Məhkəmə qərarları › İş №2(037)-589/2022

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-589/2022

13.07.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-589/2022 13.07.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Cavabdehnə qarşı debitor borcun silinməsi tələbinə dair mülki işə 13 iyul 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) tərəfindən **********02320 saylı hesabına işlənmiş 2173 kub metr təbii qazın dəyəri 489.40 (dörd yüz səksən doqquz manat qırx qəpik) manat debitor borcun silinməsi və qaz sayğacının blokdan açılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, 29 mart 2022-ci il tarixdə Cavabdeh tabeçiliyində olan X3 İstismar İdarəsinin əməkdaşları tərəfindən istifadəsində olmuş təbii qazın hesabatının aparılması üçün evində quraşdırılmış "SMART” tipli qaz sayğacına baxış keçirilmişdir. Baxış zamanı qaz sayğacının qaz sərfiyyatını düzgün qeyd etmədiyi (mənfi hesabat apardığı) müəyyən olunduğundan İsmayıllı Xidmət Sahəsinin əməkdaşları qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 29 matr 2022-ci il tarixdə ******* nömrəli akt tərtib edərək çıxararaq yeni "SMART" tipli qaz sayğacı quraşdırlmışlar. Mənfiyə getmiş sərfiyyat İsmayıllı Xidmət Sahəsi tərəfindən hesablanaraq bu barədə protokol tərtib olunmuşdur. Tərtib olunmuş həmin protokola əsasən itirilmiş 2173 kub metr qaz sərfiyyatına əsasən 489.40 manat borc müəyyənləşdirilərək onun **********02320 saylı abonent hesabına işlənmişdir. Cavabdeh "Azəriqaz” İstehsalat Birliyi tərəfindən onun abonent koduna hansı əsaslarla borcun necə yarandığı barədə tərtib olunmuş protokolu, digər zəruru sənədlərin ona verilməsini və buna aydınlıq gətirilməsi üçün X3 istismar İdarəsinə və İsmayıllı Xidmət Sahəsinə müraciət etmişdir. Sayğacın daxilində baza temperatur standarta uyğun olmadığı üçün sayğacın elektron hissəsi keçən qazın həcmini düzgün qeyd etməməsinin aşkar olunması barədə tərtib olunmuş, "Təbii X2nın pozulması haqqında” akt və həmin akta əlavə olunan sənədləri cavabdeh təşkilatın əməkdaşları qəsdən ona verməmişlər. Əldə etdiyi məlumata əsasən, güya evinə quraşdırılmış qaz sayğacının mexaniki və elektron hissesi normal işləməmişdir. Bu səbəbdən cavabdeh təşkilatın əməkdaşları araşdırmalar aparmış və ”Azəriqaz” İstehsalat Birliyinin sayğac göstəriciləri əsasında müəyyən etdiyi qaz sərfiyyatı real istifadə etdiyi qazın dəyəri kimi qiymətləndirmişdir. Halbu ki, qeyd olunmuş rəqəmlər əsassız, yalan və qondarmadır. Həmin akt əsasında güya impuls ötürücü ştikerinin nasazlığı səbəbindən elektron göstərici mexaniki göstəricidən 2173 kub metr az olduğu bildirilmişdir. Bununla bağlı müraciətinə heç bir aydınlıq gətirilməmiş və etdiyi müraciətinə müxtəlif cür bəhanələr və müraciətinə başdansovdu yanaşılaraq formal cavab verilmişdir. Beləliklə qərəzli, məqsədli şəkildə uydurmalar ilə yaratdıqları şəbəkə vasitəsilə vətəndaşları əsassız şəkildə incidirlər. xx.xx.2022-ci il tarixdə yaşadığı fərdi yaşayış evinin sayğacı bloklanmış, evinə qaz verlişi dayandırılmışdır. Qaz sayğacının blokdan açılması barədə cavabdeh təşkilata olan müraciəti nəticəsiz qalmışdır. Cavabdeh təşkilatın əməkdaşları yaşadığı evin qaz xəttinə quraşdırılmış sayğacı blokdan açmadıqlarından müvəqqəti təminat tədbirinin görülməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin 07 aprel 2022-ci il tarixli MTT(037)-18/2022 saylı qərardadı ilə ərizəsi təmin edilərək müvəqqəti təminat tədbiri kimi məhkəmə qətnaməsi qəbul edilənədək ona məxsus fərdi yaşayış evinə qaz verlişi bərpa edilmişdir. Cavabdeh təşkilatın əməkdaşları öz inhisarçı mövqeyindən sui-istifadə edərək sözügedən qanunsuz aktı və onun əsasında hesablanmış qanunsuz borcu qəbul etməyinə görə ona təzyiqlər göstərmişlər. Cavabdeh təşkilatdan ona dövlət yoxlamasının rəyinə əsasən sayğacın daxilində baza temperaturu standarta uyğun olmadığı üçün sayğacın elektron hissəsi keçən qazın həcmini düzgün qeyd etmədiyini bildirmişlər. Göstərilən qaz sərfiyyatı olmamışdır. Bundan başqa nəzərə alınmalıdır ki, qaz sayğacı evdən kənarda, həyət qapısından çöldə yerləşdirildiyindən hazırkı işin faktiki hallarına əsasən onun yaşadığı evin qaz xəttinə quraşdırılmış sayğacın işçi vəziyyətdə saxlanılmasına nəzarət etmək imkanı da yoxdur. Həmin sayğaca cavabdehin tabeçiliyində olan təşkilatın müvafiq səlahiyyətlərə malik əməkdaşları tərəfindən vaxtaşırı baxış keçirildiyindən sayğacda olan zədələnmə, qüsur və ya digər nasazlığa görə o məsuliyyət daşımır. Bundan başqa cavabdehin nümayəndələri hər ay sayğacın göstəricilərini götürüb xidmət sahəsinə və ona məlumat vermaklə sayğacda göstərilən göstəricilərə uyğun ödənişlər ödənilməsini tələb etməlidirlər. Sonuncu hesab təqdim edildikdən bir neçə ay sonra ona bildirmişlər ki, sayğac düz hesablama aparmamış və əlavə olaraq 489.40 manat pul ödəməlidir. Əks təqdirdə sayğacın kartı bloklanacaqdır. Hesab edir ki, cavabdeh təşkilat tərəfindən itirilmiş təbii qaz və dəyəri əsassız olaraq onun hesabına işlənmişdir. Qaz sayğacının hesablama mexanizmindən keçən qazın həcminin qeyd etməməsi və mənfi hesabat aparması onun günahı deyildir. Qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə məsuliyyət bütövlükdə cavabdeh təşkilatın üzərindədir. O və ailə üzvləri tərəfindən qaz sayğacına heç bir müdaxilə olunmamış və sayğacın qaz sərfiyyatını düzgün qeyd etməməsi (mənfi hesabat aparması) barədə heç bir məlumatı yoxdur. Qaz İstismar İdarəsinin nəzarətçisi tərəfindən onun yaşadığı evin qaz xəttinə qoşulmuş sayğaca ən geci ayda bir dəfə baxış keçirilir, qaz sərfiyyatı barədə ona bildiriş təqdim edilir. O, istifadə etdiyi təbii qazın dəyərini mütəmadi olaraq ödəmişdir. Cavabdeh təşkilat tərəfindən onun hesabına vurulmuş 489.40 manat debitor borcun silinməsi və qaz sayğacının blokdan açılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi Ramil Ömərov məhkəmə iclasına gəlməmiş, məhkəməyə etiraz ərizəsi göndərərək iddia tələbini əsassız hesab etdiyini bildirmiş, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Ona görə də məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi Ramil Ömərov etiraz ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixində "Azəriqaz” X1 RQİİ-nin İsmayıllı XS-nin əməkdaşları İsmayıllı rayonu Mican kəndində yaşayan İddiaçı mənzilinə quraşdırılmış SMART tipli, **********4 nömrəli qaz sayğacı 2162 kub.metr mənfiyə getdiyi üçün açaraq götürmüş, əvəzində digər eyni tipli qaz sayğacı quraşdırmışlar. Bununla bağlı 29 mart 2022-ci il tarixli ******* nömrəli akt tərtib edilmişdir. Həmin akta abonentin özü imza etmiş, mənzilindən açılmış sayğacın düzgün işləmədiyindən və 2162 kub.metr mənfiyə getməyindən məlumatlı olmuşdur. Mənzildən açılmış qaz sayğacı dövlət yoxlanılmasına göndərilmiş, lakin bu günə qədər sayğaca rəy verilməmişdir, lakin buna baxmayaraq sayğacın mənfiyə işləməsi gözlə göründüyündən abonentin mənzilindən açılmış qaz sayğacının 2162 kub.metr təbii qazı qeydə almadığı müəyyən edilmişdir. İddiaçı həmin mənfiyə getmiş təbii qazın dəyərinin onun mənzilinə yeni quraşdırılmış SMART tipli qaz sayğacının kartına vurulması üçün razılaşma protokolu imzalanması təklif edilməsinə baxmayaraq o bundan imtina etmişdir. İddiaçı ödənilməsi təklif edilən 2162 kub.metr təbii qazın dəyəri onun mənzilindən açılmış qaz sayğacın düzgün işləməməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. İddiaçılə Ağsu RQİİ-nin İsmayıllı Xidmət Sahəsi arasında bağlanmış təbii qazın alqı-satqısına dair müqavilənin 2.3.4 bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli X2 haqqında Qərarın 6.5-ci bəndinə əsasən təbii qazdan qanunsuz istifadə halları aşkar edildikdə, qaz paylayıcısı abonentə qazın verlişini dərhal dayandırmalı və dəymiş zərərin ödənilməsini həmin şəxsdən tələb etməlidir. İddiaçının **********02320 saylı hesabına işlənmiş 2173 kub.metr itirilmiş təbii qazın dəyəri olan 489.40 manat debitor borcun silinməsi və qaz sayğacının blokdan açılması tələbinə dair iddia ərizəsini əsassız hesab edir və təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilən “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli aktın surətindən müəyyən edilir ki, həmin təşkilatın əməkdaşları tərəfindən 29 mart 2022-ci il tarixdə iddiaçının İsmayıllı rayonu, Mican kəndində yerləşən fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirərkən sayğacın 2162 kub.metr mənfi ilə hesabat apardığından növbədənkənar dövlət yoxlamasına göndərilməsi üçün çıxarılmışdır.Tərtib olunmuş aktı iddiaçı imzalamışdır. İsmayıllı rayon Mican kənd sakini İddiaçı Cavabdeh İB-nin X3 İstismarı İdarəsinə xx.xx.2022-ci il tarixdə ünvanladığı H-177 saylı müraciətə cavab məktubunda abonent İddiaçı mənzilində istifadə olunmuş təbii qazın hesabatının aparılması üçün quraşdırılmış SMART tipli qaz sayğacına 2022-ci ilin aprel ayında baxış keçirildiyi, baxış zamanı qaz keçir sərfiyyatın qeyd etmədiyi (mənfi hesabat aparıldığı-2173 kub.metr-489.40 manat) müəyyən olunduğu, mənfi hesabat aparmış SMART sayğacın İsmayıllı Xidmət Sahəsi tərəfindən əvəz olunduğu,mənfiyə getmiş sərfiyyat hesablanaraq protokol tərtib olunduğu, nəzərə alınmamış məbləğin abonentin SMART kartına əlavə olunduğu, tərtib olunmuş protokolun abonent tərəfindən təsdiq edildikdən sonra hesablanmış sərfiyyatın 3E bazasına keçiriləcəyi və İsmayıllı Xidmət Sahəsi tərəfindən yeni quraşdırılmış SMART tipli qaz sayğacın kartının abonentə təqdim olunacağı qeyd olunmuşdur. 18 aprel 2022-ci il tarixli abonentin saldosundan görünür ki, 2022-ci ilin aprel ayının sonuna iddiaçının **********02320 nömrəli abonent koduna borc vurulmamışdır. Məhkəmə iddiaçının ərizəsini, cavabdehin nümayəndəsinin etiraz ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırılması ilə müəyyən edildi ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən 29 mart 2022-ci il tarixdə iddiaçının fərdi yaşayış evinin təbii qaz xəttinə quraşdırılmış SMART tipli qaz sayğacına baxış keçirilərək təbii X2na riayət olunması vəziyyəti yoxlanılmışdır. Yoxlamanın nəticəsində sayğacın 2162 kub.metr mənfi ilə hesabat apardığından SMART tipli sayğac növbədənkənar dövlət yoxlamasına göndərilməsi üçün çıxarılmış, əvəzində isə yeni SMART tipli sayğac quraşdırılmışdır. Tərtib olunmuş həmin aktı iddiaçı imzalamışdır. İddiaçının evindən açılaraq götürülmüş "SMART” tipli qaz sayğacının qaz sərfiyyatını düzgün qeyd etmədiyi (mənfi hesabat apardığı) müəyyən olunmuşdur. Mənfi hesabat aparmış "SMART” tipli sayğac İsmayıllı Xidmət Sahəsi tərəfindən yeni sayğacla əvəz olunmuşdur. Mənfiyə getmiş sərfiyyat İsmayıllı Xidmət Sahəsi tərəfindən hesablanaraq protokol tərtib olunmuş,2173 kub metr qaz sərfiyyatına əsasən 489.40 manat borc müəyyənləşdirilərək iddiaçının SMART kartına əlavə olunması göstərilmişdir. Mənzildən açılmış qaz sayğacı dövlət yoxlanılmasına göndərilmiş, lakin bu günə qədər sayğaca rəy verilməmişdir. Mənfiyə getmiş təbii qazın dəyərinin iddiaçının mənzilinə yeni quraşdırılmış SMART tipli qaz sayğacının kartına vurulması üçün razılaşma protokolunu imzalanması iddiaçıya təklif edilsə də, sonuncu protokolu imza etməkdən imtina etmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçının yaşadığı fərdi yaşayış evinin qaz xəttinə quraşdırılmış SMART tipli sayğacın kartı bloklanaraq qaz verlişi dayandırılmışdır. İddiaçı yaşadığı evə qaz verlişinin bərpası üçün müvəqqəti təminat tədbirinin görülməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin 07 aprel 2022-ci il tarixli MTT(037)-18/2022 saylı qərardadı ilə ərizə təmin edilərək müvəqqəti təminat tədbiri kimi məhkəmə qətnaməsi qəbul edilənədək iddiaçıya məxsus fərdi yaşayış evinə qaz verlişi bərpa edilmişdir. İddiaçı cavabdeh tərəfindən hesabına işlənmiş 489.40 manat debitor borcun silinməsi və qaz sayğacının blokdan açılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehin nümayəndəsi iddia tələbini əsassız hesab edir və rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. “X2”nın 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Həmin Qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iddia tələbinə münasibət bildirərək qeyd edir ki, iddiaçının yaşadığı evin təbii qaz xəttindən açılaraq götürülmüş "SMART” tipli qaz sayğacının qaz sərfiyyatını düzgün qeyd etməməsi (mənfi hesabat aparması) iddiaçının təqsiri üzündən baş verməsi barədə cavabdeh tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Cavabdeh təşkilatın nümayəndələri tərəfindən sayğaca baxış keçirilərkən sayğacın mənfiyə hesabat aparıldığı müəyyən edildiyindən çıxarılmış və bu barədə müvafik akt tərtib edilmişdir. Eyni zamanda 29 mart 2022-ci il tarixdə iddiaçının yaşadığı evin qaz xəttindən açılaraq götürülmüş SMART tipli qaz sayğacı cavabdeh tərəfindən dövlət yoxlamasına göndərilsə də, həmin vaxtdan bu günə qədər sayğacda hansı qüsurun olması barədə müvafiq rəy verilməmişdir. Cavabdehin nümayəndəsi məhkəmə göndərdiyi etiraz ərizəsində sayğacın mənfi hesabat apardığını və düzgün işləməməsini göstərdiyi halda yaranmış 2173 kub.metr itirilmiş təbii qazın dəyəri olan 489.40 manat debitor borcun hansı əsasla iddiaçıdan tutulmalı olduğunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bundan əlavə qaz sayğacı evdən kənarda,həyət qapısından çöldə yerləşdirildiyindən hazırkı işin faktiki hallarına əsasən iddiaçının yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış sayğacın işçi vəziyyətdə saxlanılmasına nəzarət etmək imkanının olmadığından, habelə həmin sayğaca cavabdehin tabeçiliyində olan təşkilatın müvafiq səlahiyyətlərə malik əməkdaşları tərəfindən vaxtaşırı baxış keçirildiyindən məhkəmə hesab edir ki, sayğacda olan zədələnmə, qüsur və ya digər nasazlığa görə iddiaçı məsuliyyət daşımır. Eyni zamanda, sayğaca cavabdeh təşkilatın müvafiq səlahiyyətli əməkdaşları tərəfindən müntəzəm olaraq (ən azı ayda bir dəfə) baxış keçirildiyi halda, sayğacda hər hansı zədələnmə, qüsur və ya digər nasazlıq, hətta müdaxilə olsa belə qısa müddət ərzində 2173 kub metr miqdarında, yəni 489.40 manat dəyərində təbii qazın sərf olunması da inandırıcı deyildir. Ona görə də məhkəmə hesab edir ki, itirilmiş həmin təbii qazın istehlakçının hesabına işlənməsi və ondan həmin təbii qazın dəyəri olaraq hər hansı məbləğdə debitor borcun tələb edilməsi əsassızdır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh İB tərəfindən iddiaçının hesabına işlənmiş 2173 kub metr itirilmiş təbii qazın dəyəri 489.40 manat debitor borcun silinməsi və qaz sayğacının blokdan açılması barədə barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı **********02320 nömrəli abonent koduna vurulmuş 2173 kub metr təbii qazın dəyəri 489.40 (dörd yüz səksən doqquz manat qırx qəpik) manat debitor borc məbləği silinsin və qaz sayğacı blokdan açılsın. Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu məbləği alınaraq dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar