Məhkəmə qərarları › İş №2(037)-1229/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1229/2023

25.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1229/2023 25.12.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi və dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsindən azad olunması tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) tərəfindən **********00100 nömrəli abonent koduna işlənmiş 1531 kub metr təbii qazın dəyəri 306 (üç yüz altı) manat 20 (iyirmi) qəpik borcun silinməsi və dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsindən azad olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, yaşadığı evin qaz xəttinə qoşulmuş sayğac əri Həbib Ddaaşovun adına qeydə alınmışdır. Əri vəfat etdikdən sonra sayğacı öz adına rəsmiləşdirmişdir. 2023-cü ilin sentyabr ayında bildiriş təqdim olunanda 306,2 manat məbləğində borcun olduğunu görmüş və bu barədə maraqlandıqda həmin məbləğin 2017-ci ildə açılaraq götürülmüş sayğaca görə yazılmış cərimə olduğunu bildirmişlər. X2 İdarəsinin İsmayıllı Xidmət Sahəsinə müraciət etmiş, əldə etdiyi sənədlərdən ona məlum olmuşdur ki, 29 aprel 2017-ci il tarixdə Cavabdeh tabeçiliyində olan X3 İstismar İdarəsinin əməkdaşları tərəfindən onun yaşadığı evin qaz xəttinə qoşulmuş istismarda olan G-4 markalı ******* nömrəli sayğaca baxış keçirilmiş, qaz sayğacı dövlət yoxlanılmasına göndərmək məqsədi ilə həmin tarixdə qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akt tərtib edilərək götürülmüş, əvəzində yeni sayğac quraşdırılmışdır. Əldə etdiyi aktın surətində qeyd olunmuşdur ki, onların qaz sayğacına 08 dekabr 2017-ci il tarixdə laboratoriyada baxış keçirilərkən guya kənar təsir nəticəsində sayğacın plastmas qapağı gövdədən aralamış və mexaniki zərbə nəticəsində sayğacın ekranı sınmışdır. 22 dekabr 2017-ci il tarixdə “təbii X1nın pozulması haqqında” tərtib olunmuş ******* nömrəli akt əsasında 27 dekabr 2017-ci il tarixdə qərar qəbul edilərək 1531 kub. metr itirilmiş təbii qaz hesablarına işlənmiş, həmin miqdarda təbii qazın və dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsi tələb edilmişdir. Sayğac açılıb götürülərkən onların iştirakı təmin olunmamış, yoxlamanın nəticəsi barədə onlara şifahi və rəsmi məlumat verilməmişdir. Tərtib olunmuş sənədləri imzalamamışlar. Ötən illər ərzində istifadə etdiyi qazın dəyərini mütəmadi olaraq ödəmişlər. Həmin məbləğin də qaz pulu borcu olduğunu zənn edərək ödənişlər aparmışdır. Əri vəfat etdikdən sonra bir müddət hüzür mərasimlərinə başım qarışmış, təqdim olunmuş bildirişlərdə qaz sərfiyyatının məbləği ilə maraqlana bilməmişdir. Məbləğin cərimə olduğunu bildikdən sonra müraciət edərək müvafiq sənədləri almışdır. Hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün iddia müddətini ötürməmişdir. Hesab edir ki, cavabdeh təşkilat tərəfindən itirilmiş təbii qaz və dəyəri əsassız olaraq onun hesabına işlənmişdir. O və ailə üzvləri tərəfindən qaz sayğacına heç bir müdaxilə olunmamış və sayğacın zədələnməsi barədə heç bir məlumatı yoxdur. Qaz İstismar İdarəsinin nəzarətçisi tərəfindən yaşadığı evin qaz xəttinə qoşulmuş sayğaca ən geci ayda bir dəfə baxış keçirilir, qaz sərfiyyatı barədə ona bildiriş təqdim edilir. Sayğacda hər hansi zədə, əzik olsaydı, nəzarətçi həmin qüsuru dərhal aşkar edərdi. Bundan əlavə qaz sayğacı evdən kənarda, həyət qapısından çöldə yerləşdiyi üçün sayğacın işçi vəziyyətinə nəzarət etməsi mümkün deyildir. Bundan başqa qanunvericiliyin tələbinə görə qaz sayğacının quraşdırılmasınin və dəyişdirilməsinin qaz paylayıcısı tərəfindən həyata keçirilməsi nəzərdə tutulduğundan dəyişdirilmiş sayğacın dəyərinin ondan tələb edilməsini də əsasız hesab edir. Cavabdeh təşkilat tərəfindən hesabına vurulmuş 306,2 manat borcun silinməsi və dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsindən azad olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini və iddiaçının iddia müddətini ötürdüyünü bildirmiş, iddia müddəti tətbiq olunaraq iddiadan imtina edilməsi və sənədlərin iddiaçıya geri qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması qərara alınmışdır. Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilən “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli aktın surətindən müəyyən edilir ki, həmin təşkilatın əməkdaşları tərəfindən 29 aprel 2017-ci il tarixdə iddiaçının İsmayıllı şəhəri M.Orucov küçəsində yerləşən fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərək təbii X1na riayət olunması vəziyyəti yoxlanılmışdır. Qaz saygacı növbədənkənar dövlət yoxlamasına göndərilməsi üçün çıxarılmışdır. Cavabdeh İB-nin Qaz sayğacları üzrə texniki sənədləşdirmə və qeydiyyat şöbəsinin rəisi tərəfindən təsdiq edilmiş MSK 29/1710-01495-1 nömrəli aktın surətindən görünür ki, iddiaçının yaşadığı evin qaz xəttinə quraşdırılmış ******* nömrəli sayğaca 08 dekabr 2017ci il tarixdə İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənayə və məişət qaz sayğacların kalibrləmə laboratoriyasında baxış keçirilərkən kənar təsir nəticəsində sayğacın plastmas qapağının gövdədən aralandığı və mexaniki zərbə nəticəsində sayğacın ekranın sındığı aşkar edilmişdir. Cavabdeh İB-nin “Təbii X1nın pozulması haqqında” 22 dekabr 2017-ci il tarixli ******* nömrəli aktın surətindən müəyyən edilir ki, abonentin istifadəsində 1 ədəd PQ-4 tipli qaz piltəsi, 1 ədəd radiator və 1 ədəd 80 litrlik QSSQ vardır. Dəymiş ziyanın hesablanması tələb olumuşdur. Tərtib olunmuş aktı iddiaçı imzalamamışdır. Cavabdeh İB-nin X3 İstismar İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş və həmin İdarənin rəisi tərəfindən təsdiq edilmiş 27 dekabr 2017-ci il tarixli qərarın surətindən görünür ki, iddiaçının yaşadığı evin qaz xəttində itirilmiş təbii qazın miqdarı hesablanaraq 1531 kub metr müəyyən edilmiş və həmçinin iddiaçı tərəfindən sayğacın dəyərinin ödənilməsinin təmin edilməsi göstərilmişdir. 02 oktyabr 2023-cü il tarixli abonentin saldosundan görünür ki, 2017-ci ilin dekabr ayının sonuna iddiaçının **********00100 nömrəli abonent koduna 306,2 manat borc vurulmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən 29 aprel 2017-ci il tarixdə iddiaçının fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərək təbii X1na riayət olunması vəziyyəti yoxlanılmışdır. Yoxlamanın nəticələrinə dair tərtib edilən həmin tarixli ******* nömrəli akta əsasən ******* nömrəli sayğac növbədənkənar dövlət yoxlamasına göndərilməsi üçün çıxarılmış, əvəzində isə yeni sayğac quraşdırılmışdır. İddiaçı bu barədə tərtib olunmuş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli aktı imzalamamışdır. İddiaçının yaşadığı evin qaz xəttindən açılmış ******* nömrəli sayğacda nöqsan aşkar olunduğundan abonentin istifadə etdiyi qaz avadanlıqları və onların parametrlərinə dair 22 dekabr 2017-ci il tarixli ******* nömrəli “Təbii X1nın pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə Cavabdeh İB-nın Ağsu RQİİ-nə göndərilmişdir. Tərtib olunmuş aktı iddiaçı imzalamamışdır. Cavabdeh İB-nin X3 İstismar İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş və həmin İdarənin rəisi tərəfindən təsdiq edilmiş 27 dekabr 2017-ci il tarixli qərarda kənar təsir nəticəsində sayğacın plastmas qapağının gövdədən aralandığı və mexaniki zərbə nəticəsində sayğacın ekranın sındığı göstərilmiş və həmin tələbnaməyə əsasən iddiaçının yaşadığı evin qaz xəttində itirilmiş təbii qazın miqdarı hesablanaraq 1531 kub metr müəyyən edilmişdir. Həmin miqdarda təbii qazın və dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsi iddiaçıdan tələb olunmuşdur. İddiaçı tərtib olunmuş sənədlərin surətlərinin ona verilmədiyini və sonradan da ünvanına göndərilmədiyini bildirir. Bu barədə tərtib olunmuş sənədlərin iddiaçının ünvanına göndərilməsini və yaxudda həmin sənədlərin iddiaçıya verilməsini təsdiq edən sübutlar da iş materiallarında yoxdur. İddiaçı iddia müddətini ötürmədiyini, qanunla müəyyən olunmuş müddət ərzində məhkəməyə müraciət etdiyini göstərərək cavabdeh tərəfindən hesabına işlənmiş 306,2 manat borcun silinməsi və dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsindən azad olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehin nümayəndəsi iddia müddəti tətbiq olunmaqla iddia tələbinin təmin olunmaması barədə qərar qəbul olunmasını xahiş etmişdir. “X1”nın 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Həmin Qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Məhkəmə cavabdehin nümayəndəsinin iddia müddətinin tətbiq olunmasına dair ərizəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı hazırkı iddia tələbi ilə qanunla müəyyən olunmuş müddət ərzində məhkəməyə müraciət etmişdir. Belə ki, işin faktiki hallarından görünür ki, dəyişdirilmiş qaz sayğacı üzrə tərtib olunmuş sənədləri iddiaçı imzalamamış, sənədlər qanunla müəyyən olunmuş qaydada iddiaçıya təqdim olunmamışdır. Yoxlamanın nəticəsi barədə istehlakçıya şifahi və rəsmi məlumat verilməmişdir. İddiaçı abonent kodunda cərimə məbləğini gördükdən sonra 2023-cü ilin sentyabr ayında müraciət edərək müvafiq sənədləri əldə etmişdir. İddiaçı hüququnun pozulduğunu bundan sonra bilmiş və 11 oktyabr 2023-cü il tarixdə məhkəmədə iddia qaldırmışdır. Beləliklə hazırkı iddia müddətinin axımının iddiaçının öz hüququnun pozulduğunu bildiyi gündən başladığını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı iddia vermək üçün qanunla müəyyən olunmuş müddətdə məhkəməyə müraciət etmiş və müddəti ötürməmişdir. Məhkəmə 1531 kub metr təbii qazın dəyəri olan 306,2 manat borcun silinməsinə dair iddia tələbinə münasibət bildirərək qeyd edir ki, cavabdeh həmin borcun **********00100 nömrəli abonent koduna cərimə kimi vurulmasını təsdiq edən və həmin məbləğin iddiaçının təqsiri üzündən yarandığına dair sübutları məhkəməyə təqdim etməmiş və bu halın iddiaçının təqsiri üzündən yaranması da məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh İB tərəfindən iddiaçının hesabına işlənmiş 1531 kub metr itirilmiş təbii qazın dəyəri 306,2 manat borcun silinməsi və iddiaçının dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsindən azad olunması barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məhkəməyə verilən iddia ərizəsinə görə 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, hazırki iş üzrə iddia tələbinin təmin edilmiş məbləği 306,2 manat olduğundan cavabdehdən həmin məbləğə uyğun olaraq 30 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı **********00100 nömrəli abonent koduna vurulmuş 1531 kub metr təbii qazın dəyəri 306 (üç yüz altı) manat 20 (iyirmi) qəpik borc məbləği silinsin. İddiaçı dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsindən azad olunsun. Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu məbləği alınaraq dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar