Məhkəmə qərarları › İş №2(037)-687/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-687/2023

17.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-687/2023 17.07.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi İsmayıllı rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi “hüquqi əhəmiyyətli faktın müəyyən olunması” barədə ərizəsi üzrə mülki işə 17 iyul 2023-cü il tarixdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayon AİK-nın 06 fevral 1999-cu il tarixli 66 saylı qərarına əsasən mülkiyyətə verilmiş torpaq sahəsi barədə tərtib olunmuş JN-585A Kod 40719028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin X8 və ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının (bundan sonra AİK adlandırılacaq) 06 fevral 1999-cu il tarixli 66 saylı qərarına uyğun olaraq onun və anasının birgə mülkiyyətlərinə torpaq sahəsi verilmişdir. Bu barədə tərtib olunmuş JN-585A Kod 40719028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə anasının soyad, ad və ata adı həmin vaxt “X12” olmasına baxmayaraq səhvən “X13” kimi yazılmışdır. Bu hal həmin torpaq sahəsi üzərində bir sıra hüquqlarını həyata keçirməsinə maneçilik törədir və gələcəkdə də törədə bilər. Məsələn, qeyd edilən torpaq sahələrinin özəlləşdirilməsi məqsədi ilə müvafiq sənədləşmənin (Forma 1-in alınması və s.) aparılması üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət edərək, şəhadətnamədə yanlışlığa görə hüquqlarını həyata keçirə bilmədiyini bildirmiş, ona şəhadətnamədəki yanlışlığın düzəldilməsinin sözügedən idarənin səlahiyyətində olmaması və bunun üçün məhkəməyə müraciət olunması bildirilmişdir. Şəhadətnamədə mülkiyyətçi kimi anasının soyad, ad və ata adının düzgün yazılmadığını digər formada təsdiqləmək mümkünsüz olduğu üçün məhkəməyə müraciət etməli olmuşdur. X14 10 fevral 2021-ci il tarixdə vəfat etmişdir. Hesab edir ki, anasının ölüm haqqında şəhadətnaməsindəki soyad, ad və ata adı ilə “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə soyad, ad və ata adı arasındakı uyğunsuzluq məhkəmə qaydasında aradan qaldırılmalı, JN-585A Kod 40719028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ona və anasına məxsus olması faktı müəyyən edilməlidir. Ona görə də ərizənin təmin edilməsini xahiş edir. Maraqlı şəxs İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı şəxs səlahiyyətli nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadə verərək göstərdi ki, ərizəçi arvadı, Dursun Cəbiyeva isə qaynanasıdır. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının qərarına uyğun olaraq ərizəçinin və qaynanasının birgə mülkiyyətlərinə torpaq sahəsi verilmişdir. Bu barədə tərtib olunmuş JN-585A Kod 40719028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə X2, ad və ata adı səhvən X6 yazılmışdır. Həmin dövlət aktının ərizəçiyə və X8 məxsus olmasını təsdiq edir. X3 şahid X10 ilə eyni məzmunlu ifadə verərək JN-585A Kod 40719028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin X8 və ərizəçiyə məxsus olmasını təsdiq etdi. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxx 1971-ci il tarixdə doğulmuş şəxs Ərizəçidır. İş materiallarında olan İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 07 may 2009-cu il tarixli AZ-İ 482529 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə X5 arasında 07 may 2009-cu il tarixdə rəsmi nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Nəsirov, arvada Nəsirova soyadı verilmişdir. İş materiallarında olan JN-585A Kod 40719028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, ərizəçinin və ailə üzvünün birgə mülkiyyətlərinə verilmiş torpaq sahəsinə dair tərtib olunmuş həmin şəhadətnamədə mülkiyyətçilərin soyad, ad və ata adı X13 və X1 qeyd olunmuşdur. İş materiallarında olan İsmayıllı rayon Notariat Ofisi tərəfindən verilmiş 13 aprel 2023-cü il tarixli 272 nömrəli məktubdan görünür ki, 10 fevral 2021-ci il tarixdə vəfat etmiş X7 vərəsəsinin Ərizəçi olması barədə məlumat verilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 26 aprel 2023-cü il tarixli 3-21-3-42/2-N-00xxxx/2023 nömrəli məktubdan görünür ki, ərizəçi JN-585A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə soyad və ata adı səhvlərinin dəyişdirilərək qeydiyyata alınması ilə bağlı müraciət etmiş, hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ ona izah olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi-şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisihəmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, “X16 Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X4 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, JN-585A Kod 40719028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməni verən komissiya artıq mövcud olmadığından ərizəçi həmin şəhadətnamədəki yanlışlıqların aradan qaldırılmasını başqa qaydada həll edə bilmir. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahidlərin ifadələri və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 06 fevral 1999-cu il tarixli 66 saylı qərarına uyğun olaraq X12 və Ərizəçi birgə mülkiyyətlərinə torpaq sahəsi verilmişdir. Bu barədə tərtib olunmuş 03 noyabr 2006cı il tarixli JN-585A Kod 40719028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə “X12”nın soyad, ad və ata adı “X13” kimi yazılmışdır. X12 10 fevral 2021-ci il tarixdə vəfat etmişdir. JN-585A Kod 40719028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə olan yanlışlıqlar ərizəçinin hüquqlarından lazımi qaydada istifadə etməsinə maneə törədir. Bu səbəbdən də 03 noyabr 2006-cı il tarixli JN-585A Kod 40719028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə mülkiyyətçilərin, yəni “X12”nın soyad, ad və ata adının “X13” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X12 (AZ-İİ seriyalı 334034 nömrəli ölüm haqqında şəhadətnamə) və Bədəlova (nikahdan sonra Nəsirova) Dilarə Nurməmməd qızına (AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi) məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 307-308-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 06 fevral 1999-cu il tarixli 66 saylı qərarına əsasən İsmayıllı rayonun İsmayıllı kəndində yerləşən 0,25 hektar həyətyanı torpaq sahəsinin X12 və Ərizəçi birgə mülkiyyətlərinə verilməsinə dair tərtib olunmuş 20 avqust 1999-cu il tarixli JN-585A Kod 40719028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə mülkiyyətçilərin, yəni “X12”nın soyad, ad və ata adının “X13” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X12 (AZ-İİ seriyalı 334034 nömrəli ölüm haqqında şəhadətnamə) və Bədəlova (nikahdan sonra Nəsirova) Dilarə Nurməmməd qızına (AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi) məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu məbləği ərizəçinin özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar