Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-189/2024 17.07.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı əkin torpaq sahəsindən çıxarılma,torpaq sahəsinin boşaldılması,vurulmuş maddi zərərin ödənilməsi və torpaq sahəsinə dair mülkiyyət hüququna edilən maneçiliklərə qadağa qoyulması tələbinə dair mülki işə 17 iyul 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Azərbaycan Respublikası DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən 14 iyul 2012-ci il tarixdə qeydə alınaraq verilmiş RX seriyalı ******* nömrəli Çıxarış üzrə birgə mülkiyyətlərində olan, İsmayıllı rayon Qalacıq kəndinin "Podrat” adlanan ərazisində yerləşən 1,13 hektar əkin torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin boşaldılması və pay torpaq sahəsinə dair mülkiyyət hüququna edilən maneçiliklərə qadağa qoyulması, habelə cavabdehdən vurulmuş maddi zərərin əvəzi kimi 8000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat məbləğinin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, məlum edir ki, Respublikada aparılan torpaq islahatları zamanı ailəsinin dörd nəfər üzvünün birgə mülkiyyətinə İsmayıllı rayon Vəng kəndinə sərhəd Qalacıq kəndinə məxsus "Podrat” adlı ərazidən 1,13 hektar əkin torpaq sahəsi verilmişdir.Birgə mülkiyyət hüquqları DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən 14 iyul 2012-ci il tarixdə qeydə alınaraq verilmiş RX seriyalı ******* nömrəli Çıxarış verilmişdir.İsmayıllı rayon Vəng kənd sakini olan Cavabdeh torpaq sahələrinin kəndlərindən 30-40 km-ə qədər uzaq məsafədə olmasından, torpağa vaxtı vaxtında nəzarət edə bilməmələrindən, habelə həyat yoldaşı uzun müddət ağır xəstə olmaqla ona başları qarışdığından və ailədə qalan üç köməksiz qadın olmaqlarından sui istifadə edən Cavabdeh 1,13 hektar əkin torpaq sahələrini qanunsuz yollarla zəbt edərək 15 il istifadə etmişdir. Nəticədə 1 hektar torpaq sahəsinin buğda məhsuluna görə orta məhsuldarlığı 30 sentner olmaqla 450 sentner, yəni 45 ton buğda məhsulundan məhrum edilmişlər. İddia müddətinin 10 il olmasını və 10 il ərzində 1,3 hektardan xalis gəlir kimi alınan məhsulun ümumi miqdarının 20000 kq olmasının nəzərə alsaq 20000 x 0,40 man = 8000 manat təşkil edir.Yəni ona dəyən maddi zərər 8000 manatdır. Dəfələrlə məsələnin sülh yolu ilə həll edilməsini cəhd etsə də cavabdeh buna əməl etməyərək onun və ailə üzvlərinin mülkiyyət hüquqlarını pozmuşdur. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Ona görə də iddia tələbinin təmin edilməsini xahiş edir. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, sonuncu məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə,işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Cavabdeh iştirak etdiyi əvvəlki məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, İsmayıllı rayonu,Vəng kəndində yaşayır. Mülkiyyətində olan torpaq sahəsində əkinçiliklə məşğul olur.İddiaçının iddia etdiyi torpaq sahəsi onun tərəfindən zəbt edilməmişdir.İddiaçıya və qeyrilərinə məxsus torpaq sahəsinin onun tərəfindən zəbt edilməməsi mütəxəssis rəyi ilə də təsdiq edilmişdir. O, iddiaçıya məxsus torpaq sahəsini zəbt etməmiş və sonuncuya maddi ziyan vurulmasına səbəb olmamışdır. Ona görə də iddia tələbini əsasız hesab edir və rədd edilməsini xahiş edir. Məhkəmə iddiaçının izahatını dinləyin, mütəxəssis rəyini və işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki,iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2012-ci il tarixli, Seriya RX ******* saylı Çıxarış və çıxarışa əlavə edilmiş həmin tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, İsmayıllı rayon Qalacıq kənd sakini X1 və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə İsmayıllı rayonu,Qalacıq kəndi ərazisindən 1.13 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş,20 dekabr 2022-ci il tarixli, AZ-İİ №284893 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X1 xx.xx.2022-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2022-ci ilin 12 ayının 20 günündə 527 nömrə ilə qeydə alınmışdır. İşdə olan, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin 13 may 2024-cü il tarixli 3- 21-3-42/2-2552/2024 saylı mütəxəssis rəyindən görünür ki, işin araşdırılması üçün mütəxəssislər 01 mart 2024-cü il tarixdə İsmayıllı rayonu,Qalacıq kənd inzibati ərazisində yerləşən sahəyə baxış keçirmişlər,GPS aləti vasitəsi ilə ölçü işləri aparılmış,kamerial qaydada elektron məlumat bazasına əsasən araşdırma zamanı məlum olmuşdur ki, X2 X3 (TEKUİS) əsasən Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********84 reyestr,********** qeydiyyat nömrəli, xx.xx.2012-ci il tarixli çıxarışa əsasən İsmayıllı rayonu,Qalacıq kəndi ərazisində yerləşən İddiaçı və qeyrilərinin birgə mülkiyyətlərində olan 1.13 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh tərəfindən istifadə olunmur. Məhkəmə mütəxəssis rəyini işdə olan digər sənədlərlə yanaşı tədqiq edərək yoxladıqdan sonra,belə hesab edir ki,mütəxəssis rəyi tam və əsaslandırılmış olduğundan mötəbər sübut kimi qəbul ediləndir. Beləliklə, məhkəmə iş materiallarının tam və hərtərəfli araşdırılması nəticəsində müəyyən etdi ki, Cavabdeh tərəfindən istifadə edilən torpaq sahəsi onun öz torpaq sahəsində yəni,özünün mülkiyyətinə verilmiş torpaq sahəsinin sərhədləri daxilindədir. X2 X3 (TEKUİS) əsasən Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********84 reyestr,********** qeydiyyat nömrəli,xx.xx.2012-ci il tarixli çıxarışa əsasən İsmayıllı rayonu,Qalacıq kəndi ərazisində yerləşən İddiaçı və qeyrilərinin birgə mülkiyyətlərində olan 1.13 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh tərəfindən istifadə olunmur. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv,qərəzsiz,hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir,iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini,nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını,həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki,iddiaçı mülkiyyətçi olmalı,əşya cavabdehin sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır.Yəni cavabdehin sahibliyi qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk növbədə iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində göstərilən şərtlərin cavabdehə münasibətdə məcmu halında mövcud olub-olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq,belə qənaətə gəlir ki, hazırkı iş üzrə Cavabdeh tərəfindən istifadə edilən torpaq sahəsi onun öz torpaq sahəsində yəni,özünün mülkiyyətinə verilmiş torpaq sahəsinin sərhədləri daxilindədir.İddiaçının və qeyrilərinin birgə mülkiyyətlərində olan 1.13 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh tərəfindən istifadə olunmur. Ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə müvafiq olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 152.1-ci maddəsinə uyğun olaraq,mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ- əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.İstifadədən fayda gəlir,artım,bəhər,törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa,qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Həmin Məcələnin 171.2-ci maddəsinə əsasən təsirin əhəmiyyətli olduğu,lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı Konstitusiyadan irəli gələn prinsiplər öz əksini mülki prosessual qanunvericilikdə daha geniş şəkildə tapmışdır. Belə ki,ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir.Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir.O,öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri). Həmin Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Çəkişmə prinsipi eyni zamanda tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazlarının əsaslarını sübut etmək vəzifələrini, bu məqsədlə sübutlar təqdim etmək, vəsatətlər vermək imkanını müəyyən edir. İşə hərtərəfli və obyektiv baxılması, məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması tərəflərin prosesdə çəkişməsi, yəni öz mövqeyini müdafiə etməsi üçün dəlillər gətirməsi, əks tərəfin sübutlarını və dəlillərini təkzib etməsi üçün geniş imkanların olması ilə təmin olunur.Çəkişmə prinsipi işə baxan məhkəmənin üzərinə müəyyən vəzifələr də qoyur.Bu cür vəzifələrdən biri də məhz işdə iştirak edən şəxslərdən hər hansı birinin müəyyən sübutu əldə edə bilmədiyi və ya çətinlik çəkdiyi halda məhkəmənin ona zəruri kömək etməyə borclu olmasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir.Belə ki,proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan,yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir.Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi,elmi) deyil,sübutedici məlumatların,yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir.Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ,əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir.Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür;məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar;prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır:tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən mülki iş üzrə ödənilmiş dövlət rüsumu məbləği İddiaçı özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi,məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı əkin torpaq sahəsindən çıxarılma,torpaq sahəsinin boşaldılması,vurulmuş maddi zərərin ödənilməsi və torpaq sahəsinə dair mülkiyyət hüququna edilən maneçiliklərə qadağa qoyulmasına dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu məbləği iddiaçının özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-189/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-189/2024
17.07.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Torpaq münasibətləri üzrə sair mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver