Məhkəmə qərarları › İş №2(036)-816/2022

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-816/2022

28.06.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-816/2022 28.06.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi barədə” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 29 dekabr 1979-cu il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi izahatında göstərdi ki, 29 dekabr 1979-cu il təvəllüdlü oğlu Şahbaz Əhmədov ilə İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində bir evdə yaşayır. Ona özü qulluq edir. Çünki oğlu ağır dərəcəli psixi xəstəlikdən əziyyət çəkir. O, hərəkətlərini idarə edə bilmir, etdiyi hərəkətlərin mənasını anlamır. Onu daim nəzarətdə saxlamaq məcburiyyətindədir. Oğlunun həmin xəstəliyi ilə əlaqədar tibbi sənədləri də vardır. Həmçinin İmişli rayon X2 X5 şöbəsində “Şizoferniya paranoid forma psixi qüsur halı” diaqnozu ilə ambulator qeydiyyatındadır. Xəstə oğlunun hüqularını tam həyata keçirmək, hüquqlarını müdafiə etmək, adından əqd bağlamaq, və s. üçün onun üzərində qəyyum təyin edilməlidir. Bunun üçün də oğlu Adəm İmanov fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Odur ki, qeyd olunanların nəzərə alınmaqla ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs İmişli rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan Vİİ-JQ 266053 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 29 dekabr 1979-cu il tarixdə İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində anadan olmuş, atası X7, anası Ərizəçidır. İş materiallarında olan AA3262732 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 29 dekabr 1979-cu il tarixdə İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində anadan olmuşdur. İş materiallarında olan “İmişli rayon Mərkəzi Xəstəxanası” Publik X5 şöbəsi tərəfindən verilmiş 07 fevral 2022-ci il tarixli, 83 saylı arayışdan görünür ki, X6 “İmişli rayon Mərkəzi Xəstəxanası” Publik X5 şöbəsində “Şizoferniya paranoid forma psixi qüsur halı” diaqnozu ilə ambulator qeydiyyatındadır. Həmçinin İ qrup əlildir. İş materiallarında olan məhkəmə-psixiatrik ekspertizasının 14 may 2022-ci il tarixli 1210 saylı rəyindən görünür ki, X4 “Şizoferniya paranoid forma psixi qüsur əlamətləri” ilə xroniki psixi xəstəliyi müəyyən edilir. X6 qeyd olunan psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyildir. Ona görə də o, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.3-cü maddəsinə görə məhkəmə şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında xüsusi icraat qaydasında işlərə baxır. 317.2-ci maddəsinə görə məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 29 dekabr 1979-cu il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 305 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 29 dekabr 1979-cu il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. X1 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar