Məhkəmə qərarları › İş №2(037)-529/2020

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-529/2020

07.09.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-529/2020 07.09.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə, İddiaçı “İddiaçı” İstehsalat Birliyinin Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: “İddiaçı” İstehsalat Birliyi (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) sayğacdan kənar əlavə qaz xəttindən istifadəyə görə hesablanmış 388 manat 80 qəpik itirilmiş qazın dəyəri və 20 manat 40 qəpik ödənilmiş dövlət rüsumu – cəmi 409 (dörd yüz doqquz) manat 20 (iyirmi) qəpik məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi gəlməmiş, ərizə göndərərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını qərara almışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxx 2019-cu il tarixdə “İddiaçı” İB-nin X2 X1 Xidmət Sahəsinin əməkdaşları tərəfindən cavabdehin İsmayıllı rayonun Mican kəndində yerləşən evinin qaz xəttinə baxış keçirilərkən sayğacdan kənar əlavə qaz xətti aşkar olunmuşdur. Bununla bağlı həmin tarixdə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədilə “İddiaçı” İB-nin X2 İstismar İdarəsinə göndərilmişdir. Həmin akta əsasən xx xxx 2019-cu il tarixdə dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib edilərək 3888 m3 itirilmiş təbii qazın dəyəri 388,8 manat cavabdehin abonent koduna vurulmuşdur. Cavabdehin abonent koduna vurulmuş məbləğ sayğacdan kənar əlavə qaz xəttindən istifadə edilməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Cavabdehə dəymiş ziyanın ödənilməsi ilə bağlı xəbərdarlıqlar edilsə də, cavabdeh ziyanın ödənilməsini təmin etməmişdir. Cavabdehdən sayğacdan kənar əlavə qaz xəttindən istifadəyə görə hesablanmış 388,8 manat itirilmiş qazın dəyəri və 20,4 manat ödənilmiş dövlət rüsumu – cəmi 409,2 manat məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh izahat verərək göstərdi ki, sayğac qazı yaxşı keçirmədiyindən xətdə olan qazın təziqini yoxlamaq məqsədi ilə sayğacdan əvvəl qaz xətinə qoşulmuş və bir müddət təbii qazdan bu formada istifadə etmişdir. Qaz idarəsinin əməkdaşları bu faktı aşkar etmiş və müvafiq sənədləşmə apararaq xətti ləğv etmişlər. Akt əsasında abonent koduna 388,8 manat pul yazılmışdır. Xəstə olduğundan heç yerdə işləyə bilmir. Borcunu hissə-hissə ödəyəcəkdir. İş üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. X2 İstismarı İdarəsi ilə cavabdeh arasında bağlanmış xx xxx 2019-cu il tarixli qazın alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, cavabdeh yaşadığı evdə istehlakçı kimi istifadə etdiyi təbii qazın dəyərini təqdim olunmuş hesab üzrə tam şəkildə ödəməlidir. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx xxxxx 2019-cu il tarixli ******* nömrəli aktın surətindən müəyyən edilir ki, cavabdehin İsmayıllı rayonun Mican kəndində yerləşən evinin qaz xəttinə baxış keçirilmiş, baxış zamanı qaz sayğacından kənar xətt vasitəsi ilə təbii qazdan istifadə etdiyi aşkar olunmuşdur. Tərtib olunmuş aktı iddiaçı imzalamışdır. “İddiaçı” İB-nin X2 İstismar İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş və həmin İdarənin rəisi tərəfindən təsdiq edilmiş xx xxx 2019-cu il tarixli qərarın surətindən görünür ki, sayğacdan kənar qeyri-qanuni qaz xətti ləğv edilmiş və qeyri-qanuni istifadə edilmiş 3888 kub metr itirilmiş qazın dəyərinin ödənilməsi abonentdən tələb olunmuşdur. 01NM-13HŞ-1125 nömrəli xx xxxx 2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehdən qazın sayğacla müəyyənləşdirilən hesabına əsasən istifadə edilmiş təbii qaza görə xx xxxx 2020-ci il tarixə yaranmış 388 manat borc məbləğinin beş gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Abonentin saldosundan görünür ki, 2019-cu ilin may ayının sonuna iddiaçının **********00710 nömrəli abonent koduna akt üzrə 388,8 manat borc vurulmuşdur. 652171377 nömrəli xx xxxx 2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, “İddiaçı” İB tərəfindən 20 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, “İddiaçı” İB-nin əməkdaşları tərəfindən xx xxx 2019-cu il tarixdə cavabdehin fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərək təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, sayğacdan kənar əlavə qaz xətti aşkar olunmuşdur. Bununla bağlı həmin tarixdə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akt tərtib edilmişdir. Tərtib olunmuş aktı iddiaçı imzalamışdır. Həmin akta əsasən xx xxx 2019-cu il tarixdə Ağsu RQİİ-nin rəisi tərəfindən dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib edilərək cavabdehin abonent koduna 3888 m3 itirilmiş təbii qaz vurulmuşdur. Cavabdehdən abonent koduna vurulmuş borcun ödənilməsi tələb olunmuş, lakin istehlakçı tərəfindən tələb olunan borc məbləğinin ödənilməsi təmin olunmamışdır. İddiaçının nümayəndəsi cavabdehdən sayğacdan kənar əlavə qaz xəttindən istifadəyə görə hesablanmış 388 manat 80 qəpik itirilmiş qazın dəyəri və 20 manat 40 qəpik ödənilmiş dövlət rüsumu – cəmi 409 (dörd yüz doqquz) manat 20 (iyirmi) qəpik məbləğinin alınaraq “İddiaçı” İstehsalat Birliyinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh maddi imkanı olmadığından borcunu ödəyə bilmədiyini bildirərək iş üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Cavabdehin qanunsuz olaraq qaz xəttinə qoşulması özünün izahatı və iş materialları ilə sübuta yetirildiyindən sayğacdan kənar əlavə qaz xəttindən istifadəyə görə hesablanmış 388 manat 80 qəpik itirilmiş qazın dəyəri və 20 manat 40 qəpik ödənilmiş dövlət rüsumu – cəmi 409 (dörd yüz doqquz) manat 20 (iyirmi) qəpik məbləğinin cavabdehdən alınaraq “İddiaçı” İstehsalat Birliyinin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh sayğacdan kənar əlavə qaz xəttindən istifadəyə görə hesablanmış 388 manat 80 qəpik itirilmiş qazın dəyəri və 20 manat 40 qəpik ödənilmiş dövlət rüsumu – cəmi 409 (dörd yüz doqquz) manat 20 (iyirmi) qəpik məbləği alınaraq “İddiaçı” İstehsalat Birliyinin hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar