
1. Ərizəçi maraqlı şəxsə qarşı ərizəçinin oğlu X1 davranış pozuntusunun olmamasının və ya zəif dərəcədə təzahür etməsini göstərməklə üzvi mənşəli ağır əqli gerilik olması xəstəliyi diaqnozu ilə birinci dərəcəli fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin oğlu xx.xx.2005-ci il təvəllüdlü X3 davranış pozuntusunun olmamasının və ya zəif dərəcədə təzahür etməsini göstərməklə üzvi mənşəli ağır əqli gerilik diaqnozu ilə birinci dərəcəli əlildir. Əmək qabiliyyəti yoxdur. Ağır dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları vardır. Buna görə də ona hal-hazırda ərizəçi qulluq edir. O, hərəkətlərini idarə edə bilmir. X3 xəstəliyi ilə əlaqədar hərəkətlərini idarə edə bilmədiyi üçün ona daim nəzarət etmək məcburiyyətindədir. Buna görə də, onun üzərində qanunvericilikdə nəzərdə tutulmuş qaydada qəyyum təyin edilməlidir. Bunun üçün ilk növbədə o, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmalıdır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat vermiş və ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir.
5. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. - 305.1.3-cü maddəsinin tələbinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. - 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. - 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. IV. Tətbiq edilən hüquq:
7. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. 34.2-ci maddəsinin tələbinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
8. 12.02.2024-cü il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspert Komisisyasının elektron məlumatının surətindən görünür ki, X2 xx.xx.2023-cü il tarixdə, davranış pozuntusunun olmamasını və ya zəif dərəcədə təzahür etməsini göstərməklə, üzvi mənşəli (Daun sindromu nəticəsində) ağır əqli gerilik diaqnozu ilə müddətsiz, İ qrup əlillik dərəcəsi verilmişdir.
9. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X4 Hüquqi Şəxsin xx.xx.2024-cü il tarixli 968 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, X3 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də, X3 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir.
10. İşin müəyyən edilən hallarından görünür ki, xx.xx.2005-ci il tarixdə anadan olmuş X3 hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil.
11. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməli, ödənilmiş dövlət rüsumu isə ərizəçiyə aid edilməlidir.
VI. Nəticə:
12. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
Ərizə təmin edilsin. xx.xx.2005-ci il tarixdə İmişli rayonu, Ağaməmmədli kəndində doğulmuş X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Hazırkı qətnamə X1 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Zaur Pirverdiyev