Məhkəmə qərarları › İş №2(037)-610/2022

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-610/2022

25.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-610/2022 25.07.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə Ərizəçi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsini maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 25 iyul 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Ərizəçi (bundan sonra ərizəçi) ərizə ilə müraciət edərək JN-810 Kod 40705018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının X14, Bəhərçinli (Eminalıyeva) Çinarə Həsən qızına və ona məxsus olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək işə iştirakı olmadan baxılmasını, məhkəmə iclasında X5, X3 və X15 şahid qismində dindirilməsini və ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə ərizəçinin iştirakı olmadan baxılması qərara alınmışdır. Ərizəçı ərizəni onunla əsaslandırmışdır ki, X14, X6 və onun birgə mülkiyyətlərində olan torpaq sahəsi barədə tərtib olunmuş JN-810 Kod 40705018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında onun ata adı “Allahverdi” əvəzinə “Allahverən” kimi qeyd olunmuşdur. X8 05 iyul 1998-ci il tarixdə vəfat etmişdir. “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında onun ata adında uyğunsuzluq olduğundan mülkiyyət hüququnu həyata keçirə bilmir. Qeyd etdiyi səhvin düzəldilməsi ilə bağlı aidiyyatı orqana müraciət etmiş, həmin orqan tərəfindən səhvin düzəldilməsinin məhkəməyə qədər və məhkəmədən kənar mümkün olmadığı və məhkəməyə müraciət etməsi bildirilmişdir. Qeyd etdiklərinə əsasən JN-810 Kod 40705018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ona və ailə üzvlərinə məxsus olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı tərəf Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. X2 izahat verərək göstərdi ki, ərizəçi onun bacısıdır. Aparılan torpaq islahatları zamanı bacısı və ailə üzvlərinin birgə mülkiyyətlərinə torpaq sahəsi verilmişdir. Bu barədə tərtib olunmuş “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında bacısının ata adı Allahverdi əvəzinə Allahverən kimi yazılmışdır. Atasının adı Allahverdi olmuşdur. Ərizəçinin ailəsində Allahverən adlı şəxs olmamışdır. O, qeyd olunan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ərizəçiyə və ailə üzvlərnə məxsus olmasını təsdiq edir. X1 və X20 X2 ilə eyni məzmunlu ifadə verərək JN-810 Kod 40705018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ərizəçiyə və ailə üzvlərnə məxsus olmasını təsdiq etdilər. ИЖ 107799 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçiyə X7 adı ilə doğum haqqında şəhadətnamə verilmişdir. İİ-ЖГ 487697 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X14 ilə X7 arasında 27 may 1982-ci il tarixdə rəsmi nikah bağlanmış, ərə Hacıyev, arvada Hacıyeva soyadı verilmişdir. AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsmayıllı rayon Polis Şöbəsi tərəfindən 29 avqust 2005-ci il tarixdə mülkiyyətçiyə Ərizəçi adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, mülkiyyətçiyə X10 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AZ-İİ 479232 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə X11 arasında 29 yanvar 2022-ci il tarixdə rəsmi nikah bağlanmış, ərə Eminalıyev, arvada Eminalıyeva soyadı verilmişdir. AZ-İİ 192600 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, mülkiyyətçi X14 05 iyul 1998-ci il tarixdə vəfat etmişdir. JN-810 Kod 40705018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, X14, Ərizəçi və X6 mülkiyyətinə verilmiş torpaq sahəsinə dair tərtib olunmuş dövlət aktında Ərizəçi ata adı Allahverən kimi qeyd olunmuşdur. Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 15 mart 2022-ci il tarixli **********92 nömrəli məktubdan görünür ki, ərizəçi JN-810 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında ad və soyad səhvlərinin dəyişdirilərək qeydiyyata alınması ilə bağlı müraciət etmiş, hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ ona izah olunmuşdur. Məhkəmə şahidlərin ifadələrini dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, X14, Ərizəçi və X6 birgə mülkiyyətlərində olan torpaq sahələrinə dair tərtib olunmuş JN-810 Kod 40705018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında ərizəçinin ata adı həmin vaxt Allahverdi olmasına baxmayaraq Allahverən kimi qeyd olunmuşdur. Mülkiyyətçi X14 05 iyul 1998-ci il tarixdə vəfat etmişdir. JN-810 Kod 40705018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında ərizəçinin ata adında uyğunsuzluq olduğundan ərizəçi torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını həyata keçirə bilmir. Göstərilən səhvin düzəldilməsi ilə bağlı ərizəçi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət etmiş, hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Hazırki vəziyyətdə JN-810 Kod 40705018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında düzəliş edilməsi, eyni zamanda ərizəçinin həmin sənədin ona və ailə üzvlərinə məxsus olması faktını təsdiq edən lazımi sənədləri başqa qaydada əldə etməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Naxçıvan MR ərazisində Naxçıvan MR Ədliyyə Nazirliyi) tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, “X24 Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X9 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, JN-810 Kod 40705018 və JN-011B Kod 40704038 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktını verən komissiya artıq mövcud olmadığından ərizəçi dövlət aktındakı yanlışlığın aradan qaldırılmasını başqa qaydada həll edə bilmir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, JN-810 Kod 40705018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında mülkiyyətçi Ərizəçi ata adının Allahverən kimi qeyd edildiyi iş materialları və işin yuxarıda qeyd edilən faktiki halları ilə tam təsdiq olunduğundan, habelə hazırki vəziyyətdə həmin sənəddə düzəliş edilməsi və ərizəçinin lazımi sənədləri başqa qaydada əldə etməsi mümkün olmadığından JN-810 Kod 40705018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ərizəçiyə və ailə üzvlərinə məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 307-308-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon Şöbəsi tərəfindən tərtib edilmiş 30 iyun 2005-ci il tarixli JN-810 Kod 40705018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının X14, Ərizəçi və Bəhərçinli (Eminalıyeva) Çinarə Həsən qızına məxsus olması faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar