Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-492/2022 02.03.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, iddiaçı İmişli rayon Yalavac Bələdiyyəsinin sədri X2 və Cavabdeh iştirakları ilə, İddiaçı İmişli rayon Yalavac Bələdiyyəsinin Cavabdeh qarşı “Bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş qanunsuz tikilinin sökülməsi tələbi barədə” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı İmişli rayon Yalavac Bələdiyyəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İmişli rayon Yalavac Bələdiyyəsinə məxsus torpaq sahəsində inşa etdiyi qanunsuz evin öz hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı İmişli rayon Yalavac Bələdiyyəsi iddia tələbinin həcminin azaldılması barədə məhkəməyə ərizə verərək Cavabdeh tikdiyi evlə bağlı mübahisələrinin olmadığını göstərib həmin evin qarşısında inşa edilmiş hasarın sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı İmişli rayon Yalavac Bələdiyyəsi iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh bələdiyyənin perspektiv inkişaf fonduna aid 0.038 ha torpaq sahəsində qanunsuz olaraq ev tikmiş və qarşısını hasarlamışdır. Halbuki cavabdehin həmin torpaq sahəsinə dair heç bir hüquq müəyyənedici sənədi yoxdur. Həmin hasar kənd sakini X1 mülkiyyətində olan həyətyanı torpaq sahəsinə gedən yola maneə törədir, eyni zamanda X3 cavabdehin tikinti apardığı torpaq sahəsinin onun mülkiyyətinə verilməsi ilə bağlı bələdiyyəyə ərizə ilə müraciət etmişdir. Odur ki, bütün bunların nəzərə alınmasını və cavabdehin bələdiyyəyə aid torpaq sahəsində inşa etdiyi evin qarşısındakı daş hasarın sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, o, Bələdiyyəyə məxsus torpaq sahəsini zəbt etməmişdir. İddiaçının haqqında bəhs etdiyi torpaq sahəsi İmişli rayon Yalavac Bələdiyyəsinin 30 yanvar 2013-cü il tarixli, 01 saylı iclas protokolundan çıxarışa əsasən onun X8a məxsusdur. X8 həmin torpaq sahəsini qardaşı Balay Şirinova vermiş və oğlu Balay Şirinov 2-ci “Qarabağ” müharibəsindən qayıtdıqdan sonra həmin torpaq sahəsində fərdi yaşayış evi tikmişdir. Həmin evin və ya hasarın nə bələdiyyə mülkiyyətində olan nə də digər şəxslərin mülkiyyətində olan torpaq sahəsinə müdaxiləsi yoxdur. Hesab edir ki, iddia tələbi əsassızdır. Odur ki, iddianın rədd olunmasını xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia rədd olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşdə olan İmişli rayon Yalavac Bələdiyyəsinin 30 yanvar 2013-cü il tarixli, 01 saylı iclas protokolundan çıxarışa əsasən Yalavac Bələdiyyəsinin alqı-satqı predmeti olan 0.04 ha torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədilə Məhəmmədli kənd sakini X4 xüsusi mülkiyyətinə ayrılması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iclasında tərəflərin izahatları və işin araşdırılan digər halları ilə müəyyən olunmuşdur ki, mübahisə predmeti olan tikinti İmişli rayonun Məhəmmədli kənd sakini X4 xüsusi mülkiyyətinə ayrılmış torpaq sahəsində aparılmışdır. Məhkəmə qeyd edir ki, əvvəla heç kəs cəmiyyətin maraqları naminə öz mülkiyyətindən məhrum edilə bilməz, bunun üçün qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər mövcud olmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası MM-nin 164.1 və 164.2-ci maddələrinə əsasən «Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır…», «Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər…». Göründüyü kimi həm milli qanunvericilik, həm də beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Beləliklə, məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, mübahisə predmeti olan tоrpаq sаhəsinin iddiaçının mülkiyyətində olmamasını, sözügedən torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edilməməsini, həmin torpaq sahəsində inşa edilmiş tikililərin bələdiyyə mülkiyyətində olmadığını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı İmişli rayon Yalavac Bələdiyyəsinin Cavabdeh qarşı “Bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş qanunsuz tikilinin sökülməsi tələbi barədə” iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-492/2022
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-492/2022
02.03.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver