Məhkəmə qərarları › İş №2(037)-1606/2024

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-1606/2024

29.11.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-1606/2024 29.11.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat nazirliyi yanında ƏMDX “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “mülkiyyətinin vərəsə tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və maddi, mənəvi ziyan” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həyətyanı torpaq sahəsinin sənəd üzrə 0,21 ha olmaqla qonşu sərhədlərinin müəyyən olunması və cavabdehin ailəsinə vurduğu maddi-mənəvi ziyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahış etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda-iş yerinin ünvanı,telefon nömrələri,o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); ərizədə göstərilməlidir. Hesab edirəm ki, iddiaçı tərəfindən verilmiş ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununun tələblərinə cavab vermədiyindən həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır. Prosessual qanunvericiliyə əsasən, istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yol veriləndir. İddia ərizəsi verilərək onun formasına və məzmununa və ərazi aidiyyətinə riayət olunması iddianın yolverilən olması baxımından mühüm şərtlərdən biridir. İddiaçı iddia ərizəsinin giriş hissəsində mirasın vərəsə tərəfindən qəbul edilməsi faktını, təsviri, əsaslandırıcı hissəsində ona məxsus torpaq sahəsinin adına rəsmiləşdirilməsini, eyni zamanda cavabdeh təşkilat tərəfindən ailəsinə vurulmuş maddi, mənəvi ziyan tələbini, xahiş etdi hissəsində isə ona məxsus torpaq sahəsinin qonşu sərhədlərinin müəyyən edilməsini qeyd etməklə qeyri müəyyən tələblər irəli sürmüşdür. Belə olan təqdirdə hazırki tələbin ərazi və məhkəmə aidiyyət məsələlərini müəyyənləşdirmək mümkün deyildir. Göründüyü kimi tələb iddia ərizəsi prosessual qanunvericiliyin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmununa riayət edilmədən tərtib edilmişdir. Azərbaycan Respublikası MPM-nin 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Belə hesab edirəm ki, iddia ərizəsi iddiaçıya geri qaytarılmalı və ona izah edilməlidir ki, o, qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra müvafiq iddia ərizəsi ilə aidiyyəti məhkəməyə yenidən müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152.1.7, 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat nazirliyi yanında ƏMDX “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri”publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı ”mülkiyyətinin vərəsə tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və maddi, mənəvi ziyan” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində elektron kabinet vasitəsi ilə İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar