Məhkəmə qərarları › İş №2(037)-65/2024

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-65/2024

15.05.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-65/2024 15.05.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh2 və İsmayıllı rayon Notariat Ofisinə qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair mülki işə 15 may 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və İsmayıllı rayon Notariat Ofisinə qarşı iddia ərizəsi ilə müraciət edərək Cavabdeh2 ilə İddiaçı arasında Cavabdeh1 xx.xx.2018-ci il tarixli 3M- 158 reyestr nömrə ilə qeydə alınmış kredit müqaviləsinin və xx.xx.2018-ci il tarixli 3M-159 reyestr nömrə ilə qeyd alınmış ipoteka müqaviləsinin etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, o, 2010-cu ildən 2013-cü ilin sonuna kimi "Koroğlu” MMC-də sürücü, 2013-cü ildən isə ekspeditor işləmişdir. Avtomobilin yük yerinin damında olan qüsur nəticəsində içəri yağış suyu keçmiş və içərisində olan 6000 manat dəyərində şirniyyat xarab olmuşdur. MMC-nin səhvi nəticəsində məhsul xarab olmasına baxmayaraq onu günahlandırmışlar. Atası əmlaklarını sataraq 3500 manatını ödəmiş, qalan 3500 manatını isə ödəməyə imkanı olmamışdır. "xxxx" MMC-də rəhbər vəzifədə çalışan şəxslər onu tutduracaqları ilə hədələmiş və hüquq şöbəsinin müdiri Emin Babaşovla formal kredit müqaviləsi bağlamağa onu məcbur etmişlər. Müqavilənin şərtlərinə əsasən Emin Babaşov guya 3500 manat pulu onun adından "xxxx" MMC-nin hesabına ödəyir. O, əlavə 2000 manat faiz olmaqla 5500 manat məbləğində pulu hər ay 450 manat olmaqla 12 ay ərzində əmək haqqından tutulmaqla Emin Babaşova ödəmişdir. Bundan sonra ekspeditor işlədiyi müddətdə istehlak müddəti bitmiş malları geri qaytarıb "xxxx" MMC-yə təhvil vermiş, lakin onun hesabından çıxılmamışdır. 2017-ci ildə guya onun borcunun artıq 15000 manat olduğunu bildirmiş və onu işdən kənarlaşdırıb həmin məbləği tələb etmişlər. O, istehlak müddəti bitmiş malları vaxtında mağazalardan qaytararaq MMC-nin anbarına təhvil verərək təqsirli olmadığını və ona görə həmin malların hesabına vurulmasının düzgün olmadığını bildirmişdir. Təkidlə ondan həmin məbləği tələb etmişlər. O, MMC-də işləyib əmək haqqının 50 faizinin borca çıxılmasına razı olduğunu bildirsə də təklifi ilə razılaşmamışlar. 6 ay ərzində MMC-yə olan borcunu bağlamağını ona bildirmişlər. Əks halda onu da MMC-də işləmiş və borca görə cəzalandırdıqları bir neçə şəxsin aqibətinin gözlədiyini xatırlatmışlar. "xxxx" MMC-də rəhbər vəzifədə çalışanlar bir-birisinin yaxın qohumları və ya yaxın dostlarıdır. O, "xxxx" MMC-nin tələbini ödəmək üçün cəhdlər etmiş, lakin nəticəsi olmamışdır. "xxxx" MMC-nin rəhbərliyi ondan polis, milli təhlükəsizlik xidmətinin əməkdaşları vasitəsi ilə pulu tələb etmişdir. Onun 15000 manat məbləğində pulu ödəməyə imkanı olmadığını görüb bildirmişlər ki, Cavabdeh2 ilə borc müqaviləsi bağlayaq. Guya Cavabdeh2 onun adından guya "xxxx" MMC-yǝ 15000 manat ödəyir. Əvəzində o, Cavabdeh2 1 il ərzində 20000 manat ödəsin. Borc müqaviləsinin təminatı kimi girov qoyulması üçün daşınmaz əmlaka dair çıxarış istəmişlər. O, babasına məxsus yaşadıqları evdən başqa daşınmaz əmlakları olmadığını bildirərək mülkiyyət hüquqları qeydə alınmadığı üçün bir ay da möhlət istəmişdir. Həmin sənədi düzəldərək o, iddiaçı ilə İsmayıllı rayon Notariat Ofisində 06 dekabr 2018-ci il tarixli, 3M-158 reyestr nömrə ilə qeydə alınmış formal olaraq kredit müqaviləsi bağlamağa məcbur olmuşdur. Həmin kredit müqaviləsinin şərtlərinə görə guya iddiaçı ona bir il müddətinə 43000 manat faizsiz borc verir. Həmin notariat kontorunda formal kredit müqaviləsinin təminatı kimi 06 dekabr 2018-ci il tarixli, 3M-159 reyestr nömrə ilə qeydə alınmış formal ipoteka müqaviləsi bağlamağa məcbur olmuşdur. Göründüyü kimi mübahisə işə götürənlə işçi arasında əmək münasibətlərindən yaranmışdır. İddiaçı "Koroğlu” MMC-nin sahibinə olan yaxın münasibətindən və tutduğu vəzifəsindən sui istifadə etməsi nəticəsində müqavilə bağlamağa məcbur olmuşdur. Həmin müqavilə əsasında ona bir manat da olsa borc verilməmişdir. "xxxx" MMC iddiaçı və qeyriləri vasitəsi ilə ona hədəqorxu gəlmiş, səhhəti pisləşmiş və ağır sarsıntı keçirmişdir. Anası və babası vəfat etmiş və atası isə yataq xəstəsi olmuşdur. O, son dərəcə əlverişsiz şərtlərlə uydurma və yalan müqavilə bağlamağa məcbur olmuşdur. İddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdehlərə məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikirlərini bildirməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını qərara almışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş mayeriallarına əlavə edilmiş: 06 dekabr 2018-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 tərəfindən İddiaçı 1 il müddətinə 43000 manat məbləğində borc pul verilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli, 2(037)-781/2023 nömrəli qətnaməsinin surətindən görünür ki, cavabdeh İddiaçı 43000 manat borc, icra qeydinin verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumu, məhkəməyə iddia verilməsi üçün ödənilmiş 219 manat dövlət rüsumu cəmi – 43239 (qırx üç min iki yüz otuz doqquz) manat alınaraq iddiaçı Cavabdeh2 ödənilməsi qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 dekabr 2023-cü il tarixli, 2(107)-1387/2023 nömrəli qərardadının surətindən görünür ki, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli, 2(037)-781/2023 saylı qətnaməsi ləğv edilmiş, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı 43000 manat borc, icra qeydinin verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumu, məhkəməyə iddia verilməsi üçün ödənilmiş 219 manat dövlət rüsumu cəmi – 43239 (qırx üç min iki yüz otuz doqquz) manat pulun alınaraq ona verilməsi barədə iddiası üzrə mülki işin icraatına xitam verilmişdir. 04 oktyabr 2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, iddiaçının dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, hazırki tələb ilə bağlı iddiaçının iddia qaldırmaqda subyektiv hüquqa malik olub–olmaması, yəni iddiaçının əşya hüquqlarının mövcudluğu, sahiblik hüququnun pozulması nəticəsində tələb hüququnun yaranması, qeyd edilən hallar nəzərə alınmaqla iddianın hazırki vəziyyətdə əsaslı olub-olmaması, iddiaçı tərəfindən iddianın müvafiq subyektiv hüququn qüvvədə olma müddəti ərzində qaldırılması halları müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1–ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qanunvericiliyin qeyd edilən müddəasından görünür ki, məhkəmə müdafiəsi hüququna malik olan şəxslərin dairəsi ümumi formada müəyyən edilmişdir. Buraya, hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan mülki məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. Məhkəmə işin faktiki hallarına əsasən qeyd edir ki, iddianın hazırki vəziyyətdə qanuni həll edilməsini, yəni iddianın predmeti olan, xx.xx.2018-ci il tarixli 3M-158 reyestr nömrə ilə qeydə alınmış kredit müqaviləsinin və xx.xx.2018-ci il tarixli 3M-159 reyestr nömrə ilə qeyd alınmış ipoteka müqaviləsinin etibarlı olub-olmaması məsələsi təqdim edilmiş sübutlar əsasında araşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri ilə bağlı mübahisə əsas olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə öhdəlik hüquq münasibətlərini tənzimləyən əqdlər haqqında ümumi müddəalar müvafiq olaraq tətbiq edilməlidir. Məhkəmə iddia tələbinə ilkin olaraq 06 dekabr 2018-ci il tarixdə notariat kontorunda qeydə alınmış kredit müqaviləsi və ipoteka müqaviləsinə münasibətdə qiymət verərək qeyd edir ki, aşağıda göstərilən əsaslara görə iddia tələbi əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1–ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2–ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4–cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 152.1–ci maddəsinə əsasən mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 6.2–ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 325.3–cü maddəsinə əsasən əqdi bağlamış şəxsin ölümü və ya fəaliyyət qabiliyyətini itirməsi iradə ifadəsindən sonra baş verərsə, iradə ifadəsinin etibalığına təsir göstərməyə bilər. 337.1–ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Göründüyü kimi qanunverici istinad edilən maddi hüquq normalarında əqdi (müqaviləni) bağladığı zaman şəxsin öz iradəsini sərbəst ifadə etmək, öz hərəkətlərinin mənasını başa düşmək və ya onlara rəhbərlik edə bilmək imkanına malik olmasını imperativ qaydada müəyyən etmişdir. Həmin şərtlərin və qaydaların pozulması əqdin etibasızlığına səbəb olur. İşin müəyyən olunmuş hallarından da görünür ki, iddiaçının mübahisələndirdiyi 06 dekabr 2018-ci il tarixdə notariat kontorunda qeydə alınmış kredit müqaviləsi və ipoteka müqaviləsi bağlanan zaman tərəflərin hər ikisi şəxsən iştirak etmiş və müqavilə qanunvericiliyin tələblərinə uyğun olaraq bağlanmışdır. Aəzərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Məhkəmə işin müəyyən olunmuş həqiqi hallarına əsasən nəzərə alır ki, hazırkı iş üzrə iddiaçının tələbi müqavilənin etibarsızlığı ilə əlaqədardır. Qüvvədə olan mülki qanunvericiliyə əsasən, müddətin keçməsinə görə müqavilənin ləğv edilməsi üzrə tələblərə mübahisə tərəfinin ərizəsi əsasında iddia müddəti tətbiq oluna bilər, lakin iddia tələbi müqavilənin etibarsız hesab edilməsi ilə bağlı olduğundan bu tələbə etibarsız əqdlər üzrə müddətləri tənzimləyən Mülki Məcəllənin 354.1-ci maddəsi tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1–ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Məhkəmə Mülki Məcəllənin qeyd olunan maddəsinin hüquqi mahiyyəti ilə əlaqədar qeyd edir ki, etibarsız əqdlər üzrə müddətlər qanunvericlik tərəfindən iddia müddəti kimi deyil, kəsici müddət kimi müəyyən edilmişdir. Kəsici müddət iddia müddəti deyil, subyektiv hüququn qüvvədə olma müddətidir. İddia müddəti isə pozulmuş hüququn müdafiəsi müddətidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1–ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2–ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Məhkəmə, həmçinin nəzərə alır ki, hüququn müdafiə müddəti ilə hüququn qüvvədə olma müddəti fərqli anlayışlardır. Birinci halda hüquq mövcud olur (qüvvədə olur), lakin müdafiə müddəti keçdiyinə görə müdafiə olunmur, ikinci halda isə hüquq ümumiyətlə mövcud olmur (qüvvədən düşmüş sayılır), ona görə də müdafiə olunmur. Çünki mövcud olmayan hüququn müdafiəsi mümkün deyil. Bu səbəbdən də həmin müddət mübahisə tərəfinin “iddia müddətinin tətbiqi barədə” ərizə verib-verməməsindən asılı olmayaraq məhkəmə tərəfindən tətbiq edilir və bu müddət iddia müddəti sayılmır. Belə ki, Mülki Məcəllənin 354.1–ci maddəsinin mənasına görə, bir il ərzində irəli sürülmədiyi halda əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia, o halda bu əsasla rədd oluna bilər ki, onun icrasına başlanıldığı gün maraqlı şəxsə məlum olsun. Belə olan halda qanunverici maraqlı şəxsin bir il ərzində əhəmiyyətsiz əqdi mübahisə edə bilməsini, onun həmin əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü kimi qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə deyil, kəsici müddətlərə aiddir. Ona görə də iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət yoxdur. Mülki Məcəllənin hazırda qüvvədə olan 354–cü maddəsinə əsasən həmin müddətlər iddia müddəti kimi nəzərdə tutulmamış və iddia müddəti kimi nəzərdə tutulmadığından həmin müddətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2–ci maddəsi ilə müəyyən edilmiş mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında deyil, məhkəmə tərəfindən müəyyən edildiyi halda, məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. İş materiallarından göründüyü kimi iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsi 06 dekabr 2018-ci il tarixdə İsmayıllı rayon Notariat Ofisi tərəfindən təsdiq edilmiş və həmin müqavilə əsasında iddiaçı 43000 manat məbləğində pulu cavabdehə vermiş, cavabdeh isə 06 dekabr 2019-cu il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Bununla belə məhkəmə mübahisəli kredit müqaviləsinin etibarsız hesab edilməsi üçün müəyyən edilmiş müddətin ötürülüb-ötürülməməsi məsələsini həll edərkən onu da nəzərə alır ki, iddiaçı kredit müqaviləsi bağlanarkən özü şəxsən iştirak etmiş və onun hüquqi nəticələrini bilmişdir. Belə ki, iddiaçı kredit müqaviləsinin etibarsızlığı ilə bağlı müraciət etməməsinin səbəbini, həmin dövrdə yaxın qohumlarının ard-arda dünyalarını dəyişmələri və bu səbəbdən vaxtının olmaması ilə əlaqələndirmişdir. Göründüyü kimi müqavilə icra olunduğu müddətdə və ya ondan bir il sonra cavabdeh müqaviləni mübahisələndirməmiş və Cavabdeh2 məhkəməyə müraciət etdikdən sonra məhkəmədə bağlanmış kredit müqaviləsinin etibarsız olması barədə əsas irəli sürmüşdür. Məhkəmə sözügedən kredit müqaviləsinin etibarsız sayılması ilə bağlı tələbin qanuni həll edilməsi üçün yuxarıda müəyyən etdiyi hüquqi mövqeyinə uyğun olaraq bir daha qeyd edir ki, 06 dekabr 2018-ci il tarixdə İsmayıllı rayon Notariat Ofisində bağılanmış kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbi ilə bağlı ilk növbədə iddiaçının subyektiv hüquqa malik olub-olmaması, malik olduğu halda, onun tərəfindən iddianın həmin subyektiv hüququn qüvvədə olduğu müvafiq müddət ərzində qaldırılması halları müəyyən edilməlidir. Məhkəmə əqdlərin etibarsızlığı anlayışına aydınlıq gətirilməsini zəruriliyini nəzərə alaraq qeyd edir ki, əqdin etibarsızlığı dedikdə, onun arzu olunan hüquqi nəticələrə səbəb ola bilməməsi nəzərdə tutulur və əqdlərin etibarlılıq şərtləri Mülki Məcəllə ilə müəyyən edilir. Bağlanmış əqd Mülki Məcəllənin imperativ göstərişlərinə zidd olduğu, eləcə də tərəflərin iradə ifadəsi onların həqiqi niyyətinə uyğun gəlmədiyi halda, arzu olunan hüquq və öhdəliklərin yaranmasına səbəb olmur. Nəzərə alınmalıdır ki, hər hansı əqdin, o cümlədən, bağışlama müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh2 tərəfindən İddiaçı 1 il müddətinə 43000 manat məbləğində borc pul verilmişdir. Həmin kredit müqaviləsinə əsasən İddiaçı qanunla müəyyən edilmiş müddət ərzində borcu Cavabdeh2 qaytaracağını öhdəsinə götürsə də borcu qaytarmamışdır. İddiaçı Cavabdeh2 ilə İddiaçı arasında Cavabdeh1 xx.xx.2018-ci il tarixli 3M-158 reyestr nömrə ilə qeydə alınmış kredit müqaviləsinin və xx.xx.2018-ci il tarixli 3M-159 reyestr nömrə ilə qeyd alınmış ipoteka müqaviləsinin etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlərə məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikirlərini bildirməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Mülki işin məhkəmədə müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə Cavabdeh2 arasında İsmayıllı rayon Notariat Ofisində xx.xx.2018-ci il tarixli 3M-158 reyestr nömrə ilə qeydə alınmış kredit müqaviləsi və xx.xx.2018-ci il tarixli 3M-159 reyestr nömrə ilə qeyd alınmış ipoteka müqaviləsi qeydə alınarkən müqavilələrin məzmunu və müqavilə ilə hər bir tərəfin üzərinə düşən vəzifələr tərəflərə izah edilməklə müqavilə notariat qaydasında təsdiq edilmişdir. xx.xx.2018-ci il tarixli 3M-158 reyestr nömrə ilə qeydə alınmış kredit müqaviləsi və xx.xx.2018-ci il tarixli 3M-159 reyestr nömrə ilə qeyd alınmış ipoteka müqaviləsi İsmayıllı rayon Notariat Ofisində qeydə alınarkən qanunvericiliyin tələblərinə riayət olunmuşdur. Bundan əlavə iddiaçı müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə iddia müddətini də buraxmışdır. Qeyd olunanlara əsasən məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırkı iddia üzrə iddiaçının dövlət rüsumu barədə tələbi olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və İsmayıllı rayon Notariat Ofisinə qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar