Məhkəmə qərarları › İş №2(037)-380/2024

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-380/2024

04.06.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-380/2024 04.06.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı cavabdeh İsmayıllı rayon Notariat Ofisinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 04 iyun 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayon Notariat Ofisi tərəfindən İsmayıllı rayonun Lahıc qəsəbəsində yerləşən əmlaka dair verilmiş xx.xx.2020ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” nin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar olunmuş tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 185.4-cü maddəsinə əsasən, tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib,lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır.Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 03 №-li qərarının 9.1 maddəsinə əsasən MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəmə iclasına gəlmədikdə ərizə baxılmamış saxlanılır. Belə ki,Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 24 dekabr 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, tərəflər göstərilən tarixdə məhkəməyə gəlmədiklərindən və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmədiklərindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunan hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu tam şəkildə ona qaytarılmalıdır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı cavabdeh İsmayıllı rayon Notariat Ofisinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu tam şəkildə ona qaytarılsın. Tərəflərə izah edilsin ki, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məlumat verməmələrinin üzürlü səbəbdən baş verməsi haqqında sübutlar təqdim edərlərsə, bu Məcəllənin 259.0.6-cı maddəsində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanılması barədə qərardad ləğv oluna bilər. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində elektron qaydada İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar