Məhkəmə qərarları › İş №2(036)-717/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-717/2025

29.04.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-717/2025 29.04.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 – cavabdehlər Cavabdeh1 və X4 qarşı “cavabdehlərin fərdi yaşayış evindən istifadə hüququna kompensasiya verilmədən xitam verilməsi və onların əşyaları ilə birlikdə mübahisəli yaşayış sahəsindən çıxarılması, iddiaçıların fərdi yaşayış evinə köçürülməsi” tələbinə dair mülki iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şiralıyeva Günel Mirzə qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdehlər Cavabdeh1 və X4 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və X4 qarşı “cavabdehlərin fərdi yaşayış evindən istifadə hüququna kompensasiya verilmədən xitam verilməsi və onların əşyaları ilə birlikdə mübahisəli yaşayış sahəsindən çıxarılması, iddiaçıların fərdi yaşayış evinə köçürülməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və X4 qarşı “cavabdehlərin fərdi yaşayış evindən istifadə hüququna kompensasiya verilmədən xitam verilməsi və onların əşyaları ilə birlikdə mübahisəli yaşayış sahəsindən çıxarılması, iddiaçıların fərdi yaşayış evinə köçürülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, onun arvadı X4 və onların az yaşlı uşaqları X12 və X1 verilmədən İddiaçı1 mülkiyyət hüququ ilə məxsus olan İmişli şəhəri, R.Əliyev küçəsi, ev 2 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi, həmçinin onların əşyaları ilə birlikdə həmin fərdi yaşayış evindən çıxarılması, iddiaçılar İddiaçı1 və onun arvadı İddiaçı2 İmişli şəhəri, R.Əliyev küçəsi, ev 2 ünvanında yerləşən fərdi yaşayış evinə əşyaları ilə birlikdə köçürülməsi və onların orada ləyaqətli şəkildə yaşamaları üçün cavabdehlər tərəfindən yaradılmış maneələrin tamamilə aradan qaldırılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı1 Saatlı rayonunda anadan olub, həmin rayonda ailə həyatı qurub, mülkiyyət hüququ ilə fərdi yaşayş evi əldə edib. 2002-ci ildə Bakı şəhəri Səbail rayonu ərazisində fərdi yaşayış evi alaraq ailəsi, yəni, arvadı və uşaqları ilə birlikdə yeni evinə köçərək orada yaşamışdır. 2007-ci ildə həyat yoldaşı dünyasını dəyişdikdən sonra 2009-cu ildə Saatlı rayon sakini İddiaçı2 ilə ailə həyatı qurmuş və 2019-cu ildə nikaha daxil olmaqla İmişli Regional “Asan Xidmət” Mərkəzində həmin evliliyi rəsmiləşdirmişdir. İddiaçı1 2014-cü ildə İmişli şəhəri, R. Əliyev küçəsində yerləşən 2 nömrəli, ümumi sahəsi 88,9 kv. metr, yaşayış sahəsi 43,2 kv. metr olan fərdi yaşayış evini və onun altında yerləşən 0,03 ha torpaq sahəsini (Çıxarış: qeydiyyat nömrəsi-**********; Tarix:xx.xx.2014) alqı-satqı yolu ilə satın almış və öz mülkiyyətində olan həmin evə arvadı ilə Bakı şəhərindən köçərək orada yaşamağa başlamışdır. İddiaçı1 birinci nikahdan 2 oğlu anadan olmuş və böyük oğlu 2010-cu ildə ailə həyatı qurduqdan sonra başqa yaşayış sahəsinə köçərək orada yaşamaqdadır. İddiaçı1 kiçik oğlu hazırkı iddia üzrə cavabdehlərdən biri, 1991-ci il təvəllüdlü Cavabdeh1 onunla birlikdə 2014-cü ildə İmişli şəhərinə qayıtmamış və 2018-ci ildə Bakı sakini olan bir xanımla ailə həyatı qurmuş, yalnız atasının ağır xəstəliyə düçar olmasını eşitdikdən sonra 2022-ci ilin sentyabrında arvadı - X5 və iki uşağı ilə birlikdə mübahisəli fərdi yaşayış evinə atasının razılığı ilə qayıtmışdır. Cavabdehlər mübahisəli mənzildə məskunlaşdıqdan qısa müddət sonra onlarla iddiaçılar arasında münasibətlər kəskinləşməyə başlamışdır. Cavabdehlər xüsusən də İddiaçı2 mübahisəli mənzildə yaşamasını istəməmiş və onun orada yaşaması üçün süni şəkildə müxtəlif maneələr yaratmışlar, onun yaşayışını dözülməz həddə çatdırmış və açıq şəkildə onun evi tərk etməsini tələb etmişlər. Cavabdehlərin təhqir və təzyiqlərinə dözməyən İddiaçı2 2022-ci ilin sonlarında evi tərk etmişdir. Sonradan İddiaçı2 ən azı iki dəfə ərinin xahişi ilə evə qayıtmaq istəsə də cavabdehlər buna imkan verməmişlər. Birinci iddiaçı son illər 2 dəfə baş-beyin insultu keçirmiş, eyni zamanda onkoloji xəstəlikdən əziyyət çəkməsinə baxmayaraq ki, cavabdehlər onunla eyni evdə yaşayırlar, onun səhhəti ilə maraqlanmamışlar. Birinci cavabdeh onun doğma oğlu olmasına baxmayaraq onun müalicə və müayinəsi ilə bağlı hər hansı maddi və yaxud sair formada köməklik göstərməmişdir. Arvadını isə xəstəyə qulluq göstərməsi üçün evə buraxmamışlar. Belə olan təqdirdə İddiaçı1 da öz mülkiyyətində olan fərdi yaşayış evini tərk etməyə məcbur olaraq 2023-cü ilin iyun ayından indiyədək arvadı İddiaçı2 ilə birlikdə İmişli şəhərində müxtəlif ünvanlarda kirayədə yaşamaqdadır. İddiaçı1 keçən ilin noyabrında onkoloji (prostat xərçəngi) xəstəlikdən əməliyyat olunub. Vəziyyəti ağırdır, əmək qabiliyyətini də tam itirib. Gözləri də zəif görür, mirvari suyu deyilən xəstəlikdən əziyyət çəkir, onkoloji xəstəlikdən əməliyyatdan sonra vaxtaşırı müalicə və müayinədə olmaq üçün maddi imkanı tamamilə tükənib, arvadı da işləmir. Odur ki, evdən çıxdığı müddətdən arvadı ilə birlikdə öz evinə qayıtmaq üçün cavabdehlərə dəfələrlə şəxsən və yaxud qarşılıqlı qohumları və tanışları vasitəsilə müraciət etsə də, oğlu və gəlini qəti olaraq onlara bildirmişlər ki, əgər onlar mübahisəli evə İmişli şəhəri, R.Əliyev küçəsi, ev 2 ünvanında yerləşən fərdi yaşayış evinə qayıtsalar qan düşəcək. Ona görə də hazırki, ağır sağlamlıq və maddi durumuna baxmayaraq kirayələrdə yaşamağa məcburdur. Odur ki, yuxarıda qeyd edilənlər nəzərə alınmalı və cavabdehlər və onların 2 azyaşlı uşağının İddiaçı1 mülkiyyət hüququ ilə məxsus olan fərdi yaşayış evindən istifadə hüququna hər hansı kompensasiya verilmədən xitam verilməli və onlar özlərinə məxsus əşyaları ilə birlikdə İmişli şəhəri, R.Əliyev küçəsi, ev 2 ünvanında yerləşin fərdi yaşayış evindən çıxardılmalıdırlar. Bununla yanaşı iddiaçıların həmin mübahisəli fərdi yaşayış evinə əşyaları ilə birlikdə köçürülməsi təmin edilməli, onların orada ləyaqətli şəkildə yaşaması üçün cavabdehlər tərəfindən yaradılmış maneələr tamamilə aradan qaldırılmalıdır. Milli qanunvericiliyin yuxarıda qeyd etdiyi normalarının tələblərinə əsaslanaraq İddiaçı1 mülkiyyətində olan İmişli şəhəri, R.Əliyev küçəsi, ev 2 ünvanında yerləşən fərdi yaşayış evindən cavabdehlərin və onların uşaqlarının istifadə hüquqlarına kompensasiya ödənilmədən xitam verilməlidir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 hər biri ayrı-ayrılıqda iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə edərək və təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 izahatında bildirdi ki, o, üçüncü qrup əlildir. İddiaçılar İddiaçı1 və İddiaçı2 evdən çıxarmamışdır. İddia ərizəsində göstərilənlərin hamsının yalan və böhtan olduğunu bildirdi. Ona görə də iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X5 həyat yoldaşı Cavabdeh1 verdiyi izahatı təsdiq etdiyini bildirdi.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: İşdə olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən İmişli şəhəri, R.Əliyev küçəsi, ev 2 ünvanında yerləşən ümumi sahəsi 88,9 kv. metr, yaşayış sahəsi 43,2 kv. metr olan fərdi yaşayış evi və onun altında yerləşən 0,03 ha torpaq sahəsi üzərindən İddiaçı1 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. İşdə olan tomoqrafiya müayinəsinin xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, İddiaçı1 onurğa sütunun bel şöbəsində fizioloji lordoz L3-L4 və L5-S1 fəqərəarası disk hündürlüyü məsafəsi azalmışdır. L3-L4 intervertebral disk aralığında degenerativ – eroziv dəyişikliklər qeyd edilir. L4 fəqərə cismində Şmorl düyünü izlənilir. Bel fəqərələrində destruksiya əlamətləri yoxdu. Onurğa sütununun bel-oma şöbəsində osteofitik degenerativ dəyişikliklər izlənilir. İşdə olan xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, ilkin mediasiya sessiyasında İddiaçı1 və Cavabdeh1 iştirak etmiş, İddiaçı1 ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiya xərcini ödəmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə İmişli Rayon Məhkəməsinin hesabına 50 (əlli) manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşdə olan AZ-İİ seriyalı 309066 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı1 ilə İddiaçı2 arasında rəsmi nikah xx.xx.2019-cü il tarixdə İmişli regional “Asan Xidmət” Mərkəzi Qeydiyyat şöbəsində bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 191 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra qadına “İmanova” soyadı verilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2025-ci il tarixli ******* №-li arayışından görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixdən İmişli şəhəri, R.Əliyev küçəsi, ev 2 ünvanında qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2025-ci il tarixli ******* №-li arayışından görünür ki, X11 xx.xx.2024-cü il tarixdən İmişli şəhəri, R.Əliyev küçəsi, ev 2 ünvanında qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2025-ci il tarixli ******* №-li arayışından görünür ki, X13 xx.xx.2023-cü il tarixdən İmişli şəhəri, R.Əliyev küçəsi, ev 2 ünvanında qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2025-ci il tarixli ******* №-li arayışından görünür ki, İddiaçı2 xx.xx.2015-ci il tarixdən İmişli şəhəri, R.Əliyev küçəsi, ev 2 ünvanında qeydiyyatdadır. İşdə olan İmişli RİH Başçısının İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 57 nömrəli arayışından görünür ki, İddiaçı1 İmişli şəhəri, R.Əliyev küçəsi, ev 2 ünvanında yaşamaqla ailə tərkibi həyat yoldaşı İddiaçı2, oğlu Cavabdeh1 və gəlini X2 ibarətdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsindən görünür ki, Cavabdeh1 üçüncü dərəcəli əlildir.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. Tətbiq edilən hüquq

Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Beləliklə, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin l-ci və 2-ci hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic ); “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarına əsasən: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli Qərarına əsasən: Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.

5. Məhkəmənin mövqeyi

Beləliklə, Mənzil Məcəlləsinin 30-cu maddəsinə əsasən müəyyən edilir ki, həmin maddədə göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri və mübahisəli yaşayış sahəsində birgə yaşamasıdır. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, İmişli şəhəri, R.Əliyev küçəsi, ev 2 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı1 xüsusi mülkiyyətindədir. Məhkəmə qeyd edir ki, əvvəlcə cavabdehlərə qarşı iddia tələbi cavabdehlərin iddiaçıya münasibətdə ailə üzvü olub-olmadığı və birgə yaşayıbyaşamaması nəzərə alınmaqla qiymətləndirilməlidir. Belə ki, cavabdehlərdən Cavabdeh1 iddiaçının oğlu olsa da, yalnız 2022-ci ilin sentyabrından arvadı - X5 və iki uşağı ilə birlikdə mübahisəli fərdi yaşayış evinə atasının razılığı ilə qayıtmışdır. Qısa müddət sonra mülkiyyətçi ilə onun oğlunun birgə yaşaması mümkün olmamışdır. İddiaçı2 2022-ci ilin sonlarında, İddiaçı1 da öz mülkiyyətində olan fərdi yaşayış evini tərk etməyə 2023-cü ilin iyun ayında tərk etmişdir. Məhkəmə hesab edir ki, Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 30.1-ci maddəsi ailə üzvlərinə kimlərin aid edilməsini təsbit edir.Həmin normada yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Hazırki vəziyyətdə isə cavabdehlərdən Cavabdeh1 iddiaçının oğlu olsa da, onun İddiaçı1 ilə birlikdə yaşaması halı müəyyən edilmir. Əksinə, Cavabdeh1 ilə birlikdə yaşamaq istəmək istəməyən mülkiyyətçi İddiaçı1 öz mülkiyyətindən məhrum olması və onun üzərində sərəncam vermək ( istifadə və sahiblik hüququ) hüququnun məhdudlaşması sübut olunur. Belə olan halda, məhkəmə hesab edir ki, Cavabdeh1 İddiaçı1 ilə birlikdə daimi yaşamadığı və hazırda yaşaması mümkün olmadığı üçün sonuncuya məxsus İmişli şəhəri, R.Əliyev küçəsi, ev 2 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququ yaranmamışdır. Digər cavabdeh X3 isə İddiaçı1 arvadı, onun uşağı və valideyni olmadığı üçün İmişli şəhəri, R.Əliyev küçəsi, ev 2 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququ yaranmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehlər cavabdehlər Cavabdeh1 və X3 Əliyev küçəsi, ev 2 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququ olmadığı üçün xitam verilə bilməz. Buna görə də iddia tələbi cavabdehlər Cavabdeh1, onun arvadı X4 və onların az yaşlı uşaqları X12 və X1 verilmədən İddiaçı1 mülkiyyət hüququ ilə məxsus olan İmişli şəhəri, R.Əliyev küçəsi, ev 2 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi hissəsində təmin edilə bilməz. Hazırki iddia tələbi ilə iddiaçılar həm də cavabdehlərin onların əşyaları ilə birlikdə həmin fərdi yaşayış evindən çıxarılması, iddiaçılar cavabdehlərin əşyaları ilə birlikdə İmişli şəhəri, R.Əliyev küçəsi, ev 2 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması, İddiaçı1 və onun arvadı İddiaçı2 İmişli şəhəri, R.Əliyev küçəsi, ev 2 ünvanında yerləşən fərdi yaşayış evinə əşyaları ilə birlikdə köçürülməsi və onların orada ləyaqətli şəkildə yaşamaları üçün cavabdehlər tərəfindən yaradılmış maneələrin tamamilə aradan qaldırılmasını xahiş edirlər. Məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1, onun arvadı X3 İmişli şəhəri, R.Əliyev küçəsində yerləşən 2 nömrəli yaşayış evinə heç bir subyektiv hüququ olmadığı üçün iddia həmin hissədə təmin edilməlidir. Bunun əksinə olaraq İmişli şəhəri, R.Əliyev küçəsi, ev 2 ünvanında yaşayış evinə və həyətyanı sahəsi üzərində İddiaçı1 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının öz mülkiyyətinə sərbəst sərəncam vermək hüququ təmin olunmalıdır. Həmçinin, cavabdeh tərəfindən subyektiv hüququnun mövcudluğu ilə bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia qismən təmin edilməli, Cavabdeh1 və X5 əşyaları ilə birlikdə İmişli şəhəri, R.Əliyev küçəsi, ev 2 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmalı, İddiaçı1 və onun arvadı İddiaçı2 İmişli şəhəri, R.Əliyev küçəsi, ev 2 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməli və cavabdehlər tərəfindən yaradılmış maneələr tamamilə aradan qaldırılmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1, 88 və 217.4cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

NƏTİCƏVİ HİSSƏ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və X5 İddiaçı1 mülkiyyətində olan İmişli şəhəri, R.Əliyev küçəsindən yerləşən 2 nömrəli fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılsınlar. İddiaçılar İddiaçı1 və İddiaçı2 İmişli şəhəri, R.Əliyev küçəsində yerləşən 2 nömrəli fərdi yaşayış evinə köçürülsünlər və onların orada yaşamalarına cavabdehlər tərəfindən yaradılmış maneələr aradan qaldırılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar