Məhkəmə qərarları › İş №2(037)-1512/2025

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1512/2025

16.03.2026 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1512/2025 16.03.2026 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarova Nərmin Rabit qızının sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi Ərizəçi, Maraqlı şəxs İsmayıllı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X2 iştirakı ilə Ərizəçi (İsmayıllı rayon İcra Hakimiyyəti maraqlı şəxs qismində cəlb edilməklə) şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Ərizəçinin xahişi Ərizəçi (İsmayıllı rayon İcra Hakimiyyəti maraqlı şəxs qismində cəlb edilməklə) şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən 18 dekabr 1998-ci il təvəllüdlü oğlu Abbasov Camal Pərviz oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Abbasov Camal Pərviz oğlu onun oğludur. Oğlu travma ilə doğulmuş, yeriməsi və danışığı yaşıdlarına nisbətən gec olmuşdur. Psixi və fiziki inkişafda geri qalmışdır. Həddən artıq hiperaktiv uşaqdır. Məktəbdə formal olaraq təhsil almışdır. Lakin oxuması, yazması yoxdur. Oğlunu uzun illərdir müayinə və müalicə etdirsələr də səhhətində yaxşılığa doğru inkişaf olmamışdır. Vəziyyəti gün keçdikcə daha da ağırlaşır. Oğlu İsmayıllı rayon X1 Şöbəsinin “Ruhi-Əsəb” kabinetində “F73.1 Çox ağır dərəcəli əqli gerilik qulluq və müalicə tələb edən davranış pozuntusu İQ-əmsalı 20%. Kənar şəxslərin qulluğuna ehtiyacı var” diaqnozu ilə dispanser qeydiyyatdadır. Camal İ qrup əlil olmaqla hər zaman kənar şəxslərin köməyinə ehtiyacı vardır. Oğluna qəyyum təyin olunması üçün oğlunun fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək bildirmişdir ki, oğlunun hər zaman kənar şəxsin köməyinə və qulluğuna ehtiyacı vardır. Onu evdə tək qoymaq olmur. Ərizəsinin təmin olunmasını xahiş edir. İsmayıllı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X4 izahat verərək göstərdi ki, Abbasov Camal Pərviz oğlunun barəsində İsmayıllı rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş sənədlərə və məhkəmə psixiatrik ekspertizasının rəyinə əsasən Qəyyumluq və Himayə Məsələləri üzrə Komissiya onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini qanunamüvafiq hesab edir. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq olunan faktlar - AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçi xx xxxxxx 1977-ci il tarixdə Göyçay rayonun İnçə kəndində doğulmuş, İsmayıllı şəhəri M.Ə.Sabir küçəsi dalan 6, ev 6-da yaşayır. - AZ-İ seriyalı 159119 nömrəli doğum haqqında şəhadətnamənin, AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətlərindən və mərkəzi məlumat bazasından çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Abbasov Camal Pərviz oğlu 18 dekabr 1998-ci il tarixdə Göyçay rayonun İnçə kəndində anadan olmuş, İsmayıllı şəhəri M.Ə.Sabir küçəsi dalan 6, ev 6-da yaşayır, valideynləri Abbasov Pərviz Akif oğlu və Ərizəçidır. - AZ-İİ seriyalı 535639 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Abbasov Pərviz Akif oğlu ilə Ərizəçi arasında 24 noyabr 1977-ci il tarixdə rəsmi nikah bağlanılmış, nikah bağlandıqdan sonra ərə Abbasov, arvada Hacıyeva soyadı verilmişdir. - İsmayıllı RİHB-nın İsmayıllı şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 2223 nömrəli 21 oktyabr 2025-ci il tarixli arayışdan görünür ki, ərizəçi İsmayıllı şəhəri M.Ə.Sabir küçəsi ev 18-də qeydiyyatdadır. Ailə tərkibi aşağıdakı kimidir: oğlu 18 dekabr 1998-ci il təvəllüdlü Abbasov Camal Pərviz oğlu. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, Abbasov Camal Pərviz oğlunun sağlamlıq vəziyyəti 28 iyul 2023-cü il tarixdə qiymətləndirilərək ona “Hemiplegik spastik serebraliflic, Uşaq serebral iflici.İQ-20%” diaqnozu qoyulmuş, əmək qabiliyyətsizdir, müddətsiz birinci dərəcəli əlildir. - Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “İsmayıllı Rayon Mərkəzi Xəstəxanası” X7 tərəfindən verilmiş ambulator kitabçadan (xəstəlik tarixindən) 23 iyul 2025-ci il tarixli 606 nömrəli çıxarışdan görünür ki, Abbasov Camal Pərviz oğlu “F73.1 Çox ağır dərəcəli əqli gerilik qulluq və müalicə tələb edən davranış pozuntusu. İQ əmsalı 20%” diaqnozu ilə qeydiyyatdadır və müxtəlif vaxtlarda müalicələr almışdır. Xəstənin kənar şəxslərin qulluğuna ehtiyacı vardır. Özünə qulluq qabiliyyəti yoxdur. - Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “İsmayıllı Rayon Mərkəzi Xəstəxanası” X7 tərəfindən 23 iyul 2025-ci il tarixdə verilmiş 18-1-47/2-H-7xx-xx- 1390/2025 nömrəli arayışdan görünür ki, İsmayıllı şəhəri M.Ə.Sabir küçəsi dalan 6, ev 6da qeydiyyatda olan və yaşayan 18 dekabr 1998-ci il təvəllüdlü Abbasov X3 MRX-nın Poliklinika Şöbəsinin “Ruhi-Əsəb” kabinetində 15 yanvar 2003-cü il tarixdən “F73.1 Çox ağır dərəcəli əqli gerilik qulluq və müalicə tələb edən davranış pozuntusu. İQ əmsalı 20%. Kənar şəxslərin qulluğuna ehtiyacı var” diaqnozu ilə dispanser qeydiyyatdadır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 23 dekabr 2025-ci il tarixli 4382 nömrəli rəyindən görünür ki, ekspert rəyin tədqiqi hissəsində qeyd olunanlar nəzərə alınmaqla aşağıdakı nəticəyə gəlmişdir: Abbasov Camal Pərviz oğlunda ağır dərəcəli əqli gerilik uşaq serebral iflici nəticəsində (F72) aşkar olunur. Bunu anamnestik məlumatlar – körpəlikdən nevroloji əlamətlərin qeyd edilməsi, psixi inkişafda geri qalması, əqli geriliklə əlaqədar təhsil ala bilməməsi, İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının ruhi-əsəb kabinetində müayinə və müalicədə olması, xəstəliyi ilə əlaqədar İ dərəcəli əlil hesab edilməsi, həmçinin hazırkı müayinə zamanı aşkar olunan əlamətlər-kobud nevroloji əlamətlərin qeyd olunması, ünsiyyətə çətin daxil olması, təsəvvür ehtiyatının son dərəcədə kasadlığı, maraq dairəsinin məhdudluğu, emosional reaksiyalarının qeyri-adekvatlığı, yaddaş və intellektinin aşağı olması, öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair sübut edir. Camal Abbasov psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və öz hərəkətlərini şüurlu idarə etmək iqtidarında deyil. Abbasov Camal Pərviz oğlunun psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsaslar vardır. Psixi vəziyyətinə görə məhkəmə iclasında iş üzrə izahat vermək iqtidarında deyil. -23 oktyabr 2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, ərizəçi tərəfindən xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: Maddə 305.1.3. şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında. Maddə 317.2. Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Maddə 317.3. Şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Maddə 321.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmənin mövqeyi Məhkəmə işdə olan sənədlərə hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və ona görə də təmin edilməlidir. Belə ki, məhkəmə iclasında işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, ərizəçinin 18 dekabr 1998-ci il tarixdə doğulmuş oğlu Abbasov Camal Pərviz oğlu “F73.1 Çox ağır dərəcəli əqli gerilik qulluq və müalicə tələb edən davranış pozuntusu. İQ əmsalı 20%.” diaqnozu ilə xəstədir. Camal Abbasov xəstəliyi ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyası tərəfindən 28 iyul 2023-cü il tarixdə müayinə edilmiş, “Hemiplegik spastik serebral iflic, Uşaq serebral iflici.İQ-20%” diaqnozu ilə ona müddətsiz İ qrup əlillik təyin edilməsi qərara alınmışdır. İş üzrə təyin olunmuş məhkəmə-psixiatrik ekspertizasının 23 dekabr 2025-ci il tarixli 4382 nömrəli rəyinə əsasən müəyyən olunmuşdur ki, Abbasov Camal Pərviz oğlu öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də Abbasov Camal Pərviz oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Göründüyü kimi, mülki qanunvericiliyin tələbinə görə ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan şəxs sayıla bilər. Əgər həmin şəxs məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan şəxs sayılarsa, onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı tərəfindən həmin şəxsə qəyyum və ya himayəçi təyin edilir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 18 dekabr 1998-ci il tarixdə Göyçay rayonun İnçə kəndində doğulmuş, İsmayıllı şəhəri M.Ə.Sabir küçəsi dalan 6, ev 6-da qeydiyyatda olan Abbasov Camal Pərviz oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırkı ərizə üzrə dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu məbləği ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. 18 dekabr 1998-ci il tarixdə doğulmuş, İsmayıllı şəhəri M.Ə.Sabir küçəsi dalan 6, ev 6-da qeydiyyatda olan Abbasov Camal Pərviz oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nərmin Qoşqarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar