Məhkəmə qərarları › İş №2(037)-129/2022

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-129/2022

07.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-129/2022 07.02.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə Ərizəçi İsmayıllı rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 07 fevral 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Ərizəçi (bundan sonra ərizəçi) ərizə ilə müraciət edərək JN-131 Kod 40705028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının X8, X4, X3 və ona məxsus olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahat verərək göstərdi ki, ailə üzvləri ilə birgə mülkiyyətlərində olan torpaq sahəsi barədə tərtib olunmuş JN-131 Kod 40705028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında onun adı “Nazim” əvəzinə “Nizam”, anasının ata adı “Abdulalı” əvəzinə “Abdullalı” kimi qeyd olunmuşdur. X12 22 may 2000-ci il tarixdə, atası Abdulla Abdullayev 13 dekabr 2011-ci il tarixdə vəfat etmişlər. “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında onun adında və anasının ata adında uyğunsuzluq olduğundan atasından və qardaşından miras qalan əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilmir. Qeyd etdiyi səhvlərin düzəldilməsi ilə bağlı aidiyyatı orqana müraciət etmiş, həmin orqan tərəfindən səhvlərin düzəldilməsinin məhkəməyə qədər və məhkəmədən kənar mümkün olmadığı və məhkəməyə müraciət etməsi bildirilmişdir. Qeyd etdiklərinə əsasən JN-131 Kod 40705028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ona və ailə üzvlərinə məxsus olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı tərəf İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. X1 izahat verərək göstərdi ki, ərizəçi onun qardaşıdır. Aparılan torpaq islahatları zamanı ərizəçinin və digər ailə üzvlərinin birgə mülkiyyətlərinə torpaq sahəsi verilmişdir. Bu barədə tərtib olunmuş “Torpağa mülkiyyət hüququna dair” dövət aktında ərizəçinin adı Nazim əvəzinə Nizam, anasının ata adı Abdulalı əvəzinə Abdullalı kimi yazılmışdır. O, qeyd olunan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ərizəçiyə və ailə üzvlərinə məxsus olmasını təsdiq edir. AZE 04008393 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsmayıllı rayon Polis Şöbəsi tərəfindən 11 sentyabr 2005-ci il tarixdə mülkiyyətçiyə X4 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsmayıllı rayon Polis Şöbəsi tərəfindən 17 iyul 2010-cı il tarixdə mülkiyyətçiyə Ərizəçi adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AZ 060767 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, mülkiyyətçi X5 22 may 2000-ci il tarixdə vəfat etmişdir. AZ-İ 489590 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, mülkiyyətçi X8 13 dekabr 2011-ci il tarixdə vəfat etmişdir. JN-131 Kod 40705028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, X8, X4, X5 və Ərizəçi birgə mülkiyyətinə verilmiş torpaq sahəsinə dair tərtib olunmuş dövlət aktında mülkiyyətçi X2 ata adı Abdullalı, mülkiyyətçi Ərizəçi adı Nizam kimi qeyd olunmuşdur. Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 15 mart 2021-ci il tarixli **********71 nömrəli məktubdan görünür ki, ərizəçi JN-131 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında ad və soyad səhvlərinin dəyişdirilərək qeydiyyata alınması ilə bağlı müraciət etmiş, hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ ona izah olunmuşdur. Məhkəmə ərizəçinin izahatını, şahidin ifadəsini dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, X8, X4, X5 və Ərizəçi birgə mülkiyyətlərində olan torpaq sahəsinə dair tərtib olunmuş JN-131 Kod 40705028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında mülkiyyətçi X2 ata adı Abdullalı, mülkiyyətçi Ərizəçi adı Nizam kimi qeyd olunmuşdur. Mülkiyyətçi X5 22 may 2000-ci il tarixdə, mülkiyyətçi X8 13 dekabr 2011-ci il tarixdə vəfat etmişlər. JN-131 Kod 40705028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında mülkiyyətçilərin ad və ata adında uyğunsuzluq olduğundan ərizəçi ailə üzvlərindən miras qalan əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilmir. Göstərilən səhvlərin düzəldilməsi ilə bağlı ərizəçi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət etmiş, hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Hazırki vəziyyətdə JN-131 Kod 40705028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında düzəliş edilməsi, eyni zamanda ərizəçinin həmin sənədin ona və ailə üzvlərinə məxsus olması faktını təsdiq edən lazımi sənədləri başqa qaydada əldə etməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Naxçıvan MR ərazisində Naxçıvan MR Ədliyyə Nazirliyi) tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, “X15 Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X7 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, dövlət aktını verən komissiya artıq mövcud olmadığından ərizəçi dövlət aktındakı yanlışlıqların aradan qaldırılmasını başqa qaydada həll edə bilmir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, JN-131 Kod 40705028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında mülkiyyətçi X2 ata adının Abdullalı, mülkiyyətçi Ərizəçi adının Nizam kimi qeyd edildiyi iş materialları və işin yuxarıda qeyd edilən faktiki halları ilə tam təsdiq olunduğundan, habelə hazırki vəziyyətdə həmin sənəddə düzəliş edilməsi və ərizəçinin lazımi sənədləri başqa qaydada əldə etməsi mümkün olmadığından JN-131 Kod 40705028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ərizəçiyə və ailə üzvlərinə məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 307-308-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon Şöbəsi tərəfindən tərtib edilmiş 18 sentyabr 1998-ci il tarixli JN-131 Kod 40705028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının X9, X4, X5 və Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar