Məhkəmə qərarları › İş №2(036)-52/2023

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-52/2023

22.02.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-52/2023 22.02.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı Mirfudə oğlunun iştirakı ilə, İddiaçı Mirfudə oğlunun Cavabdeh qarşı “qanunsuz tikilinin cavabdehin öz hesabına sökülməsi tələbi barədə” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Mirfudə oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən ona məxsus İmişli şəhəri, H.Aslanov küçəsi ev 28 ünvanında yerləşən 0.08 ha torpaq sahəsində inşa edilmiş qanunsuz tikilinin cavabdehin öz hesabına sökməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Mirfudə oğlu iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, 1997-ci ildə cavabdehin mərhum atası X1 alqı-satqı yolu ilə 0.08 ha torpaq sahəsi almış və həmin torpaq sahəsi üzrə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla ona məxsusdur. Həmi torpaq sahəsində Cavabdeh özbaşına tikili inşa etmiş və icarəyə vermişdir. Dəfələrlə cavabdehdən ona məxsus torpaq sahəsində qanunsuz inşa etdiyi tikilini sökməsini tələb etsə də heç bir nəticəsi olmamışdır. Mübahisəni məhkəmədən kənar həll edə bilmədiklərinə görə ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, bütün bunların nəzərə alınmasını və iddia tələbinin təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Lakin, 03 noyabr 2021-ci il tarixli məhkəmə iclasında iştirakı zamanı iddia tələbini qəbul etmədiyini, iddiaçının mübahisələndirdiyi tikili cavabdehə məxsus torpaq sahəsində yerləşmir. Ona görə də iddianı əsassız hesab etmiş və iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarında olan **********54-10301 reyestr nömrəli Çıxarışın surətindən görünür ki, İmişli şəhəri, H.Aslanov küçəsi ev 28 ünvanında yerləşən 0.08 ha torpaq sahəsi İddiaçı Mirfudə oğlunun xüsusi mülkiyyətində olmaqla, hüquqları 20 sentyabr 2021ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan məhkəmə mühəndis-texniki ekspertizasının 12 yanvar 2023cü il tarixli, 10/7847 nömrəli rəyindən görünür ki, Mirqoca Mirfudə oğlunun xüsusi mülkiyyətində olan 0.08 ha torpaq sahəsinin ərazisində X2 tərəfindən istifadə olunan, mişar daşından inşa edilmiş, tikintialtı sahəsi 25 kv.m olan qeyri-yaşayış binası mövcuddur. Məhkəmə qeyd edir ki, əvvəla heç kəs cəmiyyətin maraqları naminə öz mülkiyyətindən məhrum edilə bilməz, bunun üçün qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər mövcud olmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası MM-nin 164.1 və 164.2-ci maddələrinə əsasən «Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır…», «Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər…». Göründüyü kimi həm milli qanunvericilik, həm də beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılır. Beləliklə, məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, mübahisə predmeti olan tоrpаq sаhəsinin iddiaçının mülkiyyətində olmasını, sözügedən torpaq sahəsinin 25 kv.m hissəsinin cаvаbdeh Cavabdeh tərəfindən zəbt edilməsini, nəticədə iddiaçının öz mülkiyyətində olan torpaq sahəsindən özü istədiyi kimi istifadə edə bilməməsini, bununla da onun mülkiyyət hüquqlarının pozulmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, İddiaçı Mirfudə оğlunun mülkiyyətində olan 0.08 ha tоrpаq sаhəsində cаvаbdeh Cavabdeh tərəfindən inşa edilmiş tikili çəkilən xərclərin əvəzi ödənilmədən onun öz hesabına sökülməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. İddiaçı Mirfudə оğlunun mülkiyyətində olan 0.08 ha tоrpаq sаhəsində cаvаbdeh Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş, tikintialtı sahəsi 25 kv.m olan qeyri-yaşayış binası çəkilən xərclərin əvəzi ödənilmədən onun öz hesabına sökülsün. İş üzrə çəkilmiş 95 (doxsan beş) manat məbləğində mütəxəssis xərci Cavabdeh alınıb İddiaçı Mirfudə оğluna verilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində ekspertiza xərci Cavabdeh tutulub dövlət nəfinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar