Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-45/2024 11.03.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Zaur İkram oğlu (sədrlik edən və məruzəçi), X3 və X2 ibarət tərkibdə, X1 ilə, Sumqayıt Kommersiya Məhkəməsinin 01 fevral 2024-cü il tarixli e-2-2(119)-95/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsinə maneələrin aradan qaldırılması və torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 01 fevral 2024-cü il tarixli e-2-2(119)-95/2024 nömrəli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. Qərardaddan iddiaçı şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, mübahisənin kommersiya məhkəməsində baxılması üçün yeganə şərt tərəflər arasında müqavilənin, yaxud qarşılıqlı və yaxud birgə sahirkarlıq fəaliyyətinin mövcud olması deyildir. Tərəflər arasında müqavilə olmasa da, əşya-hüquqi münasibətlər də mövcud olduqda, tərəflərin birgə və ya qarşılıqlı sahibkarlıq fəaliyyəti olmadan hər birinin ayrıca sahibkarlıq fəaliyyəti mövcud olduğu işlərə də kommersiya məhkəməsində baxıla bilər. İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında olan münasibət də əşya-hüquqi münasibətdir. İddiaçının tələbinin hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsinin müddəaları təşkil edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 13-cü və 14-cü bəndlərində də bir daha qeyd edilir ki, iş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmur. İddiaçı ilə"xxxx" ASC arasında olan münasibət də əşya-hüquqi münasibətlərdən irəli gələn münasibətdir (mülkiyyət hüquqlarının müdafiəsi) və hər iki tərəf də sahibkarlıq fəaliyyəti ilə məşğul olan kommersiya hüquqi şəxsidir. Əlbəttə ki, bu halda mübahisənin məhkəmə aidiyyəti də kommersiya məhkəməsi olmalı idi. Hal-hazırda iddiaçı ilə cavabdeh arasında mülki hüquq münasibətləri mövcuddur, iddiaçının cavabdehdən hər hansı asılılığı, ona tabeliyi yoxdur. Belə ki, iş üzrə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin qanunvericiliklə təbii inhisara aid edilən fəaliyyət növü elektrik enerjisinin ötürülməsi və paylanması xidmətidir. İddiaçı ilə cavabadeh arasında isə təbii inhisar fəaliyyətinə aid elektrik enerjisinin ötürülməsi və paylanması xidməti ilə bağlı inzibati hüquq münasibətlərindən irəli gələn mübahisə mövcud deyildir. Əksinə iddiaçı cavabdehdən zəbt olunmuş torpaq sahəsindən çıxarılmasını tələb edir, iş üzrə cavabdeh "xxxx" ASC ilə iddiaçı arasında elektrik enerjisinin ötürülüməsi və paylanması xidməti ilə bağlı hər hansı inzibati akt, hərəkət və ya hərəkətsizlik yoxdur ki, iş inzibati məhkəməyə aid olsun. İddia tələbinin inzibati məhkəməyə aidiyyəti yoxdur. Məhkəmə iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul etməklə ədalətli məhkəmə araşdırması hüququnu pozmuşdur. Sumqayıt Kommersiya Məhkəməsinin 16 fevral 2024-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. (hakim Z.Sadiqov) Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iş üzrə icraata xitam vermiş və hesab etmişdir ki, İddiaçı tərəfindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş “torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsinə maneələrin aradan qaldırılması və torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsində irəli sürülən tələb üzrə mübahisə inzibati hüquq münasibətlərindən irəli gəldiyi üçün, həmin mübahisəyə mülki məhkəmə icraatı qaydasında deyil, inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. İş materialları ilə müəyyən olunur ki, iddiaçı "Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, 17 noyabr 2022-ci il qeydiyyat tarixli **********66-12301 reyestr nömrəli Çıxarışa əsasən ünvan 1 ünvanında 1,421 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 381,7 kv.m. olan əmlak kompleksi kimi müəssisə üzərində İddiaçı mülkiyyət hüquqlarının həyata keçirilməsinə (sahiblik, istifadə) cavabdeh "xxxx" ASC tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus “Quba SES Paylayıcı Qurğunun” ("xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus bütün qurğuların) İddiaçı mülkiyyətində olan torpaq sahəsindən və əmlak kompleksi kimi müəssisədən çıxarılması barədə qətnamə qəbul edilməsi” xahiş olunmuşdur. Lakin, mübahisə üzrə tərəflər arasında hər hansı bir öhdəlik yaradan müqavilənin olması və yaxud, bu mübahisənin tərəflər arasında mövcud olan hər hansı bir qarşılıqlı və yaxud, birgə sahibkarlıq fəaliyyəti üzrə yaranması-iş materialları ilə təsdiq olunmamışdır. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi 26 yanvar 2024-cü ildə yazılı vəsatətlə məhkəməyə müraciət edib, işin ərazi və məhkəmə aidiyyəti üzrə aidiyyəti məhkəməyə göndərilməsini xahiş etmiş və həmin vəsatət- enerjitəchizatı müəssisəsi olaraq cavabdeh "xxxx" ASC-nin təbii inhisar subyekti olması və mövcud qanunvericiliyin tələblərinə əsasən təbii inhisar subyektlərinin inzibati orqanlar kimi qəbul olunması, hazırkı mübahisənin tərəflər arasında bağlanılmış müqavilə əsasında yaranmış mübahisə olmaması və ona görə də, bu iddiaya Kommersiya Məhkəməsində baxılmalı olmaması ilə əsaslandırılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 1-ci maddəsinin “Qeyd” hissəsinə əsasən, bu Məcəllədə kommersiya mübahisələri dedikdə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən, kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda, bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 2.0 və 2.0.1-ci maddələrinə əsasən, inzibati orqan-Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs hesab edilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 1-4-cü bəndlərinə əsasən, mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2-ci maddəsi, habelə həmin Məcəllənin XV-XİX fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır. Mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Həmin Qərarın 14-cü bəndində qeyd olunur ki, tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İnzibati-Prosessual Məcəllənin 2.1-ci maddəsinə uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə kollegiyası hesab edir ki, hazırki mübahisə üzrə cavabdeh "xxxx" ASC təbii inhisar subyekti olaraq, iddiaçı hüquqi şəxslə mülki dövriyyənin bərabərhüquqlu subyekti kimi çıxış etmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1 - 261.0.3 və 261.0.6 - 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən, işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə - hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsinə əsasən, bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 397.2, 398.0.1, 400-üi maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 01 fevral 2024-cü il tarixli e-2-2(119)-95/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(105)-45/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-45/2024
11.03.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver