Məhkəmə qərarları › İş №2(037)-186/2024

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-186/2024

13.05.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-186/2024 13.05.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 qarşı paylı mülkiyyətdə olan torpaq sahəsinin naturada bölünməsi və həmin bölgünün keçirilməsinə edilən maneçiliklərə qadağa qoyulması tələbinə dair mülki işə 13 may 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə müraciət edərək, İsmayıllı rayonu Qubaxəlilli kəndində yerləşən, JN-935 KOD 40716018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı üzrə 11,64 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1,6628 hektar hissəsinə onun payının müəyyən edilməsi, həmin hissənin naturada bölünərək ona verilməsi və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 tərəfindən həmin torpaq sahəsindən istifadə hüququna edilən maneçiliklərə qadağa qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarı ilə JN-935 KOD 40716018 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında İsmayıllı rayonu Qubaxəlilli kəndi ərazisindən onun, atası Cavabdeh1, anası Cavabdeh2, X1, bacıları Cavabdeh5 və X4, qardaşı Cavabdeh4 ümumi birgə mülkiyyətinə 11,64 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. X1 08 avqust 2008-ci il tarixdə vəfat etmişdir. X2 və X4 isə ailə quraraq başqa yerə köçmüşlər. O, özü isə 21 fevral 2006-cı il tarixdə rəsmi nikah əsasında X12 ilə ailə qurmuş və hazırda İsmayıllı rayonu Kürdmaşı kəndində yaşayır. Cavabdehlər paylı mülkiyyətlərində olan 11,64 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin ona düşən payından istifadə etməsinə müdaxilələr edir və maneçiliklər yaradır. Müxtəlif bəhanələrlə həmin torpaq sahəsinin ona düşən payının verilməsindən yayınırlar. JN-935 KOD 40716018 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında ümumi birgə mülkiyyətlərinə verilmiş kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi 11,64 hektar olmaqla payları bərabərdir. Torpaq sahəsinin ümumi mülkiyyətçiləri 7 nəfər olmaqla, hər birinin payına 1,6628 hektar torpaq sahəsi düşür. Həmin torpaq sahəsinin naturada bölünməsinə heç bir maneçilik yoxdur. Hazırki vəziyyətdə isə cavabdehlər həmin torpaq sahəsindən payının müəyyən edilməsinə və həmin hissələrin bölgü əsasında naturada bölünərək ona verilməsinə aşkar surətdə mane olur. Buna görə də məhkəməyə müraciət etmişdir. İsmayıllı rayonu Qubaxəlilli kəndində yerləşən, JN-935 KOD 40716018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı üzrə 11,64 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1,6628 hektar hissəsinə onun payının müəyyən edilməsi, həmin hissənin naturada bölünərək ona verilməsi və cavabdehlər tərəfindən həmin torpaq sahəsindən istifadə hüququna edilən maneçiliklərə qadağa qoyulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh1 izahat verərək göstərdi ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarı ilə JN-935 KOD 40716018 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında İsmayıllı rayonu Qubaxəlilli kəndi ərazisindən onun, Cavabdeh2, X3, Cavabdeh5, X4, Cavabdeh4 və İddiaçı ümumi birgə mülkiyyətinə 11,64 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Qeyd olunan torpaq sahəsinin naturada paylarına uyğun bölünməsinə etiraz etmir. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Cavabdeh1 izahatının məzmununa uyğun izahat verərək iş üzrə qanuni qərar qəbul edilməsini xahiş etdilər. Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməmişdir. Məhkəmə işə Cavabdeh5 iştirakı olmadan baxılmasını qərara almışdır. JN-0935 KOD 40716018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Cavabdeh1, X16?cabba? qızı, Cavabdeh2, İsmayılova Mi?va?i Əlövsət qızı, X4, X6 və Cavabdeh4 birgə mülkiyyətinə İsmayıllı rayonu Qubaxəlilli kəndi ərazisindən yerləşən 11,64 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin 07 mart 2024-cü il tarixli, 3-21-3-42/2-1374/2024 nömrəli məktubundan görünür ki, “X8 İnformasiya Sistemi”nə əsasən İsmayıllı rayonu Qubaxəlilli kəndində yerləşən JN-935 KOD 40716018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı üzrə mülkiyyətə verilmiş 11,64 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini hər bir payçıya ayrılıqda gediş-gəliş yolu nəzərdə tutulmaqla paylara uyğun bölgünün aparılması mümkün deyildir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, JN-0935 KOD 40716018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Cavabdeh1, X16?cabba? qızı, Cavabdeh2, İsmayılova Mi?va?i Əlövsət qızı, X4, X6 və Cavabdeh4 birgə mülkiyyətinə İsmayıllı rayonu Qubaxəlilli kəndi ərazisindən yerləşən 11,64 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi 07 mart 2024-cü il tarixli, 3-21-3-42/2- 1374/2024 nömrəli məktubunda qeyd edir ki, “X8 İnformasiya Sistemi”nə əsasən İsmayıllı rayonu Qubaxəlilli kəndində yerləşən JN-935 KOD 40716018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı üzrə mülkiyyətə verilmiş 11,64 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini hər bir payçıya ayrılıqda gediş-gəliş yolu nəzərdə tutulmaqla paylara uyğun bölgünün aparılması mümkün deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Məhkəmə iddia tələbinin paylı mülkiyyətdə olan torpaq sahəsinə dair payın müəyyən edilməsi və həmin hissənin naturada bölünməsi hissəsinə münasibətdə qeyd edir ki, İsmayıllı Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli qərardadına əsasən JN-935 KOD 40716018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Cavabdeh1, X16?cabba? qızı, Cavabdeh2, İsmayılova Mi?va?i Əlövsət qızı, X4, X6 və Cavabdeh4 birgə mülkiyyətində olan İsmayıllı rayonu Qubaxəlilli kəndində yerləşən 11,64 hektar həyətyanı torpaq sahəsinin 1/7 (11,64 hektar) hissəsinin naturada real bölgü əsasında bölünməsinin müəyyən edilməsi məqsədi ilə Azərbaycan Respublikası “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə sorğu edilmişdir. Sorğuya cavab olaraq, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi 07 mart 2024-cü il tarixli, 3-21-3-42/2-1374/2024 nömrəli məktubunda qeyd etmişdir ki, “X8 İnformasiya Sistemi”nə əsasən İsmayıllı rayonu Qubaxəlilli kəndində yerləşən JN-935 KOD 40716018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı üzrə mülkiyyətə verilmiş 11,64 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini hər bir payçıya ayrılıqda gediş-gəliş yolu nəzərdə tutulmaqla paylara uyğun bölgünün aparılması mümkün deyildir. Rəydə naturada bölgünün mümkün olmaması əsası, məhz iş üzrə tərəflərin hər birinə ayrı-ayrılıqda yol verilməsinin mümkün olmaması səbəbi ilə belə qənaətə gəlinmişdir, lakin məhkəmə iclasında müəyyən edildi ki, iş üzrə cavabdehlər arasında torpağa dair hər hansı mübahisə mövcud deyil və mübahisəli torpaq sahəsinə dair iddiaçıya məxsus hissəsi cavabdehlər tərəfindən faktiki olaraq ayrılmışdır və hazırda da tərəflər arasında sözügedən torpaq sahəsinin naturada bölünməsi ilə bağlı hər hansı bir etirazın olmadığı müəyyən edilmişdir. Qeyd edilən torpaq sahəsinə dair sənəddə həmin torpaq sahəsinin bütün koordinatları öz əksini tapmışdır. Ona görə də məhkəmə, hər bir paylı mülkiyyətçinin öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb etmə hüququnun olması barədə qanunun tələblərini rəhbər tutaraq qərara gəlir ki, iddia tələbinə mahiyyəti üzrə baxılmalı, tələb paylı mülkiyyətdə olan torpaq sahəsinə dair payın müəyyən edilməsi və həmin hissənin naturada bölünməsi hissəsində təmin edilməli, İsmayıllı rayon Qubaxəlilli kəndində yerləşən JN-935 KOD 40716018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı üzrə 11.64 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1.6628 hektar hissəsinə İddiaçı payı müəyyən edilməli və həmin hissə naturada bölünərək İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə,qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Məhkəmə iddia tələbinin torpaq sahəsindən istifadə hüququna edilən maneçiliklərə qadağa qoyulması hissəsinə münasibətdə qeyd edir ki, cavabdehlər iddiaçının paylı mülkiyyətçisi olduğu torpaq sahəsindən sahiblik və istifadə hüququnun həyata keçirilməsinə mane olmaları onun əmlak üzərində istifadə hüquqlarından tam və sərbəst şəkildə istifadə edə bilməməsi ilə nəticələnir. Ona görə də məhkəmə qərara gəlir ki, iddia tələbi torpaq sahəsindən istifadə hüququna edilən maneçiliklərə qadağa qoyulması hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırkı iddia üzrə iddiaçının dövlət rüsumu barədə tələbi olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumları iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İsmayıllı rayon Qubaxəlilli kəndində yerləşən JN-935 KOD 40716018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı üzrə 11.64 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1.6628 hektar hissəsinə İddiaçı payı müəyyən edilsin və həmin hissə naturada bölünərək İddiaçı verilsin. Cavabdehlər Cavabdeh1,Cavabdeh2,X5, Cavabdeh3 və Cavabdeh4 tərəfindən İddiaçı həmin torpaq sahəsindən istifadə hüququna edilən maneçiliklərə qadağa qoyulsun. Ödənilmiş dövlət rüsumu məbləği iddiaçının özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar