Məhkəmə qərarları › İş №2(036)-627/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-627/2025

19.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-627/2025 19.02.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağakişiyeva Lətafət Almazxan qızının sədrliyi, Məhkəmə iclasının katibi Tağıyev Rasət Şaiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki mübahisənin mahiyyəti İddiaçı cavabdehə qarşı cavabdeh tərəfindən tərtib edilmiş 22 noyabr 2023-cü il tarixli ******* nömrəli akta görə qanunsuz hesablanmış 2073.60 manat borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, aktda göstərilmişdir ki, sayğacdan kənar qeyriqanuni xətt vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur. Tələbnamədə ziyanı 17280 kubmetr yazmışlar. Buna görə cavabdeh tərəfin dediyinə görə 2073.60 manat ziyan hesablamışlar. İddiaçı cavabdehin hesablaması ilə razılaşmır, sayğaca müdaxilə etməmişdir, həmçinin sayğac həyətdən çöldə quraşdırılmışdır. Qaz idarəsi işçilərinin həmin hərəkətləri bır istehlakçı kimi hüquqlarını pozur. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X1 iddianın məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X3 iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. III. Məhkəmə baxışının hədləri: Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. IV. Tətbiq edilən hüquq: “Qaz təchizatı haqqında” Qanun: Maddə 13. Qazın pаylаnmаsı, satılması və qazın verilməsinin dayandırılması 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»: 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.5-3. İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi: Məhkəmə tədqiq olunmuş sübutlara yuxarıda qeyd olunan hüquq normalarına əsasən qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İstehlakçı (abonent) tərəfindən qaz sayğacına müdaxilə, qaz şəbəkəsinə qanunsuz qoşulma istənilən halda qazın qanunsuz talanması məqsədini daşıyır. Buna səbəbdən də talanan qazın həcmindən asılı olaraq həmin əməlin törədilməsinə görə qanunla inzibati və ya cinayət məsuliyyəti müəyyən edilmişdir. Bu baxımdan, sözügedən əməlin törədilməsində təqsirli bilinən şəxsin təqsirini müəyyən etmək müvafiq olaraq inzibati və ya cinayət məsuliyyətini tətbiq etmək səlahiyyətinə malik olan dövlət orqanlarının, yaxud məhkəmənin müvafiq qərarları olmadan qeyri-mümkündür. Bu səbəbdəndir ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci bəndinin və müvafiq olaraq “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinin tələblərinə əsasən, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı, sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün Azərbaycan Respublikasının Energetika Nazirliyinə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Göründüyü kimi, istehlakçı (abonent) tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə, cavabdehin əməkdaşları tərəfindən görülməli olan tədbirlərin ardıcıllığını qanunvericilik dəqiq müəyyən etmiş və həmin ardıcıllığa riayət olunmamasına əsas verən hər hansı istisna nəzərdə tutmamışdır. Hazırkı işdən məlum olur ki, cavabdeh həmin ardıcıllığa riayət etmədən, yəni aşkar olunduğu bildirilən qanunsuzluq faktı barədə qanunvericiliyin tələblərinə uyğun olaraq, əvvəlcə Energetika Nazirliyinə və ya cinayət təqibi orqanına müraciət etmədən və iddiaçının qazın talanmasında təqsirli olması həmin orqanların, yaxud da məhkəmənin qərarı ilə müəyyən edilmədən, birbaşa iddiaçıya borc hesablamışdır. Odur ki, məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə cavabdeh tərəfindən iddiaçıya hesablanmış mübahisəli borcun heç bir hüquqi əsası yoxdur. Beləliklə, qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. VI. Nəticə: Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh tərəfindən 22 noyabr 2023-cü il tarixli ******* nömrəli akta əsasən İddiaçı hesablanmış 2073.60 (iki min yetmiş üç manat altmış qəpik) manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Lətafət Ağakişiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar