Məhkəmə qərarları › İş №2(036)-938/2023

İmişli Rayon Məhkəməsi Qərardad — İş №2(036)-938/2023

07.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 2(036)-938/2023 07.03.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı aktın etibarsız hesab edilməsi və cərimənin silinməsi tələbinə dair mülki işə İmişli Rayon Məhkəməsinin inzibati binasında, işin məhkəmədə baxılmağa hazırlanması üzrə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında 201819 saylı xx.xx.2020-ci il tarixli aktın etibarsız hesab edilməsi və ona hesablanmış cərimənin silinməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında müəyyən olur ki, İmişli Rayon Məhkəməsinin 2(036)- 1345/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı barəsində tərtib edilmiş 19 avqust 2018-ci il tarixli, 103093 saylı akta əsasən hesablanmış enerji məbləği 30.50 manat, 27 sentyabr 2019-cu il tarixli, 157239 saylı akta əsasən hesablanmış enerji məbləği 60.98 manat, 05 fevral 2020-ci il tarixli, 030823 saylı akta əsasən hesablanmış enerji məbləği 55.44 manat və 25 noyabr 2020-ci il tarixli, 201819 saylı akta əsasən hesablanmış enerji məbləği 60.98 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçının hazırkı iş üzrə mübahisələndirdiyi "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 201819 saylı xx.xx.2020-ci il tarixli aktın etibarsız hesab edilməsi və ona hesablanmış cərimənin silinməsi tələbi üzrə qanuni qüvvəsini almış İmişli Rayon Məhkəməsinin 2(036)-1345/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Mülki Prosessual Məcəlləsi Maddə 170.2. İşin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. Maddə 261.0.2. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Maddə 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə belə nəticəyə gəlir ki, əvvəllər eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmə mübahisəsi olmuş və məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Bu isə hazırkı iş üzrə məhkəmə baxışına hazırlığın icraatına xitam verilməsinə əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 170, 263-264, 268ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı aktın etibarsız hesab edilməsi və cərimənin silinməsi tələbinə dair mülki iş üzrə məhkəmə baxışına hazırlığın icraatı xitam edilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan təqdim olunduğu vaxtdan 10 gün müddətində İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar