Məhkəmə qərarları › İş №2(037)-1167/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1167/2023

01.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1167/2023 01.12.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə İddiaçı Cavabdehnə qarşı borcun silinməsi və dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsindən azad olunması tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) tərəfindən **********04490 nömrəli abonent koduna işlənmiş 1440 kub metr təbii qazın dəyəri 172 (bir yüz yetmiş iki) manat 80 (səksən) qəpik və 958 kub metr itirilmiş təbii qazın dəyəri olan 114 (yüz on dörd) manat 96 (doxsan altı) qəpik borcun silinməsi və dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsi öhdəliyindən azad olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək işə iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə iddiaçının iştirakı olmadan baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh tabeçiliyində olan X2 İstismar İdarəsinin əməkdaşları tərəfindən onun yaşadığı evin qaz xəttinə qoşulmuş istismarda olan G-4 markalı ******* nömrəli sayğaca baxış keçirilmiş, qaz sayğacı dövlət yoxlanılmasına göndərmək məqsədi ilə həmin tarixdə qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akt tərtib edilərək götürülmüş, əvəzində yeni sayğac quraşdırılmışdır. Tərtib olunmuş aktı imzalamamışdır. Bir müddət sonra cavabdeh təşkilatın əməkdaşları tərəfindən bildirilmişdir ki, ******* nömrəli sayğac İnformasiya Texnologiyaları və Rabitə İdarəsində Dövlət Yoxlamasından keçirilmiş və verilmiş rəydə sayğacın zavod seriya nömrəsi yazılmış lövhənin yararsız vəziyyətdə olduğu, hesablama mexanizminin minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmədiyi göstərilmişdir. Ona görə də 30 dekabr 2022-ci il tarixdə “təbii X1nın pozulması haqqında” tərtib olunmuş ******* nömrəli akt əsasında həmin tarixdə dəymiş ziyanın bərpasına dair tələbnamə qəbul edilərək 1440 kub. metr itirilmiş təbii qaz onun hesabına işlənmiş, həmin miqdarda təbii qazın və dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsi ondan tələb edilmişdir. “Təbii X1nın pozulması haqqında” tərtib olunmuş aktı imzalamamışdır. Bundan başqa 18 sentyabr 2023-cü il tarixdə abonentin saldosunu əldə etdikdən sonra ona məlum olmuşdur ki, 2023-cü ilin aprel ayının sonuna **********04490 saylı abonent koduna 958 kub metr itirilmiş qaz və onun dəyəri olan 114,96 manat borc vurulmuşdur. Bununla bağlı aidiyyatı üzrə cavabdeh təşkilata müraciət edərək həmin borcun hansı əsasla onun abonent koduna vurulmağına dair sənəd tələb etsə də bu barədə ona rəsmi sənəd (aktlar, tələbnamə) təqdim olunmamış, həmin məbləğin uçotu pozulmuş qaz sərfinin bərpası olduğu bildirilmişdir. Hesab edir ki, cavabdeh təşkilat tərəfindən itirilmiş təbii qaz və dəyərləri əsassız olaraq onun hesabına işlənmişdir. O və ailə üzvləri tərəfindən qaz sayğacına heç bir müdaxilə olunmamış və sayğacın zədələnməsi barədə heç bir məlumatı yoxdur. Qaz İstismar İdarəsinin nəzarətçisi tərəfindən yaşadığı evin qaz xəttinə qoşulmuş sayğaca ən geci ayda bir dəfə baxış keçirilir, qaz sərfiyyatı barədə ona bildiriş təqdim edilir. Sayğacda hər hansi zədə, əzik olsaydı, nəzarətçi həmin qüsuru dərhal aşkar edərdi. Bundan əlavə qaz sayğacı evdən kənarda, həyət qapısından çöldə yerləşdiyi üçün sayğacın işçi vəziyyətinə nəzarət etməsi mümkün deyildir. Bundan başqa qanunvericiliyin tələbinə görə qaz sayğacının quraşdırılmasınin və dəyişdirilməsinin qaz paylayıcısı tərəfindən həyata keçirilməsi nəzərdə tutulduğundan dəyişdirilmiş sayğacın dəyərinin ondan tələb edilməsini də əsasız hesab edir. Cavabdeh təşkilat tərəfindən hesabına vurulmuş 172,8 manat və 114,96 manat borcun silinməsi və dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsindən azad olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək İddiaçı 114,96 manatın silinməsi tələbinə əlavə olaraq bildirmişdir ki, ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin (Ölçmələrə dair tələblər) 5-ci hissəsinə əsasən, ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan ölçmələrin siyahısı, həmin ölçmələrə dair məcburi metroloji tələblər, o cümlədən dəqiqlik göstəriciləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməlidir. Ölçmə vasitəsi olan qaz sayğacında qəbul edilən xəta norması, eləcə də sayğacların dövrü yoxlama müddəti müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (Xidmət) tərəfindən müəyyən edilir. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş "X1"nın (Qaydaların) 4.3-cü bəndinə görə qaz sayğacları Xidmətin müəyyən etdiyi dövlət standartlarının tələblərinə uyğun olaraq dövlət yoxlamasından keçirilir. Bu məqsədlə, qaz sayğacı dövlət yoxlamasına göndərilməsi üçün çıxarılmış və yeni qaz sayğacı ilə əvəz edilmişdir. Çıxarılan qaz sayğacı "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununun 12.3-cü maddəsinə əsasən dövlət yoxlayıcısının Xidmətin nümayəndəsinin nəzarəti altında "Azəriqaz” İB-nin Metrologiya Departamentində dövlət yoxlamasından keçirilmiş və sayğac göstəricilərinin xətasının normadan artıq olduğu barədə rəy verilmişdir. Bu səbəbdən uçota alınmayan qaz həcmi müəyyənləşdirilmişdir. Eyni zamanda, dövlət yoxlanılması zamanı normadan artıq xətaya yol verilməsi halları aşkar olunarsa, bu zaman sayğac üzrə uçota alınmayan qaz həcminin qaz paylayıcısı tərəfindən hesablanması "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbayca Respublikasının Qanununun tələblərinə uyğundur. Analoji yanaşma "Elektrik enerjisindən istifadə Qaydaları"nda, eləcə də "Sudan istifadə Qaydaları"nda da mövcuddur. Qeyd olunanlara əsasən iddiaçının abonent koduna vurulmuş 172,8 manat cərimə borcunun və 114,96 manat uçotu pozulmuş təbii qazın dəyərinin silinməsi tələbinə dair iddianın təmin edilməməsini və işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. İşə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması qərara alınmışdır. Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilən “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli aktın surətindən müəyyən edilir ki, həmin təşkilatın əməkdaşları tərəfindən 04 avqust 2022-ci il tarixdə iddiaçının İsmayıllı rayonun Talıstan kəndində yerləşən fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərək təbii X1na riayət olunması vəziyyəti yoxlanılmışdır. Qaz saygacı növbədənkənar dövlət yoxlamasına göndərilməsi üçün çıxarılmışdır. İddiaçı tərtib olunmuş aktı imzalamamışdır. Cavabdeh İB-nin Qaz sayğacları üzrə texniki sənədləşdirmə və qeydiyyat şöbəsinin rəisi tərəfindən təsdiq edilmiş MSK 29/1710-04547-1 nömrəli aktın surətindən görünür ki, iddiaçının yaşadığı evin qaz xəttinə quraşdırılmış ******* nömrəli sayğaca 27 dekabr 2022ci il tarixdə İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənayə və məişət qaz sayğacların kalibrləmə laboratoriyasında baxış keçirilərkən sayğacın zavod seriya nömrəsi yazılmış lövhənin yararsız vəziyyətdə olduğu, hesablama mexanizminin minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmədiyi aşkar edilmişdir. Cavabdeh İB-nin “Təbii X1nın pozulması haqqında” 30 dekabr 2022-ci il tarixli ******* nömrəli aktın surətindən müəyyən edilir ki, abonentin istifadəsində 1 ədəd PQ-4 tipli qaz piltəsi, 1 ədəd radiator vardır. Dəymiş ziyanın hesablanması tələb olumuşdur. Tərtib olunmuş aktı iddiaçı imzalamamışdır. Cavabdeh İB-nin X2 İstismar İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş və həmin İdarənin rəisi tərəfindən təsdiq edilmiş 30 dekabr 2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, tələbnamədə sayğacın zavod seriya nömrəsi yazılmış lövhənin yararsız vəziyyətdə olduğu, hesablama mexanizminin minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmədiyi qeyd edilmişdir. Qaz xəttində itirilmiş təbii qazın miqdarı hesablanaraq 1440 kub metr müəyyən edilmiş və həmçinin iddiaçı tərəfindən sayğacın dəyərinin ödənilməsinin təmin edilməsi göstərilmişdir. 18 sentyabr 2023-cü il tarixli abonentin saldosundan görünür ki, iddiaçının **********04490 nömrəli abonent koduna 2022-ci ilin dekabr ayının sonuna 172,8 manat və 2023-cü ilin aprel ayının sonuna 114,96 manat borc vurulmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən 04 avqust 2022-ci il tarixdə iddiaçının fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərək təbii X1na riayət olunması vəziyyəti yoxlanılmışdır. Yoxlamanın nəticələrinə dair tərtib edilən həmin tarixli ******* nömrəli akta əsasən ******* nömrəli sayğac növbədənkənar dövlət yoxlamasına göndərilməsi üçün çıxarılmış, əvəzində isə yeni sayğac quraşdırılmışdır. İddiaçı bu barədə tərtib olunmuş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli aktı imzalamışdır. İddiaçının yaşadığı evin qaz xəttindən açılmış ******* nömrəli sayğacda nöqsan aşkar olunduğundan abonentin istifadə etdiyi qaz avadanlıqları və onların parametrlərinə dair 30 dekabr 2022-ci il tarixli ******* nömrəli “Təbii X1nın pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə Cavabdeh İB-nın Ağsu RQİİ-nə göndərilmişdir. Tərtib olunmuş aktı iddiaçı imzalamamışdır. Cavabdeh İB-nin X2 İstismar İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş və həmin İdarənin rəisi tərəfindən təsdiq edilmiş 30 dekabr 2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədə sayğacın zavod seriya nömrəsi yazılmış lövhənin yararsız vəziyyətdə olduğu, hesablama mexanizminin minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmədiyi göstərilmiş və həmin tələbnaməyə əsasən iddiaçının yaşadığı evin qaz xəttində itirilmiş təbii qazın miqdarı hesablanaraq 1440 kub metr müəyyən edilmişdir. Həmin miqdarda təbii qazın və dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsi iddiaçıdan tələb olunmuşdur. İddiaçı cavabdeh tərəfindən hesabına işlənmiş 172,8 manat və 114,96 manat borcun silinməsi və dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsindən azad olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehin nümayəndəsi iddia tələbinin təmin olunmaması barədə qərar qəbul olunmasını xahiş etmişdir. “X1”nın 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Həmin Qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Məhkəmə iddia tələbinin 1440 kub metr təbii qazın dəyəri 172,8 manat borcun silinməsinə və dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsindən azad olunmasına dair hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçının yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış ******* nömrəli sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən məqsədli olaraq müdaxilə edildiyi barədə cavabdeh tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bundan əlavə qaz sayğacı evdən kənarda, həyət qapısından çöldə yerləşdirildiyindən hazırki işin faktiki hallarına əsasən iddiaçının yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış sayğacın işçi vəziyyətdə saxlanılmasına nəzarət etmək imkanının olmadığından, habelə həmin sayğaca cavabdehin tabeçiliyində olan təşkilatın müvafiq səlahiyyətlərə malik əməkdaşları tərəfindən vaxtaşırı baxış keçirildiyindən məhkəmə hesab edir ki, sayğacda olan zədələnmə, qüsur və ya digər nasazlığa görə iddiaçı məsuliyyət daşımır. Sayğaca cavabdeh təşkilatın müvafiq səlahiyyətli əməkdaşları tərəfindən müntəzəm olaraq (ən azı ayda bir dəfə) baxış keçirildiyi halda, sayğacda hər hansı zədələnmə, qüsur və ya digər nasazlıq, hətta müdaxilə olsa belə qısa müddət ərzində 1440 kub metr miqdarında, yəni 172,8 manat dəyərində təbii qazın sərf olunması da inandırıcı deyildir. Bundan başqa qanunvericiliyin tələbinə görə qaz sayğacının quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı tərəfindən həyata keçirilir. Ona görə də məhkəmə hesab edir ki, itirilmiş təbii qazın istehlakçının hesabına işlənməsi, ondan həmin təbii qazın dəyəri olaraq hər hansı məbləğdə borcun və qaz sayğacının dəyərinin tələb edilməsi əsassızdır. Məhkəmə iddia tələbinin 958 kub metr təbii qazın dəyəri 114,96 manat borcun silinməsinə dair hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı həmin borcun **********04490 nömrəli abonent koduna cərimə kimi vurulmasını təsdiq edən və həmin məbləğin cavabdehin təqsiri üzündən yarandığına dair sübutları məhkəməyə təqdim etməmiş və bu halın cavabdehin təqsiri üzündən yaranması da məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh İB tərəfindən iddiaçının hesabına işlənmiş 1440 kub metr itirilmiş təbii qazın dəyəri 172,8 manat borcun silinməsi və iddiaçının dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsindən azad olunması barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məhkəməyə verilən iddia ərizəsinə görə 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, hazırki iş üzrə iddia tələbinin təmin edilmiş məbləği 172,8 manat olduğundan cavabdehdən həmin məbləğə uyğun olaraq 30 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı **********04490 nömrəli abonent koduna vurulmuş 1440 kub metr təbii qazın dəyəri 172 (bir yüz yetmiş iki) manat 80 (səksən) qəpik borc məbləği silinsin. İddiaçı dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsindən azad olunsun. Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu məbləği alınaraq dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar