Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-865/2022 19.04.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra - İddiaçı QSC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc tələbi barədə” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 22 oktyabr 2019-cu il tarixli, 055A********** saylı kredit müqaviləsinin ləğv edilməsini və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 3449,01 manat məbləğində əsas borc, 15,89 manat məbləğində faiz borcu və 1377,75 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 4842,65 manat məbləğində borcun və ödənilmiş 68,43 manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 22 oktyabr 2019-cu il tarixli, 055A********** saylı kredit müqaviləsinə əsasən cavabdehə aylıq faiz dərəcəsi 0,0833% olmaqla, 60 ay müddətinə 4102,59 manat məbləğində kredit verilmişdir. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit müqaviləsi ilə müəyyən olunur. Kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Cavabdehlər kredit müqaviləsi üzrə ödəmələri dəfələrlə yubatmış kredit müqaviləsi üzrə ödənilməsi planlaşdırılmış aylıq kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdehlərə borcun qaytarılmasına dair xəbərdarlıq olunsa da heç bir nəticəsi olmamışdır. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. İddiaçı QSC-nin nümayəndəsi X1 məhkəməyə ərizə ünvanlayaraq mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və tələbin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İşin materiallarında olan: 22 oktyabr 2019-cu il tarixli, 055A********** saylı kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən İddiaçı QSC tərəfindən Cavabdeh1 aylıq faiz dərəcəsi 0,0833% olmaqla, 60 ay müddətinə 4102,59 manat məbləğində kredit verilmişdir. 29.12.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı QSC-yə olan əsas borcu 3449,01 manat, faiz borcu 15,89 manat, cərimə borcu 1377,75 manat, cəmi borcu 4842,65 manat təşkil edir. 22.10.2019-cu il tarixli, 055G**********01 saylı zaminlik müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh2 22 oktyabr 2019-cu il tarixli, 055A********** saylı kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrası üçün onunla eyni həcmli məsuliyyəti öz üzərinə götürmüşdür. İşin araşdırılan hallarından müəyyən edilir ki, cavabdehlər üzərilərinə götürdükləri öhdəliyi lazımi qaydada icra etməmişlər, onların iddiaçının qarşısında icra edilməmiş pul öhdəliyi vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə görə öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 439.2-ci maddəsinə görə əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci madəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin üzərində icra edilməmiş borc öhdəliyinin olmasını və ona hesablanmış 1377,75 manat dəbbə pulunun onun maddi əziyyətini daha da ağırlaşdıracağını nəzərə alaraq hesab edir ki, hesablanmış dəbbə pulu tənasübsüz surətdə yüksəkdir. Ona görə də dəbbə pulu azaldılaraq 30 manat məbləğində müəyyən edilməlidir. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinə uyğun qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 22 oktyabr 2019-cu il tarixli, 055A********** saylı kredit müqaviləsi ləğv edilməli və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada kredit müqaviləsinə əsasən 3449,01 manat əsas borc ,15,89 manat faiz borcu, 30 manat cərimə borcu və 68,43 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 3563,33 manat məbləğində borc tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 22 oktyabr 2019-cu il tarixli, 055A********** saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada kredit müqaviləsinə əsasən 3449,01 manat əsas borc ,15,89 manat faiz borcu, 30 manat cərimə borcu və 68,43 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 3563,33 (üç min beş yüz altmış üç manat, otuz üç qəpik) manat məbləğində tutulub İddiaçı QSC-nin xeyrinə ödənilsin. Qətnamdən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-865/2022
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-865/2022
19.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver