Məhkəmə qərarları › İş №2(037)-250/2024

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-250/2024

17.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-250/2024 17.04.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı akt əsasında hesablanmış pul məbləğinin silinməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı (bundan sonra iddiaçı) cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə müraciət edərək iddiaçı tərəfindən 11 noyabr 2023cü il tarixdə sayğacdan kənar X2yə görə əsassız hesablanaraq abonent koduna yazılmış 1007,19 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və əməlini qismən etiraf edərək göstərdi ki, o Laçın rayonundan qaçqın düşərək İsmayıllı rayonun Qalınçaq kəndində vaqonda yaşayır. Yaşadığı vaqon elektrik enerjisi ilə təchiz edilmiş, abonent kodu almış və cavabdehlə bu barədə müqavilə bağlamışdır. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti İsmayıllı Xidmət Sahəsinin əməkdaşı sayğaca baxış keçirdikdən sonra təqdim etdiyi bildirişə uyğun olaraq X2yə görə hər ay təqribən 15-20 manat ödənişlər etmişdir. Cavabdeh təşkilatın əməkdaşı 11 noyabr 2023-cü il tarixdə sayğaca baxış keçirmiş, baxış keçirilən zaman sayğacdan kənar X2 etməsinə dair heç bir qanunsuzluq aşkar etməmişlər. O, 21 noyabr 2023-cü il tarixdə arabanın metal borudan olan sınmış “qolunu” qaynaq etmək istəmiş, sayğacdan sonrakı naqillərin zəif olduğunu düşünmüş, bu məqsədlə sayğaca qədər elektrik dirəyinə qıra atmış, bir ədəd elektroddan istifadə etməklə qaynaq işi aparmışdır. Bu işi görmək üçün bir neçə dəqiqə vaxt sərf etmişdir. Cavabdeh təşkilatın əməkdaşları bu xətti aşkar etsələrdə bundan əvvəl həmin xəttdən heç vaxt istifadə etməmiş və cavabdeh təşkilatın əməkdaşlarının gəlişindən az müddət əvvəl qoşmuşdur. Aşkar edilən zaman da həmin xəttdən istifadə edilmirdi. Ona görə də cavabdeh təşkilatın əməkdaşları həmin tarixdə akt tərtib etmiş, ona qanunsuz olaraq 1007,19 manat məbləğində borc hesablanmışdır. Hesablanmış borc məbləği ilə razı deyil. Hesab edir ki, həmin borc məbləği tamamilə qanunsuz və həddən artıq süni şəkildə şişirdilərək 60 günü 24 saata vurmaqla hesablanmışdır. (7963 kvt elektrik enerjisinin istifadə etdiyi qeyd olunmuş, bunun 400 kvt-nı 0,08 manat, 200 kvt-nı 0,09 manat, 7663 kvt-nı isə 0,13 manat) Bu qaydada cərimə hesablanması isə heç bir qanunla tənzimlənmir və tam qanunsuzdur. Bütün əhali abonentlərinin, o cümlədən də onun yaşadığı evə ayda bir dəfədən az olmayaraq (əsasən isə bir ayda 2 dəfə) baxış keçirilir, sayğacdan kənar xətlərin olubolmadığı müəyyən edilir, sonra sayğac göstəricilərinə əsasən bildiriş təqdim edilir. Əgər əvvəllər də sayğacdan kənar X2 halı olsaydı, bunu nəzarətçi aşkar edərdi. Göründüyü kimi əvvəllər də bundan istifadə edilmədiyi üçün aşkar edilməmişdir. Əməkdaşlar xətti 21 noyabr 2023-cü il tarixdə aşkar etsələrdə və cərimə barədə tələbnamə 23 noyabr 2023- cü il tarixdə tərtib olunsada, hansı səbəbdən 11 noyabr 2023-cü il tarixədək olan dövrü əhatə edən bildirişdə cərimə məbləğinin qeyd olunması və bildirişdə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üçün sərf etdiyi sərfiyyat 5,92 manat, qalıq borcu 889,35 manat göstərilməsinə baxmayaraq ondan tələb olunan məbləğin 1017,99 manat olması da ona məlum deyildir. Cavabdeh təşkilatın əməkdaşları 23 noyabr 2023-cü il tarixdə dəymiş zərəri müəyyənləşdirərkən daxili təlimatlarına istinad etmişdir. Hesab edir ki, sənədlər tərtib edilərkən saxtakarlıq edilmişdir. Cavabdeh təşkilat onlara verilmiş hüquqlardan sui-istifadə edərək onun qanunla qorunan hüquqlarını kobud şəkildə pozmuşdur. Ona görə də abonent koduna əsassız olaraq hesablanmış 1007,19 manat cərimə borcunun azaldılaraq ziyanın bir gün üçün hesablanmaqla qətnamə çıxarılmasını xahiş edir. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, etiraz göndərərək iddia tələbinin tamamilə rədd olunması barəd qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. Cavabdeh iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, iddiaçının İsmayıllı rayonu Qalınçaq kəndində yaşadığı fərdi yaşayış evi "xxxx" ASC-nin enerji satış bazasında İddiaçı adına olmaqla **********00502 saylı kod altında istehlakçı kımi qeydiyyatdadır. 21 noyabr 2023-cü il tarixində "xxxx" ASC-nin əməkdaşları F.Cavadov və R.Musayev tərəfindən İsmayıllı rayonu Qalınçaq kəndində yerləşən iddiaçıya məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına iddiaçının və nümayəndələrinin iştirakı ilə “X2 Qaydaları”na uyğun baxış keçirilmişdir. Baxış zamanı abonentin həyətyanı sahəsində yerləşən elektrik dirəyinə qarmaq ataraq sayğacı dövriyyədən kənarlaşdırmaqla elektrik enerjisindən bir başa istifadə etdiyi aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar X2 Qaydaları"nın 8.17.1-ci bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən 21 noyabr 2023-cü il tarixli NDM034801 saylı akt tərtib olunmuşdur. 21 noyabr 2023-cu il tarixli NDM034801 saylı akta əsasən "xxxx" ASC-nin Akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xətdən keçən yükə uyğun 60 gün üçün 0,08 manatla 400 kvts (dəyəri 32.00 manat), 0,09 manalla 200 kvts (dəyəri 18.00 manat) və 0,13 manatla 7363 kvts (dəyəri 957.00 manat) toplamda 1007 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Müəyyən edilmiş qüsurun xarakteri təsadüfi olmamış, iddiaçının faydalanmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır və iddiaçıya hesablanmış məbləğ istehlak etdiyi, lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. Sayğac uçot dəstinə baxış və nöqsanın aşkar edilməsi əməkdaşlar tərəfindən video çəkilişlə qeydə alınmış və aşkar edilmiş nöqsan video çəkilişdə açıq aşkar öz əksini tapır. İddiaçı aşkar olunmuş qüsurun olmasını və kənar xəttini qoşduğunu öz iddia ərizəsində də etiraf etmişdir. “EEİQ”-nin 8.17-1-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara munasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İddiaçıya məxsus fərdi yaşayış evinə tərtib edilmiş 21 noyabr 2023-cü il tarixli NDM034801 saylı akt “EEİQ”-nin tələblərinə uyğun olaraq tərtib olunmuşdur. Ona görə də həmin akta müvafiq olaraq itirilmiş enerjinin bərpası məqsədilə hesablanmış məbləğ enerjitəchizatı müəsissəsinə ödənilməlidir. İddia tələbi əsassız olduğundan tamamilə rədd olunması barədə qətnamə çıxarılması xahiş olunmuşdur. X1 ifadə verərək göstərdi ki, məlum hadisələrlə bağlı Laçın rayonundan qaçqın düşərək İsmayıllı rayonun Qalınçaq kəndində məskunlaşmışlar. Oğlu onunla qonşuluqda vaqonda yaşayır. Bir neçə lampadan və xırda elektrik cihazlarından istifadə edir. Təqdim olunmuş bildirişə uyğun hər ay təqribən 15-20 manat ödənişlər edir. 11 noyabr 2023-cü il tarixdə sayğaca baxış keçirilən zaman heç bir qanunsuzluq aşkar edilməmişdir. Oğlu 21 noyabr 2023-cü il tarixdə elektrik dirəyinə qıra ataraq bir ədəd elektroddan istifadə etməklə arabanın metal borudan olan sınmış “qolunu” qaynaq etmişdir. Cavabdeh təşkilatın əməkdaşları dərhal bu xətti aşkar edərək ləğv etmişlər. Bundan sonra oğlu elektrik xəttinə qanunsuz qoşulma etməmişdir. Bir həyətdə yaşadıqlarından hər iki halın şahidi olmuşdur. İş materiallarına əlavə olunmuş 21 noyabr 2023-cü il tarixli aktın surətindən görünür ki, “EEİQ”-na uyğun abonent İddiaçı məxsus elektrik sayğacına baxış keçirilmiş, abonentin həyətyanı sahəsində yerləşən elektrik dairəsinə qıra ataraq sayğacı dövriyyədən kənarlaşdıraraq elektrik enerjisindən bir başa istifadə etdiyi və kənar xəttin n kəsiyinin 6 mm2 olduğu müəyyən olunmuşdur. 23 noyabr 2023-cü il tarixli qərarın surətindən görünür ki, 21 noyabr 2023-cü il tarixli akt əsasında iddiaçının həyətyanı sahəsində yerləşən elektrik dairəsinə qıra ataraq sayğacı dövriyyədən kənarlaşdıraraq elektrik enerjisindən bir başa istifadə etdiyi, itirilmiş elektrik enerjisinin 7,9 kvt x (0,7) x 24 saat x 60 gün = 7963 kvts hesablanmış (400 kvts x 0,08 = 32 manat, 200 kvts x 0,09 = 18 manat və 7363 kvts x 0,13 = 957 manat), kənar xəttin ləğv edilməsi qərara alınmışdır. Abunə haqqında cədvəldən görünür ki, iddiaçının **********00502 abonent koduna 29 noyabr 2023-cü il tarixli NDM034801 nömrəli akt üzrə 7363 kvt-0,13 manat, 200 kvt-0,09 manat və 400 kvt-0,08 manat olmaqla, cəmi 1007,19 manat borc vurulmuşdur. İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixə kimi 177.84 manat dəyərində istifadə etdiyi enerjinin dəyərini tam şəkildə ödəmişdir. Bildirişdən görünür ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üşün iddiaçının sərf etdiyi sərfiyyat 5,92 manat, qalıq borc 889,35 manat olmaqla cavabdeh tərəfindən iddiaçıdan 1017,99 manat borcun on gün müddətində ödənilməsi tələb olunmuşdur. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş video görüntülərin olduğu diskə baxış zamanı iddiaçı tərəfindən elektrik xəttinə qanunsuz qoşulma apararaq elektrik enerjisindən bir başa istifadə etdiyi müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən 21 noyabr 2023-cü il tarixdə iddiaçının fərdi yaşayış evinin elektrik xəttinə baxış keçirilmiş, abonentin həyətyanı sahəsində yerləşən elektrik dairəsinə qıra ataraq sayğacı dövriyyədən kənarlaşdıraraq elektrik enerjisindən bir başa istifadə etdiyi aşkar edilmişdir. Yoxlamanın nəticələrinə dair tərtib edilən həmin tarixli NDM034801 nömrəli akta əsasən tərtib edilmiş 23 noyabr 2023-cü il tarixli təlabnamə üzrə iddiaçının **********00502 abonent koduna 21 noyabr 2023-cü il tarixli NDM034801 nömrəli akt üzrə 7363 kvt-0,13 manat, 200 kvt-0,09 manat və 400 kvt-0,08 manat olmaqla, cəmi 1007,19 manat borc vurulmuşdur. Tərtib olunmuş aktı iddiaçı imzalamamışdır. "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş və həmin İdarənin rəisi tərəfindən təsdiq edilmiş 23 noyabr 2023cü il tarixli qərarda iddiaçının yaşadığı evin elektrik xəttində itirilmiş elektrik enerjisinin miqdarı hesablanaraq 7,9 kvt x (0,7) x 24 saat x 60 gün = 7963 kvts – 1007 manat (400 kvts x 0,08 = 32 manat, 200 kvts x 0,09 = 18 manat və 7363 kvts x 0,13 = 957 manat) müəyyən edilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixə kimi 177.84 manat dəyərində istifadə etdiyi enerjinin dəyərini tam şəkildə ödəmişdir. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üşün iddiaçının sərf etdiyi sərfiyyat 5,92 manat, qalıq borcu 889,35 manat olmaqla cavabdeh tərəfindən iddiaçıdan 1017,99 manat borcun on gün müddətində ödənilməsi tələb olunmuşdur. İddiaçı sayğacdan kənar elektrik xəttinə qısa müddətə qoşulduğunu, lakin həmin xəttdən sonradan istifadə etmədiyini, yaşadığı evdə istifadə etdiyi elektrik enerjisinin dəyərini sərfiyyat göstəricilərinə uyğun olaraq daim vaxtında ödədiyini, borc məbləğinin süni şəkildə şişirdilərək 60 günü 24 saata vurmaqla hesablanması ilə razılaşmadığını, əvvəllər də sayğacdan kənar X2 etmədiyini, xəttin 21 noyabr 2023-cü il tarixdə aşkar edilməsinə və cərimə barədə tələbnamə 23 noyabr 2023-cü il tarixdə tərtib olunmasına baxmayaraq, 11 noyabr 2023-cü il tarixədək dövrü əhatə edən bildirişdə cərimə məbləğinin hansı səbəbdən qeyd olunmasını, qanunla qorunan hüquqlarını kobud şəkildə pozulmasını nəzərə almaqla abonent koduna əsassız olaraq hesablanmış 1007,19 manat cərimə borcunun azaldılaraq ziyanın bir gün üçün hesablanmaqla qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddia tələbinə etirazının əsası olaraq iddiaçının yaşadığı fərdi yaşayış evinin elektrik xəttinə və sayğacına baxış keçirilməsinin nəticələrinə dair tərtib edilmiş aktın “X2 Qaydaları”nın tələblərinə uyğun olduğunu bildirərək iddiaçının hazırki iddia tələbini əsassız hesab edir və həmin tələbin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iddiaçının göstərdiyi bəzi xüsusatlara münasibət bildirərək qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya verilmiş xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üçün iddiaçının sərf etdiyi sərfiyyat 5,92 manat, qalıq borcu 889,35 manat göstərilməsinə baxmayaraq iddiaçıdan tələb olunan 1017,99 manat borc məbləğinin haradan yarandığı, bundan başqa qanunsuz qoşulmuş xəttin 21 noyabr 2023-cü il tarixdə aşkar edilməsinə və cərimə barədə tələbnamə 23 noyabr 2023-cü il tarixdə tərtib olunmasına baxmayaraq 11 noyabr 2023-cü il tarixədək olan dövrü əhatə edən bildirişdə cərimə məbləğinin hansı səbəbdən qeyd olunması da qeyri- müəyyəndir. “X2 Qaydaları”nın 7.1-ci maddəsinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. Həmin qaydaların 8.17-ci bəndində əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin qaydaların 8.17-1-ci bəndində əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin qaydaların 8.17-2-ci bəndində əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Həmin Qaydaların 8.32-ci bəndində əsasən Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X2 göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində X2yə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, X2yə görə yenidən hesablaşma məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində X2 edildiyi nəzərə alınmaqla; məişət abonentində ölçü transformatoru vasitəsilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində X2 edildiyi nəzərə alınmaqla hesabat aparılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə hesab edir ki, sayğaca cavabdeh təşkilatın müvafiq səlahiyyətli əməkdaşları tərəfindən müntəzəm olaraq (ən azı ayda bir dəfə) baxış keçirildiyi halda, İddiaçı qısa müddət ərzində sayğacdan kənar xətt vasitəsi ilə 7963 kvts miqdarında, yəni 1007,19 manat dəyərində X2 etməsi və ya həmin miqdarda elektrik enerjisinin sərf olunması ağlabatan deyildir. Belə ki, İddiaçı 2023-cü ilin noyabr ayında elektrik enerjisindən qanunsuz olaraq istifadə etdiyi müəyyən olunsa da, "xxxx" ASC iddiaçının elektrik enerjisindən 60 gün müddətinə qanunsuz istifadə etdiyini iddia edərək ona 1007,19 manat cərimə hesablamışdır. İddiaçının qanunsuz elektrik enerjisindən 60 gün ərzində istifadə etməsinə dair cavabdeh tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmiş və bu hal məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. Ona görə də İddiaçı fərdi yaşayış evində qanunsuz qoşulmuş xəttin müyyən edildiyi 21 noyabr 2023-cü il tarixdən 30 noyabr 2023-cü il tarixə kimi (sayğaca cavabdeh təşkilatın müvafiq səlahiyyətli əməkdaşları tərəfindən növbəti baxış keçirilənədək) qanunsuz olaraq X2 etməsi əsas götürülməli və dəymiş ziyan 10 gün müddətinə hesablanmalıdır. (7,9 kvt x (0,7) x 24 saat x 10 gün = 1327,2 kvts – 144,53 manat. (400 kvts x 0,08 = 32 manat, 200 kvts x 0,09 = 18 manat və 727,2 kvts x 0,13 = 94,53 manat)). Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı iddia tələbi qismən təmin edilməli, "xxxx" ASC tərəfindən tərtib olunmuş 23 noyabr 2023-cü il tarixli qərara əsasən ona hesablanmış 1007,19 manat məbləğ azaldılaraq 144,53 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 8.1.1-ci bəndinə əsasən məhkəməyə verilən iddia ərizəsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, hazırki iş üzrə iddia tələbinin təmin edilmiş məbləği 144,53 manat olduğundan cavabdehdən həmin məbləğə uyğun olaraq 30 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 21 noyabr 2023-cü il tarixli 034801 nömrəli akta əsasən hesablanaraq İddiaçı abonent koduna vurulmuş 1007,19 manat cərimə məbləği azaldılaraq 144 (bir yüz qırx dörd) manat 53 (əlli üç) qəpik müəyyən edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 30 (otuz) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar