Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-237/2025 07.04.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı müqavilənin ləğvi və ödənilmiş pulun qaytarılması tələbinə dair mülki işə 07 aprel 2025-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə müraciət edərək, “AN-İ №1223346” seriyalı, 10 yanvar 2024cü il tarixli müqavilənin ləğv edilməsi və tərəfindən ödənilmiş 5000 manat pul vəsaitinin (müqavilə qiymətinin) Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək göstərdi ki, cavabdehlə aralarında bağlanmış və notariat qaydasında təsdiq olunmuş “AN-İ №1223346” seriyalı 10 yanvar 2024-cü il tarixli müqavilə ilə İsmayıllı rayonu Buynuz kəndində yerləşən 0,0539 hektar ölçüdə torpaq sahəsini almışdır. Alğı-satqıdan sonra həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və adına çıxarış və plan-ölçü sənədinin verilməsi üçün 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmişdir. Lakin idarə tərəfindən hüquqlarının qeydiyyatından imtina olunmuş, imtina bununla əsaslandırılmışdır ki, torpaq sahəsinin yerləşmə yerlərində uyğunsuzluqlar vardır. İmtina bildirişində qeyd edilmişdir ki, naturada ölçülmüş faktiki torpaq sahəsinin yerləşmə yeri və həndəsi ölçüləri AZCAD bazada ayrılmış sənəd üzrə yerdən 65 metr kənarda yerləşməklə uyğunsuzluq təşkil edir. Dəfələrlə müraciət etməsinə baxmayaraq ona satılmış torpaq sahəsinin sənəd üzrə yerləşmə yeri dəqiqləşdirilməmiş və problem öz həllini tapmamışdır. 9 saylı Qəbələ Ərazi İdarəsinin imtina bildirişindən aydın olur ki, ona satılan torpaq sahəsinin sənədləri qaydasında deyildir və ona faktiki təqdim olunmuş torpaq sahəsi sənəd üzrə olan torpaq sahəsi deyildir. Sənəd üzrə olan torpaq sahəsi isə başqa şəxsin adına sənədləşdirilmişdir. Göstərilən səbəblər üzündən o, satın almış olduğu torpaq sahəsinə sahiblənə və buradan istifadə edə bilməmişdir. Bu üzdən müqavilənin ləğv olunması və ödənilmiş pul vəsaitinin geri tələb edilməsi qənaətinə gəlmişdir. Əgər, öncədən o, torpaq sahəsinin sənədlərində problem olduğunu və torpaq sahəsinin sənəd üzrə məkan göstəricisi ilə faktiki məkan göstəricisi arasında bu cür uyğunsuzluğun olmasını bilsəydi, təbii ki, bu alğı-satqı müqailəsini bağlamazdı. Göründüyü kimi, cavabdeh ona problemli sənədləri olan torpaq sahəsi satmışdır. Bununla da hüquqları pozulmuş, pul vəsaiti əlindən çıxmış, əvəzində isə müqavilə obyektini əldə edə bilməmişdir. İddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdeh izahat verərək göstərdi ki, iddiaçının iddia tələbinə qarşı heç bir etirazı yoxdur. İddiaçının pulunu qaytara bilər. Qeyd etdikləri nəzərə alınmaqla, iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam,hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi aşağıda qeyd olunanlara əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 27 sentyabr 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətinən görünür ki, İsmayıllı rayonu Buynuz kəndində yerləşən 0,0539 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh mülkiyyətindədir. 27 sentyabr 2022-ci il tarixli, A№839810 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, İsmayıllı rayonu Buynuz kəndində yerləşən 0,0539 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh adına qeyd edilmişdir. 10 yanvar 2024-cü il tarixli, AN-İ №1223346 nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, Ağayev X1 rayonu Buynuz kəndi ünvanında yerləşən, ümumi sahəsi 0,0539 hektar torpaq sahəsini tam mülkiyyət üzrə İsmayıllı rayon Notariat Ofisində bağlanmış və reyestrdə 4Ə-14 nömrə ilə qeyd edilmiş alğı-satqı müqaviləsi əsasında 5000 manata İddiaçı satmışdır. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 29 yanvar 2024-cü il tarixli, 3-21-3-42/2-638/2024 nömrəli bildirişinin surətindən görünür ki, naturada ölçülmüş faktiki torpaq sahələrinin coğrafi yerləşmə yeri və həndəsi ölçüləri AZCAD bazada ayrılmış sənəd üzrə yerdən 65 metr kənarda yerləşməklə uyğunsuzluq təşkil edir. Naturada ölçülmüş faktiki torpaq sahələri AZCAD baza məlumatlarına əsasən başqa vətəndaşlara məxsus dövlət aktları ilə üst-üstə düşür. AZCAD bazasında ayrılmış sənəd üzrə yer isə naturada başqa vətəndaşın istifadəsindədir. Bu səbəbdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilir. 17 dekabr 2024-cü il tarixli pretenziyadan görünür ki, iddiaçı cavabdehdən “AN-İ №1223346” seriyalı, 10 yanvar 2024-cü il tarixli müqavilənin ləğv edilməsinə dair razılığa gəlinməsini və ödənilmiş 5000 manat pul vəsaitinin geri qaytarılmasını xahiş etmiş, razılıq olmadığı və pulun ödənilməsi 27 dekabr 2024-cü tarixinə kimi təmin olunmadığı təqdirdə məhkəməyə müraciət edəcəyini bildirmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, 27 sentyabr 2022ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış üzrə İsmayıllı rayonu Buynuz kəndində yerləşən 0,0539 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh mülkiyyətindədir. 27 sentyabr 2022-ci il tarixli, A№839810 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi üzrə İsmayıllı rayonu Buynuz kəndində yerləşən 0,0539 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh adına qeyd edilmişdir. 10 yanvar 2024-cü il tarixli, AN-İ №1223346 nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən Ağayev X1 rayonu Buynuz kəndi ünvanında yerləşən, ümumi sahəsi 0,0539 hektar torpaq sahəsini tam mülkiyyət üzrə İsmayıllı rayon Notariat Ofisində bağlanmış və reyestrdə 4Ə-14 nömrə ilə qeyd edilmiş alğı-satqı müqaviləsi əsasında 5000 manata İddiaçı satmışdır. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 29 yanvar 2024-cü il tarixli, 3-21-3-42/2-638/2024 nömrəli bildirişi ilə müyyən edilir ki, naturada ölçülmüş faktiki torpaq sahələrinin coğrafi yerləşmə yeri və həndəsi ölçüləri AZCAD bazada ayrılmış sənəd üzrə yerdən 65 metr kənarda yerləşməklə uyğunsuzluq təşkil edir. Naturada ölçülmüş faktiki torpaq sahələri AZCAD baza məlumatlarına əsasən başqa vətəndaşlara məxsus dövlət aktları ilə üst-üstə düşür. AZCAD bazasında ayrılmış sənəd üzrə yer isə naturada başqa vətəndaşın istifadəsindədir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə iddia tələbinin hüquqi əsasları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlmə əsaslarından biridir (maddə 14.2.1). Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Məhkəmə qeyd edir ki, müqavilə mülki hüquq və vəzifələrin yaranmasının hüquqi əsaslarından biridir. Əqd-mülki hüquq subyektinin mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönələn iradə ifadəsidir. Müqavilə əqdin əsas forması kimi mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır. Göründüyü kimi, mülki hüquqların və vəzifələrin yaranmasında aparıcı rol oynayan müqavilələr və əqdlər mülki hüququn subyektlərinin iradəsinə əsaslanır. Yəni müqavilə mülki hüquq subyektlərinin iradəsinə əsaslanan hərəkətlərdən əmələ gəlir ki, bu hərəkətlər hüquqa uyğun olmalı və hüquqa zidd olmamalıdır. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (Mülki Məcəllənin 425.1-ci maddəsi). Göstərilən Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə qeyd edir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Göründüyü kimi müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüququdur. Yəni müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur. Mülki qanunvericiliyin prinsiplərini müəyyən edən Mülki Məcəllənin 6-cı maddəsində nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirdirlər. Qanunun bu müddəasından çıxış edən şəxs hər şeydən əvvəl öz iradəsinə müvafiq olaraq bağlayacağı müqavilədə özü üçün münasib tərəfdaş seçir, sonra şəxs öz iradəsinə müvafiq olaraq hazırladığı bağlanacaq müqavilənin mühüm şərtlərini nəzərdə tutan təklifini verir və tərəflər sərbəst olaraq müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Yəni şəxsin müqavilə bağlamaq haqqında iradəsi yarandığı andan gerçəkləşənədək ancaq onun sərbəst iradəsinə əsasən həyata keçirilir və öz seçdiyi tərəflə məzmununu sərbəst olaraq müəyyənləşdirdikləri qanuna zidd olmayan istənilən müqaviləni azad surətdə bağlaya bilər ki, bu da müqavilə azadlığıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında 10 yanvar 2024-cü il tarixdə daşınmaz əmlakın alğı-satqı müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən cavabdeh İsmayıllı rayonu Buynuz kəndi ünvanında yerləşən, ümumi sahəsi 0,0539 hektar torpaq sahəsini tam mülkiyyət üzrə İsmayıllı rayon Notariat Ofisində bağlanmış və reyestrdə 4Ə-14 nömrə ilə qeyd edilmiş alğı-satqı müqaviləsi əsasında 5000 manata İddiaçı satmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, cavabdeh alğı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş və nəticədə torpaq sahəsinin sənəd üzrə məkan göstəricisi ilə faktiki məkan göstəricisi arasında uyğunsuzluq olmuşdur. Bununla da iddiaçının hüquqları pozulmuş və pul vəsaiti əlindən çıxmışdır. Tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsinin 18-ci bəndinə əsasən həmin müqaviləyə dəyişikliklər və əlavələr olunması, yaxud onun ləğv edilməsi tərəflərin yazılı razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 598.2-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 598.3-cü maddəsinə əsasən əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. Məhkəmə qeyd edir ki, qeyd olunan hallar müqavilənin cavabdehlər tərəfindən əhəmiyyətli dərəcədə pozulması kimi qiymətlənir. Belə olan halda iddiaçı alğı-satqı müqaviləsinin ləğv edilməsi və pul vəsaitinin ona qaytarılması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin: 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. 648.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. 649-cu maddəsinə əsasən satılmış daşınmaz əşyanın uyğunsuzluğu müqaviləyə uyğun olmamasından savayı həmin əşyaya aid artıq mövcud olmayan hüquqların daşınmaz əmlakın dövlət reyestrində göstərildiyi halda da baş verir. İş materiallarına əlavə edilmiş 10 yanvar 2024-cü il tarixli, AN-İ №1223346 nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, Ağayev X1 rayonu Buynuz kəndi ünvanında yerləşən, ümumi sahəsi 0,0539 hektar torpaq sahəsini tam mülkiyyət üzrə İsmayıllı rayon Notariat Ofisində bağlanmış və reyestrdə 4Ə-14 nömrə ilə qeyd edilmiş alğı-satqı müqaviləsi əsasında 5000 manata İddiaçı satmışdır. Ona görə də hazırkı alğısatqı müqaviləsi etibarsız hesab edildiyindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən 5000 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya verilməlidir. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh ilə İddiaçı arasında bağlanmış İsmayıllı rayon Notariat Ofisi tərəfindən təsdiq edilmiş və reyestrdə 4Ə-14 nömrə ilə qeydə alınmış 10 yanvar 2024-cü il tarixli, AN-İ№ ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsi ləğv edilməli və Cavabdeh 5000 manat pul vəsaiti alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia tələbi üzrə ödənilmiş dövlət rüsumu məbləğinin tutulması ilə bağlı tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu məbləği iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən,məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında bağlanmış İsmayıllı rayon Notariat Ofisi tərəfindən təsdiq edilmiş və reyestrdə 4Ə-14 nömrə ilə qeydə alınmış 10 yanvar 2024-cü il tarixli, AN- İ№ ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsi ləğv edilsin. Cavabdeh 5000 manat pul vəsaiti alınaraq İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumu məbləği iddiaçının özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-237/2025
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-237/2025
07.04.2025 · Müqavilələrin ləğv edilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver