Məhkəmə qərarları › İş №2(037)-653/2024

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-653/2024

17.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-653/2024 17.07.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “akt nəticəsində hesablanmış pulun azaldılması” tələbinə dair mülki işə 17 iyul 2024-cü il tarixdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq,məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı (bundan sonra iddiaçı) Cavabdehnə (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "Azəriqaz” X2 X3 İdarəsi tərəfindən 2023-cü ilin aprel ayında sayğacdan kənar əlavə qaz xəttindən istifadəyə görə əsassız olaraq hesablanaraq abonent koduna yazılmış 4415.04 manat borc məbləğinin azaldılaraq 122.63 manat saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İsmayıllı rayonu, Cülyan kəndində yerləşən fərdi yaşayış evində yaşayır. Həmin fərdi yaşayış evinə təbii qaz xətti çəkdirmiş,abonent kodu almış və cavabdehlə bu barədə müqavilə bağlamışdır.Hər ay cavabdeh "Azəriqaz” İB Ağsu RQİİ İsmayıllı Xidmət Sahəsinin əməkdaşının sayğaca baxış keçirdikdən sonra ona təqdim etdiyi bildirişə uyğun olaraq qazdan istifadəyə görə ödənişlər etmişdir.23 mart 2023-cü il tarixdə, axşam saatlarında təbbi qaz məhdudlaşdırılmış və mətbəxdə demək olar ki,istehlak dayandırılmışdır.O da sayğacdan kənar xəttlə mətbəxdə qazın təchizatını bərpa etmişdir.Cəmi 23 gün həmin xətlə yalnız mətbəxdə istifadə etmişdir.Cavabdeh "Azəriqaz” İB Ağsu RQİİ İsmayıllı Xidmət Sahəsinin əməkdaşı 13 aprel 2023-cü il tarixdə sayğaca baxış keçirmiş, baxış keçirilən zaman sayğacdan kənar əlavə qaz xətti aşkar edilmişdir. Buna görə də ona qanunsuz olaraq 4415.04 manat məbləğində borc hesablanmışdır. Lakin bildirmək istəyir ki, həmin xətt aşkar edilsə da, o həmin xəttdən heç bir vaxt istifadə etməmişdir, istifadəsiz bir xəttdir.Aşkar edilən zaman da istifadə edilməmişdir. Ona görə də o hesablanmış borc məbləği ilə razı deyildir, hesab edir ki, həmin borc tamamilə qanunsuz və həddən artıq şişirdilərək yazılmış və hesablanmışdır. Belə ki, cərimənin hesablanması zamanı hesabat aparılarkən evində istifadə edilən qaz cihazlarının 365 günə hesablanması heç bir qanunla tənzimlənmir,tam qanunsuzdur,ona görə də ona yazılmış cərimə məbləği tamamilə qanunsuzdur. Hesab edir ki, qanunsuz olaraq 4415.04 manat məbləğində hesablanmış borc azaldılmalıdır. Belə ki, "Azəriqaz” X1 satılan qaza nəzarət şöbəsi tərəfindən tərtib edilmiş 28 aprel 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədə ona məxsus evdə qaz sayğacının nominal saatlıq qaz sərfinin 1,5 kbm/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 365 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Bütün əhali abonentlərinin,o cümlədən də onun yaşadığı evə ayda bir dəfədən az olmayaraq (əsasən isə bir ayda 2 dəfə) baxış keçirilir,sayğac göstəricilərinə əsasən bildiriş təqdim edilir. Əgər onun evində əvvəllər də sayğacdan kənar qaz xəttindən istifadə olmuş olsaydı, bunu nəzarətçi aşkar edərdi. Göründüyü kimi əvvəllər də bundan istifadə edilmədiyi üçün bu aşkar edilməmişdir. "Azəriqaz” İB-nin əməkdaşları xx.xx.2023-cü il tarixdə dəymiş zərəri müəyyənləşdirərkən Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Kollegial idarəetmə orqanı olan Şurasının xx.xx.2011-ci il tarixli,11 nömrəli qərarı ilə təsdiqlənmiş "istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları”na və daxili təlimatlarına istinad etmişdir. Bununla əlaqədar bildirmək istəyir ki, "Azəriqaz” İB-nin istinad etdiyi həmin sənəd və ya sənədlər o vaxt sübut kimi qəbul edilə bilər ki,Azərbaycan Respublikası Konstitusiyasının müvafiq normasına istinad edilməkla qəbul edilsin. Həmin sənəd və ya sənədlər Azərbaycan Respublikası Konstitusiyasının müvafiq normasına istinad edilməklə qəbul edilmədiyindən həmin sənədlər vətəndaşların sosial vəziyyətini ağırlaşdırır.Bu səbəbdən dəymiş zərərin müəyyənləşdirildiyi "istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydalar”na və daxili təlimatları sübut kimi qəbul edilə bilməz. Həmçinin "Normativ-hüqugi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanunun 1.0.16-cı maddəsinə əsasən normativ hüquqi aktın səlahiyyətli şəxs tərəfindən imzalanması və Azərbaycan Respublikası X4 Reyestrinə daxil edilməsi normativ hüqugi aktın rəsmiləşdirilməsidir. Həmin qanunun 85.1-ci maddəsinə əsasən,Qanunlar,fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir. Həmin qanunun 85.2-ci maddəsinə əsasən, Konstitusiya qanunun 85.1-ci maddəsində göstərilən aktlar istisna olmaqla, digər normativ hüquqi aktlar,həmin aktlar da qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda X4 Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şurasının xx.xx.2011-ci il tarixli qərarı və "Azəriqaz” İB Ağsu RQii-nin xx.xx.2020-ci il tarixli qərarı X4 Reyestrinin elektron variantında dərc edilmədiyi üçün həmin qərarların müddəaları istehlakçı üçün məcburi xarakter daşımır. Göründüyü kimi cavabdeh orqan onlara verilmiş hüquqlardan sui-istifadə edərək onun qanunla qorunan hüquqlarını kobud şəkildə pozmuşlar. Yuxarıda qeyd etdiklərinə əsasən hesab edir ki, yaşadığı evdə aşkar edilmiş sayğacdan kənar əlavə qaz xəttinə görə ona hesablanmış məbləğ xeyli artıq yazılmışdır və azaldılmalıdır. Dəymiş ziyanın bərpasına dair tələbnamənin istinad edildiyi 13 aprel 2023-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqındakı aktda qeyd olunan qaz cihazları aprel ayında və arxaya hesablanmış növbəti 365 gündə və 24 saat ərzində istifadə edilmədiyindən, bundan əlavə ərazi üzrə nəzarətçinin ən azından ayda bir dəfə ünvanına baxış keçirdiyindən itirilmiş təbii qazın hesabatı maksimum 30 gün müddətinə və 8 saat üçün hesablanmaqla cərimənin ümumi məbləği azaldılaraq 122,63 manat saxlanılmalidır.Ona görə də iddia tələbinin təmin edilməsini xahiş edir. İddiaçı məhkəmə iclasına gəlməmiş,dəftərxana vasitəsilə məhkəməyə ərizə göndərərək işə iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını qərara almışdır. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək işə iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. Cavabdeh iddia tələbinə verdiyi etirazını onunla əsaslandırmışdır ki, İsmayıllı rayonu Cülyan kəndində yaşayan İddiaçı İsmayıllı rayon Məhkəməsində iddia qaldıraraq abonent koduna əsassız yazılmış 4415.04 manat məbləğin azaldılaraq 122.63 manat saxlanmasını xahiş etmişdir.Hesab edir ki,iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, xx.xx.2023-cü il tarixində "Azəriqaz” X2 RQii-nin İsmayıllı Xidmət Sahəsinin əməkdaşları İsmayıllı rayonu,Cülyan kəndində yaşayan İddiaçı məxsus fərdi yaşayış evinə baxış keçirərkən,mənzildə sayğacdan kənar əlavə qaz xətti vasitəsi ilə təbii qazdan istifadə edildiyini aşkar etmiş, bununla bağlı xx.xx.2023-cü il tarxli,0371455 nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmişdir.xx.xx.2023-cü il tarixli, ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə "Azəriqaz” iB-nin Ağsu RQİİ-nə göndərilmişdir. xx.xx.2023-cü il tarixli,0371455 nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən xx.xx.2023-cü il tarixdə Ağsu RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində itirilmiş qazın bərpası üzrə Akt tərtib edilərək İddiaçı İsmayıllı XS-nin abonent bazasındakı **********01180 nömrəli abonent koduna 36792m3 - 4415.04 manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. Abonent İddiaçı abonent koduna hesablanaraq vurulmuş 4415.04 manat məbləğ sayğacdan kənar əlavə qaz xətti vasitəsi ilə qanunsuz olaraq istifadə nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. İddiaçı ilə İsmayıllı Xidmət Sahəsi arasında bağlanmış təbii qazın alqı-satqısına dair müqavilənin 2.3.4 bəndinə əsasən İstehlakçı təqsirli hərəkətləri hərəkətsizliyi, habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qazdan istifadə qaydaları haqqında Qərarın 6.5 bəndinə əsasən təbii qazdan qanunsuz istifadə halları aşkar edildikdə, qaz paylayıcısı abonentə qazın verilişini dərhal dayandırmalı və dəymiş zərərin ödənilməsini həmin şəxsdən tələb etməlidir.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli,iş görməli,xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.Ona görə də iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İş materiallarına əlavə olunmuş 13 aprel 2023-cü il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında Aktın surətindən görünür ki,İsmayıllı Xidmət Sahəsinin əməkdaşları istehlakçı İddiaçı məxsus İsmayıllı rayonun Cülyan kəndində yerləşən fərdi yaşayış evində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və təbii qazdan sayğacdan kənar,qeyri-qanuni istifadə edildiyi aşkar edilmişdir. 28 aprel 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, istehlakçı İddiaçı yaşadığı evə sayğacdan kənar qeyri-qanuni qaz xətti ləğv edilməsi qərara alınmış, itirilmiş qazın bərpası məqsədilə dəymiş ziyan hesablanaraq qaz işlədicələrindən 1 ədəd PQ-4-ün maksimal saatlıq qaz sərfi 1.2 m³/saat, 1 ədəd iran sobasının maksimal saatlıq qaz sərfi 1.5 m³/saat və 1 ədəd qeyri-standart su qızdırıcısının maksimal saatlıq qaz sərfi 1.5 m³/saat qəbul edilməklə itirilmış qazın bərpası üçün 36792 m³ dəymiş ziyan hesablanmışdır. (1.2x24x365=10512m³), (1.5x24x365=13140 m³) və (1.5x24x365=13140 m³) 22 sentyabr 2023-cü il tarixli abonentin saldosundan görünür ki, istehlakçı İddiaçı **********01180 saylı abonent koduna 2023-cü ilin aprel ayı üzrə 4415.04 manat borc vurulmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən 13 aprel 2023-cü il tarixdə iddiaçının fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərək təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılması zamanı iddiaçının sayğacdan kənar qeyri-qanuni xətt vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar edilmişdir.Yoxlamanın nəticələrinə dair tərtib edilən həmin tarixli ******* nömrəli akta əsasən İddiaçı İsmayıllı XS-nin abonent bazasındakı **********01180 nömrəli abonent koduna 36792 m3 - 4415.04 manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur.Tərtib olunmuş aktı iddiaçı imzalamamışdır.Cavabdeh İB-nin Ağsu X5 İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş və həmin İdarənin rəisi tərəfindən təsdiq edilmiş 28 aprel 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədə sayğacdan kənar qeyri-qanuni qaz xətti aşkar olunduğundan həmin tələbnaməyə əsasən iddiaçının yaşadığı evin qaz xəttində itirilmiş təbii qazın miqdarı hesablanaraq, qaz işlədicələrindən 1 ədəd PQ-4-ün maksimal saatlıq qaz sərfi 1.2 m³/saat,orta günlük iş rejimi 24 saat və hesabat müddəti 365 gün, 1 ədəd iran sobası maksimal saatlıq qaz sərfi 1.5 m³/saat,orta günlük iş rejimi 24 saat və hesabat müddəti 365 gün və 1 ədəd qeyristandart su qızdırıcı maksimal saatlıq qaz sərfi 1.5 m³/saat,orta günlük iş rejimi 24 saat və hesabat müddəti 365 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün (1.2x24x365=10512m³), (1.5x24x365=13140 m³) və (1.5x24x365=13140 m³) dəymiş ziyan müəyyən edilmişdir. İddiaçı cavabdeh tərəfindən hesabına işlənmiş 4415.04 manat borc məbləğinin azaldılaraq 122.63 manat saxlanılmasını, cavabdehin nümayəndəsi isə iddia tələbinin təmin olunmaması barədə qərar qəbul olunmasını xahiş edirlər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir.Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir.Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları"nın 4.2-ci bəndinə görə qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Bu Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmin Qərarın 5.2-ci bəndinə görə bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur.Sübut kifayət qədər güclü,aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan,həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən,bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki,məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir.Hər bir halda məhkəmənin qətnaməsi,ilk növbədə,məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə hesab edir ki, sayğaca cavabdeh təşkilatın müvafiq səlahiyyətli əməkdaşları tərəfindən müntəzəm olaraq (ən azı ayda bir dəfə) baxış keçirildiyi halda, İddiaçı qısa müddət ərzində sayğacdan kənar xətt vasitəsi ilə 36792 m3 miqdarında, yəni 4415.04 manat dəyərində təbii qazdan istifadə etməsi və ya həmin miqdarda təbii qazın sərf olunması ağlabatan deyildir.Belə ki, İddiaçı 2023-cü ilin aprel ayında təbii qazdan qanunsuz olaraq istifadə etdiyi müəyyən olunsada,Azəriqaz İB iddiaçının təbii qazdan 365 gün müddətinə qanunsuz istifadə etdiyini iddia edərək ona 4415.04 manat cərimə hesablamışdır.İddiaçının qanunsuz qaz xəttindən 365 gün ərzində istifadə etməsinə dair cavabdeh tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmiş və bu hal məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. Ona görə də İddiaçı fərdi yaşayış evində olan qaz avadanlıqlarından təbii qazdan 1 ay ərzində qanunsuz olaraq istifadə etməsi əsas götürülməli və dəymiş ziyan 1 ay müddətinə hesablanmalıdır. (4.2x12x30=1512 m³) Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı iddiası qismən təmin edilməli, Cavabdeh Ağsu X5 İdarəsi tərəfindən tərtib olunmuş 28 aprel 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən İddiaçı hesablanmış 4415.04 manat cərimə məbləği azaldılaraq 181.44 manat müəyyən edilməlidir. (4.2x12x30=1512 m³ x 0.12=181.44) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 8.1.1-ci bəndinə əsasən məhkəməyə verilən iddia ərizəsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, hazırki iş üzrə iddia tələbinin təmin edilmiş məbləği 181.44 manat olduğundan cavabdehdən həmin məbləğə uyğun olaraq 30 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh tərəfindən tərtib edilmiş 28 aprel 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən hesablanaraq İddiaçı **********01180 nömrəli abonent koduna vurulmuş 4415.04 manat cərimə məbləği azaldılaraq 181.44 manat müəyyən edilsin. Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar