Məhkəmə qərarları › İş №2(037)-1111/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1111/2023

20.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1111/2023 20.11.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımova Elnarə Ayyət qızının katibliyi ilə İddiaçı iştirakı ilə İddiaçı cavabdeh “Azəriqaz" İstehsalat Birliyinə qarşı debitor borcun silinməsi və qaz sayağacının dəyərinin ödənilməsi öhdəliyində azad olunması tələbinə dair mülki işə 20 noyabr 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) tərəfindən **********00370 nömrəli abonent koduna vurulmuş 12960 kub metr təbii qazın dəyəri 1555,2 (Bir min beş yüz əlli beş manat, iyirmi qəpik) manat debitor borcun silinməsi və dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsi öhdəliyindən azad olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək göstərdi ki, Cavabdeh İB-nin tabeçiliyində olan X2 İstismar İdarəsinin əməkdaşları tərəfindən 05 aprel 2023-cü il tarixdə onun yaşadığı evin qaz xəttinə qoşulmuş istismarda olan G-4T markalı ******* nömrəli sayğaca baxış keçirilmiş, qaz sayğacı dövlət yoxlanılmasına göndərmək məqsədi ilə həmin tarixdə “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli akt tərtib edilərək götürülmüş, əvəzində yeni sayğac quraşdırılmışdır. O, tərtib olunmuş aktı imzalamışdır. Bir müddət sonra cavabdeh tərəfindən ona bildirilmişdir ki, ******* nömrəli sayğac İnformasiya Texnologiyaları və Rabitə İdarəsində Dövlət Yoxlamasından keçirilmiş və verilmiş rəydə hesablama mexanizminin qoruyucu qapağı üst hissədən gövdədən aralanıb, sayğacın hesablama mexanizminin iş prinsipinə maneə törədilməsinin mümkünlüyü və qaz itkisinin yarandığı qeyd edilmişdir. Ona görə də xx.xx.2023-cü il tarixdə “Təbii X1nın pozulması haqqında” tərtib olunmuş ******* nömrəli akt əsasında həmin tarixdə dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib edilərək 12960 kub metr itirilmiş təbii qaz onun hesabına işlənmiş, həmin miqdarda təbii qazın və dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsi ondan tələb edilmişdir. Tərtib olunmuş aktı imzalamaqdan imtina etmişdir. Hesab edir ki, Cavabdeh İB tərəfindən itirilmiş təbii qaz və dəyəri əsassız olaraq onun hesabına işlənmişdir. O və ailə üzvləri tərəfindən qaz sayğacına heç bir müdaxilə olunmamış və sayğacın zədələnməsi barədə heç bir məlumatı yoxdur. Qaz İstismar İdarəsinin nəzarətçisi tərəfindən onun yaşadığı evin qaz xəttinə qoşulmuş sayğaca ən geci ayda bir dəfə baxış keçirilir, qaz sərfiyyatı barədə ona bildiriş təqdim edilir. Sayğacda hər hansı zədə, əzik olsaydı, nəzarətçi həmin qüsuru dərhal aşkar edərdi. Bundan əlavə qaz sayğacı evdən kənarda, həyət qapısından çöldə yerləşdiyi üçün sayğacın işçi vəziyyətinə nəzarət etməsi mümkün deyildir. İddia tələbinin təmin olunaraq abonent koduna vurulmuş 1555,2 (Bir min beş yüz əlli beş manat, iyirmi qəpik) manat debitor borcun silinməsini və qaz sayğacının dəyərinin ödənilməsidən azad olunmasını xahiş edir. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək işə iştirakı olmadan baxılaraq iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. İşə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması qərara alınmışdır. Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilən “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli aktın surətindən müəyyən edilir ki, həmin təşkilatın əməkdaşları tərəfindən 05 aprel 2023-cü il tarixdə iddiaçının İsmayıllı şəhəri Qəzli kəndində yerləşən fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərək təbii X1na riayət olunması vəziyyəti yoxlanılmışdır. Qaz sayğacı növbədənkənar dövlət yoxlamasına göndərilməsi üçün çıxarılmışdır. Tərtib olunmuş aktı iddiaçı imzalamışdır. Cavabdeh İB-nin “Təbii X1nın pozulması haqqında” 28 aprel 2023-cü il tarixli ******* nömrəli aktın surətindən müəyyən edilir ki, abonentin istifadəsində 1 ədəd PQ-4 tipli qaz piltəsi, bir ədəd raidator vardır. Dəymiş ziyanın hesablanması tələb olumuşdur. Tərtib olunmuş aktı iddiaçı imzalamaqdan imtina etmişdir. Cavabdeh İB-nin X2 İstismar İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş və həmin İdarənin rəisi tərəfindən təsdiq edilmiş 28 aprel 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, tələbnamədə sayğacın hesablama mexanizminin qoruyucu qapağı üst hissədən gövdədən aralanıb, sayğacın hesablama mexanizminin iş prinsipinə maneə törədilməsinin mümkünlüyü və qaz itkisinin yarandığı qeyd edilmişdir. Qaz xəttində itirilmiş təbii qazın miqdarı hesablanaraq 12960 (on iki min doqquz yüz altmış) kub metr müəyyən edilmiş və həmçinin iddiaçı tərəfindən sayğacın dəyərinin ödənilməsinin təmin edilməsi göstərilmişdir. 12 sentyabr 2023-cü il tarixli abonentin saldosundan görünür ki, 2023-cü ilin aprel ayının sonuna iddiaçının **********00370 nömrəli abonent koduna 1555,2 (Bir min beş yüz əlli beş manat, iyirmi qəpik) manat borc vurulmuşdur. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırılması ilə müəyyən edildi ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən 05 aprel 2023-cü il tarixdə iddiaçının fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərək təbii X1na riayət olunması vəziyyəti yoxlanılmışdır. Yoxlamanın nəticələrinə dair tərtib edilən akta əsasən iddiaçının adına olan sayğac növbədənkənar dövlət yoxlamasına göndərilməsi üçün çıxarılmış, əvəzində isə yeni sayğac quraşdırılmışdır. Tərtib olunmuş aktı iddiaçı imzalamışdır. İddiaçının yaşadığı evin qaz xəttindən açılmış ******* nömrəli sayğacda nöqsan aşkar olunduğundan abonentin istifadə etdiyi qaz avadanlıqları və onların parametrlərinə dair 28 aprel 2023-cü il tarixli ******* nömrəli “Təbii X1nın pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə Cavabdeh İB-nın Ağsu RQİİ-nə göndərilmişdir. Tərtib olunmuş aktı iddiaçı imzalamaqdan imtina etmişdir. Cavabdeh İB-nin X2 İstismar İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş və həmin İdarənin rəisi tərəfindən təsdiq edilmiş 28 aprel 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən iddiaçının yaşadığı evin qaz xəttində itirilmiş təbii qazın miqdarı hesablanaraq 12960 (on iki min doqquz yüz altmış) kub metr təbii qazın dəyəri 1555,2 (Bir min beş yüz əlli beş manat, iyirmi qəpik) manat debitor borcun silinməsi və dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsi öhdəliyindən azad olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehin nümayəndəsi ərizə göndərərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. “X1”nın 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Həmin Qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə cavabdehin nümayəndəsinin etiraz mülahizələrində göstərdiyi xüsusatlara münasibət bildirərək qeyd edir ki, iddiaçının yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış ******* nömrəli sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən məqsədli olaraq müdaxilə edildiyi barədə cavabdeh tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bundan əlavə qaz sayğacı evdən kənarda, həyət qapısından çöldə yerləşdirildiyindən hazırki işin faktiki hallarına əsasən iddiaçının yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış sayğacın işçi vəziyyətdə saxlanılmasına nəzarət etmək imkanının olmadığından, habelə həmin sayğaca cavabdehin tabeçiliyində olan təşkilatın müvafiq səlahiyyətlərə malik əməkdaşları tərəfindən vaxtaşırı baxış keçirildiyindən məhkəmə hesab edir ki, sayğacda olan zədələnmə, qüsur və ya digər nasazlığa görə iddiaçı məsuliyyət daşımır. Eyni zamanda, sayğaca cavabdeh təşkilatın müvafiq səlahiyyətli əməkdaşları tərəfindən müntəzəm olaraq (ən azı ayda bir dəfə) baxış keçirildiyi halda, sayğacda hər hansı zədələnmə, qüsur və ya digər nasazlıq, hətta müdaxilə olsa belə qısa müddət ərzində 12960 kub metr miqdarında, yəni 1555,2 (Bir min beş yüz əlli beş manat, iyirmi qəpik) manat dəyərində təbii qazın sərf olunması da inandırıcı deyildir. Ona görə də məhkəmə hesab edir ki, itirilmiş həmin təbii qazın istehlakçının hesabına işlənməsi və ondan həmin təbii qazın dəyəri olaraq hər hansı məbləğdə debitor borcun tələb edilməsi əsassızdır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh İB tərəfindən İddiaçı **********00370 nömrəli abonent koduna vurulmuş 12960 kub metr təbii qazın dəyəri 1555,2 (Bir min beş yüz əlli beş manat, iyirmi qəpik) manat debitor borcun silinməsi və qaz sayğacının dəyərinin ödənilməsindən azad olunması barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Cavabdeh 35 (otuz beş) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı **********00370 nömrəli abonent koduna vurulmuş 12960 kub metr təbii qazın dəyəri 1555,2 (Bir min beş yüz əlli beş manat, iyirmi qəpik) manat debitor borc məbləği silinsin. İddiaçı dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsindən azad olunsun. Cavabdehndən 35 (otuz beş) manat dövlət rüsumu məbləği alınaraq dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar