Məhkəmə qərarları › İş №2(037)-42/2024

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-42/2024

12.03.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-42/2024 12.03.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi, Ərizəçi, Maraqlı tərəf İsmayıllı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X6 iştirakı ilə. Ərizəçi İsmayıllı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb etdiyi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ərizəsinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi (bundan sonra ərizəçi) ərizə ilə müraciət edərək 28 iyun 1982-ci il tarixdə doğulmuş Abdullayeva İlhamə Fazil qızı və 01 sentyabr 1992-ci il tarixdə doğulmuş Abdullayeva Ayşən Fazil qızının fəaliyyət qabiliyyəti olmayan şəxslər hesab edilmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahat verərək göstərdi ki, 1980-ci ildə X10 ilə ailə qurmuşdur. Birgə nikahlarından üç qız övladları doğulmuşdur. Qızlarının ikisi - 28 iyun 1982-ci il tarixdə doğulmuş İlhamə və 01 sentyabr 1992-ci il tarixdə Ayşən anadan gəlmə xəstədirlər. Uzun illərdir hər iki qızı müxtəlif vaxtlarda müalicələr olunsa da iksinin də səhhətində yaxşılığa doğru dəyişiklik yoxdur. Hər iki qızı İsmayıllı rayon X1 Şöbəsinin “Ruhi-əsəb” kabinetində “F60.4 Şəxsiyyətin və davranışın pozuntusu. G80.0 Serebral iflic psixi davranış pozuntuları” diaqnozu ilə qeydiyyatdadırlar. Qızları onunla birlikdə yaşayır. Anaları 2022-ci ildə vəfat etmişdir. Qızlarına bütün qulluğu o göstərir. Qızlarının vəziyyəti son vaxtlar daha da ağırlaşmış, öz hərəkətlərinin mənasını başa düşməyən və idarə edə bilməyən vəziyyətə çatmışlar. Hər iki qızının hər zaman kənar şəxslərin qulluğuna və köməyinə ehtiyacı vardır. Qeyd etdiklərinə əsasən qızları İlhamə Abdullayeva və Ayşən Abdullayevanın fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Abdullayeva İlhamə Fazil qızı və Abdullayeva Ayşən Fazil qızı məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onlarn iştirakı olmadan baxılmasını qərara almışdır. İsmayıllı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X13 izahat verərək göstərdi ki, Abdullayeva İlhamə Fazil qızı və Abdullayeva Ayşən Fazil qızının barəsində İsmayıllı rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş sənədlərə və məhkəmə psixiatrik ekspertizasının rəylərinə əsasən Qəyyumluq və Himayə Məsələləri üzrə Komissiya onların fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini qanunamüvafiq hesab edir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxx 1958-ci il tarixdə Ermənistan, Vardenis rayonunda doğulmuş, İsmayıllı rayonun Soltankənd kəndində yaşayan şəxs Ərizəçidur. - İ-СЛ seriyalı 466022 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X10 arasında 20 oktyabr 1980-ci il tarixdə rəsmi nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Abdullayev, arvada Abdullayeva soyadı verilmişdir. - İİİ-СЛ seriyalı 482047 nömrəli doğum haqqında şəhadətnamənin və AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətlərindən və şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Abdullayeva İlhamə Fazil qızı 28 iyun 1982-ci il tarixdə Vardenis rayonun Qoşabulaq kəndində doğulmuş, İsmayıllı rayonun Soltankənd kəndində yaşayan şəxs Abdullayeva İlhamə Fazil qızıdır. Valideynləri Ərizəçi və X5r. - XVİİ-ЖГ seriyalı 308521 nömrəli doğum haqqında şəhadətnamənin və AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətlərindən və şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Abdullayeva Ayşən Fazil qızı 01 sentyabr 1992-ci il tarixdə İsmayıllı rayonun Soltankənd kəndində doğulmuş, İsmayıllı rayonun Soltankənd kəndində yaşayan şəxs Abdullayeva Ayşən Fazil qızıdır. - AZ-İİ seriyalı 284778 nömrəli 02 noyabr 2022-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 27 oktyabr 2022-ci il tarixdə vəfat etmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, Abdullayeva İlhamə Fazil qızının sağlamlıq vəziyyəti 04 may 2001-ci il tarixdə qiymətləndirilərək ona “uşaq serebral iflicinin qalıq əlamətləri. Hemiplegik forma” diaqnozu qoyulmuş, başqasının qulluğuna ehtiyacı olduğu müəyyən olunmuş, birinci dərəcəli əlillik dərəcəsi verilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, Abdullayeva Ayşən Fazil qızının sağlamlıq vəziyyəti 12 oktyabr 2010-cu il tarixdə qiymətləndirilərək ona “keçirilmiş uşaq serebral iflicinin davamlı qalıq əlamətləri tetraparez. Nitqin və psixi inkişafın kəskin geriləməsi ilə” diaqnozu qoyulmuş, kənar şəxsin qulluğuna ehtiyacı olduğu müəyyən olunmuş, birinci dərəcəli əlillik dərəcəsi verilmişdir. - Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “İsmayıllı Rayon Mərkəzi Xəstəxanası” X18 tərəfindən 10 avqust 2023-cü il tarixdə verilmiş PHŞ-6-47/3- 3182/2023 nömrəli arayışdan görünür ki, İsmayıllı rayonun Soltankənd kəndində yaşayan 28 iyun 1982-ci il təvəllüdlü Abdullayeva X11 M.R.X-nın Poliklinika Şöbəsinin “Ruhi-əsəb” kabinetində “F60.4 şəxsiyyətin və davranışın pozuntusu. G80.0 serebral iflic psixi davranış pozuntuları” diaqnozu ilə dispanser qeydiyyatdadır. - Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “İsmayıllı Rayon Mərkəzi Xəstəxanası” X18 tərəfindən 10 avqust 2023-cü il tarixdə verilmiş PHŞ-6-47/3- 3183/2023 nömrəli arayışdan görünür ki, İsmayıllı rayonun Soltankənd kəndində yaşayan 28 iyun 1982-ci il təvəllüdlü Abdullayeva X8 M.R.X-nın Poliklinika Şöbəsinin “Ruhi-əsəb” kabinetində “F60.4 şəxsiyyətin və davranışın pozuntusu. G80.0 serebral iflic psixi davranış pozuntuları” diaqnozu ilə dispanser qeydiyyatdadır. - Abdullayeva İlhamə Fazil qızı və Abdullayeva Ayşən Fazil qızına məxsus ambulator xəstənin tibbi kitabçasının surətlərindən görünür ki, İlhamə Abdullayeva və X9 rayon X2 Poliklinika şöbəsində qeydiyyata alınmış və müxtəlif vaxtlarda səhhətləri ilə bağlı müayinələrdən keçmişlər. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X17 Qiyabi Sənədlər üzrə Məhkəmə Psixatrik Ekspertizasının 19 oktyabr 2023-cü il tarixli 2926 nömrəli rəyindən görünür ki, Abdullayeva İlhamə Fazil qızında “Şəxsiyyıt və davranış pozuntusu uşaq serebral iflic nəticəsində” müəyyən olunur. İlhamə Abdullayevada tibbi sənədlərdə qeyd olunan diaqnozlar onun öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək qabiliyyətindən məhrum olması qənaətinə gəlməyə əsas vermir. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X17 Qiyabi Sənədlər üzrə Məhkəmə Psixatrik Ekspertizasının 19 oktyabr 2023-cü il tarixli 2927 nömrəli rəyindən görünür ki, Abdullayeva Ayşən Fazil qızında “ağır dərəcəli əqli gerilik davranış pozuntuları ilə uşaq serebral iflici nəticəsində” qeyd olunur. Ayşən Abdullayevada qeyd olunan ağır dərəcəli əqli gerilik nəticəsində öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Abdullayeva Ayşən Fazil qızının psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas vardır. Onun psixi vəziyyəti məhkəmə iclasında iştirak etməsinə imkan vermir. - İsmayıllı Rayon Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli 2(037)-1012 nömrəli qərardadının surətindən görünür ki, Abdullayeva İlhamə Fazil qızının psixi vəziyyətinin müəyyən edilməsi ilə bağlı təkrar məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X17 Qiyabi Sənədlər üzrə Məhkəmə Psixatrik Ekspertizasının 31 yanvar 2024-cü il tarixli 235 nömrəli rəyindən görünür ki, X4 “uşaq serebral iflicinin qalıq əlamətləri, dərin əqli geriliklə” müəyyən edilir. Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənədlər və hal-hazırkı psixitarik müayinənin nəticələri (anamnestik məlumatlara görə valideynləri qohum olmaqla dayıoğlu-bibiqızı olması, yoxlanılan şəxsdə körpəlikdən serebral iflic müəyyən edilməsi, hərəki funksiyalarının pozulması, həmçinin yaşıdlarına nəzərən psixofiziki inkişafda xeyli geri qalması, nitqi inkişaf etməməsi, əvvəllər nevropatoloqun müalicəsini qəbul etməsi, İsmayıllı Rayon X1 şöbəsinin ruhi-əsəb kabinetində "Şəxsiyyətin və davranışın pozuntusu. G80.0 Serebral iflic psixi davranış pozuntuları" dispanser qeydiyyatda olması, "Uşaq serebral iflicinin qalıq əlamətləri Hemiplegik forma" diaqnozu ilə ona müddətsiz İ qrup əlillik təyin edilməsi, narahatlığı, evdə qeyri-adekvat hərəkətlərə yol verməsi, səbəbsiz qışqırması, yeriyə bilməməsi, hər hansı bir işi müstəqil yerinə yetirə bilməməsi, fizioloji ifrazatları ilə natəmiz olması, göstərilən səbəblərlə əlaqədar daim kənar şəxsin himayəsi və nəzarətinə ehtiyacının olması, hazırki müayinə gedişatında dərin əqli gerilik əlamətlərinin biruzə verməsi və s.) sübut edir. İlhamə Abdullayeva öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə Abdullayeva İlhamə Fazil qızı tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Abdullayeva İlhamə Fazil qızınin səhhəti Uşaq serebral iflicinin qalıq əlamətləri və dərin əqli geriliklə əlaqədar məhkəmə iclasında iştirakına yol vermir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Abdullayeva İlhamə Fazil qızı 28 iyun 1982-ci il tarixdə və Abdullayeva Ayşən Fazil qızı isə 01 sentyabr 1992-ci il tarixdə doğulmuşlar. Uşaqlıqdan xəstə olmuşdur. İlhamə Abdullayevanın sağlamlıq vəziyyəti 04 may 2001-ci il tarixdə qiymətləndirilərək ona “uşaq serebral iflicinin qalıq əlamətləri. Hemiplegik forma” diaqnozu qoyulmuş, başqasının qulluğuna ehtiyacı olduğu müəyyən olunmuş, birinci dərəcəli əlillik dərəcəsi verilmiş, Ayşən Abdullayevanın sağlamlıq vəziyyəti 12 oktyabr 2010-cu il tarixdə qiymətləndirilərək ona “keçirilmiş uşaq serebral iflicinin davamlı qalıq əlamətləri tetraparez. Nitqin və psixi inkişafın kəskin geriləməsi ilə” diaqnozu qoyulmuş, kənar şəxsin qulluğuna ehtiyacı olduğu müəyyən olunmuş, birinci dərəcəli əlillik dərəcəsi verilmişdir. İlhamə Abdullayeva və X9 M.R.X-nın X3 “Ruhi-əsəb” kabinetində “F60.4 şəxsiyyətin və davranışın pozuntusu. G80.0 serebral iflic psixi davranış pozuntuları” diaqnozu ilə dispanser qeydiyyatdadırlar. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X17 Qiyabi sənədlər üzrə Məhkəmə Psixatrik Ekspertizasının 19 oktyabr 2023-cü il tarixli 2927 nömrəli və 31 yanvar 2024-cü il tarixli 235 nömrəli rəyləri ilə müəyyən edilmişdir ki, Abdullayeva Ayşən Fazil qızında “ağır dərəcəli əqli gerilik davranış pozuntuları ilə uşaq serebral iflici nəticəsində” qeyd olunur. Abdullayeva İlhamə Fazil qızında “uşaq serebral iflicinin qalıq əlamətləri, dərin əqli geriliklə” müəyyən edilir. Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənədlər və hal-hazırkı psixitarik müayinənin nəticələri (anamnestik məlumatlara görə valideynləri qohum olmaqla dayıoğlu-bibiqızı olması, yoxlanılan şəxsdə körpəlikdən serebral iflic müəyyən edilməsi, hərəki funksiyalarının pozulması, həmçinin yaşıdlarına nəzərən psixo-fiziki inkişafda xeyli geri qalması, nitqi inkişaf etməməsi, əvvəllər nevropatoloqun müalicəsini qəbul etməsi, İsmayıllı Rayon X1 şöbəsinin ruhi-əsəb kabinetində "Şəxsiyyətin və davranışın pozuntusu. G80.0 Serebral iflic psixi davranış pozuntuları" dispanser qeydiyyatda olması, "Uşaq serebral iflicinin qalıq əlamətləri Hemiplegik forma" diaqnozu ilə ona müddətsiz İ qrup əlillik təyin edilməsi, narahatlığı, evdə qeyri-adekvat hərəkətlərə yol verməsi, səbəbsiz qışqırması, yeriyə bilməməsi, hər hansı bir işi müstəqil yerinə yetirə bilməməsi, fizioloji ifrazatları ilə natəmiz olması, göstərilən səbəblərlə əlaqədar daim kənar şəxsin himayəsi və nəzarətinə ehtiyacının olması, hazırki müayinə gedişatında dərin əqli gerilik əlamətlərinin biruzə verməsi və s.) sübut edir. Ayşən Abdullayeva və İlhamə Abdullayeva öz psixi vəziyyətlərinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyillər. Buna görə İlhamə Abdullayeva və Ayşən Abdullayevanın fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmələrinə kifayət qədər əsaslar vardır. Onların psixi vəziyyətləri məhkəmə iclasında iştirak etmələrinə imkan vermir. Ərizəçi Abdullayeva İlhamə Fazil qızı və Abdullayeva Ayşən Fazil qızının fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmaları barədə qətnamə çıxarılmasını xahiş edir. Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi İlhamə Abdullayeva və Ayşən Abdullayevanın fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsini qanunamüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən Məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi pozuntunun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, Abdullayeva İlhamə Fazil qızı və Abdullayeva X11 MRX-nın X3 “Ruhi-əsəb” kabinetində “F60.4 şəxsiyyətin və davranışın pozuntusu. G80.0 serebral iflic psixi davranış pozuntuları” diaqnozu ilə dispanser qeydiyyatdadırlar. İsmayıllı rayon Mərkəzi Poliklinikası tərəfindən verilmiş arayışlara və “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X17 rəylərinə əsasən məhkəmə hesab edir ki, İlhamə Abdullayeva və Ayşən Abdullayeva öz psixi qüsurlarına görə hərəkətlərinin mənasını anlamaq və onları idarə etmək iqtidarında deyildirlər. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, Abdullayeva İlhamə Fazil qızı və Abdullayeva Ayşən Fazil qızının fəaliyyət qabiliyyəti olmayan hesab edilmələri barədə qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 317-321-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. 28 iyun 1982-ci il tarixdə doğulmuş Abdullayeva İlhamə Fazil qızı və 01 sentyabr 1992-ci il tarixdə doğulmuş Abdullayeva Ayşən Fazil qızı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsinlər. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar