Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-660/2024 11.06.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 Bəhrəm oğlu və İddiaçı4 Bəhrəm qızının Cavabdeh qarşı əkin torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin boşaldılması, vurulmuş maddi zərərin ödənilməsi və torpaq sahəsinə dair mülkiyyət hüququna edilən maneçiliklərə qadağa qoyulması tələbinə dair mülki iş üzrə (Açar sözlər: ziyanın ödənilməsi, sübutetmə yükü) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vaqifli Fərid Azər oğlunun katibliyi ilə İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 Bəhrəm oğlu və İddiaçı4 Bəhrəm qızının Cavabdeh qarşı əkin torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin boşaldılması, vurulmuş maddi zərərin ödənilməsi və torpaq sahəsinə dair mülkiyyət hüququna edilən maneçiliklərə qadağa qoyulması tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 26 fevral 2024-cü il tarixli, 2(037)-67/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakıları müəyyən etdi. İşin halları
1. İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 Bəhrəm oğlu və İddiaçı4 Bəhrəm qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 Azərbaycan Respublikası DƏDRXnin 9 saylı Ərazi İdarəsi tərəfindən **********71 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 174 nömrəli reyestr kitabının 75 nömrəli vərəqində 10 dekabr 2021-ci il tarixdə qeydə alınaraq verilmiş Çıxarış üzrə birgə mülkiyyətlərində olan, İsmayıllı rayon Qoşakənd kəndi ərazisində yerləşən 4,6644 hektar əkin torpaq sahəsinin zəbt etdiyi 1,00 hektar hissəsindən çıxarılması,torpaq sahəsinin boşaldılması və pay torpaq sahəsinə dair mülkiyyət hüquqlarına edilən maneçiliklərə qadağa qoyulması,habelə cavabdehdən vurulmuş maddi zərərin əvəzi kimi 1750 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat olmaqla, cəmi 1850 manat məbləğinin alınaraq onlara ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İsmayıllı rayonu, Qoşakənd kəndində yaşayır.Respublikada aparılan torpaq islahatları zamanı beş nəfərdən ibarət ailəsinin birgə mülkiyyətinə 4.6644 hektar əkin torpaq sahəsi verilmişdir. Birgə mülkiyyət hüquqları DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən **********71 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 174 nömrəli reyestr kitabının 75 nömrəli vərəqində 10 dekabr 2021-ci il tarixdə qeydə alınaraq müvafiq Çıxarış verilmişdir.Həmin çıxarış üzrə torpaq sahəsinin 0.80 hektar hissəsini Bakı şəhər sakini olan Cavabdeh zəbt edərək iki ildir ki, həmin ərazini əkir. Dəfələrlə tələb etməsinə baxmayaraq cavabdeh torpaq sahəsinə dair mülkiyyət hüquqlarını pozaraq onlara məxsus torpağın bir hissəsini əkməklə onlara maddi zərər vurmuşdur. Belə ki, 2022-2023-cü illərdə İsmayıllı rayon Qoşakənd kəndində buğdanın orta məhsuldarlığı 35 sentner,buğdanın bir kiloqramının orta bazar qiymati 0,50 qəpik olmuşdur. Bununla da cavabdeh onlara 3500 kq x 0,50=1750 manat maddi zərər vurmuşdur.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı1 iddia tələbini müdafiə etdiyini bildirmişdir.
4. İddiaçı3 məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
5. İddiaçılar İddiaçı2 Bəhrəm oğlu və İddiaçı4 Bəhrəm qızı məhkəmə iclasında iştirak etməmişlər.
6. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, sonuncu məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
7. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir.
8. Cavabdeh iştirak etdiyi əvvəlki məhkəmə iclasında izahat verərək göstərmişdir ki, ona məxsus torpaq sahəsi iddiaçılara məxsus torpaq sahəsinin qonşuluğunda yerləşir. İddiaçılar mülkiyyətlərində olan torpaq sahəsinin 1 hektarı hissəsinin onun tərəfindən zəbt edildiyini iddia edirlər. İddiaçılara məxsus torpaq sahəsinin onun tərəfindən zəbt edilibedilməməsinin müəyyən edilməsi məqsədi ilə mütəxəssis ayrılması üçün “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə rüsum ödəyərək rəsmi müraciət etmişdir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisi əraziyə gəlsə də, iddiaçılaral aralarında mübahisə olduğundan ərazidə ölçmə işləri aparılması mümkün olmamışdır. O, iddiaçılara məxsus torpaq sahəsinin 1 hektarı hissəsini zəbt etməmiş və onlara maddi ziyan vurulmasına səbəb olmamışdır. Ona görə ədalətli qərar qəbul edilməsini xahiş edir.
9. İsmayıllı Rayon Məhkəməsinin 26 fevral 2024-cü il tarixli, 2(037)-67/2024 nömrəli nömrəli qətnaməsi ilə (hakim İ.Hüseynov), iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən **********71 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 174 nömrəli reyestr kitabının 75 nömrəli vərəqində 10 dekabr 2021-ci il tarixdə qeydə alınaraq verilmiş Çıxarış üzrə iddiaçılar İddiaçı1, İddiaçı3,İddiaçı2 Bəhrəm oğlu və İddiaçı4 Bəhrəm qızının ümumi birgə mülkiyyətlərində olan İsmayıllı rayonu,Qoşakənd kəndi ərazisində yerləşən 4.6644 hektar əkin təyinatlı torpaq sahəsinin zəbt etdiyi 0.773 hektar hissəsindən çıxarılaraq torpaq sahəsi boşaldılması və torpaq sahəsinə dair iddiaçıların mülkiyyət hüquqlarına cavabdeh tərəfindən edilən maneçiliklərə qadağa qoyulması, Cavabdeh 1050 manat vurulmuş maddi zərər və 100 manat dövlət rüsumu olmaqla, cəmi 1150 (bir min bir yüz əlli) manatın alınaraq iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 Bəhrəm oğlu və İddiaçı4 Bəhrəm qızına ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən **********71 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 174 nömrəli reyestr kitabının 75 nömrəli vərəqində 10 dekabr 2021-ci il tarixdə qeydə alınaraq verilmiş Çıxarış üzrə İsmayıllı rayon Qoşakənd kənd sakinləri İddiaçı1, İddiaçı3, İddiaçı2 Bəhrəm oğlu, X5 və İddiaçı4 Bəhrəm qızının ümumi birgə mülkiyyətlərinə İsmayıllı rayonu,Qoşakənd kəndi ərazisindən 4.6644 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və hazırda həmin torpaq sahəsinin 0.773 hektarı hissəsi zəbt edilərək Cavabdeh istifadəsindədir. Məhkəmə tərəfindən mübahisəli torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunub-olunmamasının müəyyən olunması məqsədi ilə mütəxəssis rəyi verilməsi üçün “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə sorğu göndərilmişdir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş 08 fevral 2024-cü il tarixli 3-21-3-42/2-844/2024 saylı mütəxəssis rəyində “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********71 reyestr nömrəli Çıxarışa əsasən İsmayıllı rayonu,Qoşakənd kəndi ərazisində İddiaçı1 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 4.6644 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.773 hektar hissəsi Cavabdeh tərəfindən istifadə olunduğu qeyd edilmişdir.
11. Məhkəmə həmçinin qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı verilmiş sorğunun nəticəsi olaraq hazırda mübahisəli torpaq sahəsinə dair iddiaçılarla cavabdeh arasında hər hansı alğı-satqı müqaviləsinin bağlanmadığı və qeyd edilən torpaq sahəsinin cavabdehin adına qeydə alınması müəyyən edilməmişdir.
12. Məhkəmə həmçinin müəyyən etmişdir ki, İsmayıllı rayonu üzrə buğdanın hər hektardan orta məhsuldarlığı 2022-ci ildə 35.8 sentner, 2023-cü il sentyabrın 1-i vəziyyətinə isə 30.5 sentner olmuşdur. Cavabdehin iddiaçılara məxsus torpaq sahəsinin 0.773 hektarı hissəsini zəbt etməsi nəticəsində sonuncular son bir il ərzində həmin torpaq sahəsindən istifadə etməmişlər. Belə olan halda məhkəmə hesab edir ki, 2023-cü il ərzində məhsuldarlığın 30.5 sentner olması nəzərə alınaraq 3500 kq x 0,30 = 1050 manat məbləğində maddi ziyan cavabdehdən alınaraq iddiaçılara ödənilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
13. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk növbədə iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində göstərilən şərtlərin cavabdehə münasibətdə məcmu halında mövcud olub-olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq,belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddiaçıların sözügedən zəbt olunmuş torpaq sahəsindən çıxarılması tələbində tətbiq olunan normada göstərilən şərtlər Cavabdeh münasibətdə məcmu halında mövcuddur.Belə ki,iddiaçıların zəbt olunmuş mübahisəli 0.773 hektar torpaq sahəsi üzərində mülkiyyət hüquqları dövlət tərəfindən tanınmış və qeydiyyata alınmışdır.Buna baxmayaraq,həmin torpaq sahəsi cavabdehin istifadəsində və sahibliyindədir. Cavabdehin həmin torpaq sahəsi üzərində heç bir hüququ qeydiyyata alınmamışdır. Ona görə də cavabdehin sahibliyi qanunsuzdur. İddiaçıların cavabdehə qarşı tələb hüququ yaranmışdır.
14. Beləliklə, məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, Cavabdeh DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən **********71 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 174 nömrəli reyestr kitabının 75 nömrəli vərəqində 10 dekabr 2021-ci il tarixdə qeydə alınaraq verilmiş Çıxarış üzrə iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 Bəhrəm oğlu və İddiaçı4 Bəhrəm qızının ümumi birgə mülkiyyətlərində olan İsmayıllı rayonu, Qoşakənd kəndi ərazisində yerləşən 4.6644 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbt etdiyi 0.773 hektar hissəsindən çıxarılaraq torpaq sahəsi boşaldılmalı və cavabdeh tərəfindən iddiaçıların birgə mülkiyyətlərində olan zəbt olunmuş 0.773 hektar torpaq sahəsinə dair mülkiyyət hüquqlarına edilən maneçiliklərə qadağa qoyulmalıdır.
15. Məhkəmə iddianın vurulmuş maddi ziyan hissəsinə qiymət verərək, hesab etmişdir ki, iddia həmin hissədə qismən təmin edilməlidir.
16. Məhkəmə qeyd etmişdir ki, iddiaçılar cavabdehin qanunsuz hərəkətləri nəticəsində onlara 1750 manat (3500 x 0.50=1750) məbləğində maddi ziyan vurulduğunu, o cümlədən, keçən müddət ərzində əldə edəcəkləri gəlirdən məhrum olduqlarını, bununla da əlverişsiz vəziyyətə düşdüklərini bildirsələr də, həmin halı təsdiq edəcək mötəbər sübutları məhkəməyə təqdim etməmişlər, yalnız İsmayıllı Rayon Statistika İdarəsi tərəfindən verilmiş 19 sentyabr 2023- cü il tarixli,xx/xx/2023 nömrəli məktubda qeyd edilən İsmayıllı rayonu üzrə buğdanın hər hektardan orta məhsuldarlığı 2022-ci ildə 35.8 sentner, 2023-cü il sentyabrın 1-i vəziyyətinə 30.5 sentner təşkil etməsinə əsaslanaraq cavabdehdən maddi ziyan tələb etmişlər. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçıların birgə mülkiyyətlərində olan 4.6644 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.773 hektar hissəsi cavabdeh tərəfindən zəbt edilərək əkilmiş, sözügedən torpaq sahəsi cavabdeh tərəfindən zəbt edildiyindən iddiaçılar həmin torpaq sahəsindən istifadə edə bilməmişlər və nəticədə onlara maddi ziyan dəymişdir.
17. Məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar İddiaçı1 tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu məbləği də cavabdehdən alınaraq iddiaçılara ödənilməlidir.
18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 152.1, 152.2, 152.3, 157.2, 157.4, 157.5, 157.6, 157.7, 157.8-ci maddələri, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1, 84.3, 111-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 119.1, 218.1, 218.3, 220.5-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
19. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir.
20. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qəbul olunmuş məhkəmə qətnaməsini qismən ədalətsiz hesab edir.
21. Birinci instansiya məhkəməsi işin qeyd edilən hallarına qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət verməmişdir. İş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Belə ki, qəbul olunmuş məhkəmə qətnaməsi ilə iddianın təmin edilmiş 1050 manata aid hissəsində məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış və iş üçün əhəmiyyətli olan hallar sübut edilməmişdir.
22. İddiaçılar maddi ziyan hesablanması göstərilsə də, bu ziyanın nədə ifadə olunmasını əsaslandırmamış və mötəbər sübutları məhkəməyə təqdim etməmiş, yalnız İsmayıllı Rayon Statistika İdarəsi tərəfindən verilmiş 19 sentyabr 2023- cü il tarixli, xx/xx/2023 nömrəli məktubda qeyd edilən İsmayıllı rayonu üzrə buğdanın hər hektardan orta məhsuldarlığı 2022-ci ildə 35.8 sentner, 2023-cü il sentyabrın 1-i vəziyyətinə 30.5 sentner təşkil etməsinə əsaslanaraq ondan maddi ziyan tələb edilmişdir.
23. Ötən dövr ərzində həmin torpaq sahəsinin plan və ölçüsündə göstərilən hissəsinin daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydə alınaraq çıxarış verilmiş və bu əsaslarla o da həmin torpaq sahəsindən istifadə etmişdir. İstifadə etdiyi həmin torpaq sahəsindən götürdüyi gəlir də ona aid olmalıdır.
24. Lakin məhkəmə işə baxan zaman işi hər tərəfli araşdırmadan, üst-üstə düşmə halı zəbt etmə hal kimi qəbul edərək iş üzrə olan sübutlara bir tərəfli qiymət verərək düzgün olmayan nəticəyə gəlməklə qətnamə çıxarmışdır. Məhkəmə bu fakta münasibət olaraq qeyd edir ki, üst-üstə düşmə ilə özbaşına tutma fərqli anlayışlardır. Özbaşına tutma hüquq pozuntusunu ehtiva edən, mülkiyyətçinin və ya sahibin hüquqlarının pozulmasına yönələn qanunsuz fəaliyyətdir. Bu qanunsuz fəaliyyət nəticəsində bir tərəf digər tərəfin mülkiyyətində və ya qanuni istifadəsində olan torpaq sahəsindən heç bir əsas olmadan istifadə etməklə sahəni özbaşına olaraq tutmuş olur.
25. İddia tələbinin vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi hissəsinə münasibətdə həmin hissə ilə də razılaşmır. Belə ki, iddiaçılar tərəfindən tələbin həmin hissəsi ilə bağlı hər hansı sübutları məhkəməyə təqdim edilməmişdir.
26. Hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni iddianın təmin edilmiş 1050 manat hissəsində maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır.
27. İddiaçılara vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi hissəsi ilə razılaşmır. Qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılmalıdır.
28. Birinci instansiya məhkəməsində torpaq sahəsinə vurulmuş maddi zərərin ödənilməsi heç bir sübuta söykənməyən formal mülahizələrə istisnad etməklə əsaslandırmağa çalışmışdır ki, bu da tamamilə əsassızdır.
29. Odur ki, İsmayıllı Rayon Məhkəməsinin 2 (037)-67/2024 saylı,xx.xx.2024-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsi, yəni iddiaçıların ona qarşı 1050 manat vurulmuş maddi zərər tələbinin təmin edilməsi və iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar ödənilmiş olan dövlət rüsumu iddiaçıların özlərinə aid edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
30. İddiaçı1 apellyasiya şikayətinə yazılı etirazında İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 2 (037)-67/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
31. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsi, İsmayıllı Rayon Məhkəməsinin 26 fevral 2024-cü il tarixli, 2(037)-67/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir.
32. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçılar İddiaçı3, İddiaçı2 Bəhrəm oğlu və İddiaçı4 Bəhrəm qızı, Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişlər, Cavabdeh məhkəmə kollegiyasına elektron qaydada göndərdiyi müraciətində səhhəti ilə əlaqədar Rusiya Federasiyasına səfər etdiyi üçün iştirakı mümkün olmadığına görə üzürlü hesab edilməsini, əgər mümkündürsə məhkəmə iclasının başqa vaxta təyin edilməsini xahiş etsə də, digər iddiaçılar gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
33. Azərbaycan Respublikası Konstitusiyasının; 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. 29-cu maddəsinin 2-ci və 3-cü hissələrinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir və mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
34. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ- əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4-cü maddəsinə əsasən sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
35. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır.
36. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsiSübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 402.1.-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
37. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
39. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
40. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
41. Cavabdeh Salahov X3 Rayon Məhkəməsinin 26 fevral 2024-cü il tarixli, 2(037)- 67/2024 nömrəli qətnaməsini qismən, yəni iddiaçının ona qarşı təmin olunmuş 1050 manat vurulmuş maddi zərər və dövlət rüsumuna aid hissəsini mübahisələndirdiyindən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın təmin edilmiş 1050 manat vurulmuş maddi zərər və dövlət rüsumuna aid hissələrdə yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə həll edilərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, mübahisənin maddi və prosessual hüquqi əsasları tam düzgün müəyyən edilməmiş, nəticədə tam düzgün və əsaslı qətnamə çıxarılmamışdır.
43. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
44. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən **********71 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 174 nömrəli reyestr kitabının 75 nömrəli vərəqində 10 dekabr 2021-ci il tarixdə qeydə alınaraq verilmiş Çıxarış üzrə İsmayıllı rayon Qoşakənd kənd sakinləri İddiaçı1, İddiaçı3, İddiaçı2 Bəhrəm oğlu, X5 və İddiaçı4 Bəhrəm qızının ümumi birgə mülkiyyətlərinə İsmayıllı rayonu, Qoşakənd kəndi ərazisindən 4.6644 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin 1 hektarının cavabdehin zəbtində olduğunu əsas gətirən iddiaçılar, torpaq sahəsinin zəbti nəticəsində onlara vurulmuş 1850 manat maddi ziyanın cavabdehdən onların xeyrinə tutulmasını tələb etmişlər. İşə baxan birinci instansiya məhkəməsi iddiaçıların mülkiyyətində olan torpaq sahəsinin 0.773 hektarı hissəsinin cavabdeh tərəfindən zəbt edilməsi əsas gətirilərək, bununla əlaqədar Cavabdeh tərəfindən iddiaçılara vurulmuş maddi ziyan məbləğini 1050 manat müəyyən etmişdir.
45. Məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsində və birinci instansiya məhkəməsinin qətnaməsində cavabdehin soyadı Salehov kimi qeyd edilməsinə baxmayaraq, məhkəmə kollegiyası tərəfindən onun soyadının Salahov olması müəyyən edilmişdir.
46. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin soyadının Salahov əvəzinə Salehov kimi qeyd edilməsi texniki yanlışlıq olmaqla birinci instansiya məhkəməsinin qətnaməsinin həmin əsasla ləğv edilməsi və ya dəyişdirilməsi zərurəti müəyyən edilmir.
47. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddianın təmin edilmiş 1050 manata aid hissəsində məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, iş üçün əhəmiyyətli olan halların sübut edilməməsi, ziyanın nədə ifadə olunmasının əsaslandırılmaması, mötəbər sübutların məhkəməyə təqdim edilməməsi, iddianın təmin edilmiş 1050 manat hissəsinin maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırılmaması, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasının təmin edilməməsi, iş materiallarında olan sübutların və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinin nəzərə alınmamasına dair dəlilləri ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilmiş 1050 manat məbləğində maddi ziyanın ödənilməsi hissəsində gəldiyi nəticə, MPM-də nəzərdə tutulmuş işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılması prinsiplərinə cavab vermir.
48. Belə ki, iddiaçılar iddia tələblərində cavabdeh tərəfindən onlara maddi ziyanın vurulmasını, cavabdeh tərəfindən onlara məxsus torpaq sahəsinin zəbt edilməsi ilə yanaşı 2022-2023-cü illərdə İsmayıllı rayonu Qoşakənd kəndində buğdanın orta məhsuldarlığının 35 sentner, buğdanın 1 kiloqramının orta bazar qiymətinin 0,50 manat olması ilə əsaslandırsalar da, zəbt edilməmiş torpaq sahəsində 2022-2023-cü illərdə buğda məhsulunu əkib-əkməmələri, orada məhsulun yetişib-yetişməməsi, məhsuldarlıq olmuşdursa hansı səviyyədə olması, buna görə subsidiya alıb-almamaları, 2022-2023-cü illərdə buğda məhsulunun həmin ərazidə orta bazar qiymətinin neçə manat təşkil etməsinə dair məhkəməyə heç bir sübut təqdim etməmişlər.
49. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:
1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir.
50. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir.
51. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddia tələbinin vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi hissəsinə münasibətdə həmin hissə ilə də razılaşmasına dair dəlili ilə razılaşmayaraq qeyd edir ki, iddiaçılar tərəfindən hazırkı iddia tələbi üzrə cavabdehdən mənəvi ziyanın ödənilməsi tələb edilməmişdir.
52. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçılar tərəfindən ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməli olmasına dair dəlili ilə qismən razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edildiyi halda ödənilmiş 100 manat dövlət rüsumunun bütünlükdə cavabdehdən iddiaçıların xeyrinə tutulmalı olmasına dair gəldiyi nəticə doğru olmamışdır.
53. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
54. Bu baxımdan məhkəmə kollegiyası cavabdehdən iddiaçıların xeyrinə tutulmalı olan dövlət rüsumu məbləğinin 50 manat həddində müəyyən edilməsini doğru hesab edir.
55. Qeyd edilənləri nəzərə alaraq kollegiya hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 26 fevral 2024-cü il tarixli, 2(037)-67/2024 nömrəli qətnaməsi qismən, yəni iddianın təmin olunmuş Cavabdeh 1050 manat vurulmuş maddi zərər və 50 manat dövlət rüsumu olmaqla, cəmi 1100 (bir min bir yüz) manatın alınaraq iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 Bəhrəm oğlu və İddiaçı4 Bəhrəm qızına ödənilməsi hissələrində ləğv edilməli, həmin hissələrdə yeni qətnamə qəbul edilməklə, iddia tələbi qeyd edilən hissələrdə rədd edilməli, qətnamə Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
56. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə İsmayıllı Rayon Məhkəməsinin 26 fevral 2024-cü il tarixli, 2(037)-67/2024 nömrəli qətnaməsi qismən, yəni iddianın təmin olunmuş Cavabdeh 1050 manat vurulmuş maddi zərər və 50 manat dövlət rüsumu olmaqla, cəmi 1100 (bir min bir yüz) manatın alınaraq iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 Bəhrəm oğlu və İddiaçı4 Bəhrəm qızına ödənilməsi hissələrində ləğv edilsin. Həmin hissələrdə yeni qətnamə qəbul qəbul edilsin. İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 Bəhrəm oğlu və İddiaçı4 Bəhrəm qızının Cavabdeh qarşı əkin torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin boşaldılması, vurulmuş maddi zərərin ödənilməsi və torpaq sahəsinə dair mülkiyyət hüququna edilən maneçiliklərə qadağa qoyulması tələbinə dair iddiaları Cavabdeh 1050 manat vurulmuş maddi zərər və 50 manat dövlət rüsumu olmaqla, cəmi 1100 (bir min bir yüz) manatın alınaraq onlara ödənilməsi hissələrində rədd edilsin. İsmayıllı Rayon Məhkəməsinin 26 fevral 2024-cü il tarixli, 2(037)-67/2024 nömrəli qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.