Məhkəmə qərarları › İş №2(037)-456/2021

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-456/2021

22.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-456/2021 22.07.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair mülki işə 22 iyul 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8500 manat əsas borc, 1275 manat fazi borcu, kredit müqaviləsinin qeydiyyatı üçün ödənilən 92,40 manat, iddia ərizəsinin verilməsi üçün ödənilən 30 manat dövlət rüsumu, həmçinin hüquqi yardıma görə vəkilə ödənilən 200 manat məbləğində pulun, ümumilikdə 10.097,40 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh tərəfindən 2020-ci ilin iyun ayında 500 manat məbləğində ödəniş edildiyindən, MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbində dəqiqləşdirmə edərək Cavabdeh 9492 manat məbləğində pulun alınaraq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı hazırkı iddia tələbinə uyğun izahat verərək göstərdi ki, onunla Cavabdeh arasında 16.04.2018-ci il tarixdə 3 saylı Bakı “ASAN” xidməti mərkəzində fəaliyyət göstərən xüsusi notariusun iştirakı ilə reyestrdə 3M-263 sayla qeydə alınmış kredit müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən 30.09.2018-ci il tarixədək qaytarmaq şərti ilə cavabdehə 8500 manat məbləğində borc verilmişdir. Müqavilənin bağlanması tarixindən hazırkı vaxtadək üç ildən artıq vaxt keçməsinə baxmayaraq borclu müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, borcunu qaytarmamışdır. Bununla bağlı borcluya edilmiş xəbərdarlıqlara baxmayaraq nəticəsi olmamış, hər dəfə müxtəlif bəhanələr gətirərək borcunu qaytarmaqdan yayınmışdır. Eyni zamanda müqavilə şərtlərinə uyğun olaraq, notarius vasitəsi ilə borcun qaytarılması ilə bağlı yazılı xəbərdarlığında bir nəticəsi olmamışdır. Ona görə də cavabdehdən 8000 manat əsas borc, 1170 manat fazi borcu, kredit müqaviləsinin qeydiyyatı üçün ödənilən 92,40 manat, iddia ərizəsinin verilməsi üçün ödənilən 30 manat dövlət rüsumu, həmçinin hüquqi yardıma görə vəkilə ödənilən 200 manat məbləğində pulun, ümumilikdə 9492 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil hazırkı iddia tələbi ilə eyni məzmunlu izahat verib, hazırkı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh məhkəməyə etiraz mülahizələri təqdim edərək iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, İddiaçıla aralarında əvvəllər dostluq münasibətləri olmuşdur. 2016-cı ildə Bakı şəhərində yaşayarkən iddiaçı ona birlikdə iş qurub qazanc əldə etməyi təklif etmişdir. İddiaçının təklifi ilə razılaşmış və bunun üçün Bakı şəhərinin Zirə qəsəbəsindən icarəyə torpaq sahəsi götürmək qərarına gəlmişlər. Aralarında olan razılaşmaya əsasən iddiaçı işi qurmaq üçün bütün maliyyə xərclərini özünün çəkəcəyini, o isə iki nəfər işçi ilə parnik qurulmasını, əkilməsini, becərilməsini təşkil etməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə birlikdə Zirə kəndinə gedərək orada həyətyanı torpaq sahəsini 2000 manata icarəyə götürmək üçün torpaq sahəsinin sahibi ilə razılaşmışlar. Torpaq sahəsinin sahibi torpağı başqa şəxslərin də istədiyini bildirməklə icarə haqqının əvvəlcədən ödənilməsini tələb etmişdir. İddiaçı 2000 manat icarə haqqını iki günə verəcəyini bildirsə də, bir neçə gündən sonra cəmi 500 ABŞ dolları pul göndərmişdir. İddiaçı icarə haqqını tam göndərmədiyindən məcbur qalaraq arvadına məxsus 4000 manat dəyərində qızıl-zinyət əşyalarını lombardda girov qoyaraq 2000 manat pul götürərək icarə haqqını ödəmiş, qalan pulla da müəyyən texniki ləvazımatlar almışdır. İddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək pulları ona gec ödədiyindən lombarda qoyduğu 4000 manat dəyərində qızıl-zinyət əşyaları lombard tərəfindən satılmışdır. İddiaçı ona ümumilikdə hissə-hissə 500 ABŞ dolları+500 ABŞ dolları+500 ABŞ dolları+1000 ABŞ dolları+500 ABŞ dolları+500 manat+600 manat+500 ABŞ dolları+500 ABŞ dolları olmaqla, cəmi 4000 ABŞ dolları və 1100 manat pul vermişdir. O, həmin pullarla və özünün lombarddan aldığı 2000 manat da daxil olmaqla vəsaitlə torpaq sahibinin 2000 manat icarə haqqını ödəmiş, parnik qurmaq üçün texniki ləvazımatlar, toxum, xüsusi hazırlanmış torpaq, dərmanlar, kübrə və sair almış, istifadə olunan təbii qazın pulunu ödəmiş, 2016-cı ilin yanvar ayından başlayaraq sentyabr ayınadək iki nəfər fəhlənin hər ay cüzi də olsa zəhmət haqqını ödəmişdir. Parnikdə ilkin olaraq xiyar bitkisi əkmişlər. Lakin həmin məhsul gömrükdən Rusiya Federasiyasına buraxılmadığından və ucuz qiymətə satıldığından ziyana düşmüş, sonradan ümumiyyətlə məhsulu alan olmadığından heç bir gəlir əldə edə bilməmişlər. Bu səbəbdən iddiaçıya gəlirdən heç bir pul ödənilməmişdir. Bundan sonra iddiaçı ondan çəkdiyi xərcləri geri tələb etməyə başlamış, tez-tez evinə gələrək ailəsinin yanında ona hədə-qorxu gəlmiş, onu təhdid etmişdir. İddiaçı hər dəfə ona verdiyi pulların iki qatını alacağını bildirmişdir. Bütün bu hədə-qorxu və təhdidlərdən bezərək iddiaçı ilə aralarında formal borc müqaviləsinin bağlanmasına razılaşmışlar. Bu razılaşmadan sonra iddiaçıya 500 manat+2000 manat+500 manat+200 manat olmaqla, cəmi 3200 manat ödəmişdir. Müqavilə üzrə borcdan 5300 manat borcu qalmışdır. Həmin puldan da onun lombarda qoyduğu qızıllara görə çəkdiyi 4000 manat çıxıldıqda cəmi iddiaçıya 1300 manat borcu qalmışdır. O, borc müqaviləsi üzrə iddiaçıya ödədiyi ilkin 500 manatı ödəyərkən müqavilədə qeyd etmiş, 2000 manatı hər ikisinin dostu olan Elnur adlı şəxsin iştirakı ilə ona ödəmiş, lakin müqavilə üstündə olmadığından qeydiyyat aparmamışdır. İddiaçı qeyd barədə Elnurun yanında söz vermişdir ki, istədiyi vaxt qeyd aparacaqdır. İkinci 500 manatı isə iddiaçının xahişi ilə onun adını bilmədiyi bacısı oğluna vermiş və aldığı barədə iddiaçı onu məlumatlandırmış, 200 manatı isə onun qardaşı Ramil Babayev aparıb iddiaçıya vermişdir. Həmin vaxt iddiaçı borcunun qalığının 5300 manat olmasını qardaşına bildirmişdir. Bundan əlavə iddiaçı şərikli iş görmək üçün pul verərkən 1 ABŞ dolları 1.20 manat olduğu halda, onunla iddiaçı arasında formal borc müqaviləsi bağalnarkən 1 ABŞ dolları 1.90 manatdan hesablanmışdır. Onun hazırda iddiaçıya borcu qalmamışdır. İddia tələbini əsassız hesab edir və rədd edilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan, 16.04.2018-ci il tarixli, reyestrdə 3M-263 sayla qeydə alınmış kredit müqaviləsinin surətindən görünür ki, həmin kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh 8500 manat məbləğində borc pul verir, borc alan Cavabdeh həmin pul məbləğini 30.09.2018-ci il tarixədək ödəməyi öhdəsinə götürür. İş materiallarında olan "xxxx" ASC-nin 16.04.2018-ci il tarixli, BPMASAN**********67 saylı mədaxil qəbzindən görünür ki, İddiaçı həmin tarixdə 92,40 manat məbləğində ödəniş etmişdir. Beləliklə, işin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına əsasən İddiaçı Cavabdeh 8500 manat məbləğində borc pul vermiş, borc alan həmin pul məbləğini 30.09.2018-ci il tarixədək ödəməyi öhdəsinə götürmüş və bu barədə 16.04.2018-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi tam olaraq yerinə yetirməmiş, o, borcundan 500 manat hissəsini ödəmiş, qalan hissəsini isə hazırkı vaxtadək ödəməmişdir. Hazırda iddiaçı borcunu tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 500.1-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. 500.2-ci maddəsinə əsasən, birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. 501-ci maddəsinə əsasən, kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər. Öhdəlik tam icra edilənədək qalan borcluların öhdəlikləri qüvvədə qalır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda,o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə hesab edir ki, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi bütün hallar üçün cavabdehdir və iddiaçı ilə arasında olan öhdəliklərin yerinə yetirilməməsinə görə məsuliyyət daşıyır. Cavabdeh iddiaçıya ümumilikdə 3200 manat ödədiyini bildirsə də, bu barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı Konstitusiyadan irəli gələn prinsiplər öz əksini mülki prosessual qanunvericilikdə daha geniş şəkildə tapmışdır. Belə ki, ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir.O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri). Həmin Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Çəkişmə prinsipi eyni zamanda tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazlarının əsaslarını sübut etmək vəzifələrini, bu məqsədlə sübutlar təqdim etmək, vəsatətlər vermək imkanını müəyyən edir. İşə hərtərəfli və obyektiv baxılması, məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması tərəflərin prosesdə çəkişməsi, yəni öz mövqeyini müdafiə etməsi üçün dəlillər gətirməsi, əks tərəfin sübutlarını və dəlillərini təkzib etməsi üçün geniş imkanların olması ilə təmin olunur. Çəkişmə prinsipi işə baxan məhkəmənin üzərinə müəyyən vəzifələr də qoyur. Bu cür vəzifələrdən biri də məhz işdə iştirak edən şəxslərdən hər hansı birinin müəyyən sübutu əldə edə bilmədiyi və ya çətinlik çəkdiyi halda məhkəmənin ona zəruri kömək etməyə borclu olmasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə cavabdehin iddiaçıya 3200 manat mənbləğində pulun ödənildiyini sübutetmə yükü onun üzərinə düşür. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən «sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 417.2-ci maddəsinə əsasən, əgər tərəflər müqavilənin şərtlərini müfəssəl müəyyənləşdirmişlərsə, bunlar müqavilənin standart şərtləri sayılmır. 417.3-ci maddəsinə əsasən, tərəflərin bilavasitə razılaşdırdıqları şərtlərə standart şərtlərə nisbətən üstünlük verilir. Mülki qanunvericiliyin müddəalarından görünür ki, tərəflər müqavilədə hər hansı şərtə dair razılığa gəlirlərsə, bu tərəflər üçün məcburidir. 16.04.2018-ci il tarixli kredit müqaviləsinin 2-ci bəndinə əsasən borc alan krediti 30.09.2018-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürməsi öz əksini tapmışdır. Mülki Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 9 iyul 2009-cu il tarixli Qərarına əsasən, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir və yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. Məhkəmə hesab edir ki, İddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən pul öhdəliyinin icrasının gecikdirilməsinə görə illik 5 faiz ödənilməsini tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 427.1-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Mülki iş materiallarına əlavə edilmiş kredit müqaviləsindən görünür ki, borclu pul məbləğini 30.09.2018-ci il tarixədək tam ödəməyi öhdəsinə götürmüşdür. Həmin Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Göstərilən maddələrin məzmunundan göründüyü kimi öhdəliyin icrası müddəti müqaviləyə əsasən kredit müqaviləsinin müddəti bitdiyi tarixdən qətnamə çıxarıldığı tarixə, yəni, – 22.07.2021-ci il tarixə kimi 02 il 10 aylıq müddət keçdiyindən öhdəliyin icrası borclu tərəfindən gecikdirilmişdir. Beləliklə, Cavabdeh 16.04.2018-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehdən 8000 manat məbləğində pulun ödənilməsinin gecikdirilməsinə görə MPM-nin 445.7-ci maddəsinə əsasən həmin məbləğin illik 5 faizi hesabı ilə 02 il 10 aylıq müddət üçün tutulmalı olan məbləğ 1170 manat təşkil edir. Məhkəmə iddia tələbinin 16.04.2018-ci il tarixli, reyestrdə 3M-263 sayla qeydə alınmış kredit müqaviləsinin qeydiyyatı üçün ödənilən 92.40 manat məbləğinə münasibət bildirərək qeyd edir ki, iddiaçı tərəfindən 16.04.2018-ci il tarixli, reyestrdə 3M-263 sayla qeydə alınmış kredit müqaviləsinin qeydiyyatı üçün 92 manat məbləğinin ödənilməsi işdə olan "xxxx" ASC-nin 16.04.2018-ci il tarixli, BPMASAN**********67 saylı mədaxil qəbzi ilə təsdiq edildiyindən cavabdehdən kredit müqaviləsinin qeydiyyatı üçün ödənilən 92.40 manat məbləği də tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddia tələbini hüquqi yardıma görə çəkilmiş 200 manat xərcin cavabdehdən tutulması hissəsinə gəlincə hesab edir ki, tələb bu hissədə əsaslı deyildir. Belə ki, hazırkı mübahisə üzrə Vəkilla müvəkkili İddiaçı arasında hüquqi yardıma dair müqavilə və bunun əsasında tərəflər arasında müəyyənləşdirilmiş hüquqi xidmət haqqını təsdiq edən qəbz məhkəməyə təqdim edilməmişdir. Ona görə də məhkəmə tələbi bu hissədə əsassız hesab edərək, təmin edilməməsi qənaətinə gəlir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tərəf ifadələrini və iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 16.04.2018-ci il tarixli, reyestrdə 3M-263 sayla qeydə alınmış kredit müqaviləsi üzrə 8000 manat əsas, 1170 manat faiz borcu, kredit müqaviləsinin qeydiyyatı üçün ödənilən 92 manat və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 9292 manat məbləğində pul alınıb İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 8000 manat əsas, 1170 manat faiz borcu, 92 manat kredit müqaviləsinin qeydiyatı üçün ödənilmiş rüsum və 30 manat dövlət rüsumu olmaqla, cəmi 9292 manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar