Məhkəmə qərarları › İş №2(037)-1625/2025

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-1625/2025

02.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-1625/2025 02.12.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu Ərizəçi İsmayıllı rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən olunmasına dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: Ərizəçi ərizəsi ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 11 fevral 1998-ci il tarixli 68 saylı qərarı ilə birgə mülkiyyətə verilmiş “Torpağa mülkiyyət hüququna dair” JN-166 seriyalı kod-40711018 nömrəli dövlət aktında, onun soyadının Əskərova, adının İsmət və cinsini bildirən sözün qız kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin ona (İsmayıllı RPŞ QvŞV qrupu tərəfindən verilmiş 22 noyabr 2025-ci il tarixli AA ******* saylı şəxsiyyət vəsiqəsi) aid olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən, yəni yolverilməz əsaslarla məhkəməyə verildiyindən ərizənin məhkəmə icraatına qəbulundan imtina olunmalıdır. Belə ki, ərizənin məzmunundan görünür ki, ərizəçi “Torpağa mülkiyyət hüququna dair” JN-166 seriyalı kod-40711018 nömrəli dövlət aktının ona məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə həmin dövlət aktında ad, soyad və ata adı səhvinin dəyişdirilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etmiş, müraciətinə cavab olaraq qanunvericiliyə uyğun olaraq dövlət rüsumu və xidmət haqqı ödənildikdən sonra hüquqların qeydiyyatının aparılmasına qanunamüvafiq qaydada baxılacağı bildirilmişdir. Buna baxmayaraq ərizəçi müvafiq cavabı aldıqdan sonra məktubda göstərilən hərəkətləri etmək və yaxud da tələbinin təmin edilməsi üçün müvafiq hərəkətlər etmək əvəzinə hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, ərizəçi hazırki tələblə məhkəməyə müraciət etməzdən əvvəl qanunamüvafiq qaydada dövlət rüsumu ödəyərək müvafiq sənədin alınması üçün hərəkətlər edə, yaxud da həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi, yaxud itirilmiş sənədlərin bərpasının mümkün olmamasına dair sənədləri ərizəsinə əlavə etməklə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsini maraqlı şəxs qismində cəlb edərək xüsusi icraat qaydasında məhkəməyə ərizə ilə müraciət edə bilərdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. 153.2-ci və 153.2.1-ci maddələrinə görə ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə görə hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. 153.4-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6-cü maddəsinə görə iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Qey olunanlara əsasən məhkəmə qərara gəlir ki, iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina olunmalı, ərizə və ona əlavə olunmuş sənədlər ərizəçiyə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Ərizəçi tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu tam şəkildə ona qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 153, 263-264-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Ərizəçi İsmayıllı rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən olunmasına dair ərizənin yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilsin. Ərizə və ona əlavə olunmuş sənədlər ərizəçiyə qaytarılsın. 26 noyabr 2025-ci il tarixdə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu tam şəkildə Ərizəçi qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində elektron qaydada İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar