Məhkəmə qərarları › İş №2(037)-1253/2022

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1253/2022

03.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1253/2022 03.11.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə Ərizəçi1 İsmayıllı rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 03 noyabr 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Ərizəçilər Ərizəçi1, Əzizova (Muradova) Xuraman Məmmədrəhim qızı və Ərizəçi2 ərizə ilə müraciət edərək JN-483 Kod 40719028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının X3, X14 və onlara məxsus olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İsmayıllı rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli 2(037)-1253 nömrəli qərardadına əsasən ərizə Ərizəçi3 və Ərizəçi2 aid hissədə baxılmamış saxlanılmışdır. Ərizəçi1 izahat verərək göstərdi ki, ailə üzvləri ilə birgə mülkiyyətlərində olan torpaq sahəsi barədə tərtib olunmuş JN-483 Kod 40719028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında onun və qardaşının ata adları Məmmədrahim əvəzinə səhvən Məmmədrəhim, mülkiyyətçi X2 adı səhvən Məmmədrəhim, ata adı səhvən Abdultağı kimi qeyd olunmuşdur. X1 25 avqust 2007-ci il tarixdə vəfat etmişdir. JN-483 Kod 40719028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının onun və digər mülkiyyətçilərin ad və ata adlarında uyğunsuzluq olduğundan atasından miras qalan əmlaka dair hüquqlarından istifadə edə bilmir. Qeyd etdiyi səhvlərin düzəldilməsi ilə bağlı aidiyyatı orqana müraciət etmiş, həmin orqan tərəfindən səhvlərin düzəldilməsinin məhkəməyə qədər və məhkəmədən kənar mümkün olmadığı və məhkəməyə müraciət etməsi bildirilmişdir. Qeyd etdiklərinə əsasən JN-483 Kod 40719028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ona və ailə üzvlərinə məxsus olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı tərəf İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. X10 ifadə verərək göstərdi ki, ərizəçi onun qohumudur. Ailəsini yaxından tanıyır. Aparılan torpaq islahatları zamanı ərizəçinin və ailə üzvlərinin birgə mülkiyyətlərinə torpaq sahəsi verilmişdir. Bu barədə tərtib olunmuş “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında ərizəçinin və digər mülkiyyətçilərin ata adları səhv yazılmışdır. O, qeyd olunan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ərizəçiyə və ailə üzvlərinə məxsus olmasını təsdiq edir. X8 X10 ilə eyni məzmunlu ifadə verərək JN-483 Kod 40719028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ərizəçiyə və ailə üzvlərinə məxsus olmasını təsdiq etdi. XV-ЖГ 307510 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçiyə Ərizəçi1 adı ilə doğum haqqında şəhadətnamə verilmişdir. Şəhadətnamədə valideynləri X3 və X7 qeyd edilmişdir. AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsmayıllı rayon Polis Şöbəsi tərəfindən 25 sentyabr 2018-ci il tarixdə mülkiyyətçiyə Ərizəçi1 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AZE 04217305 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsmayıllı rayon Polis Şöbəsi tərəfindən 03 oktyabr 2005-ci il tarixdə mülkiyyətçiyə X17 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsmayıllı rayon Polis Şöbəsi tərəfindən 10 aprel 2018-ci il tarixdə mülkiyyətçiyə Ərizəçi2 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. Vİ- ЖГ 339815 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, mülkiyyətçiyə X6 adı ilə doğum haqqında şəhadətnamə verilmişdr. Vİİ-ЖГ 357042 nömrəli nikahın bağlanılması haqqında şəhadətnamənin surətindən görünür ki, X16 ilə X6 arasında 24 noyabr 1999-cu il tarixdə rəsmi nikah bağlanılmış, ərə Muradov, arvada Muradova soyadı verilmişdir. AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsmayıllı rayon Polis Şöbəsi tərəfindən 14 may 2015-ci il tarixdə mülkiyyətçiyə Ərizəçi3 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AZ-İ 238277 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, mülkiyyətçi X3 25 avqust 2007-ci il tarixdə vəfat etmişdir. İsmayıllı rayon Notariat Ofisi tərəfindən verilmiş 23 avqust 2022-ci il tarixli 837 nömrəli məktubun surətindən görünür ki, 25 avqust 2007-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi Ərizəçi1 müəyyən olunmuşdur. JN-483 Kod 40719028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, torpaq sahəsinə dair tərtib olunmuş həmin dövlət aktında mülkiyyətçilərin soyad, ad və ata adları X4, X17, X6, Ərizəçi2 Məmmədrəhim oğlu və Ərizəçi1 Məmmədrəhim oğlu kimi qeyd olunmuşdur. İsmayıllı RİHB-nın İsmayıllı şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 25 avqust 2022-ci il tarixli 2944 nömrəli arayışdan görünür ki, JN-483 Kod 40719028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında texniki səhv olaraq X5, Ərizəçi2 Məmmədrəhim oğlu və Ərizəçi1 Məmmədrəhim oğlu yazılmışdır. Doğum haqqında şəhadətnamələrə və şəxsiyyət vəsiqələrinə əsasən X3, Ərizəçi2 və Ərizəçi1 yazılmalıdır. Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 01 sentyabr 2022-ci il tarixli **********67 nömrəli məktubdan görünür ki, ərizəçi JN-483 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında olan ad və soyad səhvinin dəyişdirilərək qeydiyyata alınması ilə bağlı müraciət etmiş, hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ ona izah olunmuşdur. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, X3, X17, X6, Ərizəçi2 və Ərizəçi1 mülkiyyətində olan torpaq sahəsinə dair tərtib olunmuş JN-483 Kod 40719028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında mülkiyyətçi X2 adı səhvən Məmmədrəhim, ata adı səhvən Abdultağı, mülkiyyətçi Ərizəçi2 ata adı səhvən Məmmədrəhim və mülkiyyətçi Ərizəçi1 ata adı səhvən Məmmədrəhim kimi qeyd olunmuşdur. Mülkiyyətçi X6 24 noyabr 1999-cu il tarixdə X16 ilə ailə quraraq onun soyadına uyğun Muradova soyadını götürmüşdür. Mülkiyyətçi Məmmədrahim Əzizov 25 avqust 2007-ci il tarixdə vəfat etmiş, Ərizəçi1 onun vərəsəsi müəyyən olunmuşdur. JN-483 Kod 40719028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında ərizəçinin və digər mülkiyyətçilərin ad və ata adlarında uyğunsuzluq olduğundan ərizəçi atasından qalan miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamamə ala bilmir. Qeyd olunan səhvlərin düzəldilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət etmiş, hüquqmüəyyənedici sənədlərdə ad və soyadın dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Hazırki vəziyyətdə JN-483 Kod 40719028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında düzəliş edilməsi, eyni zamanda ərizəçinin həmin sənədin ona və ailə üzvlərinə məxsus olması faktını təsdiq edən lazımi sənədləri başqa qaydada əldə etməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Naxçıvan MR ərazisində Naxçıvan MR Ədliyyə Nazirliyi) tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, “X23 Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X9 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, JN-483 Kod 40719028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktını verən komissiya artıq mövcud olmadığından ərizəçi həmin dövlət aktındakı yanlışlıqların aradan qaldırılmasını başqa qaydada həll edə bilmir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, JN-483 Kod 40719028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında ərizəçinin və digər mülkiyyətçilərin ad və ata adlarının səhv qeyd edildiyi iş materialları və işin yuxarıda qeyd edilən faktiki halları ilə tam təsdiq olunduğundan, habelə hazırki vəziyyətdə həmin sənəddə düzəliş edilməsi və ərizəçinin lazımi sənədi başqa qaydada əldə etməsi mümkün olmadığından JN-483 Kod 40719028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ərizəçiyə və ailə üzvlərinə məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 307-308-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon Şöbəsi tərəfindən tərtib edilmiş JN-483 Kod 40719028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının X3, X17, Əzizova (nikahdan sonra Muradova) Xuraman Məmmədrəhim qızı, Ərizəçi2 və Ərizəçi1 məxsus olması faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar