Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-561/2021 01.09.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Xalid Məhərrəm oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi və həmin evdən övladları ilə birlikdə qeydiyyatdan çıxarılması tələbinə dair mülki işə 01 sentyabr 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İsmayıllı Rayon Məhkəməsinin 08 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə ona mülkiyyət hüququ ilə məxsus İsmayıllı şəhəri,Ü.Hacıbəyov küçəsi, ev 9 ünvanına köçürülmüş Cavabdeh övladları ilə birlikdə 2000 manat məbləğində kompensasiya verilməklə qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, vəkil Nümayəndə iddianın dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, İsmayıllı Rayon Məhkəməsinin 08 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə İddiaçı mülkiyyət hüququ ilə məxsus İsmayıllı şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 9 ünvanına köçürülmüş fərdi yaşayış evindən Cavabdeh istifadə hüququna xitam verilməsi və onun övladları və əmlakları ilə birlikdə həmin evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İsmayıllı Rayon Məhkəməsinin 08 sentyabr 2016-cı il tarixli qətnaməsi əsasında mərhum oğlunun həyat yoldaşı olmuş Cavabdeh ona məxsus İsmayıllı şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 9 ünvanında yerləşən fərdi yaşayış evinə övladları 15.08.2008-ci il təvəllüdlü Elmir və 26.09.2009-cu il təvəllüdlü Elton adlı uşaqları ilə birlikdə köçürülmüşdür. Cavabdeh bir ilə yaxın müddət həmin ünvanda övladları ilə birlikdə onunla yaşadıqdan sonra, İsmayıllı şəhəri, C.Əmrəliyev küçəsi, ev 8 ünvanında özünə üç otaqlı hər bir şəraiti olan fərdi yaşayış evi inşa edərək ora köçmüş və ona məxsus fərdi yaşayış evində bir neçə əşya saxlamaqla evin qapısını qıfıllamışdır. 29.04.2021-ci il tarixli qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən sözügedən ev onun mülkiyyətindədir.Belə olan halda cavabdeh ona mülkiyyət hüququ ilə məxsus fərdi yaşayış evinin qapısını qıfıllamaqla onun mülkiyyət və istifadə hüququnu pozmuşdur. Bundan başqa cavabdeh iki-üç ayda bir dəfə onun mülkiyyətində olan evə gələrək heç bir əsaslı səbəb olmadan dava-dalaş salır,onları döyür,polisə şikayət edir.Bütün bunlara artıq dözmək mümkün deyil.Artıq bütün qohum-qonşu arasında hörmətdən düşmüşlər,cavabdehlə bir evdə bu şəraitdə yaşamaq mümkün deyildir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək, onun məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, izahatında bildirdi ki, hazırda iki uşağı ilə anasından miras qalmış evdə yaşayır. O, İddiaçı məxsus evdə yaşamasa da əşyaları oradadır və həmin ev onun övladlarına məxsusdur. Onun iki uşağı var və ona görə də İddiaçı məxsus evdən çıxmayacaqdır. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan 29.04.2021-ci il tarixli qeydiyyat nömrəsi ********** olan Çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İsmayıllı şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 39 (əvvəl 9) ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına 29.04.2021-ci ildə qeydiyyata alınmışdır. İş materiallarında olan İsmayıllı Rayon Məhkəməsinin 2(037)-1212/2016 saylı, 08.09.2016-cı il tarixli 14.02.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh övladları ilə birlikdə İsmayıllı şəhəri,Ü.Hacıbəyov küçəsi, 9 saylı ünvanda yerləşən, İddiaçı məxsus olan fərdi yaşayış evinə köçürülmüşdür. İş materiallarında olan yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan çıxarışdan görünür ki, İsmayıllı şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 9 ünvanında 15 nəfər şəxs qeydiyyatdadır. İş materiallarında olan İsmayıllı rayon Notariat Ofisi tərəfindən verilmiş, 05.08.2021ci il tarixli, N-1118 saylı məktubdan görünür ki, mərhum X1 adına vərəsəlik işi açılmış, onun qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə X2 və Cavabdeh verilmişdir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bu səbəblə məhkəmə, iddianın hüquqi əsaslarının, yəni iddiada istinad olunan qanunvericilik normalarının dispozisiya şərtlərinin mövcudluğunun olub-olmadığına hüquqi qiymət verməlidir. Beləliklə, məhkəmə iddiaçının izahatının və işdə olan sənədlərin tam və hərtərəfli tədqiqi nəticəsində müəyyən etdi ki, İsmayıllı şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 9 ünvanında yerləşən fərdi yaşayış evi 29.04.2021-ci il tarixli qeydiyyat nömrəsi ********** olan Çıxarış əsasında tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeyd edilmişdir. Həmçinin, həmin evə dair 28.04.2021-ci il tarixdə iddiaçının adına texniki pasport tərtib edilmişdir. Lakin cavabdeh uşaqları ilə birlikdə iddiaçıya məxsus evdə qeydiyyatdadırlar. Cavabdeh bir müddət iddiaçı ilə birlikdə mübahisəli evdə yaşamamış, sonradan İsmayıllı şəhəri, C.Əmrəliyev küçəsi, ev 8 ünvanında mərhum anasına məxsus fərdi yaşayış evində yaşamağa başlamışdır. Bu hal cavabdehin özü tərəfindən də etiraf edilmiş, lakin, onun iki övladı olduğu üçün və İddiaçı məxsus fərdi yaşayış evinin onun uşaqlarına məxsus olması əsas gətirərək sözügedən evdən çıxmayacağını bildirir və hazırda da cavabdehin mübahisəli evdən istifadə etmək niyyətinin olması müəyyən edilməmişdir. Məhkəmə ilk növbədə nəzərə alır ki, kompensasiya verilmədən cavabdehlərin iddiaçıya məxsus fərdi yaşayış evinin tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün həmin hüququ əmələ gətirən əsasın aradan qalxıb-qalxmaması məsələsi müəyyən edilməlidir. Belə ki, cavabdeh əvvəllər iddiaçının ailə üzvü olduğu üçün sözügedən fərdi yaşayış evinə köçürülmüş və həmin evdə qeydiyyatdadır. Cavabdeh bir müddət sözügedən fərdi yaşayış evində yaşamış, sonradan və hal hazırda da mərhum anasına məxsus fərdi yaşayış evində yaşamaqla, hazırda İddiaçı məxsus fərdi yaşayış evindən istifadə zərurəti aradan qalxmışdır. Bu da onu deməyə əsas verir ki, cavabdehin istifadə hüququna xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, mübahisə predmeti olan İsmayıllı şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən 9 saylı fərdi yaşayış evi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və həmin evə faktiki sahibliyi də iddiaçı həyata keçirir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə iddiaçı mülkiyyətçi kimi kompensasiya ödəmədən yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia tələbini irəli sürmək hüququna malikdir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, mülkiyyətçinin ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün əsas, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu və həmin şəxsin yaşayış sahəsinə olan ehtiyacını məhz bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində qalması tələb olunur. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün və ya kənar şəxsin istifadə etməsi hüquqi cəhətdən əsassızdır. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. İşin müəyyən olunmuş hallarından da görünür ki, cavabdeh uşaqları ilə birılikdə iddiaçının mülkiyyətində olan fərdi yaşayış evində qeydiyyatda olsalar da, faktiki olaraq həmin ünvanda yaşamırlar və evin tərkib hissəsindən istifadə etmələrinə ehtiyac yaranmamışdır. Bu da onu deməyə əsas verir ki, cavabdehlərin iddiaçıya məxsus fərdi yaşayış evinin tərkib hissəsindən istifadə hüququnu əmələ gətirən əsas aradan qalxdığından, onların istifadə hüququna xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2–ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2–ci maddələrinin şərh edilməsinə dair16 dekabr 2014–cü il tarixli Qərarında Mülki Məcəllədə “istifadə sözünün mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilməsıni qeyd edərək, “istifadə hüququ ifadəsinin əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə etdiyini göstərmişdir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda həmçinin qeyd etmişdir ki, Mülki Məcəllənin 228–ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Eləcə də, Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29.03.2016-cı il tarixli qərarında hesab etmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan hüquq mahiyyət etibarilə servitutdur. Konstitusiyası Məhkəməsi Plenumu həmin qərarında, həmçinin qeyd etmişdir ki, əldə olunan istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir (yaşayış sahəsindən fayda götürmək, yəni əvəzli olaraq başqalarının istifadəsinə vermək imkanını təmin etmir). Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Bu hüquq başqa şəxslərə özgəninkiləşdirilə bilməz və vərəsəlik qaydasında vərəsələrə keçmir. Mülki Məcəllənin 228.5–ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya odəmədən xitamı zamanı Mülki Məcəllənin "Servituta xitam verilməsi" adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Konstitusiyası Məhkəməsi Plenumu həmin qərarında daha sonra formalaşdırdığı hüquqi mövqeyində müəyyən etmişdir ki, Mülki Məcəllənin 262.2–ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn,keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5– ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Həmin qərarında Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə qaldırılan məsələnin konstitusiya əhəmiyyətini nəzərə alaraq, formalaşdırdığı hüquqi mövqeyində qeyd etməyi zəruri hesab etmişdir ki, məhkəmələr Mülki Məcəllənin 228.5–ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar. Buna görə də məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29.03.2016-cı il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Məhkəmə işin müəyyən olunmuş həqiqi hallarına əsasən hesab edir ki, cavabdehlərin iddiaçıya məxsus fərdi yaşayış evinin yaşayış sahəsindən istifadə hüququnun əldə edilməsini zəruri edən əsas aradan qalxdığından, yəni hazırda onların yaşayış sahəsinə ehtiyacı olmadığından və cavabdehin ailə üzvü olmadığından cavabdehlərin iddiaçıya məxsus fərdi yaşayış evinin tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui– istifadə olmasın. Məhkəmə hesab edir ki, mülkiyyətçinin Konstitusiyada təsbit olunmuş bu hüquqları öz təbiəti etibarilə nəinki onun təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152–ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ –subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Bundan başqa məhkəmə hesab edir ki, yuxarıda qeyd edildiyi kimi yaşayış binasının tərkib hissəsindən əldə olunan istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir, həmin yaşayış sahəsindən fayda götürmək, yəni əvəzli olaraq başqalarının istifadəsinə vermək imkanını təmin etmir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ məhdud istifadəni ehtiva edən əşya hüququ olduğu üçün istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Bu hüquq başqa şəxslərə özgəninkiləşdirilə bilməz və vərəsəlik qaydasında vərəsələrə keçmir. Eləcə də, istifadə hüququ olan şəxsin kənar şəxsləri yaşayış sahəsinə köçürmək hüququ qanunda nəzərdə tutulmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia əsaslıdır və bu səbəbdən təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məjəlləsinin 217.4–cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, MPM–nin 218.3–cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan İsmayıllı şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 9 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilsin. Cavabdeh övladları və əmlakları ilə birlikdə İddiaçı mülkiyyətində olan İsmayıllı şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 9 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılsın. Ödənilmiş dövlət rüsumu məbləği iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) aymüddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-561/2021
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-561/2021
01.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver