Məhkəmə qərarları › İş №2(037)-611/2025

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-611/2025

26.08.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-611/2025 26.08.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi, Ərizəçi Maraqlı şəxs İsmayıllı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X5 iştirakı ilə. Ərizəçi İsmayıllı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb etdiyi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ərizəsinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi (bundan sonra ərizəçi) ərizə ilə müraciət edərək 19 avqust 1980-ci il tarixdə İsmayıllı rayon Qurbanəfəndi kəndində doğulmuş, İsmayıllı rayon Qurbanəfəndi kəndində yaşayan Rəhimova Səxavət Hətəm qızının fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Rəhimova Səxavət Hətəm qızı 19 avqust 1980-ci il tarixdə doğulmuşdur. Səxavət anadangəlmə xəstədir. Müxtəlif xəstəxanalarda müayinə olunmuş və müalicələr almışdır. Bacısının səhhətində yaxşılığa doğru inkişaf yoxdur. Son illərdə xəstəliyi daha da ağırlaşıb və idarə olunmaz hala gəlib. Səxavət İsmayıllı RMX Poliklinika Şöbəsinin “Ruhi-əsəb” kabinetində “F73.1 Ağır dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. F80.0 Nitqin qüsuru ilə” diaqnozu ilə dispanser qeydiyyatdadır. Bacısı ailə qurmamış, onunla birlikdə yaşayır. Səxavət İ qrup əlil olmaqla hər zaman kənar şəxsləri köməyinə ehtiyacı vardır. Özünü, hərəkətlərini dərk edib idarə edə bilmədiyi üçün ona qəyyum təyin edilməlidir. Qeyd etdiklərinə əsasən 19 avqust 1980-ci il tarixdə İsmayıllı rayon Qurbanəfəndi kəndində doğulmuş, İsmayıllı rayon Qurbanəfəndi kəndində yaşayan Rəhimova Səxavət Hətəm qızının fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini müdafiə edərək əlavə olaraq göstərdi ki, bacısı uşaqlıqdan əlildir və danışmır. Özünü idarə edir, bütün qayğısını onlar çəkir. Ərizənin təmin olunmasını xahiş edir. Barəsində işə baxılan şəxs Rəhimova Səxavət Hətəm qızı məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X20 Qiyabi Sənədlər üzrə Məhkəmə Psixatrik Ekspertizasının 28 yanvar 2025-ci il tarixli 239 nömrəli rəyində onun psixi vəziyyətinin məhkəməyə gəlməsinə və məhkəmə iclasında iştirak etməsinə imkan vermədiyi qeyd edilmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını qərara almışdır. İsmayıllı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X13 izahat verərək göstərdi ki, Rəhimova Səxavət Hətəm qızının barəsində İsmayıllı rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş sənədlərə və məhkəmə psixiatrik ekspertizasının rəyinə əsasən Qəyyumluq və Himayə Məsələləri üzrə Komissiya onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini qanunamüvafiq hesab edir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - AZ-T seriyalı 279884 nömrəli 30 may 2024-cü il tarixli doğum haqqında şəhadətnamənin və AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxx 1982-ci il tarixdə İsmayıllı rayon Qurbanəfəndi kəndində doğulmuş şəxs Ərizəçidur. X1 və X2r. - AZ-T seriyalı 279970 nömrəli 18 mart 2025-ci il tarixli doğum haqqında şəhadətnamənin və AZE seriyalı 17845921 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 19 avqust 1980-ci il tarixdə İsmayıllı rayon Qurbanəfəndi kəndində doğulmuş şəxs Rəhimova Səxavət Hətəm qızıdır. X1 və X2r. - İsmayıllı RİHB-nın Qurbanəfəndi kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 5-54-24/3-2-76/2025 nömrəli 01 aprel 2025-ci il tarixli arayışdan görünür ki, Rəhimova Səxavət Hətəm qızı 04 nömrəli təsərrüfatbaşına kitabın 144-cü səhifəsində qeydiyyatda olmaqla hal-hazırda Qurbanəfəndi kəndində yaşayır və ailə təkibi aşağıdakı kimidir: anası- X3, özü-Rəhimova Səxavət Hətəm qızı, qardaşı Ərizəçi, digər-X10, digər-X6, digər-X11 və digər-X12. Rəhimova Səxavət Hətəm qızı qardaşı Ərizəçi ilə birgə eyni evdə yaşayır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, Rəhimova Səxavət Hətəm qızının sağlamlıq vəziyyəti 19 avqust 1998-ci il tarixdə qiymətləndirilərək ona “anadangəlmə ağıl zəifliyi idiotriya səviyyəsi” (DSMF məlumatlarına əsasən) diaqnozu qoyulmuş, başqasının qulluğuna ehtiyacı vardır, birinci dərəcəli əlillik dərəcəsi verilmişdir.. - Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “İsmayıllı Rayon Mərkəzi Xəstəxanası” X21 tərəfindən verilmiş 04 aprel 2025-ci il tarixli 161 nömrəli ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, Rəhimova Səxavət Hətəm qızı “F73.1 Ağır dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. F80.0 Nitqin qüsuru” diaqnozu ilə qeydiyyatdadır və müxtəlif vaxtlarda müalicələr almışdır. Səxavət Rəhimova İ qrup əlildir. - Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “İsmayıllı Rayon Mərkəzi Xəstəxanası” X21 tərəfindən 04 aprel 2025-ci il tarixdə verilmiş 18-1-47/2-R-312- 42-572/2025 nömrəli arayışdan görünür ki, İsmayıllı rayonun Qurbanəfəndi kəndində yaşayan xx.xx.1980-ci il təvəllüdlü Rəhimova X4 MRX-nın Poliklinika Şöbəsinin “Ruhi- Əsəb” kabinetində “F73.1 Ağır dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. F80.0 Nitqin qüsuru ilə” diaqnozu ilə dispanser qeydiyyatdadır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X20 Qiyabi Sənədlər üzrə Məhkəmə Psixatrik Ekspertizasının 02 iyun 2025-ci il tarixli 1777 nömrəli rəyindən görünür ki, Rəhimova Səxavət Hətəm qızında “dərin əqli gerilik (idiotiya dərəcəsində)” F73.0 müəyyən edilir. Bunu təqdim olunmuş tibbi sənədlər (Azərbayca n Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının elektron arayışında “anadangəlmə ağıl zəifliyi. İdiotiya səviyyəsi” diaqnozu ilə birinci dərəcəli əlil olduğunun qeyd edilməsi) sübut edir. Səxavət Rəhimova psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında deyil və fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsaslar vardır. Onun psixi vəziyyəti məhkəməyə gəlməsinə və məhkəmə iclasında iştirak etməsinə imkan vermir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Rəhimova Səxavət Hətəm qızı xx xxxx 1982-ci il tarixdə doğulmuşdur. Uşaq anadangəlmə xəstədir. X8 MRXnın Poliklinika Şöbəsinin “Ruhi-Əsəb” kabinetində “F73.1 Ağır dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. F80.0 Nitqin qüsuru ilə” diaqnozu qeydiyyatdadır. Müxtəlif vaxtlarda müalicələr almışdır. İ qrup əlildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X20 Qiyabi sənədlər üzrə Məhkəmə Psixatrik Ekspertizasının 02 iyun 2025-ci il tarixli 1777 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Rəhimova Səxavət Hətəm qızı “dərin əqli gerilik (idiotiya dərəcəsində)” F73.0 diaqnozlu xəstəliklə əlaqədar öz hərəkətlərini şüurlu ölçübbiçmək, onları idarə etmək iqtidarında deyil və fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsaslar vardır. Ərizəçi ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi Rəhimova Səxavət Hətəm qızının fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsini qanunamüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən Məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi pozuntunun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə işin müəyyən edilmiş faktiki hallarına, tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, Rəhimova Səxavət Hətəm qızının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırkı ərizə üzrə dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu məbləği ərizəçinin özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 317-321-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. 19 avqust 1980-ci tarixdə İsmayıllı rayonun Qurbanəfəndi kəndində doğulmuş, İsmayıllı rayonun Qurbanəfəndi kəndində yaşayan Rəhimova Səxavət Hətəm qızı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar