Məhkəmə qərarları › İş №2(037)-318/2021

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-318/2021

26.05.2021 · Sair mülki iş - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-318/2021 26.05.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçı Cavabdeh qarşı pul və mənəvi zərər tələbinə dair mülki işə 26 may 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc 772 manat, vurulmuş mənəvi zərərin əvəzi kimi 3000 manat və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 3752 manat məbləğində pulun tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək göstərdi ki, 2019-cu ilin yanvarfevral aylarında usta kimi təmir-tikinti işləri apararaq, Cavabdeh məxsus fərdi yaşayış evində və həyətyanı torpaq sahəsində dəmir konstruksiyalardan ibarət 40 metr uzunluğunda, hər metri 11 manat, ümumi dəyəri 440 manat olmaqla hasar inşa etmiş, 200 manat məbləğində bulağı mozaika ilə bəzədilməsi işlərini görmüş, hər kv.metri 10 manat olmaqla 500 manata dəmir konstruksiyalarla quraqlıq tikmiş, 400 manat məbləğində quraqlığın hörgüsünü çəkmiş və kafelini vurmuş, fərdi yaşayış evinə 60 manata qaz, 50 manata su xətlərini çəkmiş və 50 manata ayaq yolunun divarlarına fasad daşının vurulmasından ibarət, ümumi dəyəri 1400 manat məbləğində işlər görmüşdür. Cavabdeh həmin məbləğin bir hissəsi olan 678 manat pulu ödəmiş, həmin vaxtdan ötən iki il ərzində isə onun zəhmət haqqının bir hissəsini ödəməmişdir. Dəfələrlə pulunu tələb etməsinə baxmayaraq cavabdeh onu nalayiq söyüşlərlə təhqir edərək, borcunu qaytarmaqdan imtina etmişdir. Belə olan halda o, mənəvi iztirablar keçirmiş və bunun nəticəsində 3000 manat mənəvi zərər görmüşdür. Ona görə də iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərdi iki, İddiaçı onun qonşusudur, əvvəllər aralarında mehriban qonşuluq münasibətləri olmuşdur. İddiaçının da qeyd etdiyi kimi onun evində sadaladığı işləri görmüşdür. Lakin onun gördüyü işlər müqabilində zəhmət haqqı artıqlaması ilə ödənilmişdir. Belə ki, iddiaçı 2019-cu ilin yanvarfevral aylarında usta kimi təmir-tikinti işləri apararkən fəhlə kimi yanında onun qardaşı da işləmiş, buna baxmayaraq qardaşına zəhmət haqqı kimi verilməli pul belə Elxana verilmiş, qonşu olduqları üçün onun işlədiyi dövrdə səhər və axşam yeməkləri ümumiyyətlə hesaba əlavə edilməmiş, həttda iddiaçının hər gün yeməklə bərabər gündə 15-20 manat dəyərində şərab içkisinin pulu belə həmin zəhmət haqqında nəzərə alınmamışdır. O, müxtəlif vaxtlarda yuxarıdakı sadalananları nəzərə almadan, iddiaçıya zəhmət haqqı olaraq, 1000 manat, 350 manat və 50 manat olmaqla ümumilikdə 1400 manat pul vermişdir. Həmin müddətdən 3 ilə yaxın vaxt keçmişdir, onun iddiaçıya borcu qalsa idi, bu müddət ərzində iddiaçı ondan zəhmət haqqını tələb edərdi. Bununla yanaşı o, iddiaçı ilə birlikdə və onun yanında özünə 7500 manat dəyərində şəxsi avtomobil almışdır. Belə olan halda da əgər onun iddiaçıya veriləcək borcu olsa idi, o həmin vaxt pulunu tələb edərdi. İddiaçının sözügedən tələbi əsassız və qərəzlidir. Belə ki, iddiaçı mütəmadi olaraq spirtli içki qəbul edərək hərəkətini və danışığını bilməyərək kəndin müxtəlif yerlərində onun ünvanına xoşagəlməz sözlər işlətdiyi üçün aralarında narazılıq yaranmış və bunun nəticəsində hər ikisi barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati protokol tərtib edilərək məhkəməyə göndərilmiş və onlar barışdıqları üçün inzibati icraata xitam verilmişdir. Bundan sonra İddiaçı onun və ailə üzvlərinin ünvanına nalayiq sözlər işlətdiyinə görə ondan qisas almaq üçün şərləyəcəyini və ondan pul alacağını bildirmişdir. Göstərilənlərə əsasən iddianın rədd olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, X1 göstərdi ki, cavabdeh onun oğlu, İddiaçı isə qonşusudur. İddiaçının da qeyd etdiyi kimi onun evində sadaladığı işləri görmüşdür. Lakin onun gördüyü işlər müqabilində zəhmət haqqını oğlu Sahib artıqlaması ilə ödəmişdir. Elxan onların evlərində işləyərkən ona qulluq etmiş, fasilə və işdən sonra ona yemək və şərab içkisi vermişdir. Oğlu ilə aralarındakı münasibətlərin pozulmasından sonra o belə bir əsassız iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası “xxxx” MMC-nin 25 may 2021-ci il tarixli, 15 saylı texniki araşdırma və qiymətləndirmə rəyindən görünür ki, 2019-cu ildə Cavabdeh sifarişi əsasında aparılmış tikinti quraşdırma, təmir-tikinti, abadlıqbərpa işlərinin mövcud bazar qiymətinə uyğun smeta dəyəri 1431 manatdır. Göründüyü kimi istər iddia ərizəsində görülən işlərin, istərsədə həmin işlərin görülməsi müqabilində zəhmət haqqının məbləği tərəflər arasında mübahisə edilmir. Mübahisə isə zəhmət haqqının bir hissəsinin (722 manat) iddiaçıya ödənilməməsi ilə bağlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı Konstitusiyadan irəli gələn prinsiplər öz əksini mülki prosessual qanunvericilikdə daha geniş şəkildə tapmışdır. Belə ki, ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri). Həmin Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Çəkişmə prinsipi eyni zamanda tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazlarının əsaslarını sübut etmək vəzifələrini, bu məqsədlə sübutlar təqdim etmək, vəsatətlər vermək imkanını müəyyən edir. İşə hərtərəfli və obyektiv baxılması, məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması tərəflərin prosesdə çəkişməsi, yəni öz mövqeyini müdafiə etməsi üçün dəlillər gətirməsi, əks tərəfin sübutlarını və dəlillərini təkzib etməsi üçün geniş imkanların olması ilə təmin olunur. Çəkişmə prinsipi işə baxan məhkəmənin üzərinə müəyyən vəzifələr də qoyur. Bu cür vəzifələrdən biri də məhz işdə iştirak edən şəxslərdən hər hansı birinin müəyyən sübutu əldə edə bilmədiyi və ya çətinlik çəkdiyi halda məhkəmənin ona zəruri kömək etməyə borclu olmasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırkı mübahisə üzrə cavabdeh iddia tələbini qəbul etmədiyi üçün cavabdehin 3000 manat ziyan vurmasını sübutetmə yükü iddiaçının üzərinə düşür. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən «sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə tərəflərin təqdim etdikləri sübutların məcmusuna hüquqi qiymət verərkən hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə hər hansı bir sübut, sənəd təqdim olunmadığından iddia tələbi təmin edilə bilməz. İddiaçının qeyd olunanlar barəsində göstərdikləri onun özünün izahatından başqa heç bir mötəbər sübutla təsdiqini tapmamışdır. Belə ki, iddiaçı məhkəməyə sadəcə gördüyü işlərin qeydiyyatını apardığı özünün əlyazmasını təqdim etmişdir. Bu isə sözügedən iddia tələbinin təmin edilməsi üçün əsas sübut hesab edilə bilməz. Eyni zamanda, 3 ilə yaxın keçən müddət ərzində cavabdehdən özünün iddia etdiyi zəhmət haqqının qalan hissəsini tələb etməməsi və hazırkı iddia ilə məhz aralarındakı münasibətlərin pisləşməsindən sonra məhkəməyə müraciət etməsi də məhkəmədə iddianın əsassız olması qənaətini yaradır. Belə qənaətə gələrkən məhkəmə onu da qeyd edir ki, iddiaçının keçən müddət ərzində zəhmət haqqının qalan hissəsini cavabdehdən tələb etdiyini sübut kimi məhkəməyə şahidlərin gətirilməsi barədə şifahi vəsatəti əsasında məhkəmə iclası təxirə salınmış, lakin, iddiaçı məhkəmə iclasında şahidlərin iştirakını təmin etməmiş və bu barədə məhkəmədə hər hansı bir əsaslı səbəb göstərməmişdir. İddiaçının pul (zəhmət haqqı) tələbi ilə bağlı gəldiyi qənaətin məntiqi nəticəsi olaraq məhkəmə, mənəvi ziyan tələbini də əsassız hesab edir və bununla bağlı əlavə əsaslandırma aparılmasına zərurət olmadığını vurğulayaraq özünün bu mövqeyini prosessual qənaət prinsipi ilə izah edir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə iddia tələbi təmin edilmədiyindən Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada çəkilmiş məhkəmə xərclərinə görə iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu məbləği iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı pul və mənəvi zərərin ödənilməsinə dair iddia tələbi təmin edilməsin. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumu İddiaçı özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar