Məhkəmə qərarları › İş №2(036)-967/2022

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-967/2022

26.04.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-967/2022 26.04.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “özbaşına tikintinin öz hesabına sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması tələbi barədə” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İmişli rayonunun Sarıxanlı kəndi ərazisindən keçən “Osmanov” kanalının mühafizə zonasında inşa etdiyi qanunsuz tikililəri öz hesabına sökməsi və həmin ərazinin əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İmişli rayonunun Sarxanlı kənd sakini Cavabdeh həmin kəndin ərazisində olan “Osmanov” kanalının mühafizə zonasını zəbt edərək özünə məxsus heyvanların saxlanması üçün kanalın suya söykənən hissəsində tikinti tikmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsinə idarənin işçiləri və texnikalarının həmin ərazidə hərəkəti mümkün deyil. Cavabdeh qanunsuz tikiti ilə yanaşı heç bir icazə olmadan kanalın içərisinə 2 ədəd boru yerləşdirrnəklə kanalın suyundan icazəsiz istifadə edir. İdarənin əməkdaşları dəfələrlə ona öz iradlarını bildirmiş, lakin cavabdeh əməkdaşları nalayiq ifadələrlə söyüb təhqir etmişdir. Cavabdehin qanunsuz hərəkətləri barədə İmişli RPŞ-yə müraciət edilmiş, lakin mülki xarakterli olduğuna görə məhkəməyə ərizə verməli olduğu izah edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X1 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, “Osmanov” kanalının mühafizə zonasında yalnız o deyil, başqa kənd sakinləri də təsərrüfat işlərinin aparılması üçün müəyyən tikinti işləri aparmışlar. Lakin iddiaçı tərəfin onunla şəxsi qərəzi olduğu üçün başqa şəxsləri deyil yalnız onu məhkəməyə vermişdir. Qeyd olunan kanalın çəkilişi üçün onlar müəyyən məbləğdə pul ödəmişlər. İddiaçı onlara su vermədiyinə görə məcbur qalıb kanalın içərisinə icazəsiz iki ədəd boru yerləşdirmişdir ki, təsərrüfatını və heyvanlarını suvara bilsin. Ondan başqa digər kənd sakinləri nə vaxt kanalın mühafizə zonasında inşa etdikləri tikililəri sökərsə, o da həmin vaxt istifadəsində olan qanunsuz tikililəri sökəcəkdir. Odur ki o, iddianı qəbul etmir və rədd olunmasını xahiş edir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 76.1 və 76.2-ci maddələrinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iclasında işdə iştirak edən şəxslərin izahatları və iş materialları ilə müəyyən olunmuşdur ki, Cavabdeh İmişli rayonunun Sarıxanlı kəndi ərazisindən keçən “Osmanov” kanalının mühafizə zonasında, su kanalının 10 metrdən az olan yaxınlığında, həmin əraziyə dair hər hansı mülkiyyət və ya icazə sənədi olmadan şəxsi təsərrüfat işlərinin aparılması üçün qanunsuz tikililər tikmiş və su kanalına özbaşına borular yerləşdirmişdir. İşdə olan İddiaçı 24 noyabr 2021-ci il tarixli məktubundan görünür ki, “Osmanov” kanalının su buraxma qabiliyyəti 3,2 kbm/san olduğundan kanalın mühafizə zonası 10 metr müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 24 mart tarixli, 56 nömrəli qərarı ilə təsdiq edilmiş “Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi” Qaydalarının 12-ci hissəsinə görə magistral və təsərrüfatlararası kanallar və kollektorlar boyu su mühafizə zonalarının minimum eni onların su buraxma qabiliyyəti 3—10 kbm/san olduqda — 10 m müəyyən edilir. Həmin Qaydaların 22-ci hissəsinə əsasən su mühafizə zonalarında aviasiya vasitəsilə bitkilərin pestisidlərlə tozlandırılması, bitki ziyanvericilərinə, əstəliklərinə və alaq otlarına qarşı kimyəvi mübarizə vasitələrindən istifadə edilməsi, torpaqların gübrələnməsi üçün peyin axarlarından istifadə edilməsi, heyvandarlıq fermalarının, qəbiristanlıq və zibilxanaların yerləşdirilməsi qadağan edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Mülki Məcəllənin 180.2-ci maddəsinə görə özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İmişli rayonunun Sarıxanlı kəndi ərazisindən keçən “Osmanov” kanalının 10 metrlik mühafizə zonasında inşa edilmiş, hazırda Cavabdeh istifadəsində olan qanunsuz tikililər çəkilən xərclərin əvəzi ödənilmədən Cavabdeh öz hesabına sökülməli, kanala yerləşdirilmiş borular çıxarılmalı, kanal və onun mühafizə zonası əvvəlki vəziyyətinə bərpa edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. İmişli rayonunun Sarıxanlı kəndi ərazisindən keçən “Osmanov” kanalının 10 metrlik mühafizə zonasında inşa edilmiş, hazırda Cavabdeh istifadəsində olan qanunsuz tikililər çəkilən xərclərin əvəzi ödənilmədən Cavabdeh öz hesabına sökülsün, qeyd olunan kanala yerləşdirilmiş borular çıxarılsın, kanal və onun mühafizə zonası əvvəlki vəziyyətinə bərpa edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar