Məhkəmə qərarları › İş №2(037)-41/2022

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-41/2022

02.03.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-41/2022 02.03.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı İsmayıllı Rayon İcra Hakimiyyətinin Cavabdeh qarşı tikintinin dayandırılması və yarımçıq tikilinin sökülməsi tələbinə dair mülki işə 02 mart 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İsmayıllı Rayon İcra Hakimiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İsmayıllı şəhəri, M.F.Axundov küçəsi 32A ünvanında özünə məxsus 0.012 hektar həyətyanı torpaq sahəsində zirzəmili, iki mərtəbəli, mansard tipli evin inşası ilə bağlı tikinti quraşdırma işlərinin dayandırılması və yarımçıq tikilinin cavabdehin öz hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehin mülkiyyətində olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin RX seriyalı ******* saylı Çıxarışı əsasında 0,12 ha həyətyanı torpaq sahəsi vardır və onun adına 30.08.2012-ci il tarixli reyestr nömrəsi **********53 saylı torpaq sahəsinin plan və ölçüsü hazırlanmışdır. 2016-cı ildə Azərbaycan Respublikası “Arxitektura və Dizayn MMC tərəfindən cavabdehə məxsus zirzəmili 2 mərtəbəli mansart tipli yaşayış evinin memarlıq planlaşdırma layihəsi hazırlanmış 17 fevral 2017-ci il tarixdə RİH başçısı aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri ilə razılaşdırılmışdır. İsmayıllı Rayon İcra Hakimiyyəti həyətyanı torpaq sahələrində tikintisi yarımçıq qalan yaşayış evlərinə münasibətdə məlumatlandırma icraatının həyata keçirilməsi vəziyyətinə dair 2021-ci ildə növbəti monitorinq keçirmiş, monitorinq zamanı cavabdehə məxsus İsmayıllı şəhəri, M.F.Axundov küçəsi 32A ünvanında özünə məxsus 0.012 hektar həyətyanı torpaq sahəsində zirzəmili,iki mərtəbəli, mansard tipli evin inşası ilə bağlı başladığı tikinti quraşdırma işlərinin məlumatlandırma icraatına uyğun olmadığı aşkar edilmişdir. Bu barədə vətəndaşa şifahi xəbərdarlıq edilmiş və tikili zirzəmi mərtəbə səviyyəsində olarkən 07 may 2021-ci il tarixli 05/778 saylı məktubla tikintinin dayandırılması barədə cavabdehə bildiriş göndərilmişdir. Bundan sonra cavabdeh tikintinin qanunsuz dayandırılması ilə bağlı dövlət orqanlarına şikayətlər ünvanlamışdır. Müraciətləri cavablandırılarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2014-cü il tarixli 51 saylı Qərarı ilə təsdiq edilmiş “Ərazilərin zonalaşdırılması, tikinti növü və miqyası ilə bağlı müfəssəl Qaydalar”ın 4.13-cü bəndinin tələblərinə riayət edilməsinin məcburi olduğu vətəndaşa bildirilmiş və sözügedən tikinti-quraşdırma işlərinin məlumatlandırma icraatına uyğun olub-olmamasına dair rəy bildirilməsi barədə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən alınan rəsmi məlumatda həmin tikilinin inşası zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2014-cü il tarixli 51 saylı Qərarı ilə təsdiq edilmiş “Ərazilərin zonalaşdırılması, tikinti növü və miqyası ilə bağlı müfəssəl Qaydalar”ın 4.13-cü bəndinin tələblərinin pozulduğu, ərazidə tikinti sıxlığı əmsalı normalarına uyğun nəzərə alınmadığı bildirilmişdir. Komitə tərəfindən tikinti sıxlığı ilə bağlı göstərilən irad ehtiva edir ki, cavabdehə məxsus həmin ünvanda 120 kv.m həyətyanı torpaq sahəsində tikintialtı sahəsi 120 kv.m yaşayış evinin tikintisinə razılıq verilməsi zamanı norma və qaydalar pozulmuşdur. Halbuki mövcud qanunvericiliyə görə həmin həyətyanı torpaq sahəsində tikintialtı sahəsi 48 kv.metrdən artıq yaşayış evinin inşasına yol verilməməlidir. Bu səbəbdən tikintisinə başlanılmış həmin obyektin inşası zirzəmi mərtəbəsi səviyyəsi tikinti işlərinin dayandırılması və qanunvericilikdə müəyyən olunmuş qaydalara uyğun müvafiq icazə sənədi aldıqdan sonra tikinti işlərinin davam etdirilməsinin mümkünlüyü barədə cavabdehə 20 avqust 2021-ci il tarixli 06/1350 saylı məktubla bir daha yazılı xəbərdarlıq edilmişdir. Lakin bütün bunlara baxmayaraq cavabdeh tikinti işlərini davam etdirmişdir. İsmayıllı RİH Başçısının “İsmayıllı rayon ərazisində müvafiq icazə olmadan özbaşına və qanunsuz tikinti işlərinin qarşısının alınması məqsədi ilə Araşdırma komissiyasının yaradılması barədə” 04 sentyabr 2021-ci il tarixli, 109 saylı Sərəncamına əsasən İsmayıllı şəhər ərazisində növbəti monitorinq keçirilmiş, şəhər ərazisinə baxış zamanı müəyyən edilmişdir ki, cavabdeh təqdim edilmiş rəsmi bildirişlərə məhəl qoymayaraq tikinti quraşdırma işlərini davam etdirmiş və artıq yekunlaşmaq üzrədir. “Yerli icra hakimiyyəti haqqında Əsasnamə”nin 3.11.5-ci bəndinə əsasən tikinti norma və qaydalarına əməl olunmadığı aşkar edildikdə tikintinin dayandırılması üçün məhkəməyə müraciət edilir. Adıçəkilən tikili şəhərin Baş Planına və “Ərazilərin zonalaşdırılması, tikinti növü və miqyası ilə bağlı müfəssəl Qaydalar”ına uyğun olmadığı üçün sökülməlidir. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 iddia ərizəsi ilə eyni məzmunlu ifadə verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərdi ki, İsmayıllı şəhərində yaşayır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 30.08.2012-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarış və Çıxarışa əlavə edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İsmayıllı şəhəri, M.F.Axundov küçəsi 32A ünvanında yerləşən 0.012 hektar həyətyanı torpaq sahəsi mülkiyyətinə verilmişdir. 2017-ci ildə mülkiyyətində olan torpaq sahəsində inşa etdirdiyi fərdi yaşayış evinin tikinti layihəsini İsmayıllı Rayon İcra Hakimiyyətinə təqdim etmişdir. İsmayıllı Rayon İcra Hakimiyyətində tikinti lahiyyəsinin Tikinti Məcəlləsinin 80.1 və 80.3-cü maddələrinin tələblərinə uyğunluğu yoxlanılıb, heç bir irad olmadığından nəzərdə tutulan müddətdə layihə təsdiqlənib və məcəllənin 80.6-cı maddəsinə əsasən Dövlət Tikinti və Şəhərsalma Arxitektura Komitəsində təsdiqlənərək internet portalında tikintilərin Dövlət reyestrinə yerləşdirilmişdir. Ərazidə monitorinq aparılması və tikililərin hüquqi vəziyyətinin öyrənilməsi məsələsi iddiaçının hüquqlarına aiddir, ancaq bütün hallarda iddiaçının ona məxsus olan tikilinin “ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydaların” 4.13-cü bəndinin tələblərinə riayət etmədən tikilməsi fikri ilə çıxış etməsi əsassız və qanunsuzdur, çünki onun tikilisi və ona aid olan müvafiq sənədləri tam qanunidir. İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının aparatından ona ünvanlanmış 05/778 saylı, 07 may 2021-ci il tarixli bildirişlərdə üç il ərzində tikintiyə başlanmadığı halda, tikintiyə icazənin qüvvəsinin itirildiyi qeyd olunmuşdur. Əslində o tikinti işlərinə əvvəldən başlamış, ancaq dünyada və ölkədə olan pandemiya ucbatından tikintini apara bilməmişdir. Çünki karantin qaydalarına əməl etmək hər bir vətəndaş üçün məcburi olduğundan, tikinti işlərini dayandırmışdır. Hamıya bəlli olan məsələnin izaha ehtiyacı yoxdur. İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının aparatı özünün 05/1215 saylı, 26 iyul 2021-ci il və 06/1350 saylı 20 avqust 2021-ci il tarixli bildirişlərində göstərmişdir ki, Nazirlər Kabinetinin 21.04.2014-cü il tarixli 51 nömrəli qərarı ilə təsdiq edilmiş “ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar”ın 4.13-cü bəndinə əsasən tikinti əmsalı və tikinti sıxlığı əmsalına riayət edilməyibdir. İddiaçının bildirişində istinad etdiyi qaydalar 2014-cü ildən qüvvədədir, ona isə iddiaçı özü 2017-ci ildə zirzəmili iki mərtəbəli, mansard tipli yaşayış evinin memarlıq planlaşdırma layihəsi hazırlanmış, 17 fevral 2017-ci il tarixdə RİHB aparatının Memarlıq və tikinti şöbəsi tərəfindən təsdiq edilmişdir. Eyni zamandan tikintinin yerləşdiyi yerdə qonşuluqda olan mülkiyyətçilərin hər birindən ayrı-ayrılıqda tikinti işlərinin aparılması ilə bağlı notariat qaydasında təsdiq edilmiş razılıqları alınmış və həmin şəxslər tikinti aparılan ərazidə heç bir fərdi yaşayış evinin tikintisinə etiraz etməmişlər. Müvafiq dövlət orqanlarına müraciət edərək razılıq əldə etdikdən sonra mülkiyyətində olan torpaq sahəsində zirzəmili, iki mərtəbəli, mansard tipli fərdi yaşayış evi inşa etdirmişdir. Mülkiyyətində olan torpaq sahəsində inşa etdiyi tikili yarımçıq tikili deyil, başa çatmış tikilidir. Mübahisəli tikintinin inşasına 2017-ci ildə başlansa da, ölkədə mövcud olan pandemiya ilə əlaqədar Nazirlər Kabinetinin qərarına uyğun olaraq tikinti işlərinin aparılmasına icazə verilmədiyindən məcbur qalaraq tikintinin inşasını dayandırmışdır. 2021-ci ildə ölkədə mövcud olan pandemiya ilə əlaqədar yumşalmalar olduğundan və tikinti işlərinin aparılmasına icazə verildiyindən tikilinin tamamlanmamış hissəsini başa çatdırmaq üçün müəyyən təmir işləri aparmaq qərarına gəlmişdir. Sözügedən tikili şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə uyğun olaraq bütün lazımı sənədlər və icazələr alınmaqla həyata keçirilmişdir. Belə olan halda iddiaçı tərəf tikilinin dayandırılması ilə bağlı əsaslı səbəb olmadığından ona hər hansı bir xəbərdarlıq və ya bildiriş göndərməmiş, bu səbəbdən həmin tikilinin inşası davam etmişdir. Bununla yanaşı hesab edir ki, iddiaçının belə bir tələb irəli sürməkdə subyektiv hüququ yoxdur və bu hüquq Fövqəladə Hallar Nazirliyinə aiddir. Ona görə də iddia tələbinin təmin edilməməsini xahiş edir. Cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəklili Nümayəndə iddia tələbini qəbul etmədiyini bildirdi və cavabdehin izahatının məzmununa uyğun izahat verərək onun göstərdiyi xüsusatları təsdiq edərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə mülki işin materiallarını tədqiq edib, işdə iştirak edən şəxslərin izahatlarını və çıxışlarını dinləyib, onların təqdim etdiyi sübutları araşdırıb, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 30.08.2012-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarış və Çıxarışa əlavə edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki, Cavabdeh adına İsmayıllı şəhəri, M.F.Axundov küçəsi 32A ünvanında yerləşən 0.012 hektar həyətyanı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 32 nömrəli reyestr kitabının 68 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının Aparatının Memarlıq və Tikinti şöbəsinin 17 fevral 2017-ci il tarixli 05/10 nömrəli məktubundan görünür ki, İsmayıllı RİH başçısı Aparatının Memarlıq və Tikinti şöbəsi DƏDRX-nin RX seriyalı, ******* nömrəli çıxarışla Cavabdeh mülkiyyətinə verilmiş İsmayıllı şəhəri, M.F.Axundov küçəsində yerləşən 0.012 hektar həyətyanı torpaq sahəsi üzərində Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə əsasən məlumatlandırma icraatı qaydasında təqdim edilmiş layihəyə uyğun–tikintialtı sahəsi 120.0 kv.metr, yaşayış sahəsi 153.24 kv.metr olan iki mərtəbəli, mansard tipli yaşayış evinin inşasına etiraz etməmiş və təqdim edilmiş layihənin ərazi planlaşdırılmasına uyğun olduğu qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin 20 avqust 2021-ci il tarixli 06/1350 nömrəli bildirişindən görünür ki, Cavabdeh İsmayıllı şəhəri, M.F.Axundov küçəsi 32A ünvanında apardığı tikinti quraşdırma işlərinə münasibət bildirilməsi ilə bağlı müraciəti əsasında İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsi tərəfindən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilmiş məktub Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzində araşdırılmış 11.06.2021-ci il tarixli, XO-03-2021-01499 nömrəli məktubla cavablandırılaraq bildirilmişdir ki, hazırda qeyd olunan ünvanda aparılan tikinti quraşdırma işləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.02.2014-cü il tarixli 51 nömrəli qərarı ilə təsdiq edilmiş “ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar”ın 4.13-cü bəndinin tələblərini pozmaqla, ərazidə tikinti sıxlığı əmsalı normalarına uyğun deyil,eyni zamanda məlumatlandırma icraatı qaydasında razılaşdırılmış həmin layihədə texniki ölçülərin qanunvericilikdə nəzərdə tutulmuş hədlərin keçilməsi vurğulanaraq, İsmayıllı şəhəri, M.F.Axundov küçəsi 32A ünvanında mülkiyyətində olan torpaq sahəsində fərdi yaşayış evinin inşası ilə bağlı başlanılmış tikintiquraşdırma işlərinin məlumatlandırma icraatına uyğun olmadığı bildirilmiş, qeyd olunanları nəzərə alaraq, sözügedən ünvanda aparılan tikinti işlərinin dayandırılması xahiş edilmiş,yalnız qanunvericilikdə müəyyən olunmuş prosedur qaydalara uyğun olaraq, müvafiq icazə sənədi aldıqdan sonra tikinti işlərinin davam etdirilməsinin mümkün olduğu qeyd olunaraq nəzərə alınması xahiş edilmişdir. Məhkəmə qeyd edir ki, İsmayıllı Rayon İcra Hakimiyyətinin “tikintinin dayandırılması və yarımçıq tikilinin sökülməsi” tələbi ilə bağlı müvafiq subyektiv hüquqa malik olubolmaması araşdırılmalıdır. Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır.Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququn yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.5-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun tikilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Həmin Məcəllənin : 92.1-ci maddəsinə əsasən bu məcəllənin 92.4-cü maddəsində nəzərdə tutulmuş pozuntular istisna olmaqla, müvafiq icra hakimiyyəti orqanı tikinti işlərində (reklam qurğularının tikintisi istisna olmaqla) aşağıdakı pozuntu hallarını aşkar etdikdə hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edir və tikinti işlərini dayandırmadan onların aradan qaldırılması barədə sifarişçiyə (podratçıya) icrası məcburi olan yazılı göstəriş təqdim edir: 92.1.1. tikinti işlərinin tikintiyə icazəyə, məlumatlandırma icraatının tətbiq olunduğu hallarda isə layihənin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun aparılmadığı müəyyən edildikdə; 92.1.2. tikinti obyektinin təhlükəsizliyinə və etibarlılığına təhlükə yaradan qüsurlar müəyyən edildikdə və həmin qüsurları digər tikinti işlərini dayandırmadan aradan qaldırmaq mümkün olduqda; 92.1.3. bu Məcəllə ilə nişanlanması tələb edildiyi halda tikintidə nişanlanmamış və ya qanunsuz nişanlanmış tikinti materiallarından və məmulatından istifadə edildikdə; 92.1.4. tikinti işlərinə bu Məcəllənin 51-ci maddəsində nəzərdə tutulmuş peşə sahələri üzrə müvafiq ixtisası və sertifikatı olmayan şəxslər cəlb edildikdə. 92.2. Bu Məcəllənin 92.1-ci maddəsində nəzərdə tutulmuş yazılı göstərişdə hər bir pozuntu ayrıca təsvir olunur və həmin pozuntunun sifarişçi (podratçı) tərəfindən aradan qaldırılması üçün ağlabatan müddət müəyyən edilir. 92.3. Sifarişçi (podratçı) bu Məcəllənin 92.2-ci maddəsinə əsasən ona təqdim edilmiş yazılı göstərişə uyğun olaraq pozuntuların aradan qaldırıldığı barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verdiyi, belə məlumatın verilmədiyi hallarda isə, həmin yazılı göstərişdə pozuntuların aradan qaldırılması üçün müəyyən edilmiş müddətin başa çatdığı gündən ən geci 3 iş günü ərzində müvafiq icra hakimiyyəti orqanı pozuntuların aradan qaldırılıb-qaldırılmadığını yoxlayır. Yoxlama nəticəsində pozuntuların aradan qaldırılmadığı və ya tam aradan qaldırılmadığı müəyyən edildikdə, müvafiq icra hakimiyyəti orqanı sifarişçiyə (podratçıya) icrası yoxlanılmış yazılı göstərişin icra olunmayan hissəsində yenidən yazılı göstəriş təqdim edir. 92.4. Tikintiyə dövlət nəzarəti çərçivəsində aşağıdakı pozuntuların müəyyən edildiyi hallarda müvafiq icra hakimiyyəti orqanı hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edir və onun əsasında tikinti işlərinin (reklam qurğularının tikintisi istisna olmaqla) dayandırılması barədə qərar qəbul edir: 92.4.1. tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyekti belə icazə alınmadan tikildikdə; 92.4.2. tikinti obyektinin təhlükəsizliyinə və etibarlılığına təhlükə yaradan qüsurlar müəyyən edildikdə və həmin qüsurları digər tikinti işlərini dayandırmadan aradan qaldırmaq mümkün olmadıqda; 92.4.3. bu Məcəllənin 92.1.1-ci maddəsində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 4 ay müddətində aradan qaldırılmadıqda; 92.4.4. bu Məcəllənin 92.1.2-ci maddəsində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 1 il müddətində aradan qaldırılmadıqda; 92.4.5.bu Məcəllənin 92.1.3-cü və 92.1.4-cü maddələrində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 1 ay müddətində aradan qaldırılmadıqda. 92.5. Tikinti işlərinin dayandırılması barədə qərarda onun qəbulunu şərtləndirən pozuntular (faktiki və hüquqi hallar) təsvir edilməli və həmin pozuntuların aradan qaldırılması ilə bağlı müvafiq icra hakimiyyəti orqanının izahlı göstərişi nəzərdə tutulmalıdır. Tikinti işlərinin dayandırılması barədə qərar 3 gün müddətində sifarişçiyə (podratçıya) təqdim olunur. 92.6. Tikinti işləri dayandırıldığı müddətdə tikintinin podratçısı (podratçı olmadığı hallarda sifarişçisi) üçüncü şəxslərin həyatının və əmlakının, habelə ətraf mühitin təhlükəsizliyini təmin etmək məqsədilə tikinti meydançasında mühafizə tədbirləri görməlidir. 92.7. Tikinti işləri bu Məcəllənin 92.4.2-ci, 92.4.3-cü və 92.4.4-cü maddələrinə əsasən dayandırıldığı hallarda sifarişçiyə (podratçıya) yalnız dayandırılma barədə qərarda müəyyən edilən pozuntuların aradan qaldırılması ilə bağlı işlərin yerinə yetirilməsinə yol verilir. 92.8. Sifarişçi (podratçı) bu Məcəllənin 92.5-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının göstərişlərinin yerinə yetirdiyi və tikinti işlərinin dayandırılmasına əsas olmuş pozuntuları aradan qaldırdığı barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat təqdim etməlidir. Belə məlumatın təqdim edildiyi gündən 3 iş günü ərzində müvafiq icra hakimiyyəti orqanı pozuntuların aradan qaldırılıb-qaldırılmadığını yoxlayır. Yoxlama nəticəsində göstərişlərin yerinə yetirilmədiyi və tikinti işlərinin dayandırılmasına əsas olmuş pozuntuların aradan qaldırılmadığı müəyyən olunduqda bu haqda hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib olunur. Belə olduqda tikinti işlərinin dayandırılması haqqında qərar qüvvədə qalır və bu barədə müvafiq icra hakimiyyəti orqanı sifarişçiyə (podratçıya) yazılı məlumat verir. Yoxlama nəticəsində pozuntuların aradan qaldırıldığı müəyyən olunduğu təqdirdə müvafiq icra hakimiyyəti orqanı tikinti işlərinin davam etdirilməsinə yazılı razılıq verir və belə razılıq tikinti işlərinin dayandırılması haqqında qərarın qüvvədən düşməsini ehtiva edir. Bu maddənin birinci cümləsində nəzərdə tutulmuş məlumatın təqdim edildiyi gündən 5 iş günü ərzində müvafiq icra hakimiyyəti orqanı tərəfindən sifarişçiyə (podratçıya) tikinti işlərinin dayandırılması haqqında qərarın qüvvədə qalması haqda yazılı məlumat və ya tikinti işlərinin davam etdirilməsinə yazılı razılıq verilmədikdə tikinti işlərinin dayandırılması barədə qərar qüvvədən düşmüş hesab edilir. 92.9. Yazılı göstəriş və tikinti işlərinin dayandırılması barədə qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. 92.10. Tikinti işlərinin dayandırılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin: 95.1-ci maddəsinə əsasən tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi aşağıdakı hallarda sökülür: 95.1.1. tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə; 95.1.2. bu Məcəllənin 92.4.1-ci maddəsinə əsasən tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 1 il ərzində tikintiyə icazə alınmadıqda; 95.1.3. bu Məcəllənin 92.4.2-ci, 92.4.3-cü və 92.4.4-cü maddələrinə əsasən tikinti işlərinin dayandırılması barədə qərarda nəzərdə tutulan pozuntular 2 il ərzində aradan qaldırılmadıqda; 95.1.3-1.bu Məcəllənin 92-1.1-ci maddəsində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 1 ay müddətində aradan qaldırılmadıqda; 95.1.4. sifarişçinin (tikinti obyektinin mülkiyyətçisinin) öz arzusu ilə. 95.2. Bu Məcəllənin 95.1.1-ci və 95.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. 95.3. Bu Məcəllənin 95.1.3-1-ci, 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. 95.3-1. Bu Məcəllənin 95.1.3-1-ci maddəsində nəzərdə tutulmuş halda tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. 95.4. Bu Məcəllənin 95.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda tikinti obyekti həmin Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, 74.2-ci maddəsinə uyğun olaraq sökülür. 95.5. Sökülməsi barədə qərar qəbul edilmiş tikinti obyekti 1 ay müddətində onun sahibi tərəfindən sökülmədikdə həmin tikinti obyekti müvafiq icra hakimiyyəti orqanı (reklam qurğuları isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) tərəfindən sökülür. 95.6. Tikinti obyektinin sökülməsi müvafiq layihə əsasında həyata keçirilir. 95.7.Tikinti obyektlərinin sökülməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Belə ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında Azərbaycan Respublikasının 29 iyun 2012-ci il tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 4 sentyabr 2012-ci il tarixli Fərmanının 4.10-cu bəndinə əsasən Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş “Tikintiyə dövlət nəzarəti çərçivəsində tikinti işləri ilə bağlı yazılı göstərişlər və tikinti işlərinin dayandırılması”, Məcəllənin 95.2-ci maddəsində nəzərdə tutlmuş yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar qəbul edilməsi, 95.3-cü maddəsində nəzərdə tutulmuş tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin səlahiyyətinə aid edilmişdir. “Şəhərsalma və Tikinti Məcəlləsi”nin 95.2-ci maddəsinə əsasən tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə, tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyekti belə icazə alınmadan tikildikdə və ya tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 1 il ərzində tikintiyə icazə alınmadıqda, yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən qəbul edilir. Eyni zamanda Azərbayacan Respublikası Prezidentinin 24 noyabr 2014-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi qaydaları”nın 4.3-cü bəndinə əsasən yerli səviyyədə dövlət şəhərsalma nəzarəti zamanı yerli icra hakimiyyəti orqanları tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyektinin belə icazə alınmadan tikildiyini, habelə barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektləri ilə bağlı Məcəllənin 80.4-cü maddəsinin tələblərinə riayət edilmədən yaşayış evinin tikildiyini müəyyən etdikdə, habelə tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində tikintisinə Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan obyektdə hər hansı tikintiquraşdırma işlərinin aparılması aşkar etdikdə, sifarişçiyə (podratçıya) tikinti işlərinin onlar tərəfindən dayandırılmasını yazılı qaydada tövsiyyə etməli və Məcəllədə nəzərdə tutulmuş tədbirlərin görülməsi üçün aşkar olunmuş pozuntular barədə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə bir iş günü müddətində yazılı məlumat verməlidir. Göründüyü kimi yerli icra hakimiyyəti orqanlarına sözügedən pozuntularla bağlı müəyyən tədbirlərin görülməsi və bu barədə müvafiq icra hakimiyyəti orqanına məlumat vermə səlahiyyəti verilməklə, tikilinin dayandırılması və ya sökülməsi tələbi ilə məhkəməyə müraciət etmə kimi subyektiv hüquq tanınmamış, bu hüquq Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin səlahiyyətinə aid edilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsində tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr alınmadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğuların müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur. Həmin maddə “Şəhərsalma və Tikinti Məcəlləsi”nə zidd olmayan hissədə qüvvəsini saxladığından məhkəmə tikintinin sökülməsinə dair hazırkı tələbdə iddianın ümumi ictimai maraqların müdafiəsi naminə publik səlahiyyətlərin həyata keçirilməsi qaydasında dövlətin adından (hazırkı mübahisə üzrə İsmayıllı rayon İcra Hakimiyyəti çıxış edir),yoxsa ayrı-ayrı hüquq subyektlərinin əşya hüquqlarının müdafiəsi ilə əlaqədar qaldırıldığı aydınlaşdırılmalıdır. Göründüyü kimi hazırki iddia tələbi ayrı-ayrı hüquq subyektlərinin əşya hüquqlarının müdafiəsi ilə əlaqədar qaldırılmamış, sözügedən tikilinin dayandırılması və sökülməsi tələbi barədə iddianın ümumi ictimai maraqların müdafiəsi naminə publik səlahiyyətlərin həyata keçirilməsi qaydasında dövlətin adından, hazırkı mübahisə üzrə İsmayıllı rayon İcra Hakimiyyəti çıxış etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, sözügedən tikintinin dayandırılması və sökülməsi ilə əlaqədar Şəhərsalma və Tikinti Məcəlləsi”nin məqsədləri üçün dövlətin adından məhkəməyə müraciət etmək hüququ hazırkı tələb üzrə iddiaçı olan İsmayıllı Rayon İcra Hakimiyyətinə yox, yalnız Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə məxsusdur. Nəticədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsində tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr alınmadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa olunmuş tikintinin dayandırılması, inşası başa çatmamış tikililərin sökülməsi barədə qərar qəbul edilməsi, tikinti obyektlərinin sökülməsi barədə məhkəmədə iddia qaldırılması dövlət nəzarətini həyata keçirən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin səlahiyyətinə aid olduğundan yerli icra hakimiyyəti orqanlarının və digər təşkilatların dövlət adından belə bir tələblə müraciət etmək, müvafiq qərar qəbul etmək səlahiyyəti yoxdur. Bundan başqa məhkəmə hazırki iddia üzrə tələb hüququ olmayan iddiaçının əsil iddiaçı ilə əvəz edilməsini tərəflərlə müzakirə etməyi zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Məhkəmə, hazırlıq iclasında tərəflərlə iddiaçının əsil iddiaçı ilə əvəz edilməsi məsələsini müzakirə etmiş, iddiaçının nümayəndəsi bu barədə yazılı razılıq təqdim etməyərək, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə icra hakimiyyətinin subyektiv hüququnun olmasını bildirmişdir. Ona görə də məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxmışdır. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının mübahisələndirilən tikilinin dayandırılması və sökülməsi barədə məhkəmədə iddia qaldırmaq hüququ Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə məxsus olduğundan İsmayıllı rayon İcra Hakimiyyətinin belə bir tələb ilə məhkəməyə müraciət etməsinə subyektiv hüququ olmamışdır. Məhkəmə sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı İsmayıllı Rayon İcra Hakimiyyətinin Cavabdeh qarşı “tikintinin dayandırılması və yarımçıq tikilinin sökülməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı İsmayıllı Rayon İcra Hakimiyyətinin Cavabdeh qarşı İsmayıllı şəhəri,M.F.Axundov küçəsi 32A ünvanında yerləşən Cavabdeh məxsus 0.012 hektar həyətyanı torpaq sahəsində zirzəmili, ikimərtəbəli mansard tipli evin inşası ilə bağlı tikinti quraşdırma işlərinin dayandırılması və yarımçıq tikilinin cavabdehin öz hesabına sökülməsinə dair iddia tələbi təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar