Məhkəmə qərarları › İş №2(036)-997/2024

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-997/2024

11.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-997/2024 11.06.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki mübahisə (açar sözlər: borcun silinməsi) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı cavabdeh tərəfindən tərtib edilmiş 13 dekabr 2021-ci il tarixli ******* nömrəli akta görə qanunsuz hesablanmış 1276,70 manat borcun silinməsi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki mübahisənin mahiyyəti

1. İddiaçı cavabdehə qarşı cavabdeh tərəfindən tərtib edilmiş 13 dekabr 2021-ci il tarixli ******* nömrəli aktın etibarsız hesab edilməsi və akta görə qanunsuz hesablanmış borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Azəriqaz" X1 X2 İdarəsi İmişli sahəsindən iddiaçıya demişlər ki, iddiaçının evində qaza 1200 manat borcu vardır. Qaz idarəsinə gedib borcun səbəbini soruşduqda iddiaçıya 13 dekabr 2021-ci il tarixli ******* nömrəli aktı, tələbnaməni, saldonu vermişlər. Həmin aktda göstərilir kı, sayğacdan kənar qeyri-qanuni rezin boru ilə qazdan istifadə edir. Həmin tarixdə axşam vaxtı sayğac xarab olmuş, gecə olduğu üçün iddiaçı Qaz idarəsinə gedib məlumat verə bilməmişdir. Bundan sonra qərar gəlmişdir ki, evdə uşaq və xəstə olduğu üçün həmin axşam müvəqqəti o formada qazdan istidafə etmişdir, səhər gedib Qaz İdarəsinə məlumat verər gəlib düzəldərlər. Lakin, elə həmin axşamda qaz idarəsinin işçiləri gəlib həmin kənar xətti tutmuşlar. Bundan sonra gedib idarələrində akt tərtib etmişlər. İddiaçı həmin aktla razı deyildir, çünki çox yüksək məbləğdə cərimə hesablamışlar. İddiaçı hər ay təxminən 50 manata yaxın qaz istifadə edir. Belə olan halda Qaz idarəsi iddiaçının aylıq sərfiyatına uyğun olaraq cərimə hesablamalı idi. İddiaçı mütəmadi olaraq qaz pulunu ödəyir, nəzarətçi də bunu yoxlayır. Qaz idarəsi işçilərinin həmin hərəkətləri bir istehlakçı kimi hüquqlarını pozur.

3. Sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəylə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib edilmiş 13 dekabr 2021-ci il tarixli ******* nömrəli aktın etibarsız hesab edilməsi və akta görə qanunsuz hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

4. İmişli Rayon Məhkəməsinin 11 iyun 2024-cü il tarixli 2(036)-997/2024 saylı qərardadı ilə iddianın, cavabdeh tərəfindən tərtib edilmiş 13 dekabr 2021-ci il tarixli ******* nömrəli aktın etibarsız hesab edilməsi hissəsində iş üzrə icraata xitam verilmişdir.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

6. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

8. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

10. “Qaz təchizatı haqqında” Qanun: 13-cü maddəsinə əsasən qaz paylayıcısı müqavilə əsasında istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını və ötürülməsini təşkil etməlidir. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir.

11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»: 6.5-ci bəndinin xx.xx.2023-cü il tarixədək qüvvədə olan məzmununa əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

13. İşin müəyyən edilən halları ondan ibarətdir ki, iddiaçının yaşadığı İmişli rayonu, Şahverdili kəndində yerləşən evində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılarkən sayğacdan kənar qeyri-qanuni rezin boru ilə qazdan istifadə edilməsi aşkar olunduğundan cavabdehin əməkdaşları tərəfindən 13 dekabr 2021-ci il tarixli ******* nömrəli akt tərtib olunmuş və iddiaçıya 1276,70 manat əlavə borc hesablanmışdır.

14. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir.

15. Hazırkı iddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Baxılan mübahisə üzrə iddiaçı üzərinə düşən sübutetmə yükü hesablanmış borcun qanunsuz olması, cavabdehin üzərinə düşən sübutetmə yükü isə iddiaçının sayğacdan kənar qeyri-qanuni rezin boru ilə qazdan istifadə edilməsi halı sübut edilməlidir. Bu zaman həm də nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə görə, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.

16. Həm iddia ərizəsində, həm də məhkəmə iclasında iştirak edən iddiaçı izahatında sayğacdan kənar qeyri-qanuni rezin boru ilə qazdan istifadə etdiyini etiraf etmişdir.

17. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına dair göstərilən yanaşma baxımından məhkəmə hesab edir ki, iddiaçının sayğacdan kənar qeyri-qanuni rezin boru ilə qazdan istifadə etdiyini sübut etməsi yükü cavabdehin üzərinə düşür, iddiaçı həmin halı etiraf etdiyi üçün isə əks tərəfi sübut etmə vəzifəsindən azad edir.

18. Özünün birbaşa etirafı ilə müəyyən olunur ki, iddiaçı sayğacdan kənar qeyriqanuni rezin boru ilə qazdan istifadə etmişdir. Odur ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir.

19. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia rədd edilməlidir.

VI. Nəticə:

20. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı Cavabdehnə qarşı cavabdeh tərəfindən tərtib edilmiş 13 dekabr 2021-ci il tarixli ******* nömrəli akta görə qanunsuz hesablanmış 1276,70 manat borcun silinməsi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar