Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1350/2023 28.12.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh və maraqlı şəxs İsmayıllı rayon Notariat Ofisinə qarşı “Daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilədən irəli gələn hüquqi nəticələrin ləğv olunması” tələbinə dair mülki işə 28 dekabr 2023-cü il tarixdə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayon Notariat Ofisində onunla cavabdeh arasında 12 iyul 2023-cü il tarixdə bağlanmış və 4Ə-593 nömrə ilə qeyd edilmiş Daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi və həmin bağışlanma müqaviləsinə əsasən yaranmış hüquqi nəticələrin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki,28 yanvar 2012-ci il tarixli,**********00-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, MA №0288573 nömrəli dövlət reyestrindən verilmiş çıxarışa əsasən İsmayıllı rayonu,Lahıc qəsəbəsində yerləşən ümumi sahəsi 69.5 kv.metr,yaşayış sahəsi 42.9 kv.metr, yardımçı sahəsi 26.6 kv.metr olan 2 otaqlı fərdi yaşayış evi ona məxsusdur. Uzun müddətdir ki,xəstəlikdən əziyyət çəkir.Maddi imkansızlıq ucbatından vaxtlıvaxtında həkimə gedərək xəstəliyini müayinə və müalicə etdirə bilmir.Gələcəkdə baş verəbiləcək hadisələrə görə özünə məxsus fərdi yaşayış evini qızının adına rəsmiləşdirmək istəmişdir. 10 noyabr 2023-cü ildə reyestr xidmətinə müraciət etdikdə,ona bildirmişlər ki, ona məxsus fərdi yaşayış evini oğlu Cavabdeh öz adına rəsmiləşdirərək çıxarış almışdır. Bundan sonra sözügedən bağışlama müqaviləsini əldə etmiş və oğlunun necə və hansı şəraitdə əmlakını öz adına rəsmiləşdirməsi barədə heç bir məlumatı olmamışdır. Sonradan ona məlum olmuşdur ki, oğlu Cavabdeh notariat ofisinə gedərək ona müvafiq idarə və təşkilatlarda onu təmsil etmək üçün etibarnamə verilməsi xahiş olunmuş, lakin oğlu Cavabdeh onun etibarından sui-istifadə edərək aldatmış, etibarnamə əvəzinə ona məxsus olan daşınmaz əmlakı guya ona hədiyyə etmək istədiyini notariat ofisinə bildirmişdir. Belə ki, o notariat ofisində tərtib edilmiş sənədlərə fikir verməmiş,fikrini düzgün ifadə edə bilmədiyini, yazıb oxumağı tam bilmədiyindən və tərtib olunmuş sənədlərə diqqət yetirmədiyindən istifadə edən cavabdeh ona məxsus fərdi yaşayış evini bağışlama müqaviləsi əsasında öz adna rəsmiləşdirmişdir. Bildirmək istəyir ki, bağışlanma müqaviləsi tamamilə saxtadır, o özünə məxsus yaşayış evini cavabdehə hədiyyə etməmiş, həmin müqavilədən xəbəri olmamışdır.Ona görə də bağışlanma müqaviləsi etibarsız hesab olunmalıdır. Məhkəmə iclasında İddiaçı oğlu Cavabdeh bağışlama məqsədi ilə etibarnamə vermədiyini,oğlu Cavabdeh onu aldadaraq ondan etibarnamə aldığını, lakin evi ona bağışlamasından məlumatı olmadığını və etibarnamənin etibarsız hesab edilməsini xahiş etdi. Cavabdeh və üçüncü şəxs İsmayıllı rayon Notariat Ofisinin nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, məhkəməyə gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Ona görə də Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.3 və 185.5-ci maddəsinə əsasən onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə etiraz mülahizəsi göndərərk bildirmişdir ki,İsmayıllı rayonu, Lahıc qəsəbəsi, Əli Bayramov küçəsində yerləşən ümumi sahəsi 69.50 kv.metr, yaşayış sahəsi 42.9 kv.metr, yardımçı sahə 26.6 kv.metr olan 2 otaqlı fərdi yaşayış evi və 0.08 hektar həyətyanı torpaq sahəsi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7i tərəfindən verilmiş reyestr nömrəsi **********00 reyestr nömrəli, ********** saylı qeydiyyat nömrəli çıxarışla xx.xx.2023-cü il tarixində onun adına qeydiyyata alınmış və tam şəkildə ona məxsusdur. Atası İddiaçı İsmayıllı rayonu,Lahıc qəsəbəsi, Əli Bayramov küçəsində yerləşən ümumi sahəsi 69.50 kv.metr yaşayış sahəsi 42.9 kv.metr, yardımçı sahəsi 26.6 kv.metr olan 2 otaqlı fərdi yaşayış evi və 0.08 hektar həyətyanı torpaq sahəsini xx.xx.2023-cü il tarixində İsmayıllı rayon notariat ofisində şəxsən özünün iştirakı və könüllü razılığı ilə daşınmaz əmlakın bağışlanması müqaviləsini imzalamaqla ona bağışlamış və qeyd edilən bağışlanma müqaviləsi atasının öz istəyi ilə könüllü olaraq icra edilmişdir. Bu müqavilə bağlanan zaman notarius atasına Azərbaycan Respublikası MM-nin bağışlama müqaviləsinin bağlanması ilə bağlı şərtlərini, normalarını iki dəfə izah etmiş,başa düşməsini,ona aydın olmasını soruşmuş,atası da öz növbəsində ona aydın olmasını bildirmişdir. İddia ərizəsində qeyd edilən atasının əqli cəhətdən sağlamlığında,yaddaşında və ya fiziki davranışlarında qüsur olması barədə deyilənlərin heç bir hüquqi əsası yoxdur.Müqavilə bağlanan vaxt və həmçinin indi də atasının səhətində heç bir problem olmamışdır. Sözü gedən fərdi yaşayış evini atası həmişə yeganə oğul övladı kimi ona bağışlanacağını dəfələrlə bildirmişdir.xx.xx.2023-cü il tarixdə ailələrində olan razılığa əsasən atası yenidən ona hədiyyə olaraq bağışlayacağını bildirdikdə o bu əmlakın rəsmiləşdirilməsi üçün atasının dəvəti ilə İsmayıllı rayon Notariat ofisinə getmişdir. Atası onun adına əlavə olaraq baş etibarnamə də vermişdir. Atası tərəfindən ona verilən baş etibarnamədən heç vaxt heç bir məqsəd üçün istifadə etmək niyyətində olmamış və istifadə də etməmişdir. Atası İddiaçı savadlı ali təhsilli şəxsdir və hər bir sənədləşmə işlərini bir vətəndaş olaraq çox yaxşı bilir. xx.xx.2023-cü il tarixli Daşınmaz əmlakın bağışlanma müqaviləsi imzalandıqda atası və anası bundan xəbərləri olmuş, atası özü sənədləri şəxsən oxumuş və razılıq vermişdir.Atası öz imzası ilə müqaviləni təsdiqləyərək soyadını da həmin qrafaya qeyd etmişdir.İddia ərizəsində qeyd olunan yazılar tamamilə əsassızdır çünki onun könüllü razılığı ilə bağışlanma müqaviləsi bağlana bilməzdi.İsmayıllı rayonu,Lahıc qəsəbəsi,Əli Bayramov küçəsi 33 ünvanında yerləşən fərdi yaşayış evi 2003-cü ildə onların ailəsinə atasının xalası Ağanənə Əliyevadan miras qalmışdır. Həmin dövrdə onun 13 yaşı olmuş, ancaq buna baxmayaraq yaz və payız fəsillərini mütəmadi olaraq ora gedib gəlmişdir. 2008-ci ildən isə daimi olaraq həmin evə gedib gəlmişdir. Öz şəxsi qazancı ilə həmin evin həyətində abadlıq işləri aparmış,daş hasar çəkmiş,elektrik xətlərini tamamilə yeniləmiş və həyətdə ayrıca olaraq öz pulu ilə ümumi 3 otaqdan ibarət hamam və ayaqyolu tikmiş,siyahısı uzun olan digər çoxsaylı işlər görmüşdür.Hər il müxtəlif aylarda həmin evdə gedib tək qalaraq həmin fərdi yaşayış evinin və həyətyanı sahəsini əli ilə təmizləyərək qayğısına qalmışdır. Ümumilikdə isə bu günədək 10.000 manatdan çox qazandığı şəxsi pul vəsaitini həmin evin abadlığı üçün xərcləmişdir.Xüsusilə qeyd edir ki, valideyinləri və bacıları oraya sahiblik etməmiş və həmişə Lahıcda olan fərdi yaşayış evini başlı-başına qoymuşlar. Ətrafda olan insanlar da bundan öz məqsədləri üçün istifadə etmiş, müxtəlif şəxslər fərdi yaşayış evinin sahibsiz qoyulmasından istifadə edərək onun hərbi xidmətdə olduğu dövrdə həmin evin baxımsızlığı ucbatından qapının qarşı tərəfini,evin yarısını və həyətyanı sahəni zəbt edərək ələ keçirmək istəmişlər. Lakin o hərbi xidmətdən qayıtdıqdan sonra həmin şəxslər Lahıc qəsəbəsində yerləşən fərdi yaşayış evinə sahibləndiyini,daimi oraya gedib gəldiyini və abadlıq işləri apardığını gördükdən sonra həmin şəxslər bu iddalardan əl çəkmişlər. Həmçinin Lahıc qəsəbəsində yerləşən fərdi yaşayış evinə daimi olaraq gedib gəldiyini, hər il orada abadlıq işləri apararaq müxtəlif işləri gördüyünü, Lahıcda olmadığı vaxtlarda qonşulara zəng edərək həmin evi və həyətyanı sahəni daimi maraqlandığını şahid olaraq qapı qonşuları da təsdiq edə bilərlər.Bacıları ailəlidirlər və onlar heç vaxt Lahıca gedərək 1 gün belə sözügedən evdə qalmamışlar, sözügedən evlə heç vaxt maraqlanmamış, gedib baş çəkməmiş və heç vaxt abadlıq və ya təmizlik işləri aparmamışlar və bu işlərin aparılması üçün bir manat belə xərc çəkməmişlər. Əksinə 2-3 saatlıq ailələri, uşaqları ilə getdikləri vaxtda evi çox natəmiz və bərbad halda qoyaraq tələsik halda geri qayıtmışdırlar.Buna görə hətta o bacılarına dəfələrlə iradını bildirmişdir. O,ailə həyatı qurduqdan sonra X5 ona qarşı münasibətini dəyişmiş və onunla təhqiramiz formada davranmağa başlamışdır. O geri dönüşü olmayan pis hadisələrin olmasından ehtiyat edərək səbrlə davranmışdır.Ailələrində anası ona qarşı səbəbi bilinməyən mənfi,təhqiramiz və alçaldıcı davranışlarının səbəbini bilmir. Bu davranışların nəticəsi olaraq anası və bacıları atasının ona bağışlanmış olduğu İsmayıllı rayonu, Lahıc qəsəbəsində yerləşən fərdi yaşayış evinin satılaraq həmin satışdan əldə edəcəyi pul vəsaitini öz aralarında bölüşdürmək üçün qabaqcadan əlbir olmuşlar.Öncədən planlaşdırdıqları kimi ilkin olaraq atasının guya yaddaş xəstəsi olduğunu,təcili müalicə olunmalı olduğunu iddia edərək onu məcburi şəkildə həkimə aparmış və həkim resepti əsasında dərmanlar yazdıraraq qəbul etməsini tələb etmişlər.Həmçinin bu iddianın məhkəməyə verilməsi və müqavilənin ləğv edilməsi tələbi X5nın və bacısı Həcər Abdurzaqovanın və digərlərinin atasına edilən təzyiqi ilə olmuşdur. O, həmişə yaşadıqları İsmayıllı rayonunda yerləşən evlərində olarkən böyük bacısı Həcər Abdurzaqovanın və anasının atası ilə kobud və alçaldıcı, təhqiramiz formada davrandığının şahidi olmuşdur.Hal-hazırda bacısı Həcər evli olsa da, ailəsi ilə yaşaması üçün ayrıca bir neçə yerdə yaşayış mənzili və evi olsa da iş bəhanəsi ilə İsmayıllı rayonunda yerləşən evlərində qalır. Ötən illər ərzində də bir neçə dəfə bacısı Həcərin atasının şəxsiyyətini və ləyaqətini alçaldan rəftara qarşı çıxmışdır. Lakin o evdə heç kimi saya qoymayaraq daima alçaldıcı və təhqiramiz ifadələrlə danışmaqdadır. Atası ilə kobud və şəxsiyyətini alçaldan formada davranmaması üçün bacısına iradını bildirsə də bacısı Həcər Abdurzaqova onu da təhqir etmişdir.Həmçinin anası da çox əsəbi insan olduğundan hər gün atasına müxtəlif alçaldıcı, təhqiramiz sözlər deyərək, bəzən atasını ac saxlayaraq halsız vəziyyətə gəlməsinə səbəb olmuşdur. X5 çoxsaylı təzyiqlərlə eləcə də qardaşı Məhərrəm Mövlamovun hədə qorxusu ilə sözügedən bağışlanma müqaviləsinin ləğvi üçün iddia ərizəsi yazılmasına,əmlakın ondan alınaraq satılmasına atasını razılaşdıra bilmişlər.Xüsusilə bildirir ki, atası indiyə qədər heç vaxt İsmayıllı rayonu, Lahıc qəsəbəsində yerləşən fərdi yaşayış evinin satılmağına razı olmamış və buna həmişə sərt şəkildə etirazını bildirmişdir.Lakin indi atası bacılarının,anasının və Məhərrəm Mövlamovun hədə qorxusundan ehtiyat edərək məcburi şəkildə bu bağışlanmanın ləğvinə və ona qarşı iddia qaldırmasına razılıq vermişdir.Onunla telefon əlaqəsi zamanı X5 atasının tezliklə öləcəyini onun yanında deməklə fiziki cəhətdən sağlam olan atasına böyük iztirab yaşatmaqdadır. Anası hər gün atasına tezliklə öləcəyini bildirərək qardaşı Məhərrəm Mövlamovla qabaqcadan əlbir olmaqla atasının əmlaklarının satılmasına məcbur edir. Bu gün atası ölüm hədəsi ilə təhdid olunduğuna görə, təzyiqlərə məruz qaldığı üçün məcbur olub məhkəmədə ona qarşı iddia qaldırmışdır.Ona görə də iddia tələbini əsassız hesab edir və rədd edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş,X2 ifadə verərək göstərdi ki,İsmayıllı şəhərində yaşayır.İddiaçı əri,cavabdeh isə oğludur. Oğlu Cavabdeh əri İddiaçı notariat ofisinə gedərək ona müvafiq idarə və təşkilatlarda onu təmsil etmək üçün etibarnamə verilməsini xahiş etmiş, əri də oğluna etibar edərək öz adından ona İsmayıllı rayon Notariat Ofisində təsdiq edilmiş etibarnamə vermişdir. O əri tərəfindən oğluna etibarnamə verilərkən işdə olmuşdur. Əri özünə məxsus fərdi yaşayış evini qızının adına rəsmiləşdirmək istəmişdir. Bu məqsədlə 10 noyabr 2023-cü il tarixdə reyestr xidmətinə müraciət etmiş,həmin idarədən ərinə mülkiyyətində olan fərdi yaşayış evinin oğlu Cavabdeh bağışlanıldığı və həmin müqavilə əsasında oğlu Cavabdeh tərəfindən öz adına rəsmiləşdirilərək çıxarış aldığı bildirilmişdir.Bundan sonra ərinə məlum olmuşdur ki, oğlu Cavabdeh onu aldadaraq etibarnaməyə imza etdirmək adı ilə qəsdən yalandan bağışlanma müqaviləsinə imza etdirmişdir. Əri İddiaçı özünə məxsus yaşayış evini oğluna hədiyyə etməmiş, həmin müqavilədən xəbəri olmamışdır.Əri İddiaçı əvvələr də xəstə olsa da, ancaq oğlu Cavabdeh onu aldadaraq əmlakını ələ keçirməsini eşitdikdən sonra səhhəti kəskin dərəcədə pisləşmiş,infakt keçirmiş və nəticədə keçirdiyi həyacan nəticəsində nitqi pozulmuşdur. Məhkəmə iddiaçının izahatını izahatını və şahid ifadəsini, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi aşağıda qeyd olunanlara əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********00-10301 reyestr,********** qeydiyyat nömrəli, xx.xx.2012-ci il tarixli MA seriyalı №0288573 nömrəli Çıxarışdan görünür ki, İsmayıllı rayonu, Lahıc qəsəbəsində yerləşən ümumi sahəsi 69.5 kv.metr, yaşayış sahəsi 26.6 kv.metr, yardımçı sahəsi 42.9 kv.metr olan 2 otaqlı fərdi yaşayış evi 0.08 hektar həyətyanı torpaq sahəsi ilə birlikdə iddiaçı X1 adına Daşınmaz əmlakın Dövlət reyestrində 9 nömrəli reyestr kitabının 33 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan 12 iyul 2023-cü il tarixli, reyestrdə 4Ə-593 nömrə ilə qeydə alınmış Daşınmaz əmlakın bağışlanması müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı mülkiyyətində olan İsmayıllı rayonu,Lahıc qəsəbəsində yerləşən fərdi yaşayış evini 0.08 hektar həyətyanı torpaq sahəsi ilə birlikdə 12 iyul 2023-cü il tarixdə İsmayıllı rayon Notariat Ofisində təsdiq edilərək reyestrdə 4Ə-593 nömrə ilə qeydə alınmış Daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında oğlu Cavabdeh bağışlamışdır. İş materiallarında olan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “İsmayıllı Rayon Mərkəzi Xəstəxanası” X7 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 18-1-47/3-4898/2023 nömrəli arayışdan görünür ki, İsmayıllı şəhəri Q.Aslanov küçəsi ev 4 ünvanında yaşayan xx.xx.1957-ci il təvəllüdlü İddiaçı həqiqətən İsmayıllı RMX-nın Poliklinika Şöbəsinin “Nevroloji” kabinetində xx.xx.2023-cü il tarixindən Dz:İ67.3 Proqressivləşən damar leykoensefolopatiyası.İ67.8 Xroniki beyin qan dövranı pozğunluğu nitqin pozulması diaqnozu ilə ambulator müalicə olunur. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, 28 yanvar 2012-ci il tarixli, **********00-10301 nömrəli, ********** MA № ******* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən İsmayıllı rayonu, Lahıc qəsəbəsində yerləşən ümumi sahəsi 69.5 kv/m, yaşayış sahəsi 26.6 kv.metr, yardımçı sahəsi 42.9 kv.metr olan 2 otaqlı fərdi yaşayış evi 0.08 hektar həyətyanı torpaq sahəsi ilə birlikdə iddiaçıya məxsus olmuş, 12 iyul 2023-cü il tarixdə bağlanmış və 4Ə-593 nömrə ilə qeyd edilmiş Daşınmaz Əmlakın bağışlanması müqaviləsi ilə iddiaçı ona məxsus fərdi yaşayış evini cavabdehə bağışlamışdır. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1-ci, 139-1.1.3-cü və 139-1.1.4-cü maddələrinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ərarvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr,mənzil sertifikatı,habelə qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin,başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur; 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa,alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər.Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir.Əgər tərəflərdən biri,aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Həmin Məcəllənin 339.6-cı maddəsinə əsasən bu məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu jür bağışlama hədiyyə alan tərəfindən heç bir javab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur; 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun: 8.0-cı və 8.0.4-cü maddələrinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə qeyd edir ki, əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülkihüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd başa düşülür. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər. Mülki Məcəllədə etibarsız əqdlər öz kateqoriyasına görə mübahisə edilən və ya əhəmiyyətsiz əqdlərə bölünməklə növündən asılı olaraq onların müxtəlif əsasları müəyyən edilmişdir. Lakin mübahisə edilən və ya əhəmiyyətsiz əqd olmasından asılı olmayaraq daşınmaz əmlakın alqı-satqısından irəli gələn mülkiyyət hüququnun əmələ gəlməsi üçün ən azı iki tərəfin iradə ifadəsinin bildirilməsi, başqa sözlə ən azı iki tərəfin öz aralarında bağlanmış müqavilə şəklində razılaşması tələb olunur. Belə əqdlərdə lazımı subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun ifadə olunmasının vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Sadə dildə dedikdə, birincisi - hər iki tərəf bilavasitə və ya nümayəndəsi vasitəsi ilə məcburi qaydada müqavilənin bağlanmasında iştirak etməlidir,ikincisi-tərəflər müqaviləni bağlamalıdırlar (imzalamalıdırlar). Sonradan həmin əqdin etibarsız hesab edilməsi üçün hər hansı əsasın, o cümlədən əqdin hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində, habelə hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün və ya başqa əqdi pərdələmək və ya digər məqsədlərlə bağlanmasının müəyyən edilməsi istisna deyil. Bu da belə əqdlərin Mülki Məcəlləsinin 337-ci maddəsinin tələbləri baxımından etibarsız hesab edilməsi üçün bilavasitə əsas yaradır. Lakin hər bir halda Mülki Məcəllənin əqdlərin etibarsızlığı ilə bağlı məsələləri tənzimləyən 14-cü fəslindən (337-354-cü maddələr) belə nəticəyə gəlmək olur ki, tərəflərin iştirakı ilə və onlar tərəfindən (şəxsən və ya nümayəndə vasitəsi ilə) imza edilməklə bağlanmış əqdlərin etibarsızlığı mübahisələndirilə bilər. Belə ki, məhkəmə iclası zamanı iddiaçı öz fikirlərini çətinliklə ifadə edərək, onun oğluna vermiş olduğu etibarnaməni mübahisələndirmiş, ümumiyyətlə bağışlama müqaviləsi barədə fikir bildirməməsi, bir daha onu deməyə əsas verir ki, iddiaçı hazırki vaxta qədər belə bağışlama müqaviləsinin mövcudluğundan xəbərsizidir. İddiaçı ifadələrində ona məxsus fərdi yaşayış evinin oğluna verdiyi etibarnamə əsasında onun adına rəsmişlədirməsini qeyd edərək, məhz həmin etibarnamənin etibarsız hesab edilməsini xahiş edir.Göründüyü kimi, iddiaçı özünə məxsus fərdi yaşayış evini bağışlayarkən həqiqi iradə ifadəsini bəyan etməmiş, oğluna onu dövlət idarələrində təmsil etmək üçün etibarnamə verməsini güman edərək bu yöndə iradə ifadəsini bildirmişdir. Nəticə etibarı ilə sözügedən müqavilənin bağlanması zamanı Mülki Məcəllənin 337-ci maddəsinin tələbləri tamamilə pozulmuş və bu baxımdan məhkəmə hesab edir ki, 12 iyul 2023-cü il tarixdə tərəflər arasında bağlanmış və 4Ə-593 nömrə ilə qeyd edilmiş Daşınmaz Əmlakın bağışlanması müqaviləsi etibarsız hesab hesab edilməli və həmin alğı-satqı müqaviləsində əsasən yaranmış hüquqi nəticələr ləğv edilməlidir. Məhkəmə əmlak əldə edilərkən yeni mülkiyyətçinin vicdanlılıq faktoruna da hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, əmlakı vicdanlı əldə edənin hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir neçə qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə,vicdanlı sahibin xoş niyyət,ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınması,habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbə-üz qoyan hüquqi qeyri-müəyyənlik mülki dövriyyənin davamlılığına,əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı,həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarar. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 oktyabr 2004-cü il tarixli Qərarında qeyd edilmişdir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitutsiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur.Bundan başqa,əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır.Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Hazırkı mübahisəyə dair cavabdeh daşınmaz əmlakı əldə edərkən vicdanlı olmamış, aldatma və etibardan sui-istifadə edərək bağışlanma müqaviləsinin qarşı tərəfinin həqiqi iradəsini əks etdirməyən müqavilə bağlamaqla əsassız əmlak əldə etmişdir. Belə ki, cavabdeh etiraz mülahizəsində atasının hal-hazırda və müqavilə bağlanan zaman da səhhətində problem olmadığını bildirsə də iş materiallarına əlavə edilmiş Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “İsmayıllı Rayon Mərkəzi Xəstəxanası” X7 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 18-1-47/3-4898/2023 nömrəli arayışdan və eyni zamanda məhkəmə iclasında iddiaçının öz fikirlərini sərbəst ifadə etməkdə çətinlik çəkdiyi müşahidə olumuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında 12 iyul 2023-cü il tarixdə İsmayıllı rayon Notariat Ofisində bağlanmış və reyestrdə 4Ə-593 nömrə ilə qeyd edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsi etibarsız hesab edilməli və Cavabdeh adına Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7in 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********00-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarış ləğv edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi üzrə dövlət rüsumunun ödənilməsi bağlı tələb olmadığından, mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 12 iyul 2023-cü il tarixdə İsmayıllı rayon Notariat Ofisində bağlanmış və reyestrdə 4Ə-593 nömrə ilə qeyd edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsi etibarsız hesab edilsin. Cavabdeh adına Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7in 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********00-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarış ləğv edilsin. Ödənilmiş dövlət rüsumu məbləği iddiaçının özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-1350/2023
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1350/2023
28.12.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver