Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-230/2024 28.03.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Cavabdehnə qarşı debitor borcun silinməsi və qaz sayğacının dəyərinin ödənilməsindən azad olunması tələbinə dair mülki işə 28 mart 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) tərəfindən **********01930 nömrəli abonent koduna işlənmiş 1006 kub metr təbii qazın dəyəri 201.2 (iki yüz bir manat) 20 (iyirmi qəpik) borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək göstərdi ki, 16 iyun 2017-cü il tarixdə Cavabdeh tabeçiliyində olan X4 İstismar İdarəsinin əməkdaşları tərəfindən onun yaşadığı evin qaz xəttinə qoşulmuş və mərhum atası Babasəfər İsayevin adında istismarda olan G-4T markalı ******* nömrəli sayğaca baxış keçirilmiş, qaz sayğacı dövlət yoxlanılmasına göndərmək məqsədi ilə həmin tarixdə qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akt tərtib edilərək götürülmüş, əvəzində yeni sayğac quraşdırılmışdır. Həmin vaxtlar atası ağır xəstə olduğundan tərtib olunmuş aktın kimin tərəfindən imzalandığı məlum deyildir. Hər hansı zədənin olması barədə ötən müddət ərzində iddiaçıya heç bir məlumat verilməmişdir. Atası 10 oktyabr 2018-ci il tarixdə vəfat etdikdən sonra işi ilə əlaqədar ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüşdür. Evdə yaşayış olmamış, bəzi illər ərzində qazdan demək olar ki, istifadə olunmamışdır. 2023-cü ilin sonlarında evlərinə qayıtdıqdan sonra sayğacı öz adına sənədləşdirmişdir. 2023-cü ilin sonlarında bildiriş alarkən borcun yüksək olduğunu görmüş, səbəbini öyrənmək üçün Qaz idarəsinə müraciət etmişdir. Müraciətinə cavab olaraq həmin məbləğin cərimə olduğu bildirilmişdir. Müvafiq sənədləri əldə etdikdən sonra həmin məbləğin qaz sayğacına müdaxilə nəticəsində yarandığını bilmişdir. Cavabdeh təşkilatın əməkdaşları tərəfindən bildirilmişdir ki, sayğac İnformasiya Texnologiyaları və Rabitə İdarəsində Dövlət Yoxlamasından keçirilmiş və verilmiş rəydə sayğacın zavod qurğuşun plombunun kəsici alətlə kəsildiyi göstərilmişdir. Ona görə də 16 iyun 2017-ci il tarixdə “təbii X2nın pozulması haqqında” tərtib olunmuş akt əsasında 29 avqust 2017-ci il tarixdə dəymiş ziyanın bərpasına dair tələbnamə qəbul edilərək 1006 kub. metr itirilmiş təbii qaz iddiaçının hesabına işlənmiş, həmin miqdarda təbii qazın və dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsi tələb edilmişdir. Sayğac açılıb götürülərkən onların iştirakı təmin olunmamış, yoxlamanın nəticəsi barədə onlara şifahi və rəsmi məlumat verilməmişdir. Onlar tərəfindən “Təbii X2nın pozulması haqqında” tərtib olunmuş akt imzalanmamışdır. Ötən illər ərzində istifadə etdiyi qazın dəyərini mütəmadi olaraq ödəmişlər. Həmin məbləğin də qaz pulu borcu olduğunu zənn edərək ödənişlər aparmışdır. Atası vəfat etdikdən sonra bir müddət hüzür mərasimlərinə başım qarışmış, təqdim olunmuş bildirişlərdə qaz sərfiyyatının məbləği ilə maraqlana bilməmişdir. Məbləğin cərimə olduğunu bildikdən sonra müraciət edərək müvafiq sənədləri almışdır. Hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün iddia müddətini ötürməmişdir. Hesab edir ki, cavabdeh təşkilat tərəfindən itirilmiş təbii qaz və dəyəri əsassız olaraq hesabına işlənmişdir. Onlar tərəfindən qaz sayğacına heç bir müdaxilə olunmamış və sayğacın zədələnməsi barədə heç bir məlumatı yoxdur. Qaz İstismar İdarəsinin nəzarətçisi tərəfindən qaz xəttinə qoşulmuş sayğaca ən geci ayda bir dəfə baxış keçirilir, qaz sərfiyyatı barədə bildiriş təqdim edilir. Sayğacda hər hansi zədə, əzik olsaydı, nəzarətçi həmin qüsuru dərhal aşkar edərdi. Qaz sayğacı evdən kənarda, həyət qapısından çöldə yerləşdiyi üçün sayğacın işçi vəziyyətinə nəzarət olunması mümkün deyildir. Bundan başqa qanunvericiliyin tələbinə görə qaz sayğacının quraşdırılmasının və dəyişdirilməsinin qaz paylayıcısı tərəfindən həyata keçirilməsi nəzərdə tutulduğundan dəyişdirilmiş sayğacın dəyərinin iddiaçıdan tələb edilməsini də əsasız hesab edir. Cavabdeh təşkilat tərəfindən hesabına vurulmuş 201,2 manat borcun silinməsi və dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsindən azad olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək işə iştirakı olmadan baxılaraq iddia müddəti tətbiq edilməklə iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. İşə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması qərara alınmışdır. Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilən “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli aktın surətindən müəyyən edilir ki, həmin təşkilatın əməkdaşları tərəfindən iddiaçının İsmayıllı rayonu Aşağıbaş kəndidə yerləşən fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərək təbii X2na riayət olunması vəziyyəti yoxlanılmışdır. Qaz saygacı növbədənkənar dövlət yoxlamasına göndərilməsi üçün çıxarılmışdır. Akt imzalanmışdır. Cavabdeh İB-nin “Təbii X2nın pozulması haqqında” 25 avqust 2017-ci il tarixli ******* nömrəli aktın surətindən müəyyən edilir ki, abonentin istifadəsində 1 ədəd PQ-4 tipli qaz piltəsi vardır. Dəymiş ziyanın hesablanması tələb olumuşdur. İddiaçı aktı imzalamamışdır. Cavabdeh İB-nin X4 İstismar İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş və həmin İdarənin rəisi tərəfindən təsdiq edilmiş 29 avqust 2017-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, sayğacın zavod qurğuşun plombunun kəsici alətlə kəsildiyi qeyd edilmişdir. Qaz xəttində itirilmiş təbii qazın miqdarı hesablanaraq 1006 kub metr müəyyən edilmiş və həmçinin iddiaçı tərəfindən sayğacın dəyərinin ödənilməsinin təmin edilməsi göstərilmişdir. AZ-İİ seriyalı 284564 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X1 07 oktyabr 2018-ci il tarixdə vəfat etmişdir. 07 noyabr 2023-cü il tarixli İddiaçı adına olan abonentin saldosundan görünür ki, 2017-ci ilin avqust ayının sonuna iddiaçının **********01930 nömrəli abonent koduna 201,2 manat borc vurulmuşdur. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən 16 iyun 2017-ci il tarixdə iddiaçının fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərək təbii X2na riayət olunması vəziyyəti yoxlanılmışdır. Yoxlamanın nəticələrinə dair tərtib edilən həmin tarixli ******* nömrəli akta əsasən ******* nömrəli sayğac növbədənkənar dövlət yoxlamasına göndərilməsi üçün çıxarılmış, əvəzində isə yeni sayğac quraşdırılmışdır. Bu barədə tərtib olunmuş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akt imzalanmışdır. İddiaçının yaşadığı evin qaz xəttindən açılmış ******* nömrəli sayğacda nöqsan aşkar olunduğundan abonentin istifadə etdiyi qaz avadanlıqları və onların parametrlərinə dair 25 avqust 2017-ci il tarixli ******* nömrəli “Təbii X2nın pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə Cavabdeh İB-nın Ağsu RQİİ-nə göndərilmişdir. Tərtib olunmuş aktı iddiaçı imzalamamışdır. Cavabdeh İB-nin X4 İstismar İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş və həmin İdarənin rəisi tərəfindən təsdiq edilmiş 29 avqust 2017-ci il tarixli qərarda sayğacın zavod qurğuşun plombunun kəsici alətlə kəsildiyi göstərilmiş və həmin tələbnaməyə əsasən iddiaçının yaşadığı evin qaz xəttində itirilmiş təbii qazın miqdarı hesablanaraq 1006 kub metr müəyyən edilmişdir. Həmin miqdarda təbii qazın və dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsi iddiaçıdan tələb olunmuşdur. İddiaçı tərtib olunmuş sənədlərin surətlərinin onlara verilmədiyini və sonradan da ünvanına göndərilmədiyini bildirir. Bu barədə tərtib olunmuş sənədlərin iddiaçının ünvanına göndərilməsini və yaxudda həmin sənədlərin iddiaçıya verilməsini təsdiq edən sübutlar da iş materiallarında yoxdur. İddiaçı iddia müddətini ötürmədiyini, qanunla müəyyən olunmuş müddət ərzində məhkəməyə müraciət etdiyini göstərərək cavabdeh tərəfindən hesabına işlənmiş 201,2 manat borcun silinməsi və dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsindən azad olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehin nümayəndəsi iddia müddəti tətbiq olunmaqla iddia tələbinin təmin olunmaması barədə qərar qəbul olunmasını xahiş etmişdir. “X2”nın 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Həmin Qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Məhkəmə cavabdehin nümayəndəsinin iddia müddətinin tətbiq olunmasına dair ərizəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı hazırkı iddia tələbi ilə qanunla müəyyən olunmuş müddət ərzində məhkəməyə müraciət etmişdir. Belə ki, işin faktiki hallarından görünür ki, dəyişdirilmiş qaz sayğacı üzrə tərtib olunmuş ilkin aktın kim tərəfindən imzalandığı müəyyən deyildir. Tərtib olunmuş sənədlərin qanunla müəyyən olunmuş qaydada iddiaçıya təqdim olunmasına dair cavabdeh sübut təqdim etməmişdir. Yoxlamanın nəticəsi barədə istehlakçıya şifahi və rəsmi məlumat verilməmişdir. İddiaçı abonent kodunda cərimə məbləğini gördükdən sonra 2023-cü ilin sonunda müraciət edərək müvafiq sənədləri əldə etmiş, iddiaçı hüququnun pozulduğunu bundan sonra bilmiş və 08 yanvar 2024-cü il tarixdə məhkəmədə iddia qaldırmışdır. Beləliklə hazırkı iddia müddətinin axımının iddiaçının öz hüququnun pozulduğunu bildiyi gündən başladığını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı iddia vermək üçün qanunla müəyyən olunmuş müddətdə məhkəməyə müraciət etmiş və müddəti ötürməmişdir. Məhkəmə 1006 kub metr təbii qazın dəyəri olan 201,2 manat borcun silinməsinə dair iddia tələbinə münasibət bildirərək qeyd edir ki, cavabdeh həmin borcun **********01930 nömrəli abonent koduna cərimə kimi vurulmasını təsdiq edən və həmin məbləğin iddiaçının təqsiri üzündən yarandığına dair sübutları məhkəməyə təqdim etməmiş və bu halın iddiaçının təqsiri üzündən yaranması da məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh İB tərəfindən iddiaçının hesabına işlənmiş 1006 kub metr itirilmiş təbii qazın dəyəri 201,2 manat borcun silinməsi və iddiaçının dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsindən azad olunması barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məhkəməyə verilən iddia ərizəsinə görə 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, hazırki iş üzrə iddia tələbinin təmin edilmiş məbləği 201 manat olduğundan cavabdehdən həmin məbləğə uyğun olaraq 30 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı **********01930 nömrəli abonent koduna vurulmuş 1006 kub metr təbii qazın dəyəri 201.20 (iki yüz bir manat iyirmi qəpik) manat debitor borc məbləği silinsin. İddiaçı dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsindən azad olunsun. Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu məbləği alınaraq dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-230/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-230/2024
28.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver