Məhkəmə qərarları › İş №2(037)-622/2023

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-622/2023

24.05.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-622/2023 24.05.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi, İddiaçı cavabdehlər Teymur Əhmədov adına "xxxx" Qapalı Səhmdar Cəmiyyəti və Cavabdeh2nə qarşı torpaq sahəsinin boşaldılması və dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan torpaq sahələrinin cavabdehlər Teymur Əhmədov adına "xxxx" Qapalı Səhmdar Cəmiyyəti və Cavabdeh2 öz hesablarına boşaldılaraq ona təhvil verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması, 2021-ci il tarixdən bu günə kimi torpaq sahələrindən istifadə edə bilmədiyinə görə 70000 manat məbləğində əldən çıxmış faydanın,torpaq sahələrini əkinə yararlı vəziyyətə salınmasına görə 60000 manat xərcin, torpaq sahələrindən istifadə nəticəsində torpaq sahələrinə vurulmuş 40000 manat maddi ziyanın və 460 manat dövlət rüsumu olmaqla, cəmi 170460 manat pul vəsaitinin cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırki mübahisəyə məhkəmə aidiyyatı üzrə kommersiya məhkəmələri baxmalıdır. Məhkəmə iclasında İddiaçı hazırkı işin sahibkarlıq fəaliyyəti ilə bağlı olmadığını ona görə də sözügedən iddiaya İsmayıllı Rayon Məhkəməsində baxılmalı olduğunu bildirdi. Məhkəmə iş materiallarını araşdırıb,iddiaçının ifadəsini nəzərdən keçirərək, hesab edir ki, hazırki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən,sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarında MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci,habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır.Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin,həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir.Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə,habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Eyni zamanda sözügedən Qərarda göstərilmişdir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən,yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Bununla yanaşı Qərarda qeyd edilmişdir ki, mübahisə tərəflərindən birinin dövlət orqanı və bələdiyyə olduğu halla bağlı isə məhkəmələrə izah edilməlidir ki, qanunvericiliyin tələbinə görə dövlət və bələdiyyə orqanları hakimiyyət səlahiyyətlərini icra etməkdən başqa mülki dövriyyənin bərabər hüquqlu subyektləri qismində malların (işlərin və xidmətlərin və s.) dövlət və bələdiyyə vəsaiti hesabına alınmasında, sahibkarlıq subyektləri ilə mülki hüquqi əqdlərin bağlanmasında, həmçinin investisiya fəaliyyətinin həyata keçirilməsində eyni ilə digər hüquqi şəxslər kimi iştirak edə bilərlər.Bu zaman sahibkarlıq subyektləri tərəfindən dövlət orqanlarına və bələdiyyələrə qarşı və ya sonuncuların sahibkarlıq subyektlərinə qarşı tələbləri mahiyyət etibarı ilə iqtisadi məzmunlu olduğundan, habelə bu tələblərdən irəli gələn mübahisələrə tətbiq edilən maddi hüquq normalarının sahibkarlıq fəaliyyətini tənzimləyən normalara aid olduğundan həmin mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır.Həmçinin,nəzərə alınmalıdır ki,Mülki Prosessual Məcəllənin 26.2-ci maddəsində müvafiq icra hakimiyyəti orqanının (Vergilər Nazirliyinin) vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizələrinə kommersiya işi kimi kommersiya məhkəmələrində baxılmasının mümkünlüyü nəzərdə tutulmaqla dövlət orqanının kommersiya mübahisəsində tərəf olması istisna edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. İş materiallarına əlavə edilmiş elektron məhkəmə informasiya sistemi vergi məlumatlarının çıxarışıdan görünür ki,İddiaçı xx.xx.2019-cu il tarixdən ********** VÖEN nömrəsi ilə qeydiyyata alınmış,hüquqi ünvanı isə AZ0100, ünvan 1vdir. İş materiallarına əlavə edilmiş elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Teymur Əhmədov adına "xxxx" QSC xx.xx.2004-cü il tarixdən ********** VÖEN nömrəsi ilə qeydiyyata alınmış, hüquqi ünvanı isə AZ2300,ünvan 2arına əlavə edilmiş elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh2 ********** VÖEN nömrəsi ilə qeydiyyata alınmışdır. İddia ərizəsinin məzmunundan görünür ki, İsmayıllı rayonu,Şükürçü kəndi ərazisində yerləşən ********** qeydiyyat nömrəli,**********25 reyestr nömrəli,xx.xx.2021-ci il tarixli Çıxarış və A№674675 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən 0.5486 hektar,********** qeydiyyat nömrəli,**********24 reyestr nömrəli,xx.xx.2021-ci il tarixli Çıxarış və A№674674 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən 5.9921 hektar,********** qeydiyyat nömrəli,**********84 reyestr nömrəli,xx.xx.2021-ci il tarixli Çıxarış və A№677249 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən 0.7337 hektar və ********** qeydiyyat nömrəli, **********85 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli Çıxarış və A№677666 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən 0.0788 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələri iddiaçının mülkiyyətindədir. İddiaçı tərəfindən mülkiyyətində olan torpaq sahələrinin dönmə nöqtələri və koordinatları müəyyən edilərkən torpaq sahələrinin bütün hissəsi cavabdehlər tərəfindən zəbt edilərək istifadə olunduğu qeyd edilmişdir. İddiaçı ərizəsində mülkiyyətində olan torpaq sahələrinin cavabdehlər tərəfindən zəbt edilərək bağ salındığından, həmin torpaq sahələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq öz təsərrüfatını qura bilmədiyini, eyni zamanda mülkiyyətində olan torpaq sahələrinin boşaldılmasını cavabdehlərdən tələb etsə də, ancaq cavabdehlərin müxtəlif bəhanələrlə həmin torpaq sahələrini boşaltmadıqlarını qeyd etmişdir. Göründüyü kimi tərəflər sahibkarlıq subyekti olmaqla yanaşı,olduqları və ya olmaq istədikləri hüquq münasibətləri (bağçılıq fəaliyyəti) məhz sahibkarlıq fəaliyyətinın həyata keçirilməsi ilə bağlıdır.Belə olan halda məhkəmə prosessual qanunvericiliyin tələbinə və yuxarıda qeyd edilən Plenum qərarına əsasən hesab edir ki, tərəflərin sahibkarlıq fəaliyyətini həyata keçirmələrini, onların hüquq münasibətlərinə başladığı zaman hüquqi şəxs kimi reyestrdə qeydiyyatda olmalarını, eyni zamanda iddia ərizəsindən tərəflər arasında yaranmış mübahisənin sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin (bağçılıq təsərrüfatının salınması) həyata keçirilməsindən irəli gəlməli olması müəyyən edildiyindən mülki iş məhkəmə aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 31.1-ci maddəsində göstərilir ki, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası MPM-in 32.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxs məhkəmə aidiyyəti ilə razılaşmamasını əsaslandırmalı və bu barədə işə mahiyyəti üzrə baxılmağa başlanana qədər bildirməlidir. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Məhkəmə, şərh olunanlara əsasən, hazırki işin məhkəmə aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 26.1, 32, 167.2, 263-264 və 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Teymur Əhmədov adına "xxxx" Qapalı Səhmdar Cəmiyyəti və Cavabdeh2nə qarşı torpaq sahəsinin boşaldılması və dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair 2(037)-622/2023 nömrəli mülki iş baxılması üçün aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan elektron qaydada İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar